07 March, 2010

Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina
(980, Özbəkistan, Buxara - 1037, İran, Həmədan)
Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur. 17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur. 18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, çox qızğın həyat keçirir. İslamı və fəlsəfəni gözəl bilən alimin çoxlu düşmənləri də var idi. Buna görə də tez-tez bu şəhərdən o şəhərə köçmək məcburiyyətində qalırdı. Son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Onun tibb ensiklopediyası (4 cildlik), müxtəlif fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.
Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.
Uşaqlığı
İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.
Buxara o vaxtlar böyük Samanilər dövlətinin paytaxtı, eyni zamanda nəinki Şərqin, ümumiyyətlə, dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə böyük məscid və mədrəsələr, indiki terminologiya ilə desək, akademiya var idi. Buraya dünyanın müxtəlif yerlərindən elm və incəsənət adamları – filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir, onlar çox zəngin saray kitabxanasından istifadə edir, elmi məclislər, disputlar düzənləyirdilər. Şəhərdə çoxlu kitabxanalar da vardı. Hətta onların bəzisində oxuculara pulsuz kağız, qələm, mürəkkəb verilirdi. Başqa yerlərdən gələnlərə isə mehmanxanada pulsuz yer, hətta təqaüd ayrılırdı. Bundan başqa, özünə hörmət edən varlı adamların hamısının fərdi kitabxanası olurdu.
Buxaraya köçəndən sonra İbn Sinanı müəllimlərə tapşırırlar. Amma qısa müddətdə yeniyetmə onları heyrətə salır. O, paralel şəkildə, ərəb dilini, fəlsəfəni, stilistikanı, tibbi, astronomiyanı… öyrənmək üçün ayrı-ayrı müəllimlərin yanına gedirdi. Deyilənə görə, unikal zəkaya sahib olan ibn Sina səkkiz yaşında artıq Quranı əzbər bilirmiş. Necə çalışması barədə o, xatiratında belə yazır: «On altı yaşım olanda gecələri və gündüzləri elm öyrənməkdən başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra şamı yandırıb oxumağa başlayırdım. Bəzən yuxu məni təntidir, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm. Bütün elmləri öyrənənə qədər belə davam elədi». On yeddi yaşı olanda elmi dairələrdə İbn Sinanı yetişmiş alim kimi qəbul edirdilər. İyirmi yaşı olanda artıq ibn Sina bir neçə kitabın müəllifi idi: təbii elmlərə aid geniş ensiklopediya, qanunların 20 cildlik izahı, etikaya dair kitabı və tibbi lüğəti vardı.
Tiblə maraqlanması
On dörd yaşı olanda İbn Sina tiblə maraqlanır. Deyilənə görə, onu tiblə məşhur həkim Əbu Səhl Məsihi maraqlandırıb. Məsihi dövrün böyük alimi, Hippokrat və Qalenin davamçısı idi. Birgə çalışmaları Xarəzmdə olub. Buxarada saray çevrilişi olanda ibn Sina Xarəzmə köçür. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura köçürlər. Xarəzmşah alimləri himayə edən bir insan idi. O, sarayda tez-tez disputlar təşkil edirdi. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə ibn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən ibn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.
Bibliyadan sonra ikinci
İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüaların obyektə dəyib qayıtması ilə insan görür.
İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bildgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında ibn Sinanın hipotezini sübut etməyə müyəssər oldu.
«Yaxın günlərdə pişik doğacaqsan»
Bundan başqa, ibn Sina nəbz haqqında nəzəriyyə də yaratdı. «Nəbz dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi gərgin, alçaq, qarışqavari, mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da yazır. Deyilənə görə, o nəbzə görə xəstələrə diaqnoz da qoya bilirmiş. İbn Sinanın bu bacarığı barədə bir əfsanə var. Deyilənə görə, İran şəhərlərinin birindən keçəndə xəstə adamlar toplaşıb xahiş edirlər ki, böyük loğman onlara heç olmasa diaqnoz qoysun. Vaxt az, növbə isə həddən artıq imiş. İbn Sina təklif edir ki, adamlar sıraya düzülsün. Hər kəs öz biləyinə bir kəndir bağlasın. İbn Sina sıranın önündən keçib o kəndirləri əlinə almaqla nəbzə görə hər kəsin diaqnozunu qoyacaq. Qoca bir qadın ona inanmadığından, sınamaq istəyindən və ya zarafat məqsədi ilə donunun atında bir bir pişik gizlədir və kəndiri pişiyin biləyinə bağlayır. İbn Sina adamların xəstəliyini deyə-deyə gəlib çatır qadının bərabərinə. Onun kəndirini əlinə alandan sonra qarıya deyir: «Sən bu günlərdə pişik doğacaqsan».
İbn Sina və Bəhmənyar
İbn Sina tibb üzrə olduğu kimi, fəlsəfədə də dövrünün böyük alimi, Şərq peripatetikir məktəbinin görkəmli nümayəndəsi idi. O, başqa sahələrdə olduğu kimi, fəlsəfədə də nəhəng irs qoyub və çoxlu alimlər yetişdirib. Onun şagirdlərindən biri də böyük Azərbaycan filosofu Bəhmənyar ibn Mərzban olub. Onların tanışlığı haqqında maraqlı bir rəvayət var: İbn Sina tannmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün ibn Sinanın laboratoriyasına qonşuluqda yaşayan bir uşaq gəlir. O deyir ki, ocaq qalamaq üçün olara köz lazımdır. Alimlər uşağa deyirlər: «Sən özünlə heç nə gətirməmisən. Közü necə aparacaqsan? Uşaq bir anlığa duruxur. Sonra yerdən bir qoşa ovuc torpaq götürüb deyir: «Közü bura qoyun». Alimlər uşağın fərastinə heyran olurlar. İbn Sina isə onun validenylərinin yanına adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər. Bəhmənyar ibn Sina haqda xatirələrində belə yazır: "Bir dəfə şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: "Görünür, sizin istirahət gününüz faydasız keçib" (o vaxtlar cümə istirahət günü olurdu). Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: "Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?" İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır. Onu da qeyd edək ki, Azərbaycan filosofu Şərq peripatetiklər məktəbinin ən böyük nümayəndələrindən biri, fəlsəfədə ibn Sinanın ən qüdrətli davamçısı olub.
Qırx dərman əfsanəsi
İndinin özündə Buxarada ibn Sina haqqında çox maraqlı əfsanə və rəvayətlər dolaşmaqdadır. Bu əfsanələrin birində deyilir ki, o, qocalanda elə qırx dərman düzəldibmiş ki, bununla ölünü diriltmək olarmış. Sonra şagirdinə tapşırır ki, bu qırx dərmanı o öləndən sonra lazımi ardıcıllıqla tətbiq etsin.
Çox keçmədən ibn Sina ölür və şagird işə başlayır. Dərmanlar çox möcüzəli təsir göstərirmiş. İbn Sinanın bədəni nəinki pozulmur, əksinə dərmanın təsirindən daha cavan və təzə olurmuş. Axırıncı şüşə dərmanı işlətmək zamanı gələndə artıq alimin bədəni bu saat yuxudan oyanıb danışacaq gözəl, gənc bir oğlanı xatırladırmış. Bu, şagirdi lap həyəcanlandırır. O, axırıncı – qırxıncı dərmanı istifadə üçün gətirəndə elə həyəcanlanır ki, əlinədki dərmanı saxlaya bilmir və möcüzəli tərkiblə dolu qab əlindən düşüb sınır.
Bu əfsanədə ibn Sinanın biliyinin gücünə inam ifadə olunub. İllər boyu bu əfsanə onu sevdirməklə yanaşı, həm də insanları elmə, biliyə çağırıb, zəkasının gücünə diqqəti cəlb edib.
Dünya şöhrəti
Böyük alim hələ sağlığında çoxlu yüksək titullar qazanmışdır: Hüccətül-Həqq (Haqqın sübutu), Şeyxür-rəis (müdriklər başçısı), Həkimi büzürg (böyük həkim), Şərəfülmülk (ölkənin şərəfi)…
İbn Sina hələ həyatda ikən haqqında əfsanələr dolaşırdı. Ölümündən sonra da onun adı hər zaman dillər əzbəri olub. Böyük italyan dramaturqu Aligyeri Dante məşhur «İlahi komediya»sında İbn Sinanı anaraq əsərdə onun fəlsəfəsindən yararlanır. «İlahi komediya»nın «Cənnət» adlı üçüncü əsas bölməsi o vaxtkı ənənəvi sxolastik görüşlərdən fərqlənir. Dante kosmik fəzadakı bütün cisimlərin böyük bir qüvvədən – məhəbbətdən güc alaraq hərəkət etdiyini yazır. Onun bu fikirləri ibn Sina və Nizami Gəncəvinin konsepsiyası üzərində qururlub. Məşhur ispan dramaturqu Löpe de Veqa «Valensia gicbəsərləri» əsərində ibn Sinanı yada salıb. Dahi fransız yazarı Fransua Rable həkimlik fəaliyyətində onun tibbə dair əsərlərindən yararlanıb. Böyük alim, ensiklopedik zəka sahibi olan ibn Sina 1037-ci ildə 57 yaşında Həmədanda vəfat edib. Qəbri də oradadır.
