04 March, 2010

Sokrat - Fikirlərini şifahi yayan filosof

Sokrat
(e.ə. 469, Afina, Yunanıstan - e.ə. 399, Afina, Yunanıstan)
Qədim yunan filosofu, Platonun müəllimi. Gənclər arasında apardığı təbliğat əməllərinə görə zəhər içildilərək edam etdirilmişdir. Antik yunan filosofu Sokrat Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış.
Rable Sokrat haqqında
«Qarqantua və Pantaqruel»in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: «Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir. Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur. Onların üstündə gülməli və əyləncəli şəkillər olardı. Məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu şəkillər adamlarda gülüş doğurardı - xeyirxah Baxusun müəllimi Silen də belə olub. Bu söz oradandır… Onların içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair və ilaxır olardı. Alkiviadın fikrincə, Sokrat da belə olub. Əgər siz onun zahirinə baxsanız, görkəminə görə dəyərləndirsəniz, bir qara qəpik də verməzsinizmiş. O qədər çirkin, oturuşu-duruşu, ədaları o qədər pis imiş ki... Burnu fındıq kimi, baxışları əcaib, gözləri qıyıq - elə bil çim altından qurbağa baxır. Bundan başqa, sifətinin ifadəsi küt, paltarı töküldüm-itdim imiş. Özü kasıb – it günündə yaşayır, qadınlar sarıdan bəxti gətirmirmiş. Heç bir dövlət qulluğuna yaramırmış. Şərab içəndə küpəsinə girərmiş. Daim gülər – dişlərini ağardar, lağlağı edərmiş – bir sözlə, zahirən xalis zırrama imiş.
BÜTÜN BUNLARIN ARXASINDA İSƏ O, BÖYÜK MÜDRİKLİYİNİ – İLAHİ VERGİNİ GİZLƏDƏRMİŞ. BU MÜCRÜNÜ AÇSAN, İÇİNDƏ ECAZKAR TƏFƏRRÜAT: FÖVQƏLADƏ LƏYAQƏT, FÖVQƏLTƏBİİ İTİ AĞIL, TAYI-BƏRABƏRİ OLMAYAN AYIQLIQ, YENİLMƏZ İGİDLİK, HƏYATSEVƏRLİK, MÖHKƏM, SARSILMAZ RUH, FANİ İNSANLARIN UĞRUNDA ÖZÜNÜ ÖLDÜRDÜYÜ, BAŞINI DAŞDAN-DAŞA VURDUĞU, ƏZİYYƏT ÇƏKDİYİ HƏR ŞEYƏ QARŞI SONSUZ NİFRƏT GÖRƏRDİN.
Uşaqlıq və gəncliyi
Sokratın yaşadığı vaxtlarda Afinada çoxlu məktəblər var idi. Ən kasıb adamlar belə təhsil ala bilirdi. Amma onlara dərsi daha ibtidai imkanlarla keçirdilər. Çox vaxt açıq havada yığışar, çubuqla qum üstə yazı yazardılar, çöplərlə toplama, çıxma və s. öyrənərdilər. Elitar məktəblər də yetərincə idi. Bunlarda o dövr üçün çox yüksək səviyyəli təhsil verilirdi. Sokrat öz dövrünə görə yaxşı təhsil almışdı. Onun oxuduğu məktəbdə şagirdlərə o vaxt yunanların bildiyi hər şeyi öyrədirdilər. Amma orada öyrəndiklərinin həyatda ona, demək olar ki, heç bir yararı olmurdu. Sokrat belə hesab edirdi ki, fəlsəfə insan həyatından ayrılmamalıdı. Əgər neçə illər ərzində gözünün qorasını əridib öyrəndiyin elmin həyatda sənə bir qara qəpiklik əhəmiyyəti yoxsa, bunun nəyi elmdi?
«Allahlara» üsyan
Sokrat təhsili bitirəndən sonra atasının yanında daşyonan işləyəndə görürdü ki, bu biliyin onun həyatına heç bir faydası yoxdu. «Allah»lar haqqında öyrəndiklərini yadına salırdı. Antik yunanlarda çoxallahlılıq olub. Baş «allah» Zevs idi. Bundan başqa külək, dəniz, günəş, müharibə şənlik, ölüm… «allahı». İlahələr də vardı. Müdriklik, əkinçilik, ədavət və s. Onlar guya göydə və insanlar kimi yerdə yaşayırlar. Evlənirlər, yoldan çıxır və çıxarırlar. Dalaşırlar, əxlaqsızlıq edir, kələk gəlirlər. Baş «allah» Zevs haqda öyrədilirdi ki, o, güclüdür, qorxuludur, kim xoşuna gəlir, kömək edir, kimdən acığı gələrsə, ildırım göndərib onu vurur. Daşdan olan məbəddə Zevs əlində ildırım tutan qoca kişi kimi təsvir olunurdu. Reputasiyası da örnək olacaq deyildi: Zevs çarlığa öz atasını göydən cəhənnəmə yuvarlamaqla gəlib. Sokrat bütün bunları, Zevsin öz arvadı ilə dalaşmasını, onu aldatmasını, bir dəfə içib lül-qənbər olmasını, bundan sonra «allahların» və adamların onu aldatmasını öyrənəndə düşünürdü: Bu Zevs özü adam balası kimi yaşamağı bacarmır. Ondan nə öyrənək?
