24 November, 2009

van Qoq – sarı rəngin simfoniyası

Vinsent Uilliyam van Qoq
(1853-1890)
Van Qoq incəsənət tarixi boyu bəlkə də ən ağır, çətinliklərlə dolu həyata malik olan simadır. Ən azı həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur. Vinsent 1853-cü il 30 mart tarixində, Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert adlı məntəqəsində Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində anadan olur. 1869-1876 – cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışır. 1876 – cı ildə İngiltərədə müəllim işləyir. Müəyyən dövrlərdə teologiyanı (ilahiyyat) öyrənmiş, Borinajda (Belçika) dini xadim kimi çalışmışdır. Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmamazlıqlara gətirib çıxarırdı. Son illər Arl, Sen-Remi və Ovür–sür– Uaz kimi ruhi xəstələr üçün xəstəxanalarda keçir ki, sonuncu xəstəxanada 1890-cı il 29 iyulda həyatını özünə sui-qəst ilə bitirir. Ölüm ayağında, qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: “La tristesse durera toujours” – “Qəm daim davam edəcək”.
İncə Sənətlər Məktəbinin havayı rəsm kurslarında görünəndə başındakı dəri papağın altında iti burnu və əyri-üyrü qırxılmış saqqalı arasından qəlyanı gözə girirdi. Brabant kəndlisinin göy gödəkcəsini geymiş tələbə palitra əvəzinə əlində şəkər yeşiyinin taxtasını tutmuşdu. Onun rəsm texnikası görkəmindən daha qəribəydi. O, işləyərkən rənglər damcı-damcı molbertlən yerə axır, üst-başı rəng içində olur, başqaları bir işi çəkərkən o, səbrsizcəsinə üç, dörd eskiz eləyir, daima çəkdiklərini dəyişdirirdi. Rəsminə baxan müəllim iki güləşçi əvəzinə kağızda qəribə fiqurlar görəndə «Mən bu ölüvay siçanları düzəltmək fikrində deyiləm» deyərək onun rəsm sinfinə ibtidai biliklər almağa göndərmişdi. Miloslu Veneranı çəkərkən isə onu ətli-canlı flamand qadınına çevirmişdi: «Siz, deyəsən, cavan qadının nə olduğunu bilmirsiz» deyərək akademiklərin zövqünü ələ də salmışdı.
«Vinsent» qalib deməkdir
1852-ci ilin 30 martında Zündert şəhərində yerli pasterin arvadı Anna Korneliya Van Qoqun uşağı oldu. Onu Vinsent adlandırdılar. Vinsent «qalib» deməkdi. Valideynləri Vinsentin adamayovuşmazlığından çox narahat olardı. Axı o, heç bir peşəyə maraq göstərmirdi. Onun yöndəmsiz, sümüklü bədənindən nəsə qəribə, bir qədər qorxudan qüvvə hiss olunurdu. Kürən saçları başının əyriliyini örtür, hərdən göy, hərdən yaşıl olan gözlərində tutqun alov parlayırdı. Vinsent ehtiraslarını, coşğunluğunu idarə etmək iqtidarında deyildi. Valideynləri anlaya bilmirdilər, oğlanları həddən artıq ciddidir, yoxsa kiçicik, əhəmiyyətsiz bir şeyə görə narahat olan, az qala ağlayan gəncə bir qədər ciddilik lazımdı? Axı belə xasiyyətiylə o, cəmiyyətdə özünə yer tapa bilməyəcəkdi. Vinsent sənət əsərlərinin satışıyla məşğul olan əmilərinin məsləhətiylə rəsm lövhələrinin satıcısına çevrilir. Düzdür, hərdən müştərinin zovqsüz seçimini görəndə dodaqaltı donquldanır. İlk sevgisinə rast gələndə onun 20 yaşı vardı. Adamayovuşmaz bu insan sevginin təsirindən nə qədər dəyişmişdi. Amma ev sahibinin qızı Ursula onun sevgisini qəbul etmədiyi bəs deyil, hələ bir ingiliscə pis danışan əyalət adamını ələ salıb gülməkdən ləzzət alırdı. Həm də o, nişanlı olduğunu bir qədər gec demişdi. Sevgi etirafının cavabında eşitdiyi qəhqəhələr hələ neçə illər onun qulaqlarından getməyəcək.
