Artıq uzun müddətdir ki, ABŞ, Kanada, Rusiya, Böyük Britaniya, Çin və Ukrayna kimi nəhəng ölkələrin böyük həkimlərinin aciz qaldığı donuz qripi Azərbaycanda bir həftəyə müalicə olundu. Son məlumatlara görə nəinki qrip viruslari, ümumiyyətlə bütün xəstəlik virusları kor-peşman sərhəddən geri qayıdırlar. Onlar deyirmişlər ki, bu cür ölkədə onlara ehtiyac yox imiş. Onlar sadəcə ağsaqqallarının əllərini öpməyə gəliblərmiş və indi sürətlə geri qayıdırlar.
«Donuz qripi» şəhəri ağzına alan kimi, daha doğrusu insanların beyninə qorxu şəklində soxulan kimi hamı, hətta adını çəkmək belə naxoş xəstəlikdən betər azara yoluxmuşlar canı üçün narahat olmağa başladı. Tərs kimi balaca oğluma da bağçada «donuz qripi»nin gəldiyini dedilər və bərk-bərk özünü qorumağı tapşırdılar. Yol boyu oğlum məni sorğu-sual edib öyrəndi ki, bu xəstəlik gözə görünmür və adamın içinə burnu ilə ağzından girir. Dediklərimi yanımızdan ötüb keçən maskalı əmi və xalalar görkəmi ilə bir daha təsdiqlədikdən sonra uşaq anladı ki, bu nədisə ciddi bir şeydi. Səhəri gün yuxudan çığırıb oyandı və «Ay ana, mən istəmirəm «donuz qripi» ağzıma girsin» deyib ağlamağa başladı. Mən uşağa necə başa salım ki, bu şəhər və şəhərlilərin xəstəliyidir, elə də ciddi bir şey deyil. Bir də ki, şəhər xəstədirsə onun əlindən tutub həkimə necə aparaq? Amma alınsyadı, o qədər maraqlı şeylər öyrənərdik. Axı özümüz də xəstələnən kimi tam müayinədən keçəndən sonra, xəstəliklərin bütün buketini reseptə çevirib əlimizə alandan sonra rahatlaşırıq. Müayinədən sonra həkim bizi beş barmağı kimi tanıyr da deyə bilər.Sən demə şəhərlərin öz xəstəlikləri varmış və dünya bununla çoxdan maraqlanır. Məsələn, amerikalı psixoloqlar rusiyalı emiqrantları sağaltmağın çətinliyini etiraf edir. Çünki onlar böyürtkən mürəbbəsinin sehrli qüvvəsinə inanır və əmindirlər ki, havanın soyuması və zökəm xəstəliklərinin yayılması arasında nəsə bir əlaqə var. Amerikalı alimlərin bizim xəstəlikləri dua ilə sağaltmaq metodlarımızdan hələ xəbəri yoxdu. Ona görə də sırf şəhərə məxsus xəstəlikləri bir yerə yığıb görək onlardan hansı bizdə var, hansı yoxdu. Bu sivilizasiyaya diaqnoz qoyan tapılacaq, ya yox?! Atipik pnevmoniya (Severe acute respiratory syndrome)2003-cü ildə ortaya atılmış bu xəstəlik son illər KİV-də ən çox adı çəkilənlərdəndir. Bu xəstəlik ölümcül elan edilmişdi, çünki hər 10 nəfərdən biri ölürdü. Hətta antibiotiklər də kömək etmirdi. Xəstəlik çəkilib gedəndən sonra nəticələr ortaya qoyuldu: 8437 yoluxmuş adamdan cəmi 813 nəfəri dünyasını dəyişmişdi. Epidemioloqlar belə yaxşı işləyib, yoxsa xəstəlik o qədər də qorxulu deyildi, amma çin qripinin sədası şəxsən mənim hələ də qulaqlarımdan getməyib. Narahat ayaqlar xəstəliyi (Restless legs syndrome) Mənbəyi bilinməyən bu xəstəlik ya nevroloji, ya da psixidir. Pasient daima ayaqlarını tərpədir. Ona elə gəlir ki, ayaqları ya qaşınır, ya ağrayır. Ən dəhşətlisi odur ki, xəstə yatan zaman əlamətlər yoxa çıxmaq əvəzinə şiddətlənir və onu istirahət etməyə qoymur. Özlərini uğurlu