Bu işi əvvəllər heç bir makiyaj və tatuaj təhsili olmayan qadın inəkləri örüşə buraxandan sonra darıxdığından edib
Vallah, bizim bu millətin qədrini bilən yoxdur. Bu millətin o qədər zəngin, rəngarəng təxəyyülü var ki. Havayı yerə demirlər ki, bu millətin dilini kəsib başını saxlamaq lazımdır. Erkəkli-dişili. Əslində götürsən, həqiqətən də elədir. Dil kəsilib, baş isə qalıb. Amma bax gör, o başla biz nələr edirik. İllah ki, qadınlarımız.O gün eşidirəm ki, televizorda eşidən kimi ki, xaricdə eşşəyi zebra ediblər, respublikamızın rayonlarından birində bir qadın da bu unikal bir işi dərhal görüb. Bizim çox sevdiyimiz eşşəyin balasının quyruğunu kəsib bir balaca gödəldib. Sonra eşşəyi başdan-ayağa qırxıb. Qırxandan sonra tatuaj aparatı ilə düşüb bala eşşəyin canına. Başlayıb onu ağ və qara zolaqlarla tatuaj etməyə. Lap matros köynəyi kimi. Bala eşşək bir də baxıb görüb ki, olub zebr.Əsl sənət əsəri belə olar. Sən öl, kişinin qızı o qədər səliqəli işləyib ki, eşşək öz doğduğu balasını tanımayıb. Bu gözəl əl işindən sonra o, iki qoduqdan iki zebr yaradıb. Birini heyvanxanaya, birini də buralarda səfərdə olan bir ingilisə satıb. özü də nə az, nə çox bir "Jeep" qiymətinə. Bilmirəm o zebr o ingilisin nəyinə lazım imiş. Amma çox sevinib ki, xeyli qabağa düşüb. Və özlüyündə fikirləşib ki, kimisə aldadıb. "Voobşe" ingilislər özlərini həmişə ağıllı sayıb, bizlərə yuxarıdan aşağı baxıblar.Əlqərəz. Sərhəddən keçəndə quşu gözündən vuran gömrükçülərimiz ingilis qardaşımızdan soruşurlar ki, bu bəzəkli eşşəyi hara aparırsan və sənə kim ixtiyar verib ki, bizim eşşəkləri ələ salasan? Gəlin kimi bəzəyib xaricə aparasan.İngilis də əl qatır özünə ki, bu eşşək deyil zebrdir. Lap "Bəxtiyar" kinosundakı səhnə sərhəddə bir də yaşanır. Biri deyir "müğənnidir", o biri deyir "neftçidir". Əlqərəz o yetimi başa salırlar ki, buralarda zebr yox, eşşək yetişir. Dünyada ən hiyləgər millət kimi tanınan ingilisə bizimkilər "paçka" basır. Bravo! özü də qadın, tatuaj ustası. Əslində o qadın haqqın yolunu tapıb. üzdə olan beş-on müğənninin qaş-gözünü, bədənlərinin müəyyən hissələrini tatuaj edib, qəpik-quruş qazananacan, vallah, eşşək dağlamaq bundan min dəfə yaxşıdır.
* * *
Tanış tatuaj ustası var. özü etiraf etdi ki, birisi müraciət edib ki, ərinin xahişi ilə onun görünməyən bir yerinə aslan rəsmini tatuaj edim. Mən də tatuaj etdim, gözəl də alınmışdır. Deyəcəksiniz ki, boş ver, bu nə nağıldır. Vallah, elədir. Mən hələ də baş sındırıram ki, o kişi o aslanı neynirmiş. Qorxub geri çəkiləcək, yoxsa özündə olan təpəri aslanda görmək istəyəcək? Aslan da aslandı haa!Bax, bu tatuaj ustaları neyləməlidir? Əllərində qalan tatuaj aparatını, aldıqları "kraska"nı küçəyə atası deyillər ki! Bir ara mətbuatda oxuyuram ki, ölkəmizə xaricdən 34 baş eşşək və qatır gətirilib. Türkiyədən alınan bir baş eşşəyə11 500, əlavə olaraq alınan daha 14 baş qatıra isə 18 200 dollar xərclənib. "Nemetski" eşşəklər isə bir az baha başa gəliblər. İki baş eşşəyə 82 000 dollar verilib. Görünür, ən "blatlı" eşşəklər, "Nemetski" eşşəklər imiş. ölümüzdən də baha olan bu eşşəkləri bura gətizdirməkdə məqsəd nə idi? Mətbuatda şıdırığı yazılar verirdilər ki, görəsən, bu eşşəkləri bunlar neyləyirlər. Ətək-ətək pul xərcləyib bura gətirməkdə xeyir ola? Əslində, elə mən də baş sındıM.Zümrüdrırdım. Bu zebr məsələsi ortaya çıxmasaydı. Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq İdarəsinin rəisi çingiz Fərəcov deyir: (Bax olduğu kimi yazıram- red.) "Azərbaycanda o qədər eşşək var ki, xaricdən bahalısını gətirməyə ehtiyac yoxdur. öz eşşəklərimiz özümüzə bəsdir."Görünür, öz eşşəklərimiz özümüzə bəs eləmir. Ya da sərf eləmir. Bəlkə hansısa bir məmurun könlünə çömçə ilə yığılan gəlirini qaşıqla xərcləmək düşüb? Gündən-günə artan gəlirin rəngarəng də "hobbi"si olmalıdır. Kimisinin könlünə aslan rəsmi, kimisinin könlündən "importnı" bahalı eşşəyi minmək keçir. Bizlərdə eşşəkmi yoxdur? Biz eşşəkləri sevirik. Hətta, sazla ona "ceyranım" deyib, gözəlləmə də oxuyuruq.Vallah, arvadın ərindən görmədiyi sığalı o eşşəklər bizdən görür. Bəxti açılmayan ona minir ki, bəxti açılsın. Zifaf gecəsində üzüqara çıxanları onun üstünə tərsinə otuzdurub, dədə evinə yola salardılar. Brilyant xanım da eşşəyə tərsinə minib "Sən mənim dərdimdən ölürsən" mahnısını oxuyur. Görünür, o eşşəyə tərsinə minməyin mənasını yetərincə bilməyib, ya da...Nağılımız burda bitdi. İndi bildiniz ki, bizdə eşşək niyə qəhətə çıxıb. Biz artıq zebr biznesi ilə məşğuluq.
MƏNBƏ: TƏZADLAR E-QƏZETİ
No comments:
Post a Comment