03 March, 2010

Kaliqula ləqəbli Yuli Sezar

Qay Yuli Sezar Divus
(Roma imp., e.ə 12 iyul 100 - Roma imp., e.ə 15 Mart 44)
24 yanvar 41-ci ildə hökmdar səhər yeməyinin ardınca teatra Katullun pyesinə baxmağa gedirdi. Yeraltı keçiddə sui-qəsdçilər onu dövrəyə aldılar. Onlardan biri «hoc age» (qurban verilən zaman deyilən formula) qışqırıb xəncəri boynunun ardına sapladı. Növbəti zərbə sinəsinə vuruldu. Bundan sonra ölmüş imperatora otuza qədər zərbə endirildi…
Bir qədər sonra evində arvadı Sezoniyanı doğradılar. Qızının isə başını divara vurub öldürdülər. Bu şəxs tarixə Kaliqula adı ilə düşən Qay Yuli Sezar Germanik idi.
Bir neçə ilə öncə o hakimiyyətə gələndə xalqın sevinci o qədər böyük idi ki, misli görünməmiş şadyanalıq keçirmişdilər. Üç ay ərzində camaat Kaliqulanı onlara padşah olaraq verdiynə görə «allahlara» təşəkkür əlaməti olaraq yüz altmış min qurban kəsmişdi. Amma sonra hər şey dəyişdi.
Uşaqlığı
Kaliqula 12-ci ildə anadan olmuşdu. Uşaqlığı hərbi düşərgələrdə keçib. Atası Germanik çox hörmətli adam olub. Ona görə o öləndən sonra Tiberi xalqın xoşuna gəlmək üçün Qayı oğulluğa götürmüşdü. Kaliqulanın valideynləri hərbçilər arasında populyarlıq qazanmaq üçün uşağa hərbi forma geydirərdilər. Onun üçün xüsusi olaraq balaca çəkmə də tikdirmişdilər. Bu, hərbçiləri riqqətə gətirərdi və uşağı nəvazişlə «Kaliqula» (çəkməciyəz) adlandırardılar. 31-ci ildə 19 yaşı tamam olanda atası çoxdan ölmüşdü. Anası və iki böyük qardaşı isə hökmdarın qəzəbinə gəlmişdi: Tiberi əvvəlcə Kaliqulanın anası Böyük Aqrippinanı, sonra isə böyük qardaşı Neronu məhv eləmişdi. Beləliklə, Kaliqula Germanikin tək oğlu və Tiberinin ehtimal olunan varisi kimi qaldı.
«Dünyada onun qədər yaxşı qul, pis ağa olmayıb»
Daxilində Tiberiyə böyük nifrət bəsləyən Kaliqula uzun müddət maskalanmalı oldu. O, özünü çox usta aparırdı. Bir çoxları bicliklə onu danışdırır, imperatora qarşı ondan söz almağa çalışırdılar. Amma boşuna. Sonralar onun haqqında çox yerində deyirdilər: «Dünyada onun qədər yaxşı qul, pis ağa olmayıb». Tiberi də uşaq deyildi. Onun təhlükəli adam olduğunu anlayırdı. Hətta deyilənə görə, bir dəfə uzaqgörənliklə belə deyib: «Kaliqulanın şəxsində Roma xalqı və bütün dünya üçün bir ilan bəslənir». Kaliqula bir müddət sonra məşhur romalılardan olan Mark Silanın qızı ilə evlənib. Bu qadın öləndən sonra pretorian koqortalarının başında duran Makronla yaxınlaşır. Ondan lazımi qədər istifadə edəndən sonra arvadını ələ alır. And içir və yazılı öhdəlik verir ki, hakimiyyətə gəlsə, onunla evlənəcək. Nəhayət, bir gün gözlədiyi məqam gəlib çıxır. Deyilənə görə, Tiberini Kaliqula özü zəhərləyib. Can verən hökmdarın nəfəsi gələ-gələ barmağından üzüyünü belə çıxarıb, gözləməyə hövsələsi çatmadığından üzünü balışla örtərək onu boğub. Sonra isə mahir bir artist kimi Tiberinin dəfnində acı göz yaşları axıdıb, onu hökmdarlara layiq şəkildə dəfn edib.
Yaxşı işləri
Tiberinin ölümündən iki gün sonra Kaliqula imperator elan olundu. Xalq bu xəbəri böyük sevinclə qarşıladı. Hər şey çox sakit və xoşagələn olub. Hətta əvvəlcə cəhd edib ki, xalq məclisini bərpa eləsin. Xalqa vəzifəli şəxsləri seçmək hüququ versin. Səxavət göstərərək Liviyanın vəsiyyət etdiyi, Tiberinin mənimsədiyi bütün pulları xalqa qaytarıb. Camaata çoxlu ərzaq paylayıb. Bir müddət sonra o xəstələnəndə bütün imperiya əhalisi onun sağalması üçün dua edirmiş.
