(21 iyul, 1899, Ouk-Park, İllinoys ştatı, ABŞ - 2 iyul, 1961, Ketçum, Aydaho ştatı, ABŞ)
Ernest Heminquey 1899-cu il iyul ayının 21-də Çikaqo şəhəri yaxınlığındakı Ouk-Park şəhərciyində dünyaya göz açıb.
Atası Klarenz Edmont Heminquey həkim, anası Qrey Holl isə evdar qadın olub. Ailədə yeddi uşaqdan ən böyüyü olan Ernest uşaqlıq vaxtlarında mütaliəyə və balıq ovuna xüsusi maraq göstərib.
Təbiətcə sağlam olan Ernest gənclik illərində boks və futbol ilə mütəmadi şəkildə məşğul olub.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954). Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır.
Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerka və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir.
Özü haqqında: «Az yazır, amma çox içir. Amma heç içməsə çoxdan gülləni başına çaxmışdı».
Romanları:
- "Yaz selləri" - (1926)
- "Günəş də qalxır"- (1926)
- "Silahlara əlvida" - (1929)
- "Olmaq ya olmamaq" - (1937)
- "Zənglər kimin üçün çalır" - (1940)
- "Çay içrə ağaclara sarı" - (1950)
- "Qoca və dəniz" - (1952) (Pulitzer mükafatı)
Ölümündən sonra nəşr edilmiş romanları:
- "Okeanda adalar" - (1970)
- "Cənnət bağları" - (1986)
- "İlk baxışdan doğru" - (1999)
- "Kilimancaro ətəklərində" - (2005)
Avrotəmir evlərimizi tam zəbt eləməmşdən xeyli əvvəl onun portreti ziyalıların evində divardan asılardı. Ciddi sifətində dərin qırışları olan, ağ saqqallı adam boğazacan düymələnmiş gödəkçə geyib və gülümsəyir. Hemenquey artıq çoxdan yoxa çıxmış dövrün, azdanışan kişilər və vəfalı qadınların dövranının simvolu idi. İnqilabi fikirləri əlində bayraq eləmiş 60-cılar hücuma keçən kimi, bu portreti anbarlara və çardaqlara atdılar. Qəhrəmanlıq, ideoloji məqsədlər, necə yaşamalı və nə etməli barədə sonsuz sitatlar artıq heç kimə lazım deyildi.
Ağlama, fit çal
Hemenqueyin doğulduğu şəhərin yerini soruşanda yerli sakinlər deyirdi ki, Çikaqo və Ouk-park arasında sərhəd fahişəxanaların bitdiyi və kilsələrin başladığı yerdən keçir. Həmin bu ədəb-ərkan atmosferi Klarens və Qreys Hemenqueyin də ailəsində hakim idi. Klarens Edmond Hemenquey malyariyanın müalicə üsulunu hindulardan öyrənməyi və həkim missioner kimi uzaqlara getməyi arzulayırdı. Qreys isə opera müğənnisi ola bilərdi. Amma o, ailə həyatını üstün tutsa da, əlinə imkan düşən kimi, bunu ərinin başına qaxırdı. Artıq 8 yaşında olanda Ernest ətrafdakı bütün bitkiləri və heyvanları tanıyır, balıq tutmağı və güllə atmağı atasından öyrənmişdi. Ernest anasının arzusuna görə violonçel arxasında keçirdiyi saatlarda anasını, bütün Ouk-parkı, üstəlik, bütün ədəb qaydalarını lənətləyərək saatlarla eyni mahnını çalmalı olurdu. Tətillərdə ailəsindən qaçıb fermalarda, yolqırağı barlarda qabyuyan kimi işləməklə dünyanı öz gözləriylə görmək arzusunu ödəyirdi. Harasısa ağrıyanda atası ona fit çalmağı öyrətmişdi. Balaca vaxtı fermaya süd dalıyca qaça-qaça gedəndə Ernest yıxılır və əlindəki çubuq boğazına keçir. Atası qanı tez saxlasa da, oğluna ağlamağı qadağan eləyir. «Bəs mən neynəyim, ağrıdır axı?» sualına «Ağrıya dözə bilməyəndə fit çal» tövsiyə edir. Sonralar Erni hələ çox fit çalacaqdı. Amma arabir ata və anasının bağlı otaqda ucadan danışıqlarını eşidəndən sonra atası da bir-iki gün danışmır və fasiləsiz fit çalırdı. «Əlvida, silah!»
