(1740 - 1814)
Fransa markizi de Sadın əxlaqsız hərəkətləri və seksual həzzə ağrılar vasitəsi ilə çatmasını sonralar Rixard fon Kraft Ebenq tibbə bu anlayışı sadizm kimi daxil etdi.
«Siz məni ya öldürməli, ya da olduğum kimi qəbul etməlisiz, çünki dəyişməyəcəyəm»
Parisin şəhərkənarı imarətlərinin birində günortanın sakitliyini dəhşətli qışqırıqlar pozdu. Küçənin ortasıyla qorxu içində, yarıçılpaq, döyülmüş bir qadın qaçaraq əxlaqsız aristokratları var gücüylə söyürdü. Onu bu günə salanı tapmaq bir o qədər də çətin olmadı. Çünki markiz de Sad kübarlar cəmiyyətində məşhur olduğu qədər polis məntəqələrində də tanınırdı. Xristianların müqəddəs bayramı Pasxanın səhəri günü markiz Roza Killer adlı bu xanımı karetasına mindirib villasına aparmış, şəhvətini və qəribə istəklərini ən murdar və qəddar yolla söndürəndən sonra qadını qamçıyla döymüşdü. Yaralarına mum sürtəndən sonra onu otaqda bağlayıb getmişdi. Pəncərədən özünü bayıra atıb təsadüfən sağ qalmış bu qadın markizin skandallı həyatında nə birinci, nə də sonuncu idi. Markiz de Sadın ünvanına deyilən söyüşlərin içində bircə «Ah, əclaf sadist» kəlməsi yoxuydu. Çünki özünə və başqalarına əzab verməkdən həzz almağı bildirən «sadizm» ifadəsini psixoloqlar 100 il sonra işlətməyə başlayacaqdı, yazıçı de Sadın adına və həyat tərzinə uyğun olaraq...
Burbonlar nəslinin ağ qarğası
Parisin «Konde» otelində dünyaya gözə açan markiz de Sadın ata tərəfdən qədim provansal nəslinə, ana tərəfdən isə Burbonlar kral evinə qohumluğu çatırdı. Bir vaxtlar Rusiyanın səfiri olmuş qraf de Sadın ailəsində doğulmuş uşağın anası şəhzadə de Kandenin freylinası idi. Gələcək yaşıçı vəliəhdlə bir yerdə boyüdüyündən və təkəbbürlü şahzadə ilə birgə vaxt keçirməyə məcbur olduğundan əziyyət çəkərmiş. Ona görə də anasına ürəkdən nifrət bəsləyərmiş. 4 yaşında kiçik Alfons tərbiyə olunmaq üçün abbat d`Ebreyə tərbiyə verilir. Volterlə yazışan və «Françesko Petrarkinin həyatı» aldlı əsərin müəllifi olan abbat həm də əxlaqsızlıqda ad çıxarmışdı. O, həmişə iki xanımın əhatəsində olardı. Evi hərəmxanaya, ya da fahişəxanaya bənzəyərdi. Bioqrafiyasına baş vursaq, onu 14 yaşında kavaleriya məktəbinin şagirdi, 15 yaşında kral piyada qoşunlarının leytenantı, daha sonra 7 illik müharibənin iştirakçısı kimi görə bilərik.
Azad məhəbbət carçısının qısqanclığı
23 yaşında istefaya çıxmış de Sad 15-ci Lüdovikin şəxsi xeyir-duasıyla madmuazel de Montreylə evlənir. Varidatdan məhrum oluncağını deməsəydilər, evlənməzdi. Mehrab qarşısında məzara qədər sevmək andını verəndə hamıdan – atasından, kilsədən, riyakarlardan, arvadından qisas almaq barədə düşünürdü. Evliliyindən heç yarım il keçməmiş onu fahişəfanada yaratdığı qalmaqala görə 15 günlük həbs cəzası aldı. Arvadı ona «qulluqçuluq etmək üçün» 15 yaşlı qızlar tapmağa kömək edirdi. 20 illik həbsxana müddətində arvadı və bütün çirkin fantaziyalarında köməkçisi olaraq qalan qadın o, azadlığa çıxan kimi boşanmışdı.
