18 November, 2009

Sosial yardım

İndiki böhran şəraitində axı nə mənası var ki, durub külli miqdarda vəsaiti seçkiyə həsr edək. Həmin pulu elə imkansız ailələrə sosial yardım ayrılmasına da yönəltmək olardı. İndi bəziləri deyəcək ki, “sosial yardım rüşvətlə verilir, elə olmasa sosial yardım alanların siyahısı təqdim olunardı”. Bu təbii ki, aranı qatmaq istəyənlərin fikri ola bilər. Sosial yardım alanların siyahısını açmaq olmaz, qardaşım. Bu dövlət sirridir, əgər sən bilsən ki, qonşuluqda yaşayan, qapısında qoşa-qoşa “inomarka” dayanan şəxs də sosial yardım alır, onda həmin qonşu xəcalət çəkə bilər, bu isə onun insan hüquq və azadlıqlarını pozmaq deməkdir.

***

Olmaz axı kiminsə haqqını tapdalamaq. Mən özüm çox görmüşəm ki, bığıburma, enlikürək birisi X5-den düşüb əlində məcburi köçkünlərə verilən “çörək pulu” kartı necə utana-uana bankomata yaxınlaşıb pul alır. Belə vaxtı camaat da o adamın və ona kart verənin yerinə xəcalət çəkir, hamı üzünü çevirir ki, adam özünü sərbəst hiss eləsin, sıxılmasın o pula həqiqətən də ehtiyacı olanların arasında. Axı bu insana xəcalət vermək nəyə lazımdır. Belə insanların kimliyi sirr qalmalıdır. İndi sosial yardım alanların siyahısı da açıqlansa daha bunun harası sirr saxlamaq oldu?! Sirr elə bir şeydir ki, onu kimsəsiz adada öz-özünə də deyə bilməzsən. Çünki ətrafda kimsə yoxdursa əsən yellər var, xəbəri elə yerlərə apararlar ki, heç ağlına da gəlməz. Belə şəraitdə sirr vermək olar? Təbii ki, olmaz. Bacarana can qurban.

No comments:

Post a Comment