Afina adlı ilahə də çox məşhur idi. Şəhərin adı da onun adından götürülmüşdü. Afinanın heykəli də vardı. Başında şlem, əlində qızıl nizə. Deyirdilər ki, o, müdriklik öyrədir. Sokrat onun haqqında bilgiləri sərf-nəzər edəndə bu qənaətə gəldi ki, əslində bu «ilahə»dən də öyrəniləsi heç nə yoxdu. Afina hiyləgər və qəddardır, əziz-xələflərinə kömək edir, günahsızlara divan tutur. Bir dəfə Afina xəbər tutub ki, bir yunan qız parça toxumaqda və paltar tikməkdə ondan daha mahirdir. Paxıllıq hissi Afinaya rahatlıq vermir. Nəhayət, qızcığazı hörümçəyə çevirir. Demək, adları allah olsa da, mənəvi planda adi insandan fərqlənmirlər, bəzən isə onlardan da pisdilər. Sokrat düşünürdü: yox, bunlar allah-filan deyil, adamlara da bir faydaları yoxdu. Onlar insanlardan da zəif və yaramazdılar. Və allah axtarmağa başladı.
«Daxilimdən gələn bir səs mənə çox zadlar öyrədir. Bu, pak vicdanımın səsidir».
Nəhayət, Sokrat aradığını tapdı. Belə hallar bir neçə dəfə baş vermişdi: çıxış yolu arayanda görürdü ki, içindən bir səs gəlib deyir: «belə olmaz». Və ya «düz yoldasan, belə də etmək lazımdır». Görürdü ki, bu səsin dediklərinə qulaq asanda peşman olmayıb. «Allah budur» deyə qənaətə gəldi. Bu, bir kəşf idi. İslama görə, Allahın ayələri təkcə tənzili – göndərilən (vəhy yolu ilə peyğəmbərlər vasitəsi ilə insanlara çatdırılan) deyil, həm də təkvini ayələr (varlıqda olan ayələr) var. Bunların bir hissəsinə ənfusi (nəfsdə, insanın daxilində olan) deyilir. Və insan öz könül dünyasını təmizləməklə o ayələr vasitəsi ilə özünü dərk edib Allaha yaxınlaşa bilər. Bu məqama çatanda artıq atası ölmüşdü. Sokrat evlənmişdi, uşaqları vardı. Nəhayət, bir gün bu əhvalatı arvadına danışdı. Amma…
Arvad əvvəl onun dediklərinə inanmadı. Düşündü ki, yəqin, başına hava gəlib. Amma sonra Sokrat bu barədə camaata danışacağını deyəndə arvadı belə dedi: "Sən bunu etməməlisən. İş-gücünü buraxıb camaata ağılmı öyrədəcəksən? Onlardan sənə heç bir fayda gəlməz. Bizə yazığın gəlsin. Mənə və uşaqlara zülm eləmək istəyirsən? Sənsiz də müəllimlər çoxdu». Amma Sokrat arvad sözünə qulaq asan deyildi. Xanımının sözləri onun israrını daha da artırdı. Axırda bir gün meydana çıxıb bütün bunları camaata danışdı. İnsanlar arasında təbliğat aparmağa başladı. O, məktəbi bitirəndən sonra daş yonmaqla atasının yolunu davam etdirirdi. Bu işi ilə anasının da sənətini davam etdirirdi. Fenaretanın mamaça olmağından danışan Sokrat deyirdi ki, o da anasının peşəsinə oxşar işlə məşğuldur. Sadəcə, anası adamlara, o isə fikirlərə doğulmaqda kömək edir.
