29 October, 2009

Pyotr İliç Çaykovski - Qu gölünün real əfsanəsi

Pyotr İliç Çaykovski
(7 may 1840-6 noyabr 1893)
Çaykovski musiqisi özünün nəzərəçarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir. Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir.
Avtobiqrafı Entoni Holdenə görə Çaykovskidən öncə Rusiya musiqisində xalq melodiyaları və kilsə-kapella musiqisi istisna olmaqla milli musiqi ənənəsi yox dərəcəsində idi. 1913-cü ildə, ölümündən iyirmi il sonra İqor Stravinski "Bahar mərasimi"i ilə rus musiqisini XX əsrin dünya musiqi səhnəsinə daşıyır. XIX əsrin ortalarından öncəki rus musiqi sənəti ilə XX əsrdə dünya musiqi arenalarını fəth edən rus musiqisi arasında Çaykovski yeganə körpü rolunu oynamışdır.
Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı kimi də Rusiya musiqi tarixinə düşmüşdür. Ondan öncə Mixayil Qlinka yalnız bir dəfə Parisdə konsert verə bilmişdir. Sonralar Çaykovskinin St. Peterburq konservatoriyasında müəllimi olacaq Anton Rubenşteyn də dünya musiqi səhnələrinin daimi "vətəndaşına" çevrilə bilən digər rus musiqiçisi olsa da, o bu nailliyətləri bəstəkar kimi deyil, yalnız virtuos pianoçu kimi əldə edə bilmişdir.
Operaları
  • Voyevoda (1868)
  • Su pərisi (Undina) (1869)
  • Yevgeni Onegin (1878)
  • Orleanlı qız (1879)
  • Fərsiz (1883)
  • Çəkmələr (1885)
  • Cadugər(1887)
  • İolanta (1891)

Baletləri

  • Qu gölü (1876)
  • Yatmış gözəl (1889)
  • Quşcuğaz (1892)

Simfonik əsərləri

  • "Tufan" üverturası (1864)
  • Simfoniya No.1 "Qış xəyyaları" (1866)
  • "Tale" simfonik fantaziyası (1868)
  • "Françeska de Rimini" simfpnik fantaziyası (1876)
  • Konsertlə birgə Skripka üçün konsert (1878)
  • "1812-ci il" təntənəli üvertura (1880)
  • "Romeo və Culiyetta" üvertura-fantaziyası (1869, 1870, 1880)

Qadınların sevgisinə göz yuman bəstəkar öz həmcinsinə meyl edirdi

Bu əhvalat çox adi, hətta bir qədər bayağıdır. Kişi musiqiçidir, qadın mesenat. Kişi hələ də kasıbdır, qadın artıq çox varlıdır. 5 uşaq anasının, ərini itirmiş və qocalıq qorxusunu yaşayan qadının həyatındakı təlatümlərdən, cavan və ecazkar musiqi bəstələyən musiqiçiyə olan hisslərindən yazsaq, quru və maraqsız olacaq. 40 yaşındasa qocalıq çox vahiməlidir. Nəinki bu yaşda, bütün yaşlarda musiqinin ağuşunda gizlənmək o qədər rahat və şirin olur ki... Əvvəl rəsmi məktub və ilk musiqi sifarişi. Təbii ehtiyac içində boğulan musiqiçi sevincindən göyün 7-ci qatındadır. Sonra yenə də sifarişlər və hər sifarişin üstündə kiçik məktub. Əvəzində ədəbli və ciddi cavab məktubu. Məktublaşmanı münasibətlərin başlanğıcı da saymaq olar. Coşğun sevgi hekayəti gözləyənləri bu yerdə ruhdan salmalı olacağıq. Çünki əhvalatın qəhrəmanları bəstəkar Çaykovski və qrafinya Fon Mekk heç vaxt görüşmədi.