«İnsanlarçün yaşamaq istəyirsənsə, özünçün ölməlisən»
«Mən istəmirəm ki, valideynlərim mənə görə utansın» deyərək atasının yoluyla gedib din xadimi olmağı qərara alır. Cır-cındır içində 7-8 adamın yaşadığı havasız, kifli komalarda yaşayan insan həyatını görəndən sonra o, qardaşının rəssam olmaq təklifinə necə qulaq asa bilərdi? Çox sevdiyi Dikkensin romanlarında oxuduğu kasıbçılığı, yerdəki cəhənnəmi gözləriylə görən Vinsent bu insanların həyatına işıq gətirmək arzusuyla gününü moizə mətnləri yazmağa sərf eləyir. O, insanlara xidmət etmək, yanaraq bu alovda özünü tapmaq istəyir. Odur ki, şaxtaçılar şəhərciyinə yollanıb ona etibar olunmayan işi özbaşına eləmək fikrinə düşür. Əvvəl əsl holland kimi bura kostyumda gəlmiş Vinsent sabahısı günü bütün paltarını, pulunu kasıblara paylayıb köhnə hərbi gödəkcə, kisə qırıqlarından tikdiyi köynək və taxta ayaqqabılarını əyninə keçirib şaxtaçılara bənzəməkçün üz-gözünü hislə qaraldır. Van Qoq xəstələrə baş çəkir, uşaqlara yazıb-oxumaq öyrədir, evlərə girib qadınlara xörək bişirmək, paltar yumaqda köməyini təklif edirdi. Hətta həkimlərin ümüdsüz elan elədikləri bir şaxtaçını öz sevgi və qayğısıyla ayağa da qaldıra bilir.
İçində ocaq varsa, tüstüsü mütləq görünəcək
Nə evi, nə də ailəsi var. Varidatı bir qovluq şəkildən ibarətdi. Ac və soyuqdan donmuş halda insanları öyrənir və həqiqət axtarır. Camaatın sədəqəsiylə, olmasa zibillikdən götürdüyü çörək, ya donmuş kartofla şam eləyərkən Şekspiri, Hüqonu, Dikkensi mütləq mütaliə edir. Sonra qovluğu dizləri üstünə qoyub şəkil çəkir. Valideynlər qəribə oğlanlarını anlamaq iqtidarında deyildi. Yalnız Teo, kiçik qardaşı onu anlayır, hər dəfə ona pul göndərməklə Vinsentin axtarışlarına xeyir-dua verirdi. Vinsent üçün satılmağa yararlı rəsmlər yaratmaq ölümə bərabər bir şeydi. Onun çəkdiyi əyri-üyrü insan sifətləri, qəribə peyzajları isə heç kim almaz. Onun kolleqalarıyla ünsiyyətə ehtiyacı olsa da, heç kimlə yola getmir. Qəribə danışıq tərzi, heç nədən özündən çıxması hamını xoflandırıb qaçırır. Onun heç dostu da yoxdu. Yalnız qardaşı Teoya məktublarıyla ürəyini boşalda bilər.
«Fahişəylə yaşamaq tək yaşamaqdan min dəfə yaxşıdı»
Vinsentin heç nəyi yoxdu, nə pulu (pulu ona qardaşı göndərir), nə ailəsi (Ursuladan sonra qadın üzünə baxmaq istəmir), nə ev-eşiyi (evdəkilərlə münasibətlər dözülməzdi). Və o, yenidən vurulur. Bu yaxında dul qalmış, 4 yaşlı uşağın anası Keye indi onunçün kainatın mərkəzinə çevrilir. Həm də yaxın qohum olduqlarına görə ondan qaçan qadını söhbətə çağırmaqçün əlini yanan lampaya tutub «Əlimi nə qədər saxlaya bilsəm, qoy o qədər mənə sözümü deməyə vaxt ayırsın» deyir.Yaxşı ki, huşunu itirməkdə olan Vinsenti qadının atası tutub küçəyə atdı, yoxsa o, əlini itirə bilərdi. Yenidən arzular baş qaldırdı: «Mən uğur qazanacam. Qeyri-adi yox, ən adi insan olacam. Heyvan kimi qovulan tənha olmayacam».