Ernest atasını çox sevirdi və onun qadın qarşısında əzilməsini görəndən sonra özünə söz verir ki, güclü, cəsarətli qəhrəman kimi olacaq, atası kimi yox. Bir balaca böyüyən kimi anasının acığına boksla məşğul olmağa başlayır. Bəlkə də elə bu səbəbdən məktəbi bitirən kimi valideynlərinin arzusunun əksinə ali məktəbə daxil olmur və Kanzas sitidə «Star» qəzetində işləməyə başlayır. Birinci dünya savaşında gözündə problemlərin olmasına görə onu əsgər götürməsələr də, hadisələrdən kənarda qalmamaq üçün o, Qırmızı Xaç dəstəsində sürücü işləməyə gedir. Ərzaq daşıyanda bir gün o, italyan snayperini xilas edərkən minaya düşür. 227 yara almış Hemenquey heç bilmirdi ki, belində artıq ölmüş əsgəri daşıyır. Sonra həkimlər onun bədənindən 26 qəlpə çıxardılar. 19 yaşlı veteran hostipalda ilk sevgisinə rast gəlir. Bu sevgi sonra «Əlvida, silah» romanının əsas süjetinə çevrilir. O, artıq Ouk-park bataqlığından qurtulmuşdu, güclü və müstəqil idi.
Nahar xətrinə yazıçılıq Keçən əsrin 20-ci illəri latın kvartalı rəssamlar, yazıçılar, şair və musiqiçilərlə dolu idi. Parisdə həyat nisbətən ucuz olsa da, Hemenquey və arvadı çətin yaşayırdı. Xüsusilə də uşaq dünyaya gələndən sonra. Tərs kimi Hemenquey jurnalistikanı atıb yazıçılıqla məşğul olmaq fikrindəydi. Bir balaca qənaət etməkçün o, arvadına deyirdi ki, şam yeməyinə dəvət alıb və axşam çıxıb gedirdi. 3-4 saat Lüksemburq bağında gəzişəndən sonra evə qayıdıb çox gözəl nahar eləməsindən danışardı. Onlar yemək və geyimə qənaət etsələr də, tanış rəssamların rəsmlərini almağa, yayda İspaniyaya öküz döyüşünə baxmağa, qışda İsveçrə dağlarında xizək sürməyə pul tapırdılar. Onların yeməyi adətən suda bişmiş kartof və soğandan ibarət olsa da, onun yanında ağ çaxır, ya da pivə olmasaydı, bunu nahar adlandırmazdılar: «Hər gün nahar eləmək xətrinə mən roman yazsam, Allah mənə qənim olsun!». İlk yazıları Paris dostlarının səyi ilə jurnallarda çap olunsa və gəlir gətirməsə də, Amerika tənqidçiləri yeni nəfəs və yeni üslubun doğulmasından yazırdılar. Əsərlərinin süjeti də adətən öz həyatından, gördükləri və duyduqlarından olardı.
