(1802, 24 iyul - 1870, 5 dekabr)
Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. Aleksanr Düma 1802-ci ilin 24 iyul tarixində Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Atası Tomas-Aleksandr Düma ordu generalı, anası Mari-Lüzi Elizabet isə mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayarq, bu gənc Dümanı onun kitablara olan sonsuz məhəbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Əsərləri:
- "Üç muşketyor" (1844)
- "İyirmi il sonra" (1845)
- "Vikont de Brajelon və ya on il sonra" (1847)
- "Qraf Monte Kristo" (1845-46)
- "İki Dianalar" (1846)
- IV Henrix haqqında əsərləri:
- "Şahzadə Marqo" (1845)
- "Qrafinya de Monsoro" (1846)
- "Qırx beş" (1847)
Fransız inqilabı haqqında əsərləri:
- "Cüzeppe Balzamo və ya həkimin məktubları" (1846-48)
- "Şahzadənin boyunbağı" (1849-50)
- "Anj Pitu" (1853)
- "Qrafinya de Şarni" (1853-55)
- "Şevalye de Mezon-Ruj" (1845)
- "Qara zanbaq" (1850)
Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi
Paris ətrafında iri torpaq sahəsində «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı. Burda kimliyini soruşmadan hər kəsi qəbul edir, yedirir, lazım gəlsə yatmağa da yer verirdilər. Düma dostlarının sözünə baxıb hər qəpiyini güdə bilsəydi, arzularının qəsri əldən getməzdi…
Qara qulun nəvəsi
3 yaşlı Aleksandrın atası öləndə anası ona birtəhər izah eləməyə çalışmışdı ki, atasını bir də görə bilməyəcəklər, çünki Allah onu öz yanına aparıb. Bunu eşidən oğlan əlinə silah alıb çardağa qalxmağa çalışır ki, atasını öldürən Allaha güllə atsın. Beş yaşında Aleksandra yazıb-oxumağı öyrədirlər. Gördüyünü və eşitdiyini heyrətamiz dəqiqliklə yadda saxlamaq istedadı da bu dövrdə ortaya çıxır. Anası onu skripkaçı kimi görmək arzusu ilə hər ay 10 frank ayırmışdı. 3 ildən sonra müəllimi «bu uşaqdan skripkaçıdan başqa hər bir hey alına bilər» deyib bu pulu ailədən qoparmağı insafsızlıq sayaraq dərsdən imtina edir. Ona latın dili və riyaziyyatı da öyrətmək cəhdləri eləsələr də, cəmi üç qaydanı yadda saxlaya bilir. Düma nəyisə bölüb kimnənsə bölüşməyi və pulunu saymağı ömrünün sonuna kimi öyrənə bilmədi.
Onun atası Aleksandr Düma Napoleon qoşununun generalı və imperatorun ən yaxın dostlarından olub. Napoleonla arası dəyəndən sonra ailəsi demək olar ki, pulsuz-parasız yaşamalı olub. Arvadı və uşaqları dilənçi kökündə yaşayıb, balaca Aleksandr isə brakonyerliklə öz qarnını doyura bilirmiş.
Həddi buluğa çatdıqca onun dərisi tündləşməyə və saçları da burulmağa başlayır. Aleksandr Dümanın nənəsi San Dominqodan olan qaradərili qul olub. Fransız babası isə bu qadından olan 4 uşağını qul kim satıb. Yalnız dörd ildən sonra böyük oğlu, Dümanın atasını geri alıb. Qalan uşaqlarının taleyi məlum deyil. Düma soyadı isə qaradərili nənəsinin hədiyyəsidi. Markizin evində qulluqçu olduğundan ona Mari dü ma, yəni evdar Mari deyirdilər.
Həyat səhnəsində Düma yalnız məhəbbət dramında rol alırdı
İlk dəfə dramatik sənətlə tanış olandan bəri teatr onu tamamilə valeh eləyir. Aktyorların əl-ayağına dolaşır, onlara kömək eləməyə çalışmaqla bir qədər təcrübə toplayıb, hətta teatr da yaratmağa cəhd edir. Bu teatrda yerlər heç vaxt boş olmurdu.