Bu insanın taleyinə yazılıbmış ki, iki franka başa gələn qadından başqa heç kimi olmayacaq. 32 yaşı olmasına baxmayaraq, artıq solmuş görünən Xristina özünü fahişəliklə dolandırırdı. İndi o, hamiləykən ağır həyatını Vinsentə danışanda onun ürəyi yuxaya dönməyə bilməzdi. Axı, onun özü də cəmiyyət tərəfindən qəbul edilmirdi. «O, tək məhv olar», «Mən kiməsə lazımam» kimi fikirləri onu bu qadınla yaxınlaşdırır. Sin getsə də, mütləq qayıdırdı, zəhmətilə qazandığı yeməyi Vinsentlə bölmək üçün. Qardaşına olan məktublarında hərəkətini qadını darda qoymayan əsl kişi hərəkəti kimi qiymətləndirir: «Fahişəylə yaşamaq tək yaşamaqdan min dəfə yaxşıdı». Qayğısı müqabilində qazandığı zöhrəvi xəstəliyi yazıq Teonun puluyla sağaldıb xəstəxanadan çıxandan sonra doğuşdan zəifləmiş Sin və körpəni evinə gətirən Vinsent sonuncu puluna beşik aldı. İndi o, özünü «mənim də ailəm var» deyə xülyalarla aldada bilər. Nəhayət, Vinsent əldən getdiyini başa düşərək altıncı uşağı dünyaya gətirən Sinlə ayrılmağa qərar verir. Bu uşağın ona dəxli olub-olmadığını heç kim bilmir.
«Məni sonra qiymətləndirəcəklərsə, deməli, artıq indi dəyərim var»
Evdəkilər «Çəkdiklərini niyə satmırsan?» deyib dururdular. «Mən heç vaxt tamaşaçıdan «gəl mənim işlərimə bax» deyə xahiş edə bilmərəm. Populyarlıq mənə heç lazım deyil. İnsanlar arasında çox olduqca özümü insan kimi hiss eləmirəm» - deyirdi. Ona görə bəziləri görüşəndə Vinsentə əl yox, barmaq uzadardı. Yalnız quş yuvaları ailə haqqında xülyalarının simvolu ola bilərdi. Hətta atasının matəm məclisində, demək olar ki, iştirak etməyib sonra mirasdan da imtina elədiyini bəyan elədi. Axı, o, özünü hələ də nankor övlad sayırdı. Soyuq Hollandiyadan gəlmiş rəssam burda özüycün rəngin sehrini bir daha kəşf eləmiş olur.Doyunca absent içib sənətdən danışırlar. Kasıbçılığın dadmış rəssamların az qala hamısı ev, uşaq, ailə sahibiydi. Təkcə Vinsentin heç nəyi yoxdu. Sarı rəng onun rəsmlərində tüğyan eləyir. Bu Vinsentin ekstazının, təbiət qüvvələriylə mistik izdivacının simvoludur. Təəssüf ki, biz indi Van Qoqun sarısını, günəbaxanlarının günəş rəngini görə bilməyəcəyik. Ucuz rənglərdən istifadə elədiyindən vaxt keçdikcə bu sarı öz əvvəlki tonunu itirib, qaralıb. Həqiqətən də, sənət insana bədxərc məşuqə saxlamaqdan daha baha başa gəlir.