Özünü dərk et
Sokrat hələ sağlığında Aristofanın komediyalarının personajına çevrilmişdi. Təbii ki, komik planda. Ölümündən sonra isə Platon və Ksenofont onun haqqında tərifli əsərlər yazdılar. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında «Onu bilirəm ki, heç nə bilmirəm» deyirdi. Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: «Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir». Sokratın metodunun özülündə «xeyirxahlıq (saleh əməl) bilikdir», bir az dəqiqləşdirilsə, «insan xeyirxahlığı ağılın bir vəziyyətidir» paradoksu dururdu. Adətən, Sokrat fəlsəfəsinin üç cəhətinə diqqət çəkirlər: 1) bu fəlsəfənin söhbət tipində (dialektik) olması; 2) anlayışların induksiya yolu ilə müəyyən edilməsi; 3) «xeyirxahlıq bilikdir» formulu ilə ifadə olunmuş etik rasionalizm. Platonun «Apologiya»sına görə, Sokrat özünün heç nə bilməməsi barədə «təmiz həqiqəti» deyəndə Allahın müdrikliyinin yanında insan elminin çox cüzi olduğuna diqqət çəkmək istəyirdi. Özünün «cəhlini» iqrar edir, müsahiblərini də bu halı yaşamağa təhrik etməyi qəsd edirdi.
Düşmənləri
Sözü açıq və üzə deməyi ona çoxlu düşmən qazandırmışdı. Xüsusən varlılar onu sevmirdilər. Sofistləri heç sevmirdi. Hətta edamında da bunun rolu olub. Rəvayətə görə, bir dəfə Sokratdan soruşublar ki, sofistlər kimdir? O, belə cavab verib: «Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər». Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib…
Ölümü
Məhkəmə zamanı Sokrat özünü çox məğrur aparıb. Müdafiəsinə çalışmayıb. «Mən onsuz da o dünyaya gedəsiydim, siz sadacə, bunu tezləşdirirsiniz» deyib. Sonra hakimlərə: «Mən bilirəm, ağlayıb gözümün qorasını sıxsam, sizin üçün xoş olar. Amma nə mənə, nə də başqalarına yaraşmaz ki, ölümdən ləyaqətsiz yolla qaçaq. Bütün təhlükələr zamanı ölümdən çıxış yolu var, əgər özünə hörmət etməsən. Şərdən qaçmaq ölümdən qaçmaqdan daha çətindir. Şər ölümdən daha cəlddir və adamı daha tez yaxalayır. Mən dünyaya bir də gəlsəydim, yenə bu cür davranardım» - deyib.
Ölüm qabağı şagirdlərini başına yığıb söhbət edib. Özünü çox diri və şux aparırmış. Həmin vaxtda o biri otaqda həkimlər söhbət edirlər ki, deyəsən, buna normadan artıq zəhər hazırlamaq lazım gələcək. Çünki ölümdən qabaq deyib-gülən adama zəhər gec təsir edir. Dərmanı alıb içəndən sonra bir az ayaq üstə durmalı, sonra çarpayıya uzanmalı idi. Belə də edib. Uzanandan bir qədər sonra həkim yaxınlaşıb ayaqlarını sıxıb və soruşub: «Hiss edirsənmi?» «Yox» deyə Sokrat cavab verib. «Bir qədər sonra soyuma ürəyə yaxınlaşacaq, onda dünyanı dəyişəcəksən» deyə həkim bildirib.
Son sözü bu olub: «Asklepi üçün bir xoruz qurban kəsməyi unutmayın». Asklepi qədim yunanlarda müalicə allahı sayılırdı. O demək istəyirdi ki, zəhər onun ruhunun bədəndən ayrılmasına yardım etdi. Zəhəri isə həkimlər Asklepinin yardımı ilə icad ediblər. Ona görə bir qurban kəsməyə dəyər.
Aforizmləri
*Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik.
*Onu bilirəm ki, heç nə bilmirəm.
*Danış, səni görüm.
*Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – cəhalət.
*Sərxoşluq nöqsan doğmur, onları üzə çıxarır.
Lətifələr
Bir gün gözəl və ağıldanyüngül bir qadın gəlib Sokrata deyir:
- Təklif edirəm ki, mənimlə evlənəsiniz. Bizim bir övladımız olar. O, gözəllikdə mənə, ağılda isə sizə oxşayar.
Sokrat gülüb deyir:
- Belə olsa, yaxşıdı. Amma qorxuram tərsinə ola, ağılda sizə, gözəllikdə mənə oxşaya.
***
Sokrata bir nəfər təpik vurur. O isə heç nə olmamış kimi, yoluna davam edir. Soruşurlar, böyük flosof, o heyvərənin cavabını niyə vermədin? Sokrat deyir:
- Sizi bir heyvan təpik vursaydı, siz də belə etməzdinizmi?
Kəlamı
Evlənmək vaxtınız gəldimi, evlənin. Qorxulu heç nə yoxdu. Əgər arvadınız yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız…
MÜƏLLİF: O'Kamil

No comments:

Post a Comment