Aforizmləri
* Kainatın ruhu həqiqətdir.
* Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz. Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru.
* Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
* Zaman keçmir, keçən bizik.
* İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir.
MÜƏLLİF: O'Kamil

05 March, 2010

Universal insan - Leonardo da Vinçi

Leonardo di ser Pyero da Vinçi
(İtaliya, Florensiya 15 Aprel, 1452 - İtaliya 2 May, 1519)
Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan" (Homo Universale) tipinin ən parlaq nümayəndəsi.
O, Messer Pyero adlı hüquq məsləhətçisi və Katrina adlı (güman olunur ki, Katrinanın anası türklərlə savaş zamanı ələ keçirilmiş bir qadın olub) sadə kəndli qızının nigahdankənar övladı olaraq İtaliyanın Florensiya şəhərində dünyaya göz açmışdır. Əlyazmalar elminin sirlərini Verokkiya adlı alimdən öyrənən da Vinçi tezliklə bu sahədə müəllimini üstələyir. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı İ Françiskadan dəvət alır və Fransaya köçərək ömürünün sonun qədər burada yaşayıb yaradır.
Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam və «Mona Liza» əsərinin müəllifi kimi tanınan da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir.
Nikahdankənar övlad
Leonardonun atası Pyero Vinçi yetərincə varlı adam idi. Onlar bir neçə nəsil notarius kimi çalışırdılar. Son dərəcə diribaş və bic olduqlarından xeyli torpaq sahələri də vardı. Pyero eyni zamanda boylu-buxunlu, qadınlara qarşı biganə olmayan bir kişi imiş. Ən azı dörd dəfə evli olmuşdu və on iki uşağı vardı. Leonardo 15 aprel 1452-ci ildə Katerina adlı bir kəndli qızından olub. Katerina Vinçi şəhərciyinin yanında yerləşən üzüm bağları və zeytunluqlarla əhatə olunmuş Ankiano kəndindən idi. Onun gözəl, ya çirkin, ağıllı və ya yüngülbeyin olması haqda bioqraflar heç nə yazmır. Bəlli olan odur ki, Leonardo qanundankənar övlad olub. Katerina sonradan bir kəndliyə ərə gedib. Deyilənə görə, cənab Pyero da Vinçi Donna Alberiya adlı bir qadınla evlənib, amma dörd il yaşasalar da, uşaqları olmadığından Leonardonu oğul kimi qəbul edib. O vaxt kəbindənkənar övladı olmaq böyük qəbahət sayılmırdı.. Pyero istərdi ki, oğlu da onun kimi notarius olsun. Amma XOŞBƏXTLİKDƏN o vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notarius və həkim ola bilməzdi.
Florensiya
Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət, günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu, Florensiyada ən məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Bu, o dövr idi ki, artıq elm və incəsənətdə İntibah yetişirdi. Nəhayət, Renessans gəlib Verokkonun emalatxanasına da çatdı. Burada əl-ələ verib çoxlu rəssam, heykəltəraş, dəmirçi işləyirdi. Elementar mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltəraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı.
Qəribəlikləri
İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.
İudanın «prototipini» harada axtarmalı
Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482-1499-cu illərdə Milanda hərbi mühəndis, arxitektor, heykəltəraş və rəssam işləyir – hersoq Lüdovik Sfortsanın yanında. Sforsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Burdakı iş Leonardonu təmin etmirdi. Maaşı çox az idi. Hətta deyirlər ki, saray liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə «Gizli şam yeməyi» əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki, İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı pritonları gəzib axtarırdı. Amma istədiyini tapa bilmirmiş. Nəhayət, o cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir. Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: «Sən tamamilə düzgün seçim etmisən». Da Vinçi Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdovikin qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm nümayiş etdirir. Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir. Leonrado yenidən Florensiyaya qayıtmalı olur.
«At rəssamı»
Florensiya respublikasının dekreti ilə iki böyük rəssama – da Vinçi və Mikelanceloya (Rafael hələ çox gənc idi) Şura sarayında freska çəkmək sifariş verilir. Süjet kimi Piza döyüşü nəzərdə tutlurdu. Da Vinçidən otuz yaş kiçik olan Mikelancelo çox ciddi və təhlükəli rəqib idi. 1503-cü ildə onun əsəri artıq hazır idi. Da Vinçi isə 1504-də işə başladı. Nəhayət, 1505-ci ildə karton üzərinə çəkilmiş əsərlər Şura sarayında yanaşı qoyulmuşdu. Amma Florensiya hökuməti onlardan heç birinə üstünlük verməmək üçün freska çəkiləsi olmayıb. Bu şəkillərin hər ikisi itib.
Mikelancelo ilə da Vinçinin araları sərin olub. Hətta rəvayətə görə, bir dəfə rastlaşanda (Da Vinçi ondan otuz yaş böyük olub) Mikelancelo ona deyib: «At rəssamı! Bürüncdən bir heykəli belə tökə bilməyib biabır oldun».
Sfumato
Leonardo sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir – dodaqlarının qıraqları yuxarı qalxır.
Cokonda kim olub
Da Vinçinin bioqrafı Vazari yazır ki, bu əsər konkret sifarişlə çəkilib: «Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun arvadı monna Lizanın portretini çəkməyə başladı. Amma üzərində dörd il işləyib rəsmi yarımçıq qoydu. Bu portret hazırda Fransa kralının kolleksiyasındadır. Yeri gəlmişkən, Leonardo bu üsula əl atdı: madonna Liza çox gözəl idi. Da Vinçi xeyli adam toplamışdı. Onlar lirada çalır, mahnı oxuyurdular. Burada həmişə təlxəklər olurdu. Onlar melanxoliyanı qovmaq və şən ovqat yaratmaq üçün çalışırdılar». Ziqmund Freyd yazır ki, bu versiya özünü doğrultmur. Əgər belə idisə, Françesko del Cokondonun arvadının rəsmi necə olub ki, Leonardoda qalıb və Fransaya aparılıb? Cokonda üçün 1-ci Fransisk maliyyə problemləri olsa da, ona 45 000 frank ödəmişdi.
Gülümsə bir az
Nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək olar. «İsa peyğəmbərin xaç suyuna çəkilməsi» rəsmində Yəhya peyğəmbər xaçı – gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona («madonna» sözünün qısaldılmış variantı) Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin gülüşüdür.
Sultan II Bəyazidə məktub
Çox da uzaq olmayan keçmişdə İstambulda Topqapı sarayında bir vərəq tapılıb. Burada Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu və onun tərcüməsi var. Məktubun 1502-1503-cü ildə yazıldığı güman edilir. Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Bunların sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır: «Eşitmişəm, İstambulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən, amma bacarıqlı usta tapmırsan». Da Vinçi altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi böyük bir körpünün layihəsini yaratmışdı. Leonardo körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək – bunun 400-ü su üzərindən, iki yüzü quruda. Körpünün cızmaqarası da var. O vaxt bir Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi: eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib.
Amma beş yüz ilə sonra - cəmi bir neçə il bundan əvvəl Norveçdə bu layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan Vebyürn Sand yazır ki, öz gözəllliyinə görə da Vinçinin layihəsi çox cazibədardır. Onun yanında 20-ci əsrin yetmişinci illərinin layihələri köhnə dəbli görünür.
İxtiraçı da Vinçi
Da Vinçinin maraq dairəsi universal idi. Buraya rəssamlıq, heykəltəraşlıq, arixitektura, pirotexnika, hərbi və mülki mühəndislik, riyazi və təbii elmlər, tibb və musiqi daxil idi.
Quşların necə uçmasını araşdıran Leonardo hətta uçmaq qərarına gəlmişdi. Bunun üçün qanadlar da düzəltmişdi. Uçuş Qu dağı adlanan yerdə baş tutmalı idi. Yəqin, Qərb Renessansının dahisi ondan hardasa beş yüz ilə əvvəl – düz 1000-ci ildə Nişapurda məscidin günbəzinə çıxıb düzəltdiyi cihazla quş kimi uçmağa cəhd edən və yıxılıb ölən dilşünas və ixtiraçı əl-Cövhəri haqqında eşidibmiş… Yeri gəlmişkən, 15-ci əsrdə anonim fransız rəssamının çəkdiyi bir rəsmdə İsa peyğəmbərin çağa vaxtı fırfıra ilə oynaması təsvir olunur. Oyuncağın oxuna propellerə bənzər nəsə bərkidilib. Görünür, o vaxt belə oyuncaqlar var imiş..
Da Vinçinin maraqlı ixtiralarından biri otuz altı lüləli topdur. Üç yarusda yerləşən lülələrdən biri atanda o biri soyumalı, üçüncü cərgə isə doldurulmalı idi. Bu, avtomatik silahların və raket qurğularının sələfi idi. Bundan başqa o, vertolyotun, sualtı qayığın, skafandrın, deltaplanın, hətta velosipedin çertyojunu çəkib.
