Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina
(980, Özbəkistan, Buxara - 1037, İran, Həmədan)
Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur. 17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. Özbaşına mütaliələr və gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur. 18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, çox qızğın həyat keçirir. İslamı və fəlsəfəni gözəl bilən alimin çoxlu düşmənləri də var idi. Buna görə də tez-tez bu şəhərdən o şəhərə köçmək məcburiyyətində qalırdı. Son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Onun tibb ensiklopediyası (4 cildlik), müxtəlif fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.
Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.
Uşaqlığı
İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.
Buxara o vaxtlar böyük Samanilər dövlətinin paytaxtı, eyni zamanda nəinki Şərqin, ümumiyyətlə, dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə böyük məscid və mədrəsələr, indiki terminologiya ilə desək, akademiya var idi. Buraya dünyanın müxtəlif yerlərindən elm və incəsənət adamları – filosoflar, arxitektorlar, həkimlər, şairlər gəlir, onlar çox zəngin saray kitabxanasından istifadə edir, elmi məclislər, disputlar düzənləyirdilər. Şəhərdə çoxlu kitabxanalar da vardı. Hətta onların bəzisində oxuculara pulsuz kağız, qələm, mürəkkəb verilirdi. Başqa yerlərdən gələnlərə isə mehmanxanada pulsuz yer, hətta təqaüd ayrılırdı. Bundan başqa, özünə hörmət edən varlı adamların hamısının fərdi kitabxanası olurdu.
Buxaraya köçəndən sonra İbn Sinanı müəllimlərə tapşırırlar. Amma qısa müddətdə yeniyetmə onları heyrətə salır. O, paralel şəkildə, ərəb dilini, fəlsəfəni, stilistikanı, tibbi, astronomiyanı… öyrənmək üçün ayrı-ayrı müəllimlərin yanına gedirdi. Deyilənə görə, unikal zəkaya sahib olan ibn Sina səkkiz yaşında artıq Quranı əzbər bilirmiş. Necə çalışması barədə o, xatiratında belə yazır: «On altı yaşım olanda gecələri və gündüzləri elm öyrənməkdən başqa heç nə ilə məşğul olmurdum. Kitabxanalarda işimi qurtarıb evə qayıdandan sonra şamı yandırıb oxumağa başlayırdım. Bəzən yuxu məni təntidir, yatırdım. Amma yuxuda da məni narahat edən mövzular barədə düşünürdüm. Bütün elmləri öyrənənə qədər belə davam elədi». On yeddi yaşı olanda elmi dairələrdə İbn Sinanı yetişmiş alim kimi qəbul edirdilər. İyirmi yaşı olanda artıq ibn Sina bir neçə kitabın müəllifi idi: təbii elmlərə aid geniş ensiklopediya, qanunların 20 cildlik izahı, etikaya dair kitabı və tibbi lüğəti vardı.
Tiblə maraqlanması
On dörd yaşı olanda İbn Sina tiblə maraqlanır. Deyilənə görə, onu tiblə məşhur həkim Əbu Səhl Məsihi maraqlandırıb. Məsihi dövrün böyük alimi, Hippokrat və Qalenin davamçısı idi. Birgə çalışmaları Xarəzmdə olub. Buxarada saray çevrilişi olanda ibn Sina Xarəzmə köçür. Çox keçmədən böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura köçürlər. Xarəzmşah alimləri himayə edən bir insan idi. O, sarayda tez-tez disputlar təşkil edirdi. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə ibn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən ibn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.
Bibliyadan sonra ikinci
İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüaların obyektə dəyib qayıtması ilə insan görür.
İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bildgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında ibn Sinanın hipotezini sübut etməyə müyəssər oldu.
«Yaxın günlərdə pişik doğacaqsan»
Bundan başqa, ibn Sina nəbz haqqında nəzəriyyə də yaratdı. «Nəbz dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi gərgin, alçaq, qarışqavari, mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da yazır. Deyilənə görə, o nəbzə görə xəstələrə diaqnoz da qoya bilirmiş. İbn Sinanın bu bacarığı barədə bir əfsanə var. Deyilənə görə, İran şəhərlərinin birindən keçəndə xəstə adamlar toplaşıb xahiş edirlər ki, böyük loğman onlara heç olmasa diaqnoz qoysun. Vaxt az, növbə isə həddən artıq imiş. İbn Sina təklif edir ki, adamlar sıraya düzülsün. Hər kəs öz biləyinə bir kəndir bağlasın. İbn Sina sıranın önündən keçib o kəndirləri əlinə almaqla nəbzə görə hər kəsin diaqnozunu qoyacaq. Qoca bir qadın ona inanmadığından, sınamaq istəyindən və ya zarafat məqsədi ilə donunun atında bir bir pişik gizlədir və kəndiri pişiyin biləyinə bağlayır. İbn Sina adamların xəstəliyini deyə-deyə gəlib çatır qadının bərabərinə. Onun kəndirini əlinə alandan sonra qarıya deyir: «Sən bu günlərdə pişik doğacaqsan».