İki nəfərin könül dramı məktublarda

Məktublar get-gedə rəsmilikdən uzaqlaşaraq hisslərdən, ürək çırpıntılarından xəbər daşıyır. Nəhayət ki, musiqiçi öz himayədarından pul istəməyə cəsarət edir. Deyəsən, qəhrəmanımız not sətirlərini qadın ürəyindən daha yaxşı oxuyurmuş. O, yaşı ötmüş qadının ürəyində alovlandırdığı tonqalı görə bilməmişdi. Axı hansı axmaq pul istəyəndən sonra evlənməsi barədə xəbəri həmən məktubdaca yazar? Qrafinya pul versə də, qısqanclıqdan boğulurdu: «Əgər bilsəydiz ki, mənə necə çətin idi. Elə bil ürəyimin nəsə çox vacib bir hissəsi qopmuşdu». Arvadından qaçandan sonra bəstəkar yenə də himayədarına müraciət edəcəkdi, əlbəttə ki, maddi dəstək üçün. Bu məktubun cavabında qrafinya Çaykovskiyə 6000 rubl həcmində illik maddi yardım ayırdığını yazmışdı. Qrafinya fon Mukk bunu eləməyi çoxdan düşünürdü, amma bəstəkarı incidəcəyindən ehtiyatlanırdı. Musiqiçi bundan nəinki təhqir olunmadı, hətta ürəkdən sevindi: «Bundan belə mənim qələmimdən çıxan hər bir not Sizə həsr ediləcək. Mən heç vaxt, heç vaxt Sizi unuda bilməyəcəm. İşlədiyim hər saniyə etiraf edəcəm ki, artistlik istedadımı davam etdirmək imkanını mənə Siz vermisiz!»

Maddi təminat 13 il davam elədi. Bu 13 ildə məktublaşma kəsilmədi. Bu, musiqiçi və mesenatın bir-birinə yazdığı sadə məktublar deyildi. Bu, həyat səhnələrinin təsviri, etiraflar və məhəbbət sözləriylə dolu məktublardı. İki nəfərin, əslində çox tənha olan iki insanın dramı məktublarda yaşanırdı. Bu əhvalat başladığı kimi, yəni məktubla da sona çatdı. Nəhayət, bəstəkar qrafinyadan sonuncu məktubu aldı. Orda yazılmışdı ki, maddi köməyi davam eləyə bilməyəcək, ona görə ki, müflis olub. Məktub belə tamamlanırdı: «Məni hərdən yada salın».

Gözdən pərdə asan evlilik

Təəssüf ki, nə qrafinya, nə də başqa bir qadın bəstəkarın ürəyində cavab hissləri oyada bilməmişdi. Bioqrafları bunu «Bütün həyatının faciəsi» adlandırmışdılar. Axı bəstəkar öz cinsinə meyl edirdi. Homoseksuallığa meyli olduğundan dərin günahkarlıq hissləri keçirirdi. Ona görə qardaşına yazdığı məktublarda evlənib camaatın ağzını yummaqdan yazırdı. Evlənəndə təbiəti aldatmaq, ona qalib gəlmək istəyirmiş. Təbiətlə bəhsə girmək özünlə gizlənpaç oynamaq kimi bir şeydir. Antonina Milyukova ilə evlənməsi ona nəinki rahatlıq gətirmədi, hətta elə psixi duruma gətirdi ki, bəstəkar «Mən ölüm gəzirəm, elə bilirəm ki, yalnız bu, yeganə çıxış yolu ola bilər» kimi fikirlərini beynindən keçirirdi. O, qaçmalıdı! Özü bəyənib seçdiyi qadından da, nifrət elədiyi evlilikdən də. Uzun illər boyu arvadını maddi cəhətdən saxlasa da, onunla bir daha üz-üzə gəlmək belə istəməmişdi. Milyukova isə ömrünün sonuncu 20 ilini ağıldankəmlər üçün sığınacaqda keçirmişdi. Məhs bu dövrdə bioqraflar onun həyatını iki hissəyə - obyektiv və subyektiv hissələrə ayırırlar. Birinci hissəsində qəhrəman başqalarının ssenarisi əsasında yad taleləri yaradır. Bu talelərə acıyanlar musiqisini dinləyib, teatrlarda göz yaşı tökürdülər. İkinci hissədə isə ssenarisi yalnız Yaradana məlum olan taleyini yaşamalıdı. Burda ağlayan yalnız özüdü...