Fransada
Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə böyük rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona kralın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin dediklərinə əsəasən, o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət göstərir. İxtiralarını yenə davam etdirirmiş. Rəvayətə görə, sarayda olanda Leonardo yayla hərəkət edən mexaniki şir düzəldibmiş. Bir dəfə msiteriya zamanı şir krala doğru hərəkət edir – sanki üstünə cumacaq. Fransisk əsa ilə şiri vuranda onun sinəsi açılır və oradan kralın ayağının altına zanbaq tökülür.
Vazari yazır ki, da Vinçi xəstə olanda kral onu yoluxurmuş. Bir dəfə o bayılır və Fransisik onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə Fransanın Turen şəhərindəki Klu qəsrində baş verib.
Aforizmləri
*Elm sərkərdə, təcrübə əsgərdir.
*Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir.
*Orda ki rəssamın əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir əllə birgə işləmir, orada rəssam yoxdur.
MÜƏLLİF: O'Kamil

Frans Kafka - ən sirli yazıçı

Frans Kafka
(1883, Cexiya, Praqa - 1924, Almaniya, Berlin)
1889-cu ildən 1893-cü ilə qədər Kafka Praqada Flayşmarktdakı "Alman uşaq məktəbi"nə getmişdir. Sonra o atasının arzusu ilə Praqanın köhnə hissəsindəki humanitar gimnaziyaya gedir. Burada da təhsil almanca aparılırdı. Hələ gənc yaşlarından Kafka ədəbiyyat ilə məğşul olur. Onun ilk zamanlarda yazdığı əsərləri və gündəlikləri itmişdir. Güman olunur ki, o özü onları məhv etmişdir.
Kafkanın ilk dostları arasında məktəb yoldaşı Rudolf İllovi var idi. Sonralar Kafka Huqo Berqman, Evald Feliks Pribram, Paul Kiş ilə dostluq edir. Gimnaziyanı "qənaətbəxş" qiymətlərlə bitirən Kafkanın bu nailiyyəti onun valideynləri tərəfindən qiymətləndirilir və onu 1901-ci ildə səyahətə göndərirlər. Kafka atasının arzusuna uyğun olaraq 1901-1906-cı illərdə Karl-Ferdinads-Universitetində (Praqa) təhsil alır. O, burada öncə kimya, qısa müddətdən sonra isə istiqaməti dəyişərək hüquq oxumağa başlayır. Arada Kafka öz arzusu ilə 1 semestr Qermanistik və incəsənət tarixi oxumağa cəhd edir. Ancaq sonda o öz təhsilini hüquq üzrə başa vurur. Təhsil proqramına uyğun olaraq Kafka Alfred Veberin rəhbərliyi altında elmi dərəcə alır. Bundan sonra o 1 il pulsuz olaraq məhkəmə yanında hüquq praktikası keçir.
Ölümündən sonra çap olunmuşlar
Əsərləri
Sağlığında çap olunmuşalr
1909 - Bir xanım xülasəsi (Ein Damenbrevier)
1909 - İtaətçi ilə söhbət (Gespräch mit dem Beter)
1909 - Kefli ilə söhbət (Gespräch mit dem Betrunkenen)
1909 - Breskiada aeroplanlar (Die Aeroplane in Brescia)
1912 - Böyük hay-küy (Großer Lärm) (1912)
1913 - Baxış kitabı, 18 proza mətndən ibarət (Betrachtung)
1913 - Hökm (Das Urteil)
1913 - Sobaçı "İtkin düşümüşlər" romanının birinci hissəsi (Der Heizer)
1915 - Çevrilmə (Die Verwandlung)
1915 - Qanun qarşısında, "Məhkəmə prosesi"nin bir hissəsi (Vor dem Gesetz)
1918 - Qətl (Der Mord)
1918 - Kənd həkimi, 13 başqa heykayə daxil olan kitab (Ein Landarzt)
1919 - Cəza koloniyasında (In der Strafkolonie)
1919 - Kənd həkimi (Ein Landarzt)
1921 - Vedrə sürən (Der Kübelreiter)
1924 - Ac sənətçi (Ein Hungerkünstler)
Ölümündən sonra çap olunmuşlar
1904 - 1905 - Bir mübarizənin təsviri (Beschreibung eines Kampfes)
1907 - 1908 - Kənddə toya hazırlıq (Hochzeitsvorbereitungen auf dem Lande)
1914 - 1915 - Kənd məktəbi müəllimi (Der Dorfschullehrer)
1915 - Gül sahəsi (Blumfeld, ein älterer Junggeselle)
1916 - 1917 - Qəbir gözətçisi (Der Gruftwächter)
1916 - 1917 - Körpü (Die Brücke)
1917 - Calaşma (Eine Kreuzung)
1917 - Ovçu Krakkus (Der Jäger Gracchus)
1917 - Çin səddinin tikilişində (Beim Bau der Chinesischen Mauer)
1917 - Gündəlik çaşqınlıq (Eine alltägliche Verwirrung)
1919 - Atama məktub (hekayə) (Brief an den Vater)
1920 - Vətənə dönüş (Heimkehr)
1920 - Şəhər emblemi (Das Stadtwappen)
1920 - Kiçik əlifba (Kleine Fabel)
1922 - Bir itin tədqiqatı (Forschungen eines Hundes)
1922 - Nigahlılar (Das Ehepaar)
1923-1924 - Tikinti (Der Bau)
1925 - Məhkəmə prosesi, kitab (Der Process)
1926 - Qəsr (Das Schloß)
Çox utancaq, adamayovuşmaz və özünəinamsız birisi idi. Boyu uca olsa da, xeyli arıq idi və buna görə daim sıxılırdı: 1.81 metrlik boyun qarşılığında çəkisi cəmi 55 kq idi. O, xəstəliyi üzündən də bədbəxt idi. Yuxusuzluğu get-gedə güclənir, onsuz da zəif olan əsəb sistemini məhvərindən oynadırdı... Tanışlarından biri bir dəfə Praqada Vltava çayının üzərindəki körpüdən keçəndə onu avar çəkməkdən yorulub qayığın içinə uzanmış halda görmüş və belə təsvir eləmişdi: “Onun bu vəziyyəti mənə məhşər gününü xatırlatdı. Sanki qəbirlər artıq açılıb, amma hələ ölülər dirilməyib”. “Tabutdakı ölü” Frans Kafka idi.
“Onları həm yaralamaq, həm qorumaq istəyirəm”
Məşhur yazıçı Frans Kafka 3 iyul 1883-cü ildə Praqada yəhudi tacir ailəsində anadan olub. Onun iki kiçik qardaşı və üç kiçik bacısı vardı. Hər iki qardaşı iki yaşa çatmamış dünyasını dəyişmişdi. Bu vaxt hələ Fransın heç altı yaşı yox idi. Bacıları Elli, Valli və Ottla İkinci Dünya müharibəsi zamanı nasistlərin konsultasiya düşərgəsində ölüb. Bütün ömrünü ticarətə həsr edən atası German uşaqlarla çox sərt davranırmış. Bir dəfə gecə vaxtı balaca Frans atasından su istəyib (bu barədə Kafka “Atama məktub”unda yazır). Atası gəlib onu çarpayıdan sürüyərək bayıra atıb və qapını bağlayıb. Uşaq bir köynəkdə bütün gecəni eyvanda qalıb. Bundan əlavə, German Kafka müdam oğlunu hədələyirmiş: “Səni parça-parça edərəm”. Anası Yuliya Fransı – yeganə oğlunu sevirmiş. Sonralar Frans Kafkanın rəfiqəsi Felisa Bauerə yazdığı məktubdan görürük ki, evdəki mühit gələcəyin böyük yazarının psixikasında sağalmaz izlər buraxsa da, o, öz valideynlərinə nifrətlə yanaşı sevgi də bəsləyib: «Mən dərk edirəm ki, valideynlərim mənim varlığımın zəruri tərkib hissəsidir. Deyirəm kaş onlar hamıdan yaxşı olaydılar. Atam və anam mənim iradəmi tamamilə sındırsalar da, istəyirəm ki, mənim nəzərimdə hörmətli olsunlar... Xəyalımda hər zaman əlimdə bıçaq yelləyərək onların qarşısında oluram. Bu bıçaqla onları həm yaralamaq, həm də qorumaq istəyirəm”.
Bədheybətlərlə baş-başa
Praqa Universitetini bitirəndən sonra hüquq doktoru dərəcəsi alan Kafka sığorta agentliyində məmur kimi çalışıb. Gündəlik və məktublarından görünür ki, işə də, rəisinə də, iş yoldaşlarına da, müştərilərə də nifrət edirmiş.. Frans öz boy-buxunundan utansa da, qadınlar ona biganə olmayıb. Daha dəqiq desək, onda elə bir nöqsan görməyiblər. O, öz natarazlığını həddən artıq şişirdib. Düşündüyünün əksinə olaraq, onun iti ağlı, danışarkən incə nüktələrə baş vurması, yüksək yumor hissi qadınlarda ona qarşı maraq oyadıb: “O, çox utancaq, narahat, zərif və xeyirxah idi. Kafka dünyanı müdafiəsiz insanlara hücum edib onu məhv edən gözəgörünməz iblislərlə dolu görürdü” deyə sonralar rəfiqələrindən biri yazırdı. Kafka şəxsi həyatda xoşbəxt olmayıb. Bir neçə dəfə sevsə də, sevdiklərinə qovuşa bilməyib.