İbn Sina və Bəhmənyar
İbn Sina tibb üzrə olduğu kimi, fəlsəfədə də dövrünün böyük alimi, Şərq peripatetikir məktəbinin görkəmli nümayəndəsi idi. O, başqa sahələrdə olduğu kimi, fəlsəfədə də nəhəng irs qoyub və çoxlu alimlər yetişdirib. Onun şagirdlərindən biri də böyük Azərbaycan filosofu Bəhmənyar ibn Mərzban olub. Onların tanışlığı haqqında maraqlı bir rəvayət var: İbn Sina tannmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Rəvayətə görə, bir gün ibn Sinanın laboratoriyasına qonşuluqda yaşayan bir uşaq gəlir. O deyir ki, ocaq qalamaq üçün olara köz lazımdır. Alimlər uşağa deyirlər: «Sən özünlə heç nə gətirməmisən. Közü necə aparacaqsan? Uşaq bir anlığa duruxur. Sonra yerdən bir qoşa ovuc torpaq götürüb deyir: «Közü bura qoyun». Alimlər uşağın fərastinə heyran olurlar. İbn Sina isə onun validenylərinin yanına adam göndərib xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər. Bəhmənyar ibn Sina haqda xatirələrində belə yazır: "Bir dəfə şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: "Görünür, sizin istirahət gününüz faydasız keçib" (o vaxtlar cümə istirahət günü olurdu). Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: "Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?" İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır. Onu da qeyd edək ki, Azərbaycan filosofu Şərq peripatetiklər məktəbinin ən böyük nümayəndələrindən biri, fəlsəfədə ibn Sinanın ən qüdrətli davamçısı olub.
Qırx dərman əfsanəsi
İndinin özündə Buxarada ibn Sina haqqında çox maraqlı əfsanə və rəvayətlər dolaşmaqdadır. Bu əfsanələrin birində deyilir ki, o, qocalanda elə qırx dərman düzəldibmiş ki, bununla ölünü diriltmək olarmış. Sonra şagirdinə tapşırır ki, bu qırx dərmanı o öləndən sonra lazımi ardıcıllıqla tətbiq etsin.
Çox keçmədən ibn Sina ölür və şagird işə başlayır. Dərmanlar çox möcüzəli təsir göstərirmiş. İbn Sinanın bədəni nəinki pozulmur, əksinə dərmanın təsirindən daha cavan və təzə olurmuş. Axırıncı şüşə dərmanı işlətmək zamanı gələndə artıq alimin bədəni bu saat yuxudan oyanıb danışacaq gözəl, gənc bir oğlanı xatırladırmış. Bu, şagirdi lap həyəcanlandırır. O, axırıncı – qırxıncı dərmanı istifadə üçün gətirəndə elə həyəcanlanır ki, əlinədki dərmanı saxlaya bilmir və möcüzəli tərkiblə dolu qab əlindən düşüb sınır.
Bu əfsanədə ibn Sinanın biliyinin gücünə inam ifadə olunub. İllər boyu bu əfsanə onu sevdirməklə yanaşı, həm də insanları elmə, biliyə çağırıb, zəkasının gücünə diqqəti cəlb edib.
Dünya şöhrəti
Böyük alim hələ sağlığında çoxlu yüksək titullar qazanmışdır: Hüccətül-Həqq (Haqqın sübutu), Şeyxür-rəis (müdriklər başçısı), Həkimi büzürg (böyük həkim), Şərəfülmülk (ölkənin şərəfi)…
İbn Sina hələ həyatda ikən haqqında əfsanələr dolaşırdı. Ölümündən sonra da onun adı hər zaman dillər əzbəri olub. Böyük italyan dramaturqu Aligyeri Dante məşhur «İlahi komediya»sında İbn Sinanı anaraq əsərdə onun fəlsəfəsindən yararlanır. «İlahi komediya»nın «Cənnət» adlı üçüncü əsas bölməsi o vaxtkı ənənəvi sxolastik görüşlərdən fərqlənir. Dante kosmik fəzadakı bütün cisimlərin böyük bir qüvvədən – məhəbbətdən güc alaraq hərəkət etdiyini yazır. Onun bu fikirləri ibn Sina və Nizami Gəncəvinin konsepsiyası üzərində qururlub. Məşhur ispan dramaturqu Löpe de Veqa «Valensia gicbəsərləri» əsərində ibn Sinanı yada salıb. Dahi fransız yazarı Fransua Rable həkimlik fəaliyyətində onun tibbə dair əsərlərindən yararlanıb. Böyük alim, ensiklopedik zəka sahibi olan ibn Sina 1037-ci ildə 57 yaşında Həmədanda vəfat edib. Qəbri də oradadır.
Aforizmləri
* Kainatın ruhu həqiqətdir.
* Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz. Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru.
* Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
* Zaman keçmir, keçən bizik.
* İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir.
MÜƏLLİF: O'Kamil
No comments:
Post a Comment