Qoqenlə birgə
Qoqen həmişə bilirdi ki, nə istəyir. Vinsent xoşbəxtdi, onlar birlikdə yemək bişirəcək, kətanı birlikdə hazırlayacaq və nəhayət, onun söhbət eləməyə yanında adam olacaq! Onlar bir-birinin tam əksidi - sağlam, özünü həmişə əldə saxlaya bilən qırxyaşlı Qoqen və hər şeydən qeyzlənən, ehtiraslı olduğu qədər narahat, gəncliyindən sağlamlığını sənətə qurban vermiş Van Qoq. Gələn kimi Qoqen ümumi pulu planlaşdırıb bölüşdürdü. Yaxşı yemək bişirməyiylə Vinsenti lap heyran elədi. Onlar sübh tezdən birlikdə evdən çıxır, axtardıqları peyzaj qarşısında molberti açıb gün batanadək işləyir, axşamı da birlikdə söhbətdə və şərab badəsiylə keçirirdilər. Tez-tez düşən mübahisələri bəzən yumruqla da həll edə bilirdilər. Qoqen öz düşüncələri və sənət haqqında fikirləriylə Vinsentin həyatını tamam poza bilmişdi. Aralarında hər xırda şeydən alovlanan mübahəsələr onun psixikasını o qədər tərpətmişdi ki, artıq özünə cavabdeh ola bilmirdi. Növbəti dava onunla nəticələnir ki, əvvəl Qoqenə arxadan ülgüclə hücum edib onu doğramaq istəyən Van Qoq evə qayıdıb əlacsızlıqdan öz qulağını kəsir. Bu hadisədən sonra ordan həmən qaçan Qoqen Vinsenti yenidən tənha - bu dəfə xəstəliyi, dəliliyi ilə birgə qoyub gedir. İrəlidə nə qalıb? Ruhi xəstəxana, qardaşının borcundan çıxa bilməmək qorxusu və tutmalar arasında qayıdan duyğuların yaratdığı rənglər simfoniyası...
«Rəsmlər də gül kimi solur»
İndi tənha qalmaq qorxusu iki aydan bir təkrarlanan dəlilik tutması qarşısında qorxuyla müqayisədə necə də balaca görünürdü. Əlini nəyə atırdısa, istədiyi kimi alınırdı. Rəssam Delakrua demişkən: «Dişlərim və həyat gücüm məni tərk edəndən sonra rəngkarlığı öyrəndim». Ətrafdakıların soyuqluğu, insafsızlığı, özünə bənzəməyənə olan səbəbsiz nifrəti, rişxəndi olmasaydı, yaşamaq daha rahat olmazdımı? Emalatxananı köçürməyə gələn polis sarı vərəq üstündə iki siyənək balığının rəsmini öz ünvanına təhqir kimi qəbul eləmişdi (fransızca «hisə verilmiş siyənək» polisin ləqəbi sayılırdı). İlk dəfə Van Qoq adlı rəssam haqqında mətbuatda məlumat o, qulağını kəsəndən sonra yazılmışdı. Sağlığında rəsmlərinin çoxu itbat olub. Kimisi dahi Van Qoq lövhələriylə çardaqdakı deşiyi bağlayıb, bir başqası lövhələri nişangah kimi istifadə edib. Yaxşı ki, onun bundan xəbəri olmurdu. Bilsəydi, nə edərdi ki? Vinsent çəkməsəydi, ölərdi, çəkməklə də o, məhvə doğru gedirdi. Havalananda gah kömür yeşiyində gizlənir, gah lampanın kerosinini içirdi. Ağlı başına qayıdanda yalvarıb qardaşından aldığı rəngləri dumanlı vaxtlarda gizlincə yeməklə də məşğul olurdu. Onun saqqalından axan rəngbərəng damcıları görüb bundan xəbər tuturdular. Qardaşının evliliyi, onun rəngkarlıqla məşğul olmasıyçün ailə büdcəsindən ayırdığı pullara görə vicdan əzabı, bir ailənin ona görə ehtiyac içində yaşaması özünü öldürmək haqqında fikirlər oyadır. Ürəyini fərli-başlı nişan ala bilməyən Vinsent bir neçə gün sonra ağzına bir kəlmə söz gətirmədən 37 yaşında vəfat edir. O, öz sözünü artıq demişdi...
Müəllif: Gülnarə RƏFİQ

No comments:

Post a Comment