Evlənmək məsələsi gündəmə gələndə o, bir məmur pedantlığı ilə evliliyin lehinə və əleyhinə olan arqumentləri gündəliyində yazırdı. O, ehtirasla tənhalıqdan qurtulmaq istəyir, eyni zamanda özünə hesabat verib deyirdi ki, qayğı ilə qəlbində əzizlədiyi bədheybətləri heç kimə etibar edə bilməz. Bircə yol var: düşüncəsində bəslədiklərini kağıza köçürmək. Və bu bədheybətləri bədii ədəbiyyata gətirilməsi nəhayət, onun həyatının mənasına çevrilir.
“Mənim bircə yaxşı cəhətim varsa, o da səni sevməyimdi”
Deyildiyi kimi, qadınlar ona biganə deyildi. Zərif cins təmsilçilərinə münasibət Kafka şəxsiyyətinin bir sıra qaranlıq məqamlarını üzə çıxarmağa yardım edir.
...İyirmi yaşlı Felisa Bauerlə 13 avqust 1912-ci ildə öz dostu Maks Brodun yanında tanış olmuş, bir neçə həftə sonra şıdırğı yazışma başlamışdı. Bu qızla yazışmada utancaq və cəsarətsiz Frans cəsur, qətiyyətli və səmimi bir şəxs təsiri bağışlayırdı. Amma bu, çox çəkməyəcəkdi... Felisa ona həvəslə cavab yazır, səmimi şəkildə hesab edirdi ki, bu təzə tanışında xoş təəssürat yaradıb. Əslində Fransa ömrünü həsr edəcəyi bir sevgili yox, uzun-uzadı epistolyar monoloqlarını oxuyacaq rəfiqə lazım idi. Felisa ədəbiyyata çox biganə birisi idi, amma Frans öz təxəyyülündə başqa bir Felisa yaratmışdı. Bu qız qorxaq və vasvası Fransı getdikcə özünə cəlb edirdi. Nəhayət, Kafka onu görüşə dəvət edib. Görüşdən sonra ədib ona yazırdı: “Səni o qədər sevirəm ki, əgər mənim yanımda olsan, əbədi dirilik qazanacağımı düşünürəm”. Məktubları oxuyanda Fransın məhəbbətini platonik də adlandırmaq olar... İlk baxışdan elə görünə bilər ki, Frans Kafka lamançlı solğun bənizli cəngavər, məşhur idalqo Don Kixotdur ki var. Felisa isə toboslu Dulsineya xanımın prototipi kimidi. Amma bu, ilk baxışdan belədi. Sonra görəcəyik ki, hər şey bambaşqadır. Servantesin ölümsüz Don Kixotu həqiqi aşiqdir. Yazıçı onu müxtəlif situasiyalara salaraq mahiyyətini çox məharətlə üzə çıxarıb. Məsələn, bir dəfə qraflardan biri əylənmək üçün Don Kixotu evinə uzunmüddətli qonaq aparır. Onun xəyalında yaratdığı Dulsineya xanıma olan sevgisinin həqiqi olub-olmadığını yoxlamaq üçün bir məzhəkə qurulur. Qrafın qulluqçularından Altisidora adlı itoynadan bir qız Don Kixota guya aşiq olduğunu deyir. Gecələr pəncərəsinin ağzında ona məhəbbətini bildirir. Dəli-divanə olduğunu izhar etmək üçün serenadalar oxuyur. Onu daş qəlbli adlandırır. Hələ bir qarğış da edir: “Görüm səni dişin çıxanda kökü yerində qalsın. Şahmat oynayanda heç vaxt “şah” deməyəsən. Hətta bir dəfə gecə yarısı bu qız birbaşa Don Kixotun otağına soxulur. Sadəlövh Don Kixot onun sevgisinə inanır. Amma həqiqi bir xəyalpərəst və sədaqətli aşiq kimi Altusidoranı rədd edir – xəyalında qurduğu Dulineyaya xəyanət etmir. Amma Kafka özünü başqa cür aparır. Bu barədə bir qədər sonra...
“Bərbad bədənim özümə ancaq yetir”
Nəhayət, bir gün Kafka Felisaya evlənmək təklif edir. Əslində o, müsbət cavab alacağını heç düşünmürmüş. Gözləntilərinin əksinə olaraq, Felisa ona rədd cavabı vermir. Bu, Fransı silkələyir. Çünki o, hər zaman evlilik haqda düşünəndə canına üşütmə düşürdü. Demək, ənənəvi həyat tərzinə, öz xəyalındakı bədheybətlərə əlvida deməlidir? Yox, qətiyyən yox. Kafka tələsik sevgilisinə məktub yazıb izah etməyə çalışır ki, bütün bunları hissə qapılaraq edib. O, mövqeyindən geri çəkilməyə başlayır. İndi hər gün Felisaya məktub yazır və özünün pis xasiyyətlərini sadalayır: “Məni yaxşı tanımırsan. Təsəvvür elə ki, bu izdivac baş tutsa, zəif, xəstə, qeyri-ünsiyyətcil, qaradinməz, kədərli, inadkar bir adama sahib olacaqsan. Mənim bircə yaxşı cəhətim varsa, o da səni sevməyimdi”. Amma Felisanı bu etiraflarla soyutmaq olmurdu. Nəhayət, Kafka bir az da irəli gedir: «Mənim bərbad bədənim özümə ancaq yetir, ailə, ələlxüsus da atalıq üçün çətin ki, kifayət edə”. Bir qədər sonra isə sonuncu olacağı gözlənilən məktubu yazır: “Biz ayrılmalıyıq». Bundan sonra münasibətlər soyusa da, çox keçmir ki, Frans ona yenə hərarətli məktublar yazmağa başlayır, hətta evlənmək təklif edir. Kafka öz dostu Maks Broda bu hərəkətini belə izah edirdi: “Mən onunla birgə yaşaya bilmərəm. Amma onsuz da yaşaya bilmərəm...”.
Frans Kafka “Qreta testi”ni aşa bilmir
Nəhayət, Felisa - bu sadəlövh qız gələcək həyat yoldaşını yoluxub məlumat gətirmək üçün rəfiqəsi Qretanı Praqaya göndərir. Bu, Felisaya çox baha başa gəlir. O, ağlına belə gətirməzdi ki, məktublarından cəfakeş bir aşiq kimi tanıdığı Fransla dostluğuna güvənib onun yanına göndərdiyi Qreta Blox ona xəyanət edəcəklər. Yüngül xasiyyətli və yetərincə məlahətli Qreta görüş zamanı gənc yazıçıda simpatiya yarada bilir. Onlar bir neçə gün bir yerdə yaşayırlar. Qreta gedəndən sonra Frans ona məktublar yazmağa başlayır. Frans Qreta ilə o qədər isinişir ki, hətta Felisanı müzakirə edirlər. Bütün bunlar Felisanın yuxusuna belə girməzdi. Qreta ilə məktublaşma bir ilə yaxın davam edir. Onların münasibətini platonik xarakterdə olduğunu söyləmək olmaz. Bir neçə il sonra Qreta gənc yazıçıdan oğlu olduğunu iddia edirdi.
Nəhayət, Kafka ilə Bauer nişanlanırlar. Mərasim 1914-cü ildə Berlində olur. Gənclərin ailələri toya hazırlaşır. Amma təzə bəy yenə şübhələr içində qovrulur. Nişandan evə qayıdan Kafka gündəliyində bu sətirləri yazır: «Berlindən qayıtdım. Mən cinayətkar kimi zəncirlənmişəm”. Kafkanın Qreta ilə məktublaşması nişandan sonra da davam edir. Kafka bu məktublarda Qretaya təklif də edir ki, Felisa ilə evlənəndən sonra gizli əlaqələrini davam etdirsinlər. Bu halda o, xoşbəxt ola bilər. Toy günü yaxınlaşdıqca Frans yenə də iztirab içində qovrulur, bu nikahdan imtina üçün uyğun bir vaxt və bəhanə arayır. Bu məsələdə ona Qreta kömək edir. Toya bir qədər qalmış o, Felisaya aralarında olan münasibət və məktublaşma barədə məlumat verir. Bunlar azmış kimi, Kafkanın məktublarını da ona göstərir. Bunların bir qismində gənc yazar Felisa haqda xoşagəlməz ifadələr işlətmişdi. Belə bir addımı Felisa həzm edə bilməzdi. O, toyu ləğv edərək Kafkanı iztirablardan qurtarır. Amma bununla onların məktublaşması sona çatmır. Bir neçə ay sonra Kafka ona yenə məktub yazır və ürəyinə yol tapmağa cəhd edir. “Mən quyudan çıxandan sonra yenə sənə sahib olmaq haqqı əldə edəcəm. Sən yalnız onda mənim əsl mahiyyətimi görə bilərsən. Hələliksə mən səninçün olsa-olsa acıqlı bir oğıancığazam” deyə o, məktublarının birində yazır.