sayan amerikalılarn 3 faizi bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin adını ilk dəfə 17-ci əsrdə çəkiblər və məişətimizə 1945-ci ildən bəri soxulub. Amma həkimlər bunun da dərmanları yaxşı satmaq istəyən farmaseptlərin qurması olduğunu düşünür. Diqqətsizlik difesiti xəstəliyi (Attention deficit disorder) 21-ci əsrin uşaqlarının ən məşhur xəstəliyidir. Yer üzünün hər 20 uşaqdan birinə bu diaqnozu qoyurlar. Xəstə adlandırılmış uşaqlar impulsiv olur, diqqəti cəmləyə bilməyərək ətrafdakılarla ünsiyyət qura bilmirlər. Keçmişdə onları çətin uşaq adlandırardılar. İndi onlara xəstə deyirlər. Həkimlər bunu xəstəlik adlandıran kimi böyükləri də bu məsələyə qatdı. Yaxşı ki, böyüklər özlərini müdafiə edə bildilər. Dünyada elə tibb mərkəzləri var ki, bu xəstəliyi cəmiyyətdə çox normal və hətta lazımlı sayır. Yoxsa ki, dahi insanlar hardan əmələ gələcəkmiş? Ola bilər ki, Eynşteyn, Tomas Edisson da bu azarla «xəstə» idi. Disleksiya (Dyslexia) Yazı -pozuya, oxumağa yararsız adamlara belə diaqnoz qoyurlar. Amma intellektual imkanı normal olarsa. Deyilənə görə bu xəstəlik yazı çıxandan bəri var. Guya ki, «xəstə»lər ona görə yaza bilmir ki, sözləri hecalara ayıra bilmirlər. Amma dili çox çətin sayılan Çində belə xəstələr ingilisdilli ölkələrdən çox-çox azdı. Ola bilər ki, tədris metodikası onları xəstələr çırasına yazır. Məşhur disletiklərdən Ozzi Ozborn, Tom Kruz və hazırki İçveç kralını göstərə bilərik. Buna uyğun olaraq əvvəlcədən hazırlansmış plana əsasən hərəkət eləyə bilməyənlərə displeksiya, hesabla yola gedə bilməyənlərə diskalkuliya yarlıkı yapışdırırlar. Yerusəlim sindromu (Jerusalem syndrome) Dini zəmində psixozdu. Yəni ki, normal psixikalı adam Yerusəlimə gələn kimi xəstələnir, mehmanxana döşəkağılarına bürünüb dini mətnləri deklomasiya edir. Bu xəstəlik yəhudiləri sevdiyi qədər xristianları da azdırır. Kfar-Şaul psixi mərkəzin rəsmi məlumatına görə hər il 200 min turistlərdən 100 nəfəri bu xəstəliyə yoluxur və Yerusəlimdən çıxan kimi öz-özünə sağalır. Karosi (Karoshi) Yaponiya və Cənubi Kareya üçün xarakterik fenomendir. Tamamilə sağlam insan öz iş yerindəcə keçinir. Adətən ürək tutmaları, stress və yorğunluqdan olur. Axı yaponlar həftənin 6 gününü işləyirlər və hər gün işdən sonra da 2-3 saat artıq orda qalırlar. Bu xəstəliyin ən yüksək nöqtəsi kesən əsrin 80-ci illərində iqtisadi böhran zamanına düşür. Həmin illərdə qısa müddətdə bir-neçə məsul şəxs danışıblarmış kimi elə kabinetindəcə keçinibmiş. Həyatın dörddə biri krizisi (Quarter-life crisis) Xüsusilə Qərbdə yayılmış bu xəstəlik adamı 20-25 yaş arası tapa bilər. Bu yaşda uğurlu biznesmenlər, idmançılar, musiqiçilər, aktyorlar artıq tanınır və zənginləşirlər. Onlar özü xəstələnmir, amma yerdə qalanlarını natamamlıq komplekləri ilə yoluxdururlar. 