Rusiyanı dəlicəsinə sevən yarı fransız

Körpəliyindən çox həssas naturasıyla fərqlənən bu uşaq dağ mühəndisinin ailəsində doğulmuşdu. Atası onu ailənin mirvarisi adlandırardı. Bu «mirvari» bir heyə bəndmiş kimi tez-tez xəstəhal hisslər keçirərək psixi vəziyyətini ağırlaşdırardı. Fanni adlı fransız mürəbbiyə onu hər gün səhər 6-dan gecəyə qədər məşğul olmağa məcbur edərdi. Dərslərinin öhdəsindən gələn kimi Petya pianoya tərəf qaçardı. Özbaşına qalanda da musiqiylə məşğul olar və şeir yazmağa cəhd edərmiş. Hətta qohumları onu kiçik Puşkin adlandırarmış. Amma yazdıqlarını çox nadir hallarda kiməsə göstərərmiş, bircə Fannidən başqa. Ona görə ana oğlunun şeirlərini heç eşitməmişdi. Bir əhvalat olmasaydı, valideynləri onun musiqiyə həvəsini, bəlkə də, heç görməzdi. Bütün günü musiqiylə məşğul olandan sonra pianodan zorla aralanmış Petya şüşə üzərində barmaqlarıyla o qədər çalır ki, ağır şüşə sınır və uşağın əli yaralanır. Bundan sonra evə musiqi müəllimi dəvət eləmək qərarına gəlirlər. 14 yaşından bəstəkarlığa meyl etsə də, musiqi müəllimi onda xüsusi musiqi istedadı görmürdü. Dörddə biri fransız olduğundan (ana babası ruslaşmış fransız idi) uşaqlıqdan Rusiyaya qeyri-adi sevgisiylə seçilən Petya Fransanı da incə məhəbbətlə yad edərdi. Bir dəfə dünya xətritəsinə baxarkən Rusiyanın xətirəsini məhəbbətlə öpməyə, Avropa tərəfə isə tüpürməyə başlayır. Rus olmadığına görə başqalarına nifrət eləməyin çox pis olduğunu başa salmağa çalışan mürəbbiyəsi Fanniyə belə cavab verir: «Siz məni nahaq danlayırsız. Bəyəm görmədizmi başqa ölkələrə tüpürərkən mən Fransanı əlimlə örtmüşdüm». Evdə təhsil alan Pyotr iki illik pansion təhsilindən sonra hüquqşünaslıq məktəbinə daxil olur. Təhsilini bitirəndən sonra bir qədər peşəsi üzrə işləsə də, kontor işi təbiətinə uyğun olmadığından təzə açılmış konservatoriyaya daxil olur. Bundan belə özünü tamamilə musiqiyə həsr edəcəkdi.

Sonda şər xeyiri üstələdi

Şəxsi problemlər üst-üstə qalandıqca musiqi sahəsindəki uğurları bir-birinin ardınca düzülürdü. Xüsusilə də fon Mekkin 6 minlik maddi dəstəyindən sonra pedaqoji işini də atıb özünü tamamilə bəstəkarlığa həsr eləyə bilərdi. Özünə qalib gəlib əsərlərinin dirijorluğunu boynuna götürməsini və konsert turnelərinə başlamasını da uğur saymaq olar. Bu səfərlər ruhi müvazinətin qaytarılmasına yaxşı təsir eləməliydi. Avropa və Amerika səfərləri zamanı kəşf eləyir ki, onu Amerikada Avropadan daha yaxşı tanıyır və sevirlər. Bacısına məktubundan: «Elə bilmə ki, fikrimdən böyük artist olmaq keçir. Məşhur bəstəkar olacağam, ya yox - bunun fərqi yoxdur. Başlıcası vicdanım sakit olacaq ki, insan talelərini ayaqlamaq kimi ağır vəzifə sahibi deyiləm». Yetkin dövrün musiqisi, xüsusilə keçirdiyi ruhi böhrandan sonra daha çox avtobioqrafik olurdu. Çoxlu gözəl melodiyaların müəllifi olan Çaykovskidə yalnız öz sevdiyi qəhrəmanlarçün yazdığı musiqilər gözəl alınırdı. «Yevgeni Onegin» və «Qaratoxmaq qadın» operalarının qəhrəmanlarını ürəkdən sevdiyindən, onları özüylə eyniləşdirdiyindən qəhrəmanlar sanki canlanardı. Çaykovski xeyir- şər, işıq- zülmət, sevgi-nifrət kimi ziddiyyətləri bilərəkdən qarşılaşdırıb insanın xoşbəxtlik haqqında arzularını həyat həqiqətləriylə üzbəüz qoyur. Şərin xeyirlə mübarizəsi və qəzavü-qədərin qaçılmazlığı dinləyiciyə anlaşıqlı olmalıdı. Ömrünün əvvəlində əsərlərində qalib gələn işıq sonuna yaxın sönməyə başlayır və Çaykovski musiqisində xeyir qalib gəlməkdən əl çəkir. Sonuncu - 6-cı simfoniyada Çaykovski tam özüdü. Bu sənətkarın qu quşu mahnısı, həyatının faciəsi, sənətkarın müsiqi etirafıdır. Müasiri olan dinləyicilər şərin xeyir üzərində qələbəsini təmsil edən bu əsəri anlayıb qəbul edə bilmədi. Simfoniyanın uğursuzluğu bəstəkara dəyən sonuncu zərbə oldu. 6-cı simfoniyanın premyerasından 6 gün keçmiş bəstəkar çiy su içib vəba xəstəliyinə yoluxdu və az keçməmiş vəfat etdi.