Aradan üç il keçir və Kafka yenidən Felisaya evlənmək təklif edir. Bir də onunla öz həyatını bağlamamaq barədə qəti qərar vermiş Felisa gözlənilmədən bu təkliflə razılaşır. O, Praqaya gəlir və 1917-ci ilin iyulunda növbəti nişan mərasimi olur. Amma bundan bir ay keçmiş Kafkanın ciyərindən qan açılır. Vərəm xəstəliyi şiddətlənmişdi. Buna göylərdən gələn işarə kimi qəbul edən Frans Felisa ilə evlənməyin mümkün olmayacağı qənaətinə gəlir. Bu roman beləcə qapanır.
Sonuncu “ocaq”
Kafka ömrünün son illərində dostu Maks Broda yazırdı ki, həyatını işıqlandıran yeni bir ocaq tapıb - əvvəllər heç vaxt rast gəlmədiyi bir ocaq. Bu “ocağın” adı Milena Esenska idi. 23 yaşlı bu ərli qadın jurnalist və ədəbiyyatçı idi. Kafkanın əsərlərini çex dilinə o, tərcümə edib. Milena bədxərc, psixi problemi olan, kokain düşkünü bir qadın idi. Amma artıq Fransın nəzərində reallıqla mif bir-birinə yetərincə qarışmışdı. Don Kixotun xəyalında bəslədiyi Dulsineya kimi Kafka da onda olmayan keyfiyyətləri bu qadına müncər edirdi. O, hesab edirdi ki, xəyalı üçün enerji qaynağı tapıb.
Amma nə qədər çalışsa da, o, Milena ilə qovuşa bilmədi. Kafka Praqada, o isə Vyanada yaşadığı üçün bir müddət yazışdılar. Amma bu sevgi də nəticəsiz qaldı. Milenaya Kafka lazım deyildi. Bir müddət sonra o, öz “ocağı” ilə başqa şəxsləri qızdırmağa başlamışdı. Üç il sonra Milenanı Polşa yəhudisi Dora Dimant əvəz elədi. Kafka onunla on bir ay birgə yaşadı. Onlar rəsmi şəkildə evlənməsələr də, yazıçının ölümündən sonra qız özünü Dora Kafka adlandırırdı.
Kafkanın sirli aləmi
Özünü çox mühakimə edirdi. Qeydlərində bu, çox aydın nəzərə çarpır: "Mən yöndəmsiz bir quşam. Qanadlarım ölüb. Mənim üçün artıq nə yüksəkliklər var, nə də uzaqlıqıar. Mən təlaşla adamların içində tullanıram. Kül kimi bozam... Mən daşların arasında gizlənmək istəyən bir zağcayam. ". Gənc bir ədiblə söhbətində Kafka özünü belə xarakterizə etmişdi.
Burada deyilən kimi də deyildi. Bəzən o, özünü daha pis – qanadı qırılmış quş yox, gəmiricilər tərəfindən yeyilməkdən qorxan həşərat kimi hiss edirdi. Onun gündəliyini oxuduqca görürsən ki, hər şey pisliyə doğru gedir. İlk dövrə aid qeydlərdə oxuyuruq: “Bəzən özümü kənardan eşidirdim – elə bil pişik balası inildəyir”. Sonrakı dövrün qeydində müəllif özünə daha qəddar yanaşır. Burada qəzəb və ümidsizlik var: "Mən kirli bir zağada uzanmış meşə vəhşisiyəm". Kafkanın daxilindəki təlaş sonralar müxtəlif obrazlara çevrilib yaradıcılığında öz əksini tapır. “Yuva” hekayəsinin qəhrəmanı insandı, heyvandı – bilmək olmur. O yeri qazaraq altına girib. Bununla çox qəddar və qorxulu ətraf mühitdən qurtulmaq istəyir. Doğulandan onun bir məqsədi var: gizlənmək, yox olmaq, torpağa girməklə onu özünü qoruyan vasitəyə çevirmək. Amma onun ruhu yerin dərin qatlarında da rahatlıq tapmır. Ona orda da xilas yoxdur. O, yerin altında da bu qalın torpaq qatını yarıb ona doğru gələn bədheybətin nəriltisini eşidir. O hiss edir ki, bədheybət ona doğru hərəkət etdikcə onu qoruyan torpaq qatı nazilir, o, yazıq, bədbəxt, müdafiəsiz və aciz olur.
Kafka illərlə o özünü belə ovqata kökləyirdi. Bu vaxt onun üçün adi adamların gördüyü dünyanın qapıları bağlanır, önündə başqa bir dünya açılırdı – qorxu və dəhşət dolu bir dünya. Asketizm, özünə inamsızlıq, özünü mühakimə yazıçının məktub və gündəliklərində, eləcə də bədii əsərlərində aydın hiss olunur. Kafkaya dünya şöhrəti gətirən ədəbi istedad bax belə təşəkkül tapır. "Bütün gecələri qeyzlə yazmaq, bundan ölmək və ya dəli olmaq – yeganə istəyim budu” deyə o Felisa Bauerə məktubunda yazırdı. Ədəbiyyat onun üçün hər şey idi. “Məndə ədəbiyyata maraq var demək olmaz, mən ondan ibarətəm” deyə məktublarının birində yazırdı.
...Dörd yazarı özünün qan qardaşı sayırdı. Bunlar fransız Qustav Flober. Rus Dostoyevski, Avstriya dramaturqu Frans Qrilparser və alman yazıçısı Henrix fon Pleystdir.
Nəhayət
Kafkanın gündəliyində “intihar” sözünə çox tez-tez rast gəlinir. Bir yerdə oxuyuruq: “Pəncərəyə doğru qaçıb sınmış çərçivə və şüşələrin içindən özünü bayıra atmaq”. Düzdü, iş o həddə çatmadı, amma öz ölüm vaxtı haqda o, azca səhv eləmişdi. Gündəliyində ”qırx yaşa kimi çətin ki, yaşayam” yazırdı, qırx birində dünyasını dəyişdi. 1924-cü il iyunun 3-də alman yazıçısı, Avstriya məmuru, yəhudi əzabkeş, Çexoslavakiya vətəndaşı Frans Kafka ömür boyu məqsədyönlü şəkildə cəhd elədiyi arzusuna çatdı. O öldü. Canını tapşırmazdan əvvəl məşhur bir söz dedi. Belə sözlər yalnız Kafkanın dilindən çıxa bilərdi: "Həkim, mənə ölüm verin, əks təqdirdə Siz qatilsiniz".
...Kafka həyatda ikən cəmi bir neçə qısa hekayəsini çap etdirdi. Bu yazılar ədəbi ictimaiyyətin diqqətini çox az cəlb etdi. Ölüm qabağı öz dostu Maks Broda tapşırdı ki, istisnasız olaraq bütün əlyazmalarını yandırsın. Amma dostu mərhumun bu vəsiyyətinə əməl etmədi. Bu əlyazmalar yazıçının ölümündən sonra çap olundu və getdikcə populyarlaşmağa başladı. Kafkanın qorxu və absurd dolu əsərləri dünya ədəbiyyatında unikal hadisədir.
Aforizmləri
*Həqiqi rəqib olanda adamın daxilində hüdudsuz mətanət yaranır.
*Xeyirdə əslində elə bir sevinc yoxdu.
*Böyük yazıçı həyatdakı gözəlliyi qəhvəxana külqabısındakı əzilmiş siqaret kötüyündə də görə bilər.
MÜƏLLİF: O'Kamil

04 March, 2010

Sokrat - Fikirlərini şifahi yayan filosof

Sokrat
(e.ə. 469, Afina, Yunanıstan - e.ə. 399, Afina, Yunanıstan)
Qədim yunan filosofu, Platonun müəllimi. Gənclər arasında apardığı təbliğat əməllərinə görə zəhər içildilərək edam etdirilmişdir. Antik yunan filosofu Sokrat Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış.
Rable Sokrat haqqında
«Qarqantua və Pantaqruel»in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: «Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir. Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur. Onların üstündə gülməli və əyləncəli şəkillər olardı. Məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu şəkillər adamlarda gülüş doğurardı - xeyirxah Baxusun müəllimi Silen də belə olub. Bu söz oradandır… Onların içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair və ilaxır olardı. Alkiviadın fikrincə, Sokrat da belə olub. Əgər siz onun zahirinə baxsanız, görkəminə görə dəyərləndirsəniz, bir qara qəpik də verməzsinizmiş. O qədər çirkin, oturuşu-duruşu, ədaları o qədər pis imiş ki... Burnu fındıq kimi, baxışları əcaib, gözləri qıyıq - elə bil çim altından qurbağa baxır. Bundan başqa, sifətinin ifadəsi küt, paltarı töküldüm-itdim imiş. Özü kasıb – it günündə yaşayır, qadınlar sarıdan bəxti gətirmirmiş. Heç bir dövlət qulluğuna yaramırmış. Şərab içəndə küpəsinə girərmiş. Daim gülər – dişlərini ağardar, lağlağı edərmiş – bir sözlə, zahirən xalis zırrama imiş.