Parisə köçən kimi atasının dostlarından kömək umaraq qapılara düşür. Kömək eləmək istəyən tapılırdısa, işlər irəli getmirdi, axı o, nə riyaziyyatı, nə xarici dilləri, nə də mühasibatı bilirdi. Nəhayət, gözəl xəttinin sayəsində Orlean hersoqunun dəftərxanasında işə düzələ bilir. İndi o, anasını yanına gətirə bilər. Nəvə arzulayan Mari-Luiza hələ bir neçə il bilməyəcək ki, o, artıq nənədir.
İlk əvvəl yazdığı əsərlərin altına adını yazmazdı. Düma onu da anlayırdı ki, nüfuzlu əlaqələri olmasa irəli gedə bilməz. Ona görə də Napoleonun atası general Dümaya ünvanladığı məktubu lazımi adama hədiyyə verməklə aristokrat cəmiyyətinə yol aça bilir. «Üçünci Henrix və onun sarayı» adlı dramının səhəri o yuxudan oyananda artıq məşhur adam idi. Amma arabir evə qaçıb anasına dəyməyə məcbur idi. Dörd yaşlı nəvəsi olduğunu öyrənəndən sonra hipertonik kriz keçirib yatağa düşən anasının sağ beyin yarımkürəsi tamamilə sıradan çıxmışdı. Məşhur metaforadakı kimi əgər həyat teatrdısa, Düma üçün orda yalnız məhəbbət dramı oynanılırdı. Düma özü bu tamaşada ilk məşuqdan tutmuş aldadılan ərə qədər bütün rolları gözəl oynamışdı. Şəkillərdən göründüyü kimi iri qabaritli bu adam yemək vurğunuydu. Triumf günlərində yüzlərlə adamı başına yığıb şəxsən özü yeməkləri hazırlayırdı. Gəzdyi ölkələrdə isə ən birinci yemək reseptləri toplayarmış və «Böyük yemək ensiklopediyası» kitabına əlavə edərmiş.
Durğu işarələrini yaza bilməyən yazıçı
Sutkada 14-18 saat işləməyi bacaran Dümanın məhsuldarlığı və yağışdan sonra əmələ gələn göbələklər kimi artan kitabları onun hazır romanları pulla alıb adına keçirməsi barədə şaiyələrin yaranmasına əsas verirdi. Həqiqətən də Dümanın o dövrdə hamıda olduğu kimi köməkçiləri vardı. Amma Düma işin əsas hissəsini özü görür, yazdıqlarını xarakterizə edən incəlikləri mətnə özü daxil edirdi. Köməkçilərin əsas işi durğu işarələrini yerinə qoymaq idi, çünki bu işi Düma heç sevməzdi. O, bəzilərinin mətni üzündən köçürə biləcəyindən artıq sürətlə yenisini yarada bilirdi. 40 sətirlik çap səhifəsini yazmaqçün ona cəmi 15 dəqiqə gərək olurdu.
«Şevalye de Mezon Ruj» romanı mərcə yazılıb.
O, mərc çəkib ki, yeni romanı 3 günə yaza bilər. Romanın birinci hissəsini 66 saata bitirən yazıçı yataq otağında bağlı qapının arasından yazılan səhifələri bayıra ötürərmiş.
Dümanın «Afrika ehtirasları»
Dümanın ürək sirdaşlarının sayını heç kim dəqiq bilmir. Deyirlər ki, sayı 350-yə çatır. 18 yaşlı Dümanın ilk qadını Adel Delvan ondan 4 yaş böyük idi. İki il davam edən münasibətləri onunla bitir ki, Adel başqasına ərə gedir. Bu, birinci və sonuncu qəlb qırıqlığı olur, çünki sonralar bütün ayrılıqların səbəbi Aleksadrının boynuna yazmaq olar.