Ata və oğul
21 yaşında olarkən anasına məişət qayğılarında əl tutmamaq üstündə Hemenqueyi demək olar ki, evdən qovmuşdular. Parisdə çıxmış ilk kitabını evə göndərəndə atasının üzünün qırışığı açılmır, anası isə əllərini göyə açıb «Nəyə görə mənə belə nankor oğul göndərdin, İlahi?» deyə dua eləməkdən yorulmurdu. Ata kitabın 6 nüsxəsini səliqəylə büküb geri göndərəndən sonra Ernestə məktub yazıb bildirir ki, nə belə murdarçılığı, nə onun özünü evində görmək istəmir. Axı bu kitabın qəhrəmanları ədəbi dildə danışmırdı. Oğlunun kitabının qəhrəmanı isə süzənək xəstəliyindən əziyyət çəkirdi: «Oğlum, mənə elə gilirdi ki, öz tərbiyəmlə sənə başa sala bilmişdim ki, ədəbli insanlar öz zöhrəvi xəstəliklərini həkimin kabinetindən qıraqda müzakirə eləmirlər…». Həmin gündən etibarən Ernest də öz ədəbi nailiyyətlərini valideynləriylə bölüşmədi. İlk övladının dünyaya gəlməsindən bir neçə ay sonra atasının ölüm xəbəri gəlir. Bu illər ərzində isə atası öz xəstəlikləri, maddi çətinlikləriylə təkbətək çarpışmada uduzmuşdu. Ona görə də gümanı təkcə masanın siyirtməsində saxladığı pistoletə qalmışdı. Atasının özünü öldürməsindən yalnız 20 il sonra müsahibəsində bu barədə belə demişdi: «Məncə atam çox tələsmişdi. Ola bilər artıq dözmək mümkünsüz idi. Atamı çox sevdiyimdən bu barədə danışa bilmirəm…». Anasını isə yalnız onun ölmündən sonra bağışlaya bildi.
Faşizmə qarşı
İkinci dünya savaşını Hemenquey, demək olar ki, dənizdə keçirdi. Öz «Pilar» yaxtasını radarlar, lokatorlar, pulemyotlar və mərmilərlə dolduraraq balıq tutmaq adı altında faşist sualtı gəmiləri partlatmaqla məşğul idi. 1944-cü ildə ikinci cəbhə açılandan sonra isə sevimli Parisin uğrunda vuruşmağın vaxtı çatdı. O, jurnalist olduğuna görə müharibədə iştirak edə bilməzdi. Ona görə də Hemenquey partizanlara qoşulmuşdu. O, Paris ətrafında casus şəbəkəsi yaradaraq müttəfiqləri məlumatlandırırdı. Şəhər azad olanda şəhərə ilk ayağını basanlardan biri Hemenquey idi. O öz dəstəsiylə Triumfal arkanı faşistlərdən döyüşlə almışdı. Artıq azad edilmiş Parisn küçələrində şərab içib keflənmiş əsgərlər bir-birindən soruşurdu: «O, görəsən kimdir?». Cavabında «Hər kimdisə çox böyük adamdır» səslənirdi.
«Hər hansı qadın həmişə bir qucaq problem deməkdir»
Bütün qadınlarıyla münasibətlər elə bil ki, eyni ssenari üzrə gedirdi. Ernest vurulur və özünü evlənməkdə borclu bilirdi. Hemenquey cəsarətli qadınları sevirdi. Sevgililərdən kimsə onun yatağına eyvandan dırmaşanda heç də etiraz eləmirdi. Ona dəniz gəzintisini rahat keçirən qadın lazım idi. Polin Pfayfer ilə birgə yaşadığı 11 il əyləncələr dövrü idi. Baham adalarında, Kuba sahillərində ovçuluq Hemenqueyi valeh eləyirdi. O, həftələrlə dənizdə itib-batırdı. Kefinə düşəndə Afrikaya ova gedirdi. Polin ikinci uşağı dünyaya gətirəndən sonra həkimlər xəbərdar elədi ki, növbəti hamiləlik ölümcül ola bilər. Katolik inam hamiləliyə qarşı vasitələri işlətməyi qadağan etdiyindən yataq otağının qapısı Hemenqueyin üzünə bağlandı. Otuzdan bir az artıq kişi seçim qarşısında qalmalı oldu. Polin ilə boşanan kimi o, Marta ilə evləndi. Sayca üçüncü arvadı Marta Cellxorn hərbi jurnalist idi. Kuzovda cəbhə yollarını