«Nə qədər gec deyil, sağalmaq lazımdı!»

Çaykovskinin bütün həyatını zəhərləmiş cinsi orientasiyasının səbəbini təkcə təbiətin boynuna yıxmaq düzgün olmazdı. Onun oxuduğu məktəbdə homoseksual oyunlar burda tərbiyə alan oğlanların həyatının ayrılmaz bir hissəsiydi. Məktəbdən sonra da o, yoldaşlarıyla görüşlərini davam etdirərdi. Buraxılış albomunda Çaykovski Adamov adlı dostunun əlindən tutmuşdu. O vaxtın qaydalarına görə, bu, çox ədəbsiz hərəkət sayılırdı. Şair Apuxtin isə Çaykovskini Peterburqun gizli qey cəmiyyətlərinə təqdim eləmişdi. Hətta bu cütlük üçün «Bir yerdə ər və arvad kimi yaşayırlar» deyirdilər. Çaykovski Apuxtinlə «normal olmağa» cəhd edib Moskvaya köçəndə ayrılmışdı. Bəstəkar «Yaratmaq və «müalicə olunmaq», nə qədər gec deyil «sağalmaq»» - deyə qardaşına yazırdı. Amma deyilənə görə, qan hər şeydən güclüdü...

Konservatoriyanı gümüş medalla bitirdiyinə görə o, Moskva konservatoriyasında dərs demək dəvətini almışdı. Burada sevimli şagirdi Taneyevlə aralarında olan dostluq yenə camaat arasında böyük söz-söhbətə səbəb olur. Sovet dövrünün musiqişünaslığında Çaykovski və Taneyevin adıyla bağlı hadisəni heç kim yazmasa da, danışmağı hamı sevir. Çoxlu bəstəkar yetişdirmiş Taneyev bir dəstə məktubu ölümündən 70 il sonra açıb oxumağı vəsiyyət edibmiş. Vaxt yetişəndə məktublar hamının gözü qarşısında, mətbuatın iştirakıyla açılıb oxunmuşdu. «Əzizim Petiçka» xitabıyla başlayan məktubları orda nəsə şəxsi yazışmanın olmasını heç ağlına da gətirmədən oxuyan vəzifəli şəxsi partiyadan da, vəzifəsindən də qovmuşdular. Hər iki bəstəkarın adına ləkə salan bu məktublar Çaykovskinin həyat yoluna işıq saldığı qədər qrafinya fon Mekkin böyük sevgisinə niyə cavab verə bilməməsini də çox yaxşı izah edirdi.

Lətifələr:

Çaykovskinin «Yevgeni Onegin» operası gedir. Oneginin Lenskini öldürməsi səhnəsində zalda oturmuş bir uşaq anasından soruşur:

- Ana, onu pis oxuduğu üçün öldürürlər?

***

Məşhur rəssam Volkovdan karyerasını necə başlamasını soruşurlar. Volkov əsəbi formada cavab verir ki, çörək pulu qazanmaqçün o, departamentdə qulluq eləməli olub, özü də iki nəfərin yerinə işləməliymiş. Çünki onunla birgə işləyən cavan bütün günü əli cibində gəzib fit çalmaqdan başqa heç bir iş görmürmüş.