Parisə ilk gəlişində o, qonşusu, özündən 8 yaş böyük Mari-Katrin-Lor Labe ilə münasibət qurur. Bu əlaqənin nəticəsində oğlu, sonralar yazıçı kimi ad çıxarmış Aleksandr Düma-oğul doğulur. Sakit, utancaq və həyalı Lor tezliklə Dümanın zəhləsini tökür. Ona macəra qoynuna atılan qadınlar, kef məclisləri və gözəl həyat lazımdı. Axtardıqlarını Meloni Valdorda tapa bilir. Uzaq qarnizonların birində zabit əriylə yaşayan bu xanım şairəydi və dövrünün bütün məşhurlarını tanıyırdı. Onlar bir-birinə uzun və heyrətamiz məktublar yazır, özü də gündə heç olmasa beş dəfə. Melaninin vəsiyyətinə görə, Dümanın onu fəth elədiyi günü ağ mərmərdən olan başdaşında həkk olunub.
Gələcək həyat yoldaşı aktrisa İda Ferye ilə isə təsadüfən tanış olurlar. Bu qadın 20 yaşlı tosqun, əyri dişli, sarışın, çox pis diksiyası və ortabab istedadı olan bir aktrisa idi. Başqa aktrisalarla paralel sevgi macəraları yaşasa da, hamının təəcübünə eybəcər İda ilə evlənir. Deyilənə görə, Düma İdanı Orlean hersoqunun sarayına gətiribmiş. Bu etiketin kobud surətdə pozulması sayılırdı. Hersoq isə Dümaya yaxınlaşıb «Xanım Dümanı sarayımda görməyə çox şadam» deməsiylə ədəb dərsi verəndən sonra yazıçı İdaya evlənməyə bilməzdi. Evlənməsi Dümanı həyat tərzini dəyişməyə məcbur eləmədi. O, yeni məşuqələrini əldə elədikcə köhnələrini atmır, onların da maddi problemlərini həll eləməkdə davam edirdi. Bəzən elə olurdu ki, onın məşuqələri sanki bəhsə girmiş kimi eyni vaxtda hamilə qalırdı. Düma isə bütün bu uşaqlardan canını qurtarmağın və xanımını sakitləşdirməyin yollarını axtarmalı olurdu. Düma yaş üstə yaş qoyduqca məşuqələrinin yaşını azaldırdı. Düma həmişə iyirmi yaşlılara üstünlük verib - 17 yaşında da, 70 yaşında da...
Mari Dorval Dümanı «mənim xeyirxah itim» adlandırırdı. O, ölümqabağı Dumanı yanına çağırıb xahiş edir ki, onu ümumi qəbirdə basdırmağa qoymasın. Ordenlərini özü qədər sevən Düma onları satmalı olur ki, aktrisanın son arzusunu yerinə yetirə bilsin. Sonra yazdığı «Mari Dorvalın son ili» adlı əsərindən gələn qonorarı qəbiristanlıqda torpaq alıb, orda rəfiqəsinə abidə qoymağa xərcləyir.
Onun sonuncu sevgisi amerikalı yəhudi Ada Ayzeks Menken olub. Onların bir-birinə sarılmış fotosu o vaxtlar Paris mətbuatında çoxlu səs-küyə səbəb olmuşdu. Çünki həmin fotoqrafa bir qədər borcu vardı və bu yolla borcundan çıxmaq fikrindəydi. Bütün Parisin küçələrini bəzəyən bu fotoları aradan yığışdırmaqçün Dümanın oğlu və qızı çox əziyyət çəkməli oldular.
Dəlisov d`Artanyan və acgöz Partos əslində kim idi?