keçib əsgər ədyalının üstünə çəkib yatanda şikayət eləməzdi. Ernest başa düşür ki, o, belə qadını təsvir eləyirmiş. Evlənəndən sonra Hemenquey Martaya Kubada ev bağışlayır ki, bəlkə nə vaxtsa o, qayada gəzməkdən bezib bir yerdə məskunlaşa. Bu qadın nə özünə, nə də ərinə qarşı mərhəmət hissi duymurdu. Hemenqueyin başı yaralanmış vəziyyəti onda yalnız gülüş doğururdu. Lağa qoyulmaqdan çox əsəbləşən Hemenquey onda yaman incimişdi. Axı onun romanlarında qadınlar yaralı kişinin dərdini çəkir, qayğısına qalırdılar. Sonuncu arvadı Meri Qulş da o birilər kimi nə siçandan, nə tarakandan, nə də bombardmandan qorxurdu. Meri ideal arvad idi. Merinin yıxılanda dirsək sümüyü parçalanmışdı deyə hərəkətsiz idi. Həkimlər xəstədən əlini üzsə də, Hemenquey 6 il ərzində hər səhər və axşam onun əlini massaj eləyərək tamam sağalda bilmişdi. «O olmayanda bizim Finka sonacan içilib tükənmiş araq şüşəsinə oxşayır. Özümü cərəyanı bitmiş və qoşulmağa yer axtaran radio lampası kimi hiss eləyirəm». Hemenqueyin məktublarına inansaq, onun Afrika səfəri zamanı topladığı zənci qadınlardan ibarət böyük bir hərəmxanasının olduğuna da inanmalıyıq. Əslində, Hemenquey görünmək istədiyindən daha təmiz adam idi. Hətta küçə qadınları ona məlum təkliflə müraciət eləyəndə də qızarırdı. Hemenquey hesab edirdi ki, iki nəfər yalnız bir-birini sevirsə, bir yastığa baş qoya bilər.
Papa Hem
Hamı onu Papa Hem çağırırdı. Ətrafdakılarçün o, həm bədəncə, həm də mənən çox böyük görünürdü. Axı Papa kəlməsini ingilislər də, ispanlar da, fransızlar da anlayır. Lozann konferensiyasında Hemenquey ilk dəfə Mussolinini görür. Diktator oturub ciddi sifətlə kitab oxuyurdu. Sensasiya xətrinə Hemenquey yaxınlaşıb kitabın adına baxmaq istədi. Fransız-ingilis lüğətini Mussolini başayaq tutmuşdu. Bimini adasının balıqçıları amerikalı turistlərin bu sahillərdə balıq tutmasından çox narazı idilər. Hemenquey vəd verdi ki, kimsə ona boksda qalib gəlsə, adanı həmişəlik tərk edəcək və 3 raundu dözə bilənə 250 dollar verəcək. Bəxtini sınamaq istəyənlərin uzun siyahısına baxmayaraq, döyüşdə heç kim duruş gətirə bilmədi. Yalnız Britaniya imperiyasının çempionu Tom Xini oyunu güc bəla ilə heç-heçə başa vura bildi.
«Pulsuzluq yazıçı üçün ən yaxşı ilham mənbəyidir»
Hemenquey hər gün səhər 5-dən günorta 1-ə qədər işləyir. Əlinin altındakı vərəqdə gün ərzində necə söz yazdığının hesabını aparır. Adətən 700-800 söz yazmalıydı. Bəzi günlərdə sırada 280 rəqəmi dursaydı, qarşısında «Təcili işgüzar məktublar yazmalı olmuşam» kimi izahat dayanmalıydı. «Hamı bilir ki, mən içirəm. Səhərdən yazıram. Sonra yazdığım haqqında düşünməməkçün mən mütləq içməliyəm. Yoxsa dəli olmaq olar. Sən daim qəhrəmanların bir-birinə nə cavab verəcəyini düşünsən havalanarsan…» «Qoca və dəniz» romanına görə Nobel mükafatı alacağını eşidəndə Hemenquey güldü və xatırladı ki, «Çayın arxasındakı kölgəlikdə» romanını tənqidçilər pisləyəndən sonra o, bir sətir də yazmayacağına söz vermişdi. Az keçməmiş cibində bir sent də olmadığından hekayə yazıb borcunu qaytarmaq fikrinə düşdü. «Qoca və dəniz» belə yarandı. - İndi düşünürəm ki, bəlkə pulsuzluq yazıçı üçün ən yaxşı ilham mənbəyidir?!