25 yaşında uğur qazana bilməyəndən özünü dərdə salır. Bizdə belə şeyləri dərd eləmirlər, el arasında buna paxıllıq deyirlər. Kulrofobiya (Coulrophobia) Klounlardan qorxmağı indi belə adlandırırlar. Termin ilk dəfə 1999-cu ildə işlədilib. «Ihateclowns.com» saytının sahibi Rodni Blekuellin müşahidələrinə görə xəstələr klounun geyiminə və xüsusilə də xarakterik gülüşünə dözə bilmirlər.Metobalik sindrom (Metabolic syndrome) Bu xəstəlik yox, şəkər xəstəliyinə, yüksək təzyiqə, piylənməyə gətirib çıxara biləcək faktorların cəmidir. Məsələnin belə qoyuluşu hamıya, xüsusilə də totuq-motuq adamlara sərf eləyir. Onlara «Nəsə kökəlmisən ha» deyən olsa cavabını eynini pozmadan «Məndə metobalik sindrom var» deyə bilər. Əvəzində həkimlər «az yeyin» deməkdən canlarını qurtarıb, dərman istehsalçıları isə varlanmağa bəhanə qazanıb. Çoxşaxəli kimyəvi həssaslıq (Multiple chemical sensitivity) Ən sirli xəstəliklərdən biridir. Onun nə təbiəti, nə də hardan gəldiyi məlumdur. Onu bəzən 20-ci əsrin xəstəliyi də adlandırırlar. Pasient təzəcə köçdüyü mənzilə reaksiya verə bilər. Yeni kabinetində oturduğu yerdə halı dəyişə, ürəyi bulana bilər. Bu allergiya olmadığından həkimlə bu xəstəliyi müalicə etməkdə aciz olduqlarını etiraf edirlər. Peyda olduğu kimi birdən də yoxa çıxa bilər. Əsəbi anoreksiya (Anorexia nervosa)Psixi xəstəliklərdən sayılır. İştahanın yoxa çıxması və bədənin ifrat arıqlığına səbəb olur. Adətən çox arıq olanlar özlərini kök adlandırarsa deməli artıq xəstələnmək üzrədir. Kişilər bu xəstəliyə qadınlardan 18 dəfə az yoluxur. Adətən varlı ailələrin qızları, intellektual səviyyəsi yüksək olan xanımlar bu xəstəliyə yoluxur. Xəstəlik 19-cu əsrdə meydana çıxıb, yəni ki, köklük tamamilə dəbdən düşəndən sonra. İndi isə supermodellər nümayiş zamanı podiumdaca yerə sərilirlər və bəzən də ölürlər. Həkimlər də bundan qorxub az qala 7 yaşlı qızlara bu diaqnozu qoyurlar. Onları başa düşmək olar, axı anoreksiya xəstələrindən 10 nəfərdən biri həlak olur. Əsəbi bulemiya (Bulimia nervosa) Bu tip xəstələr isə zahiri görünüşlərinin qeydinə qalaraq tez-tez yemək rejimini dəyişirlər. Əvvəl lazım olduğundan lap çox yeyir, sonra peşman olaraq yeməyi qaytarmaq, ya da fiziki çalışmalarla özünü arıqlatmaq istəyirlər. Sonra yenidən yeməyin canına düşürlər.«Quş qripi» (Bird flu) Bu termin özünü xəstəliklər sırasına 2006-2007-ci illərdə soxub. H5N1 tipli virus əslində insandan insana keçmir, yalnız heyvandan və yoluxmuş quşlarla kontaktda olmuş insana keçə bilər. Seksomniya (Sexsomnia) Seksomniya xəstələri yuxuda nəzarətdən çıxmış seksual hərəkətlərdən əziyyət çəkirlər. Bu barədə ilk elmi işlər 2003-cü ildə yaransa da artıq bu müddəa ilə, yəni hərəkətləri xəstəliyin simptomları kimi qələmə verməklə bağlı işə 2004-cü ildə Norvecdə baxılıb. Bu məhkəmə işində zorakının xəstə olduğu sübut edilib və ona bəraət veriblər. Əksər hallarda həkimlər düşünür ki, seksomniya nə xəstənin özü, nə də ətrafdakılar üçün qorxulu deyil. Dorian Qrey sindromu (Dorian Gray syndrome) Oskar Uayldın personajının adı ilə adlandırılmış bu xəstəliyə yoluxmuşlar qocalıqdan qorxur və ona görə də saysız plastik əməliyyatlara, kosmetik vasitələrə əl atırlar. Nəticələri bəyənməsə depressiyaya düşə, hətta özünü də