BÜTÜN BUNLARIN ARXASINDA İSƏ O, BÖYÜK MÜDRİKLİYİNİ – İLAHİ VERGİNİ GİZLƏDƏRMİŞ. BU MÜCRÜNÜ AÇSAN, İÇİNDƏ ECAZKAR TƏFƏRRÜAT: FÖVQƏLADƏ LƏYAQƏT, FÖVQƏLTƏBİİ İTİ AĞIL, TAYI-BƏRABƏRİ OLMAYAN AYIQLIQ, YENİLMƏZ İGİDLİK, HƏYATSEVƏRLİK, MÖHKƏM, SARSILMAZ RUH, FANİ İNSANLARIN UĞRUNDA ÖZÜNÜ ÖLDÜRDÜYÜ, BAŞINI DAŞDAN-DAŞA VURDUĞU, ƏZİYYƏT ÇƏKDİYİ HƏR ŞEYƏ QARŞI SONSUZ NİFRƏT GÖRƏRDİN.
Uşaqlıq və gəncliyi
Sokratın yaşadığı vaxtlarda Afinada çoxlu məktəblər var idi. Ən kasıb adamlar belə təhsil ala bilirdi. Amma onlara dərsi daha ibtidai imkanlarla keçirdilər. Çox vaxt açıq havada yığışar, çubuqla qum üstə yazı yazardılar, çöplərlə toplama, çıxma və s. öyrənərdilər. Elitar məktəblər də yetərincə idi. Bunlarda o dövr üçün çox yüksək səviyyəli təhsil verilirdi. Sokrat öz dövrünə görə yaxşı təhsil almışdı. Onun oxuduğu məktəbdə şagirdlərə o vaxt yunanların bildiyi hər şeyi öyrədirdilər. Amma orada öyrəndiklərinin həyatda ona, demək olar ki, heç bir yararı olmurdu. Sokrat belə hesab edirdi ki, fəlsəfə insan həyatından ayrılmamalıdı. Əgər neçə illər ərzində gözünün qorasını əridib öyrəndiyin elmin həyatda sənə bir qara qəpiklik əhəmiyyəti yoxsa, bunun nəyi elmdi?
«Allahlara» üsyan
Sokrat təhsili bitirəndən sonra atasının yanında daşyonan işləyəndə görürdü ki, bu biliyin onun həyatına heç bir faydası yoxdu. «Allah»lar haqqında öyrəndiklərini yadına salırdı. Antik yunanlarda çoxallahlılıq olub. Baş «allah» Zevs idi. Bundan başqa külək, dəniz, günəş, müharibə şənlik, ölüm… «allahı». İlahələr də vardı. Müdriklik, əkinçilik, ədavət və s. Onlar guya göydə və insanlar kimi yerdə yaşayırlar. Evlənirlər, yoldan çıxır və çıxarırlar. Dalaşırlar, əxlaqsızlıq edir, kələk gəlirlər. Baş «allah» Zevs haqda öyrədilirdi ki, o, güclüdür, qorxuludur, kim xoşuna gəlir, kömək edir, kimdən acığı gələrsə, ildırım göndərib onu vurur. Daşdan olan məbəddə Zevs əlində ildırım tutan qoca kişi kimi təsvir olunurdu. Reputasiyası da örnək olacaq deyildi: Zevs çarlığa öz atasını göydən cəhənnəmə yuvarlamaqla gəlib. Sokrat bütün bunları, Zevsin öz arvadı ilə dalaşmasını, onu aldatmasını, bir dəfə içib lül-qənbər olmasını, bundan sonra «allahların» və adamların onu aldatmasını öyrənəndə düşünürdü: Bu Zevs özü adam balası kimi yaşamağı bacarmır. Ondan nə öyrənək?
Afina adlı ilahə də çox məşhur idi. Şəhərin adı da onun adından götürülmüşdü. Afinanın heykəli də vardı. Başında şlem, əlində qızıl nizə. Deyirdilər ki, o, müdriklik öyrədir. Sokrat onun haqqında bilgiləri sərf-nəzər edəndə bu qənaətə gəldi ki, əslində bu «ilahə»dən də öyrəniləsi heç nə yoxdu. Afina hiyləgər və qəddardır, əziz-xələflərinə kömək edir, günahsızlara divan tutur. Bir dəfə Afina xəbər tutub ki, bir yunan qız parça toxumaqda və paltar tikməkdə ondan daha mahirdir. Paxıllıq hissi Afinaya rahatlıq vermir. Nəhayət, qızcığazı hörümçəyə çevirir. Demək, adları allah olsa da, mənəvi planda adi insandan fərqlənmirlər, bəzən isə onlardan da pisdilər. Sokrat düşünürdü: yox, bunlar allah-filan deyil, adamlara da bir faydaları yoxdu. Onlar insanlardan da zəif və yaramazdılar. Və allah axtarmağa başladı.
«Daxilimdən gələn bir səs mənə çox zadlar öyrədir. Bu, pak vicdanımın səsidir».
Nəhayət, Sokrat aradığını tapdı. Belə hallar bir neçə dəfə baş vermişdi: çıxış yolu arayanda görürdü ki, içindən bir səs gəlib deyir: «belə olmaz». Və ya «düz yoldasan, belə də etmək lazımdır». Görürdü ki, bu səsin dediklərinə qulaq asanda peşman olmayıb. «Allah budur» deyə qənaətə gəldi. Bu, bir kəşf idi. İslama görə, Allahın ayələri təkcə tənzili – göndərilən (vəhy yolu ilə peyğəmbərlər vasitəsi ilə insanlara çatdırılan) deyil, həm də təkvini ayələr (varlıqda olan ayələr) var. Bunların bir hissəsinə ənfusi (nəfsdə, insanın daxilində olan) deyilir. Və insan öz könül dünyasını təmizləməklə o ayələr vasitəsi ilə özünü dərk edib Allaha yaxınlaşa bilər. Bu məqama çatanda artıq atası ölmüşdü. Sokrat evlənmişdi, uşaqları vardı. Nəhayət, bir gün bu əhvalatı arvadına danışdı. Amma…
Arvad əvvəl onun dediklərinə inanmadı. Düşündü ki, yəqin, başına hava gəlib. Amma sonra Sokrat bu barədə camaata danışacağını deyəndə arvadı belə dedi: "Sən bunu etməməlisən. İş-gücünü buraxıb camaata ağılmı öyrədəcəksən? Onlardan sənə heç bir fayda gəlməz. Bizə yazığın gəlsin. Mənə və uşaqlara zülm eləmək istəyirsən? Sənsiz də müəllimlər çoxdu». Amma Sokrat arvad sözünə qulaq asan deyildi. Xanımının sözləri onun israrını daha da artırdı. Axırda bir gün meydana çıxıb bütün bunları camaata danışdı. İnsanlar arasında təbliğat aparmağa başladı. O, məktəbi bitirəndən sonra daş yonmaqla atasının yolunu davam etdirirdi. Bu işi ilə anasının da sənətini davam etdirirdi. Fenaretanın mamaça olmağından danışan Sokrat deyirdi ki, o da anasının peşəsinə oxşar işlə məşğuldur. Sadəcə, anası adamlara, o isə fikirlərə doğulmaqda kömək edir.
Özünü dərk et
Sokrat hələ sağlığında Aristofanın komediyalarının personajına çevrilmişdi. Təbii ki, komik planda. Ölümündən sonra isə Platon və Ksenofont onun haqqında tərifli əsərlər yazdılar. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında «Onu bilirəm ki, heç nə bilmirəm» deyirdi. Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: «Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir». Sokratın metodunun özülündə «xeyirxahlıq (saleh əməl) bilikdir», bir az dəqiqləşdirilsə, «insan xeyirxahlığı ağılın bir vəziyyətidir» paradoksu dururdu. Adətən, Sokrat fəlsəfəsinin üç cəhətinə diqqət çəkirlər: 1) bu fəlsəfənin söhbət tipində (dialektik) olması; 2) anlayışların induksiya yolu ilə müəyyən edilməsi; 3) «xeyirxahlıq bilikdir» formulu ilə ifadə olunmuş etik rasionalizm. Platonun «Apologiya»sına görə, Sokrat özünün heç nə bilməməsi barədə «təmiz həqiqəti» deyəndə Allahın müdrikliyinin yanında insan elminin çox cüzi olduğuna diqqət çəkmək istəyirdi. Özünün «cəhlini» iqrar edir, müsahiblərini də bu halı yaşamağa təhrik etməyi qəsd edirdi.