«Əsl kişi yataqda ölə bilməz»
Hemenquey ölümlə qumar oynayan insanlardandır. 3 müharibədə iştirak edən, Afrika safarilərində şirlərlə vuruşan, «Pilar» adlanan kiçik gəmisində okeana meydan oxuyan bir adam. O, yaxşıca içəndi, möhkəm də söyməyi vardı. Yazıçının dediyinə görə, bədənində 200-ə qədər çapıq vardı. 7 dəfə ölümlə həyatın astanasında olub. Ona görə də tanış və dostları heç cür anlaya bilmir ki, necə olur ki, 60 yaşını keçən kimi, bu adamın qəribə xəstəlikləri və qəribə xasiyyətləri əmələ gəlir. 1960-cı ildə Hemenquey Mayo klinikasında depressiya və əqli pozuntu diaqnozu ilə yatır. Beynin dumanı keçən vaxtlarda belə, nəinki hərflər, hətta fikirlər də ieroqliflərə çevrilib qarışır və beynində fikir horrasına çevrilirdi: «Deyirlər ki, yazmaya bilirsənsə, yazma. Amma mən yazmaya bilmirəm axı! Heyvanlar və insanlar uzun-uzadı ölməklə yaxınlarını incitməməlidirlər». Yazıçının dəli olduğuna əmin olan həkimlər Hemenqueyi o vaxtlar çox populyar üsulla elektro-damar terapiyası ilə müalicə eləyirdilər. İndi bu üsulu tamamilə yararsız sayırlar. Hemenqueyi bu prosedurdan 20 dəfə keçirirlər. Belə müalicədən sonra nəinki roman, heç bir cümləlik təbrik mətni də yaza bilmirdi. Hemenqueyi sevməyənlər, dalıyca danışanlar da çox idi. Deyirdilər ki, yazıçı artıq tükənib, dövlət vergisindən yayınır, dostlarını satıb, guya hərbi bioqrafiyasını da özü uydurub və qəhrəmani nağıllar bəstələyir. Onun bütün qəhrəmanları güclü, iradəli insanlardır. O özü başqa cür ola bilməzdi: «Əsl kişi yataqda ölə bilməz. O, ya döyüşdə ölməli, ya da heç olmasa başına bir güllə çaxmalıdır»… Ömrü boyu içindən qovladığı qorxu indi onu üstələyirdi. Papa Hem FTB agentlərindən, marsdan gələnlərdən, maddi böhrandan qorxmağa başlamışdı. Həkimlərin diaqnozu belə idi - paranoya. Meri iki dəfə onu özünü güllələmək cəhdində tüfəngi əlindən alıb. Sonuncu özünə qəsd baş tutanda onun 62 yaşı vardı. Qəribəsi odur ki, nəvəsi Marqo da özünü babasından 35 il sonra həmin gün öldürmüşdü. Ernest Hemenqueydən və atasından başqa bacısı Kerol, qardaşı Lester də özünə qəsd eləyiblər.
Aforizmləri:
• Təkcə suallar yox, cavablar da köhnəlir.
• Yazıçıya nə mane olur? İçmək, qadınlar, pul, şöhrətpərəstlik. Bunların olmaması da yazıçıya eyni dərəcədə mane olur.
• Varlılar heç bizə oxşamır, onların pulu çoxdur.
• Yalnız nifrət edəcək dərəcədə güclü sevmiş məşuqlar bir-birini unuda bilər.
• Dünya gözəl yerdir, ona görə mübarizəyə dəyər.
• Yazmağa təzəcə başlayan yazıçı ləzzəti özü çəkir, oxucusuna heç nə qalmır.
• Qəzetdə daimi köşə əbədiliyin gündəlik əvəzedicisidir.
• İnsana danışmağı öyrənməkçün 2 il lazımdı, susmağı öyrənməyə bəzən 50 il də kifayət eləmir.
Müəllif: Gülnarə RƏFİQ
No comments:
Post a Comment