«Əvvəl mən səni qamçılayacam, sonra isə sən məni»
Döyülmüş Roza Killer ilə olan əhvalatdan 100 luidor cəriməylə canını qurtarması, deyəsən, markizin iştahasını bir az da qıcıqlandırmışdı. Marikizin ailəsi isə Killerin ağzını yummaqçün 2400 livr xərcə düşmüşdü. Elə həmin il markiz de Sad nökəriylə birgə 3 yungül davranışlı qızın yanına gəlib pozğun sekslə məşğul olandan sonra qızları şövqə gətirən konfetlərə qonaq edibmiş. Sabahısı daha bir fahişəylə görüşüb onu da bu konfetə qonaq etmişdi. Nəticədə bu 4 gözəlçə qarın ağrısından qovrularaq de Sada və onun nökərinə qarşı cinsi aqressiya və zəhərlənmə ittihamı irəli sürüb şikayət etmişdilər. Bu qalmaqaldan sonra markizin qəribə seksual iştəhası, müxtəlif qətllər, onun zəngin saraylarında basdırılmış sümüklər, hətta adamyeyənliyi haqqında şayiələr yayılmağa başladı. Kral prokurorluğunun qərarına görə de Sad nökəri ilə birgə kilsə qarşısında günahlarını boynuna alandan sonra de Sadın başı vurulmalı, nökəri isə asılmalıydı. Hər ikisi uzaqgörənlik edib aradan çıxdığı üçün kütlənin gözü qarşısında onların yalnız müqəvvası yandırıldı. Daha sonra de Sad yeni bir qurbanını – Janna Testarı pəncərələri möhkəm bağlanmış otağa gətirir. Otaqda bir neçə qamçı varmış. De Sad qadına deyir ki, əvvəl seçdiyi qamçıyla onu döyəcək. İmtina eləməyə çalışan qadını ölümlə hədələyib otaqda pornoqrafik şəkillərlə yanaşı asılmış xaçı sındırmağa məcbur eləyir.Birinci dəfə tutulanda bütün ailə şok vəziyyətindəymiş. Arvadının qohumları sarayda hörmət sahibi olduğundan cəmi 15 gündən sonra azadlığa çıxır. Amma Parisin bütün fahişəxanaları bu adamın təhlükəli olması barədə rəsmi xəbərdarlıq almışdı. Əli fahişələrdən üzülən markiz abırlı fransızlar kimi məşuqələr saxlamağa başlayır.Murdar hoqqabazlığına baxmayaraq de Sad 15-ci Lyudovikdən əfv fərmanı ala bilir. Markiz Fransanın cənubundakı malikanəsinə köçüb sakit həyatla yaşamalıydı. Ora ailəsi, baldızı və rəsmi məşuqəsi olan Ann-Prosperlə köçmüşdü. Bu qəsrdə qoyulan erotik tamaşalarda məşuqəsi ilə bərabər arvadı da iştirak edirdi. O dövrün qəzetləri yazırdı: «Markiz de Sad şəhərdən qaçan kimi çoxlu adam yığıb bal və teatr tamaşası təşkil edir. Burada qonaqlar təklif edilən konfetləri yeyib görünməz hərisliklə sekslə məşğul olurdu. Bal Roma dövründən bəri heç görünməmiş bir orqiyaya çevrilirdi. Ən utancaq xanımlar da bu orqiyadan qaça bilmədilər. Hərisliyi nəticəsində çoxlu insan ölmüş, konfetlərin dadını bilənlərin çoxu bir neçə gün yataqdan qalxa bilməmişdilər». Orqiyalarıyçün seçdiyi fahişələrdən şikayətlər eşidəndə deyirdi: «İstəmirsiz, peşənizi dəyişdirin».
Fantaziyaların kağıza köçdüyü yerdə
Sada qarşı ittihamların hamısında seksual pozğunluq və zorlama hadisələri qeydə alınıb. Arabir türmələrdə yatması yaradıcılığının xeyrinə idi. Həmin orqiyalar indi kağıza köçürülür. Türmə divarları onun cismini cilovlaya bilsə də, fantaziyalarının öhdəsindən gələ bilmirdi. Elə bil divarların da qulağı, gözü varmış elə bil. Yazılmağıyla camaat arasında dillər əzbəri olan əsərlərin necə yayılması barədə polis və xəfiyyələr başını sındırır, amma heç nə tapa bilmirdilər. Bastiliyanın əsarətə alındığı vaxt markiz de Sadın «həbsdə olanları doğrayırlar» deyib pəncərələrdən çığırması xalqın qiyamına səbəb olmuşdu. Bu hoqqadan sonra Markizi dəlixanaya köçürdülər. 10 illik həbsdən arvadına yazdığı məktubdan: «Bəli, mən əxlaqsızam, boynuma alıram. Bu sahədə nəyi qazanmaq , nəyi eləmək mümkünsə, hamısını dadmışam. Amma mən cinayətkar və qatil deyiləm!».