Atını konsulluğa hazırlayırdı
O dirilir, amma siyasəti elə dəyişir ki, hamıda onun başına hava gəlməsi fikri yaranır. Tarixçilərin bir qismi onun meningit və ya ensefalit nəticəsində ağlını itirdiyini yazır. Dəlilik onun istər zahiri görünüşündə, istərsə də hərəkətlərində özünü göstərib. Növbənöv ağlagəlməz vergilər təyin edirdi. Hətta hamballar günlük qazanclarının səkkizdən biri həcmində vergi ödəyirdi. Fahişələrə də vergi kəsdirmişdi. Onlar hər gün bir müştəridən aldığı pulun dəyərində vergi ödəyirdi. Özünün qaçağan atını konsul etmək fikrinə düşmüşdü. At üçün mərmərdən tövlə tikdirmişdi. Fil sümüyündən axur düzəltdirmişdi.
Əxlaq pozğunluğu
Əxlaq cəhətdən də çox «unikal» adam olub. O, bütün sektorlar üzrə əxlaqı məhv edən davranış sərgiləyirdi. Kişilərin şəxsi qüruru sındırılırdı, hamı ona yaltaqlanmalı, əyilməli idi. Var-dövləti, pulu Tanrı səviyyəsinə qadırmışdı. Tək özünə yox, ailə üzvlərinə də yaltaqlanmaq lazım idi. Məişət əxlaqı cəhətdən də Romada çox iyrənc bir ənənənin əsasını qoydu. O, gözü tutan qadınların birini də rahat buraxmazdı. Və bunu elə edərdi ki, hamı xəbər tuturdu. Adətən, tanınmış qadınları ərləri ilə qonaqlığa dəvət edər, hamının gözü önündə onlardan birini seçərdi. Cərgəylə lojasının qabağından keçən qadınları qul alverçiləri kimi diqqətlə süzər, hansısa utanıb başını aşağı salarsa, əli ilə onun başını yuxarı qaldırıb baxarmış.
Ziyafətin qızğın çağında xoşuna gələnlərin birini yataq otağına dəvət edərmiş. Bir müddət sonra o, üzündə həzzin izləri uca səslə xoşuna gələn qadınla olan yataq əhvalatını kiçik təfərrüatlarına qədər danışar, xoşuna gəlməyənləri isə söyərmiş. Lazım biləndə xoşuna gələnlərin ərini məcbur edərmiş ki, arvadını boşasın. İki il ərzində Kaliqula üç dəfə tanınmış adamların arvadını zorla alaraq öz arvadı elan edib. Onlardan ikisini bir müddət sonra qovub və əvvəlki ərinə qayıtmağa icazə verməyib. Üçüncünü – Sezoniyanı isə saxlayıb. Bu qadın nə gözəl olub, nə də cavan, amma müstəsna şəhvət sahibi imiş. Kaliqula kefi istəyəndə ona dəbilqə və plaş geydirər, ata mindirər, əlinə nizə və qalxan verib döyüşçülərə qatar, bəzən də çılpaq vəziyyətdə ziyafətə çıxarıb hamıya göstərərmiş. O, açıq şəkildə doğma bacılarının üçü ilə də nikahsız cinsi əlaqədə olurmuş. Bəzən də onları xətrini istədiyi kişilərə verərmiş ki, əylənsinlər.
«Yalan deyirəmsə, qoy mən özümü və öz uşaqlarımı Qaydan və onun bacılarından çox istəyim!»
Kaliqulada maniya o həddə çatmışdı ki, özünü bütün «allahların» təcəssümü kimi göstərmək istəyirdi. Camaat arasına çıxanda «allahların» paltarında çıxır, onların atributlarını götürürdü: əlində şimşək (Zevs kimi) və ya üçbaşlı əsa (Neptun). Bəzən də Veneranın qiyafətini geyinərdi. Yunanıstandan Zevsin heykəlini gətirtmişdi ki, başını kəsib yerinə onun başını qoysunlar. Sentyabr ayının adını dəyişib atasının şərəfinə Germanik qoymuşdu. Bacılarını da unutmamışdı. Adamlar and içəndə özlərini belə lənətləyirdilər: «Yalan deyirəmsə, qoy özümü və uşaqlarımı Qaydan və onun bacılarından çox istəyim!».
«Qoy nifrət etsinlər, təki qorxsunlar»
Boyu qısa olub, üzünün rəngi solğun. Bədəni yoğun, boynu və qıçları nazik, gözləri və gicgahı batıq, alnı enli və tutqun, başında saçı çox seyrək, təpəsinin ortası daz, bədəni isə sıx tüklü. Ona görə ona yuxarıdan baxmaq və ya hətta bilmədən «keçi» sözünü işlətmək ölümə səbəb olan cinayət sayılıb. Anadangəlmə idbar olan sifətini daha da qorxunc eləmək üçün güzgü qabağında təmrinlər edərmiş.
O vaxtın dram əsərlərinin birindən əzbərlədiyi bu sözləri deməyi çox sevirdi: «Qoy nifrət etsinlər, təki qorxsunlar».