Düşmənləri
Sözü açıq və üzə deməyi ona çoxlu düşmən qazandırmışdı. Xüsusən varlılar onu sevmirdilər. Sofistləri heç sevmirdi. Hətta edamında da bunun rolu olub. Rəvayətə görə, bir dəfə Sokratdan soruşublar ki, sofistlər kimdir? O, belə cavab verib: «Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər». Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib…
Ölümü
Məhkəmə zamanı Sokrat özünü çox məğrur aparıb. Müdafiəsinə çalışmayıb. «Mən onsuz da o dünyaya gedəsiydim, siz sadacə, bunu tezləşdirirsiniz» deyib. Sonra hakimlərə: «Mən bilirəm, ağlayıb gözümün qorasını sıxsam, sizin üçün xoş olar. Amma nə mənə, nə də başqalarına yaraşmaz ki, ölümdən ləyaqətsiz yolla qaçaq. Bütün təhlükələr zamanı ölümdən çıxış yolu var, əgər özünə hörmət etməsən. Şərdən qaçmaq ölümdən qaçmaqdan daha çətindir. Şər ölümdən daha cəlddir və adamı daha tez yaxalayır. Mən dünyaya bir də gəlsəydim, yenə bu cür davranardım» - deyib.
Ölüm qabağı şagirdlərini başına yığıb söhbət edib. Özünü çox diri və şux aparırmış. Həmin vaxtda o biri otaqda həkimlər söhbət edirlər ki, deyəsən, buna normadan artıq zəhər hazırlamaq lazım gələcək. Çünki ölümdən qabaq deyib-gülən adama zəhər gec təsir edir. Dərmanı alıb içəndən sonra bir az ayaq üstə durmalı, sonra çarpayıya uzanmalı idi. Belə də edib. Uzanandan bir qədər sonra həkim yaxınlaşıb ayaqlarını sıxıb və soruşub: «Hiss edirsənmi?» «Yox» deyə Sokrat cavab verib. «Bir qədər sonra soyuma ürəyə yaxınlaşacaq, onda dünyanı dəyişəcəksən» deyə həkim bildirib.
Son sözü bu olub: «Asklepi üçün bir xoruz qurban kəsməyi unutmayın». Asklepi qədim yunanlarda müalicə allahı sayılırdı. O demək istəyirdi ki, zəhər onun ruhunun bədəndən ayrılmasına yardım etdi. Zəhəri isə həkimlər Asklepinin yardımı ilə icad ediblər. Ona görə bir qurban kəsməyə dəyər.
Aforizmləri
*Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik.
*Onu bilirəm ki, heç nə bilmirəm.
*Danış, səni görüm.
*Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – cəhalət.
*Sərxoşluq nöqsan doğmur, onları üzə çıxarır.
Lətifələr
Bir gün gözəl və ağıldanyüngül bir qadın gəlib Sokrata deyir:
- Təklif edirəm ki, mənimlə evlənəsiniz. Bizim bir övladımız olar. O, gözəllikdə mənə, ağılda isə sizə oxşayar.
Sokrat gülüb deyir:
- Belə olsa, yaxşıdı. Amma qorxuram tərsinə ola, ağılda sizə, gözəllikdə mənə oxşaya.
***
Sokrata bir nəfər təpik vurur. O isə heç nə olmamış kimi, yoluna davam edir. Soruşurlar, böyük flosof, o heyvərənin cavabını niyə vermədin? Sokrat deyir:
- Sizi bir heyvan təpik vursaydı, siz də belə etməzdinizmi?
Kəlamı
Evlənmək vaxtınız gəldimi, evlənin. Qorxulu heç nə yoxdu. Əgər arvadınız yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız…
MÜƏLLİF: O'Kamil

03 March, 2010

Kaliqula ləqəbli Yuli Sezar

Qay Yuli Sezar Divus
(Roma imp., e.ə 12 iyul 100 - Roma imp., e.ə 15 Mart 44)
24 yanvar 41-ci ildə hökmdar səhər yeməyinin ardınca teatra Katullun pyesinə baxmağa gedirdi. Yeraltı keçiddə sui-qəsdçilər onu dövrəyə aldılar. Onlardan biri «hoc age» (qurban verilən zaman deyilən formula) qışqırıb xəncəri boynunun ardına sapladı. Növbəti zərbə sinəsinə vuruldu. Bundan sonra ölmüş imperatora otuza qədər zərbə endirildi…
Bir qədər sonra evində arvadı Sezoniyanı doğradılar. Qızının isə başını divara vurub öldürdülər. Bu şəxs tarixə Kaliqula adı ilə düşən Qay Yuli Sezar Germanik idi.
Bir neçə ilə öncə o hakimiyyətə gələndə xalqın sevinci o qədər böyük idi ki, misli görünməmiş şadyanalıq keçirmişdilər. Üç ay ərzində camaat Kaliqulanı onlara padşah olaraq verdiynə görə «allahlara» təşəkkür əlaməti olaraq yüz altmış min qurban kəsmişdi. Amma sonra hər şey dəyişdi.
Uşaqlığı
Kaliqula 12-ci ildə anadan olmuşdu. Uşaqlığı hərbi düşərgələrdə keçib. Atası Germanik çox hörmətli adam olub. Ona görə o öləndən sonra Tiberi xalqın xoşuna gəlmək üçün Qayı oğulluğa götürmüşdü. Kaliqulanın valideynləri hərbçilər arasında populyarlıq qazanmaq üçün uşağa hərbi forma geydirərdilər. Onun üçün xüsusi olaraq balaca çəkmə də tikdirmişdilər. Bu, hərbçiləri riqqətə gətirərdi və uşağı nəvazişlə «Kaliqula» (çəkməciyəz) adlandırardılar. 31-ci ildə 19 yaşı tamam olanda atası çoxdan ölmüşdü. Anası və iki böyük qardaşı isə hökmdarın qəzəbinə gəlmişdi: Tiberi əvvəlcə Kaliqulanın anası Böyük Aqrippinanı, sonra isə böyük qardaşı Neronu məhv eləmişdi. Beləliklə, Kaliqula Germanikin tək oğlu və Tiberinin ehtimal olunan varisi kimi qaldı.
«Dünyada onun qədər yaxşı qul, pis ağa olmayıb»
Daxilində Tiberiyə böyük nifrət bəsləyən Kaliqula uzun müddət maskalanmalı oldu. O, özünü çox usta aparırdı. Bir çoxları bicliklə onu danışdırır, imperatora qarşı ondan söz almağa çalışırdılar. Amma boşuna. Sonralar onun haqqında çox yerində deyirdilər: «Dünyada onun qədər yaxşı qul, pis ağa olmayıb». Tiberi də uşaq deyildi. Onun təhlükəli adam olduğunu anlayırdı. Hətta deyilənə görə, bir dəfə uzaqgörənliklə belə deyib: «Kaliqulanın şəxsində Roma xalqı və bütün dünya üçün bir ilan bəslənir». Kaliqula bir müddət sonra məşhur romalılardan olan Mark Silanın qızı ilə evlənib. Bu qadın öləndən sonra pretorian koqortalarının başında duran Makronla yaxınlaşır. Ondan lazımi qədər istifadə edəndən sonra arvadını ələ alır. And içir və yazılı öhdəlik verir ki, hakimiyyətə gəlsə, onunla evlənəcək. Nəhayət, bir gün gözlədiyi məqam gəlib çıxır. Deyilənə görə, Tiberini Kaliqula özü zəhərləyib. Can verən hökmdarın nəfəsi gələ-gələ barmağından üzüyünü belə çıxarıb, gözləməyə hövsələsi çatmadığından üzünü balışla örtərək onu boğub. Sonra isə mahir bir artist kimi Tiberinin dəfnində acı göz yaşları axıdıb, onu hökmdarlara layiq şəkildə dəfn edib.
Yaxşı işləri
Tiberinin ölümündən iki gün sonra Kaliqula imperator elan olundu. Xalq bu xəbəri böyük sevinclə qarşıladı. Hər şey çox sakit və xoşagələn olub. Hətta əvvəlcə cəhd edib ki, xalq məclisini bərpa eləsin. Xalqa vəzifəli şəxsləri seçmək hüququ versin. Səxavət göstərərək Liviyanın vəsiyyət etdiyi, Tiberinin mənimsədiyi bütün pulları xalqa qaytarıb. Camaata çoxlu ərzaq paylayıb. Bir müddət sonra o xəstələnəndə bütün imperiya əhalisi onun sağalması üçün dua edirmiş.
Atını konsulluğa hazırlayırdı
O dirilir, amma siyasəti elə dəyişir ki, hamıda onun başına hava gəlməsi fikri yaranır. Tarixçilərin bir qismi onun meningit və ya ensefalit nəticəsində ağlını itirdiyini yazır. Dəlilik onun istər zahiri görünüşündə, istərsə də hərəkətlərində özünü göstərib. Növbənöv ağlagəlməz vergilər təyin edirdi. Hətta hamballar günlük qazanclarının səkkizdən biri həcmində vergi ödəyirdi. Fahişələrə də vergi kəsdirmişdi. Onlar hər gün bir müştəridən aldığı pulun dəyərində vergi ödəyirdi. Özünün qaçağan atını konsul etmək fikrinə düşmüşdü. At üçün mərmərdən tövlə tikdirmişdi. Fil sümüyündən axur düzəltdirmişdi.