Onun yeganə xəstəliyi əxlaqsızlıqdırÖzünü ədəbli zadəgan kimi aparmaqçün arabir tamaşalar qoyub vaxtını bu cür öldürmək markizin ipəyatmaz naturasını ram eləyə bilməzdi. Xalq onun aristokratların əxlaqsızlığını təsvir edən əsərlərindən çox xoşlanırdı. Çünki inqilablar, dəyişmələr dövrüydü. Bu dövrdə azadlığa çıxandan sonra o, titulundan imtina edərək vətəndaş Sad kimi çağrılırdı. Yeni hakimiyyət, yeni ideyaların xibmətçisinə çevrilərək o, gah xəstəxanaların vəziyyətini tədqiq edir, gah siyasi hesabatlar, məruzələr, təkliflər yazır, gah da inqilab tribunalında andlılardan olur. Öz qəhrəmanlarını qəddarcasına qana bulayan yazıçı Robespyer terrorunun qəddarlığına etiraz edirdi. Hətta bütün həyatını zəhərləmiş qaynanasını aristokrat kimi mühakimə edən məhkəmədə onunçün ölüm cəzası tələb eləməyə ürəyi gəlməmişdi. İnqilabdan sonra səfillik həyatı sürərək varidatını satmağa başlayır. Öz yeni rəfiqəsiylə az qala çardaqlarda yaşayaraq günə 40 su əməkhaqqısı ilə teatrlarda fəhləlik eləyir. Amma dili yenə də dinc durmur. Bu dəfə Bonapart və Jozefina haqqında pamflet yazandan sonra Sad fəlsəfəsini sevməyən Bonopart onu dövrün ən həyasız romanı sayılan «Jozefina»nın 3-cü redaksiyasına görə həbs etdirir. Daha sonra dəlisov və qışqırıqçı təbiətinə görə Sad dəlixanaya köçürülür. Buranın direktoru əmin idi ki, teatr tamaşaları xəstələrin sağalmasında çox yaxşı kömək ola bilər. Ona görə də xəstəxanada hamı tamaşalarda iştirak edirdi. Markiz özünü rejissor, müəllif, təşkilatçı, hətta suflyor kimi də sınayırdı. Türmə tamaşalarında o, yaramaz və cinayətkarların rolunu oynamağı sevirdi. Buduardakı fəlsəfi düşüncələr Amma onu hələ də xatırlayır, müxtəlif dillərə tərcümə edib milyonluq tirajlarla çap eləyirlər. Dünyanın ən dahi günahkarının yazdıqlarını psixoloqlar, həkimlər, sosioloqlar cümləbəcümlə öyrənir. Müasir oxucu Sadın əsərlərində ən əvvəl o dövrün ideyalarının ən qəddar tənqidini oxuya bilər. Sad təkid edirdi ki, insan irqinin ən layiqli fərdlərinin yaşaması və həyatdan ləzzət almasıyçün şər qalib gəlməlidi. Bu qəddar fikri o, belə izah edirdi: «Bəzi yerlərdə insanlar lazım olduğundan çoxdur. Vaxtaşırı bu bağçanı alaqdan təmizləmək lazımdı». Markiz de Sad xəstə fantaziyalı, erotika, qan, ölüm, əziyyət, murdarlıq dolu romanları ilə güclülərin antiutopiyasına çevrilərək «Cinayətin dostları» adlı yeni irqin yaranacağına da iddialıdır. Sadın bütün cinayətkar qəhrəmanları varlılar, hakimiyyətdəkilər, kilsə xadimləri, monarxlardır. Sadın qəhrəmanları göstərdi ki, mənəvi absolyutsuz yaşayanda - biz bunu Allah da, sivil insan kodeksi də adlandıra bilərik - nələr baş verə bilər. O, bunu öz faciəvi və sərsəm həyatıyla göstərə bildi. Müxtəlif türmə və dəlixanalarda keçirdiyi 29 il ərzində Sad fikirlərini uydurduğu qəhrəmanlarda insan, Allah və təbiət mövzusunda söhbətlər şəklində qələmə alardı. 20 metrlik rulon şəklində olan «Sodomun 120 günü» adlı kitabını seksual pozğunluğun ensiklopediyası da sayırlar. Qoy məni unutsunlar
Markiz de Sadın əzəmətli intellekti və əsl ədəbi istedadı vardı. Onun bütün qəddarlıqları daha çox teatral effektli idi. Amma incidilən qadınlardan bəziləri markizə görə dünyanın axırına da gedə bilərdi. Markizin sonuncu məşuqəsi haqqında bircə o məlumdur ki, de Sadın 72 yaşı olanda qızın 15 yaşı vardı. Əxlaqsızlığın nəzəriyyəçisi qocalandan sonra dözülməz bir əyyaşa çevrilir. Amma ölümündən əvvəl vəsiyyətnaməsində skandallara meylli bir insan qəribə arzularını yazıya alıb: «Mən özümə təskinlik vermək istərdim ki, adım insanların yaddaşından təmiz silinəcək. Məni torpaqla örtəndən sonra palıd qozalarını yerə tokün ki, onlar cücərib qəbrimə olan yolu tamamilə tutsunlar. Qoy məni tamam unutsunlar. Mən meyitimi hər hansı bir bəhanə altında yarmağı qadağan edirəm».Vəsiyyətnaməsinə baxmayaraq, öləndən sonra markizin meyiti yarılır və nifrət etdiyi katolik dəfn mərasiminin qaydaları ilə torpağa ilə basdırılır.
Aforizmləri
* İnsanlar ehtirası məzəmmət eləyir. Onlar unudur ki, fəlsəfə məşəli də işığını ordan götürür.
* Qəddarlıq yeganə insan enerjisi növüdür ki, sivilizasiya onu sonacan yoldan çıxara bilməyib. Deməli o, qüsur yox, xeyirxahlıqdır.
* Heç nəyi olmayan adamı hər şeyə sahib olan insana hörmət etməyə məcbur edən qanun ədalətli ola bilməz.
* Qadını əldə eləmək istəyirsizsə, onun ehtiraslarına müraciət edin, ləyaqətinə yox.
Müəllif: Gülnarə RƏFİQ
No comments:
Post a Comment