Bioqrafları yazırlar ki, əgər Tiberi özünün korlanmış ruhu, xofluluğu və ölçüsüz qəddarlığı ilə dəliliyin bir addımlığında idisə, Kaliqula ipli-saplı dəli idi. Qısa müddətə o, ölkəni monarxiyaya çevirib. Respublika üsul-idarəsindən heç bir əsər-əlamət qalmır. Bir zaman dərin rəğbətini qazandığı xalqın ondan üz döndərməsindən nəinki qorxmur, hətta buna çalışırmış.
Tamahı və israfçılığı
Bir ildən az vaxtda Tiberidən qalan iki milyard yeddi yüz milyon sestersi pulun altından girib üstündən çıxdı. Büdcəni dağıtmaqla kifayətlənmir, açıq-aşkar rüşvət yığırdı. Qızı olanda o Roma xalqından tələb etdi ki, uşağın tərbiyəsi və cehizlik üçün pul gətirsinlər. Yeni ilin ilk günündə sarayın ağzında dayanaraq dəstə-dəstə adamların ovucla və ya ətəyindən ona tərəf atdığı pulları tuturdu. Nəhayət, bu pullara əlləri ilə təmas etmək ehtirası ilə yanıb-yaxılan sərsəmləmiş hökmdar qızıl pulları yerə sərər, onların üstü ilə ayaqyalın gəzər və ya mayallaq aşar, bədənini pula sürtərmiş. Ən böyük zülmü zadəganlara qarşı edib. Onlardan tələb edirmiş ki, varlı adamlar və əyanlar öz vəsiyyətlərində onu varis kimi göstərsinlər. Sonra onları cinayətkar elan edir və əmlaklarına sahib olurdu.
«Dazbaşdan dazbaşa hamısını aparın»
Çox keçmədən kütləvi repressiyalar başlayır. Hətta Tiberinin vaxtında o qədər edam olmurdu. Deyilənə görə, bir gün Kaliqula Tiberinin vaxtında sürgün olunan, sonra sürgündən qayıdan bir nəfərdən soruşur ki, sürgündə olanda nə edirmiş? Kişi yaltaqlıqla deyir: «Bütün günü dua edirdim ki, Tiberi ölsün, sən hökmdar olasan». Kaliqula nəticə çıxarır: «Demək, mənim sürgün etdirdiklərim də mənim ölümümü arzulayır». Və əmr verir ki, sürgündə olanların hamısını öldürsünlər. Daha sonra Gemelli – Tiberinin doğma nəvəsini öldürtdürür. Hakimiyyətə gəlişində müstəsna rolu olan Makrona isə əmr olunur ki, intihar etsin – Kaliqula özü ilə yanaşı böyük adamların olmasını həzm edə bilmirdi. Qəddarlığına daha bir örnək: malqara bahalananda tamaşalar üçün saxlanan vəhşi heyvanları yemləmək üçün əmr edir ki, onlara cinayətkarları atsınlar. Bunun üçün türməyə gedən Kaliqula soruşmayıb ki, kim nə üstündə tutulub? Qapının ağzında durub əmr edib: \"Dazbaşdan dazbaşa hamısını aparın». Bu söz də onundu: «Ah, kaş Roma xalqının bircə boynu olaydı…»
Kahinlər xəbərdarlıq edibmiş
Bütün bunlar əks-reaksiya doğurmaya bilməzdi. Xüsusən zadəganlara, yüksək zümrə adamlarına çox zülmlər etmişdi. 40-cı ildə imperatorun kvestoru (konsul köməkçisi) Betilen Bass və Sekst Papini sui-qəsd hazırladı. Amma işin üstü açıldı və onlar edam olundular. Çox keçmədən yenidən terror hazırlaldır. Sonrakı qəsdə senatorlar da qoşuldu.
…Deyilənə görə, Yuli Sezar kimi Kaliqula da qəsd öncəsi yuxusunu qarışdırıb. Bir gecə yuxuda görüb ki, göydə, Yupiterin taxtının yanındadır və Yupiter onu sağ ayağının baş barmağı ilə itələyib yerə yuvarlayır. Astroloq Sulla onun sorğusuna cavab olaraq deyib ki, ölümü labüddür və yaxınlaşır. Başqa bir kahin də təhlükə haqda xəbər verir və deyir ki, Kassi adlı bir şəxsdən olacaq bu xətər. Kaliqula o vaxt Asiya prokonsulu olan Kassi Longini öldürməyə adam göndərdi. Amma ona qəsd hazırlayan başqa Kassi idi.
Nəhayət
Varis barədə tezliklə qərara gələ bilmədi. Bacıları sürgündə idi. Dayısı Klavdi isə Kaliqula öldürüləndə qorxudan qaçıb gizlənmişdi. Bu zaman qəribə bir hadisə baş verir. Soyğunçuluq üçün saraya girən pretorianlar (saray qoşunu) Klavdi ilə rastlaşır və onu gətirib hökmdar elan edirlər…
MÜƏLLİF: O'Kamil

No comments:

Post a Comment