öldürə bilərlər. Pis dünya sindromu (Mean World Syndrome) Bu xəstlik çoxlu mənfi xəbər, fəlakətlər, faciələr haqqında informasiyaların təsiri altında baş qaldıra bilər. Belə xəstələr yeni zorakılıq vasitələrinə qarşı qeyri sağlam maraq göstərirlər. Həqiqi inam sindromu (True-believer syndrome) Paronormal hadisələrə inamı, xüsusilə də onların yalançı olduğunu çübuta yetirəndən sonra marağını saxlamış şəxsləri həkimlər xəstə hesab edir. Sektalara cəlb edilmiş insanlar məhz bu səbəbdən həqiqəti bildikdən sonra da inamlarını saxlayırlır. Hətta Yer kürəsinin vəd edilmiş sonu gəlməsə belə liderlərinə inamı saxlamaqda davam edirlər. Kapqra sindromu (Capgras delusion) Bu cür adlanan xətələr dostlarından, ya da qohumlarından birini cəsus, ya monstr, ya da yad planetli hesab edərək özündə əmin olur ki, onu dəfişdiriblər. Piter Pen sindromu (Peter Pan syndrome) Heç cür böyümək istəməyən, böyüməyə müqavimət göstərən adamlara belə diaqnoz qoyurlar. Ən parlaq nümuna kimi Maykl Ceksonun adını çəkirlər. Gözlənilməz cihad sindromu (Syndrome of subjective doubles) Bu xəstəliyi ilk dəfə 2006-cı ildə amerikalı şərqşünas Daniel Payps təsvir edib. Guya ki, firavan yaşayan sıravi müsəlmanda birdən-birə bu xəstəlik baş qaldırar və o, ətrafdakılara qarşı aqressivlik göstərə bilər. Müsəlman müşahidəçiləri hesab edir ki, bu diaqnoz islama qarşı yönəldilmiş bir addımdır. Tibb tələbələri sindromu (Medical student syndrome) Hansı xəstəlik barədə oxuyursansa o xəstəliyin əlamətlərini özündə tapırsansa deməli bu xəstəliyə sən də yoluxmuş sayıla bilərsən. Keçmişdə bu xəstəlik tibb tələbələrində və evində Tibbi ensiklopediyası saxlayanlarda olardı. İnternetin inkişafı ilə xəstəlik hamını yoluxdurub. Xroniki yorğunluq sinlromu (Chronic fatigue syndrome) Xəstələnənlərdən üçdə ikisi qadınlardır. Onlar lap kiçik işdən də yorulduqlarını, əzələlərdə və oynaqlarda ağrılardan əziyyət çəkdiklərini deyirlər. Təbabət bu xəstəliyi əsəb və immun sistemində anlaşılmayan səbəblərdən meydana çıxması ilə bağlayır. Skeptiklər isə psixoloji terapiya kurslarına getməyi, təmbəlliyin daşını atıb çox hərəkət etməyi tövsiyə edirlər. ***Görürsüz, «donuz qripi»ndən də dəhşətli xəstəliklər var ki, hardan gəlib hara getdiyi heç məlum deyil. Xoruz banı eşitməmiş xəstəliklərdən çikunqunyanın adını çəkmək olardı. Ağcaqanadların daşıdığı bu virus Hind okeanı tərəflərdə yayılıb və deyilənə görə buralara da yolüstü dəyəsidi. Əgər mən neofobiyadan əziyyət çəksəydim, yəni artıq tapdanmış cığırdan dönməkdən, yenilikdən qorxsaydım yəqin ki, bu gün xəstəliklərdən danışmaq əvəzinə hansısa bir dahinin portretini cızmağa çalışardım. Amma bilmək bilməməkdən yaxşıdı. Erqaziofobiya məni yaxalasaydı, yəni işə başlamaqdan qorxsaydım yazını sona çatdıra bilməzdim. Amma bir şübhəm hələ ki, ürəyimi deşir: bəlkə məndə də sensorluluq zəifliyi var? Kompüterin işığına, marşrutdakı qoxulara, təsadüfi toxunmalara, axmaq fərziyyələrə möhkəm reaksiya verməyə başlamışam. Gərək həkimə gedəm.
No comments:
Post a Comment