Əxlaq pozğunluğu
Əxlaq cəhətdən də çox «unikal» adam olub. O, bütün sektorlar üzrə əxlaqı məhv edən davranış sərgiləyirdi. Kişilərin şəxsi qüruru sındırılırdı, hamı ona yaltaqlanmalı, əyilməli idi. Var-dövləti, pulu Tanrı səviyyəsinə qadırmışdı. Tək özünə yox, ailə üzvlərinə də yaltaqlanmaq lazım idi. Məişət əxlaqı cəhətdən də Romada çox iyrənc bir ənənənin əsasını qoydu. O, gözü tutan qadınların birini də rahat buraxmazdı. Və bunu elə edərdi ki, hamı xəbər tuturdu. Adətən, tanınmış qadınları ərləri ilə qonaqlığa dəvət edər, hamının gözü önündə onlardan birini seçərdi. Cərgəylə lojasının qabağından keçən qadınları qul alverçiləri kimi diqqətlə süzər, hansısa utanıb başını aşağı salarsa, əli ilə onun başını yuxarı qaldırıb baxarmış.
Ziyafətin qızğın çağında xoşuna gələnlərin birini yataq otağına dəvət edərmiş. Bir müddət sonra o, üzündə həzzin izləri uca səslə xoşuna gələn qadınla olan yataq əhvalatını kiçik təfərrüatlarına qədər danışar, xoşuna gəlməyənləri isə söyərmiş. Lazım biləndə xoşuna gələnlərin ərini məcbur edərmiş ki, arvadını boşasın. İki il ərzində Kaliqula üç dəfə tanınmış adamların arvadını zorla alaraq öz arvadı elan edib. Onlardan ikisini bir müddət sonra qovub və əvvəlki ərinə qayıtmağa icazə verməyib. Üçüncünü – Sezoniyanı isə saxlayıb. Bu qadın nə gözəl olub, nə də cavan, amma müstəsna şəhvət sahibi imiş. Kaliqula kefi istəyəndə ona dəbilqə və plaş geydirər, ata mindirər, əlinə nizə və qalxan verib döyüşçülərə qatar, bəzən də çılpaq vəziyyətdə ziyafətə çıxarıb hamıya göstərərmiş. O, açıq şəkildə doğma bacılarının üçü ilə də nikahsız cinsi əlaqədə olurmuş. Bəzən də onları xətrini istədiyi kişilərə verərmiş ki, əylənsinlər.
«Yalan deyirəmsə, qoy mən özümü və öz uşaqlarımı Qaydan və onun bacılarından çox istəyim!»
Kaliqulada maniya o həddə çatmışdı ki, özünü bütün «allahların» təcəssümü kimi göstərmək istəyirdi. Camaat arasına çıxanda «allahların» paltarında çıxır, onların atributlarını götürürdü: əlində şimşək (Zevs kimi) və ya üçbaşlı əsa (Neptun). Bəzən də Veneranın qiyafətini geyinərdi. Yunanıstandan Zevsin heykəlini gətirtmişdi ki, başını kəsib yerinə onun başını qoysunlar. Sentyabr ayının adını dəyişib atasının şərəfinə Germanik qoymuşdu. Bacılarını da unutmamışdı. Adamlar and içəndə özlərini belə lənətləyirdilər: «Yalan deyirəmsə, qoy özümü və uşaqlarımı Qaydan və onun bacılarından çox istəyim!».
«Qoy nifrət etsinlər, təki qorxsunlar»
Boyu qısa olub, üzünün rəngi solğun. Bədəni yoğun, boynu və qıçları nazik, gözləri və gicgahı batıq, alnı enli və tutqun, başında saçı çox seyrək, təpəsinin ortası daz, bədəni isə sıx tüklü. Ona görə ona yuxarıdan baxmaq və ya hətta bilmədən «keçi» sözünü işlətmək ölümə səbəb olan cinayət sayılıb. Anadangəlmə idbar olan sifətini daha da qorxunc eləmək üçün güzgü qabağında təmrinlər edərmiş.
O vaxtın dram əsərlərinin birindən əzbərlədiyi bu sözləri deməyi çox sevirdi: «Qoy nifrət etsinlər, təki qorxsunlar».
Bioqrafları yazırlar ki, əgər Tiberi özünün korlanmış ruhu, xofluluğu və ölçüsüz qəddarlığı ilə dəliliyin bir addımlığında idisə, Kaliqula ipli-saplı dəli idi. Qısa müddətə o, ölkəni monarxiyaya çevirib. Respublika üsul-idarəsindən heç bir əsər-əlamət qalmır. Bir zaman dərin rəğbətini qazandığı xalqın ondan üz döndərməsindən nəinki qorxmur, hətta buna çalışırmış.
Tamahı və israfçılığı
Bir ildən az vaxtda Tiberidən qalan iki milyard yeddi yüz milyon sestersi pulun altından girib üstündən çıxdı. Büdcəni dağıtmaqla kifayətlənmir, açıq-aşkar rüşvət yığırdı. Qızı olanda o Roma xalqından tələb etdi ki, uşağın tərbiyəsi və cehizlik üçün pul gətirsinlər. Yeni ilin ilk günündə sarayın ağzında dayanaraq dəstə-dəstə adamların ovucla və ya ətəyindən ona tərəf atdığı pulları tuturdu. Nəhayət, bu pullara əlləri ilə təmas etmək ehtirası ilə yanıb-yaxılan sərsəmləmiş hökmdar qızıl pulları yerə sərər, onların üstü ilə ayaqyalın gəzər və ya mayallaq aşar, bədənini pula sürtərmiş. Ən böyük zülmü zadəganlara qarşı edib. Onlardan tələb edirmiş ki, varlı adamlar və əyanlar öz vəsiyyətlərində onu varis kimi göstərsinlər. Sonra onları cinayətkar elan edir və əmlaklarına sahib olurdu.
«Dazbaşdan dazbaşa hamısını aparın»
Çox keçmədən kütləvi repressiyalar başlayır. Hətta Tiberinin vaxtında o qədər edam olmurdu. Deyilənə görə, bir gün Kaliqula Tiberinin vaxtında sürgün olunan, sonra sürgündən qayıdan bir nəfərdən soruşur ki, sürgündə olanda nə edirmiş? Kişi yaltaqlıqla deyir: «Bütün günü dua edirdim ki, Tiberi ölsün, sən hökmdar olasan». Kaliqula nəticə çıxarır: «Demək, mənim sürgün etdirdiklərim də mənim ölümümü arzulayır». Və əmr verir ki, sürgündə olanların hamısını öldürsünlər. Daha sonra Gemelli – Tiberinin doğma nəvəsini öldürtdürür. Hakimiyyətə gəlişində müstəsna rolu olan Makrona isə əmr olunur ki, intihar etsin – Kaliqula özü ilə yanaşı böyük adamların olmasını həzm edə bilmirdi. Qəddarlığına daha bir örnək: malqara bahalananda tamaşalar üçün saxlanan vəhşi heyvanları yemləmək üçün əmr edir ki, onlara cinayətkarları atsınlar. Bunun üçün türməyə gedən Kaliqula soruşmayıb ki, kim nə üstündə tutulub? Qapının ağzında durub əmr edib: \"Dazbaşdan dazbaşa hamısını aparın». Bu söz də onundu: «Ah, kaş Roma xalqının bircə boynu olaydı…»
Kahinlər xəbərdarlıq edibmiş
Bütün bunlar əks-reaksiya doğurmaya bilməzdi. Xüsusən zadəganlara, yüksək zümrə adamlarına çox zülmlər etmişdi. 40-cı ildə imperatorun kvestoru (konsul köməkçisi) Betilen Bass və Sekst Papini sui-qəsd hazırladı. Amma işin üstü açıldı və onlar edam olundular. Çox keçmədən yenidən terror hazırlaldır. Sonrakı qəsdə senatorlar da qoşuldu.
…Deyilənə görə, Yuli Sezar kimi Kaliqula da qəsd öncəsi yuxusunu qarışdırıb. Bir gecə yuxuda görüb ki, göydə, Yupiterin taxtının yanındadır və Yupiter onu sağ ayağının baş barmağı ilə itələyib yerə yuvarlayır. Astroloq Sulla onun sorğusuna cavab olaraq deyib ki, ölümü labüddür və yaxınlaşır. Başqa bir kahin də təhlükə haqda xəbər verir və deyir ki, Kassi adlı bir şəxsdən olacaq bu xətər. Kaliqula o vaxt Asiya prokonsulu olan Kassi Longini öldürməyə adam göndərdi. Amma ona qəsd hazırlayan başqa Kassi idi.
Nəhayət
Varis barədə tezliklə qərara gələ bilmədi. Bacıları sürgündə idi. Dayısı Klavdi isə Kaliqula öldürüləndə qorxudan qaçıb gizlənmişdi. Bu zaman qəribə bir hadisə baş verir. Soyğunçuluq üçün saraya girən pretorianlar (saray qoşunu) Klavdi ilə rastlaşır və onu gətirib hökmdar elan edirlər…
MÜƏLLİF: O'Kamil