- Yəqin, onun axırı çox pis oldu?

- Əlbəttə, ikimizi də bir yerdə işdən qovdular. O, konservatoriyaya daxil oldu, mən rəssam oldum. Onun adı Çaykovski idi.

***

Çaykovskinin qohumları onun Ədliyyə Nazirliyini tərk edib Konservatoriyaya daxil olmasından pərt olmuşdular. Gələcək bəstəkarın dayısı «zırrama» Petyanı danlamaqdan yorulmurdu:

- Ah, Petya, biabırçılığa bax! Hüquqşünaslığı tütəyə dəyişərlərmi?

***

Çaykovskinin nikahı uğursuz olmuşdu. «Necə oldu ki, evləndiniz?» sualına o, belə cavab verirdi:

- Mən arvadımı Tatyana ilə səhv salmışam («Yevgeni Onegin » operasındakı Tatyana obrazı nəzərdə tutulur).

Müəllif: Gülnarə RƏFİQ

2 comments:

  1. bunlari vikipediyadan goturmusunuz letifeler ise cox maraqsiz ve menasiz idi

    ReplyDelete
  2. İCTİMAİ MEDİA - Ədəbi və tarixi portretlər
    Bu layihə İCTİMAİ MEDİA saytının ədəbi-tarixi portretlər qoludur. Burada yayımlanan hər bir yazı həqiqi müəllifinə istinad olunmuşdur və Ədliyyə Nazirliyində Elektron Hökumət layihəsinin proqramında nəzərdə tutulan qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keşmiş formada hesab olunur və həmin materiallar hüquq müstevisinde Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə qorunur. Yazılar yayımlanarkən ilk növbədə müəllifindən mütləq icazə almanız tələb olunur.
    03 November, 2009
    Al Kapone
    Alfonso Qabriel Kapone, ya da qısaca Al Kapone. Məhşur qanqster İtaliya mafiyasının başçılığında Amerikada(Çikaqoda) 1920-1930-cu illər arasında fəaliyyət göstərirdi. Mafiya və xalq arasında "Çapıq Sifət" (Scarface) ləqəbi ilə də tanınırdı. Əslində isə o mebel ustası idi. O 1899-cu il yanvarın 17-de İtaliyanın Neapol şəhərində, kasıb bir ailədə anadan olmuşdu. Alfonsonun kriminal karyerası gənc yaşlarında başladı. Hələ yeniyetmə ikən o 2 bandaya qoşuldu. Onlarnan bir yerdə xırda cinayətlər işlədi. Kapone 14 yaşında öz müəllimi ilə dalaşmış və onu öldürmüşdü. Bununla da o təhsilini başa vurmuşdu. O bu kimi cinayətlərlə kriminal aləmdə xüsusi ad qazandı. Bir neçə ildən sonra Al Kapone ilə həmin dövrün məhşur qatillərindən olan Frenk Qalluçio arasında mübahisə yarandı. Mübahisəyə səbəb Frenkin həyat yoldaşının Kapone ilə maraqlanması idi. Bu mübahisədə Frenk Al Kaponenin üzünə dərin bıçaq zərbəsi endirmişdi. O bunu edərkən qarşısında bir tarixin yazılacağını heç fikirləşməmişdi. Çünki, bu hadisədən sonra Alfonso kriminal aləmdə Al Kapone kimi yox, Çapıq Sifət kimi tanındı. 1931-ci ilin iyul ayında Kapone vergiləri ödəmədiyinə görə 11 il həbsə məhkum oldu. 1934-cu ildə "ALKATRAZ" həbsxanasına göndərildi və 7 ilən sonra ölümcül xəstə kimi oranı tərk etdi. Bununlada Al Kaponenin kriminal həyatı sona çatdı Mario Puzonun "Xaç Atası" əsərinin ən məhşur ifadəsi məhz Al Kaponeyə məxsusdur.."Şəxsi heç nə yoxdu, bu yalnız biznesdi."
    Baş redaktor saat 23:37

    No comments:
    Post a Comment
    Ссылки на это сообщение
    Create a Link



    Home
    View web version
    Powered by Blogger.

    ReplyDelete