Düma hamı kimi şöhrət və gözəl qadınlar haqqında xülyalar qururdu. Bonapart vaxtı olsaydı, mundir geyərdi. Onun dövründə əsas döyüş meydanı teatr idi. Şöhrət arzusunda olan gənc mütləq yazmalıydı. Düma öz həyatını da teatra çevirmək bacarığı, qəhrəmanlarının həyatıyla yaşamaq istedadıyla seçilirdi. Yüzlərlə adamı yedirib içirdən ballar təşkilatçısının evində ən lazımlı avadanlıq tapmaq olmurdu. Milyonlar qazanan bu adam cibində bir qəpiksiz dolanırdı. Ağlasığmaz qonorarların hardan gəlib hara getdiyini heç özü də bilməzdi. Hamı bilirdi ki, nəinki dəlisov d`Artanyanın, həm də acgöz Partosun da prototipi əslində kimiydi.
Ata və Oğul Düma
Daha ciddi təbiətli oğulla atası arasında qarşılıqlı anlaşma tədricən əmələ gəlmişdi. Ata Dümanın yanına oğul Düma qonaq gələndə evdə aləm bir-birinə dəyirdi. Ata otaqdan otağa qaçaraq yarıçılpaq qadınları qulluqçuların otaqlarında gizlətməkçün çarpışırdı. Oğul Düma «Ata, bu lap ağ oldu ki, sən öz keçmiş məşuqələrini və təzə ayaqqabılarını mənə verirsən. Mən məşuqələrlə yatmalı, ayaqqabılarını geyinib açmalıyam?» deyərdi. Dümanın şəxsi «romanının» sonu bir elə pis olmadı. Son günlərini oğlunun evində keçirib günbəgün sönməsinə baxmayaraq, nəvələrinin quvernantkasını İtaliyaya qaçmaq təklifiylə qızarmağa məcbur edirdi.
Dünyasını dəyişəndə onun cibində cəmi 4 frank, yəni Parisə gəldiyi vaxt cibində olan qədər pul vardı. «Bundan sonra məni bədxərclikdə necə suçlamaq olar?» deyə zarafat da edirmiş.
Lətifələr
Rasistlərdən kimsə onın yanında zəncilərin əleyhinə sözlər deməklə onu əsəbləşdirməyə cəhd edirmiş. Bunu heç vecinə də almayan Dümaya müraciət edib:
- Siz, məncə, zəncilər üzrə ən yaxşı mütəxəssizsiniz, cənab Düma, elə deyilmi? – demişdi.
- Təbii, mənim atam mulat, babam zənci, ulu babamsa meymun olub. Gördüyünüz kimi, mənim ailəm sizin ailənin taleyinin əksini yaşayıb.
***
Tamaşalara adam cəlb eləməkçün bəzən Düma belə bir elan çap eləyirdi: «Nel qülləsi» əsərində qızğın baxışlarla məni qızarmağa məcbur edən cənab bu gün teatra gələcəkmi? Onunçün məktubum var. Sevgilin». Nəticədə yüzlərlə parisli məktubun ona ünvanlandığını zənn edib teatra axışardı.
***
İda Ferye ilə ilk zifaf gecəsində arvadını öz dostu ilə bir yerdə yaxalayan Duma ən əvvəl həyasız dostunun paltarlarını pəncərədən aşağı atır. Sonra bayırda havanın çox pis olduğunu görüb kaminin yanında gecələməyi ona icazə verir. Kaminin odu sönəndə arvadının oynaşına aralarında qızınmağı da təklif edir. Səhər açılanda hirsi tamamilə soyuyan Düma kişinin əlini arvadının qarnına qoyub «Gəl qədim romalılar kimi ictimai yerdə barışaq» deyir.
Aforizmləri:
- Mən orda olmasaydım, yəqin ki, çox darıxardım.
- Tarix mənimçün mıxa bənzər bir şeydir, mən ora öz romanlarımı asıram. Tarixlə hər bir şey eləmək olar, təki nəticəsində uşaq alınsın.
- Mənə tolazlanan daşları yığmaq zəhmətini çəksəydim, onlardan ucaldılan heykəl yazıçı şərəfinə qoyulmuş ən böyük abidə olardı.
- İnsan həyatı davam eləməyin bir, həyatı məhv eləməyin isə minlərlə yolunu bilir.
- Mən sevgililərimin sayını insanpərvərliyimdən artırıram. O, bircə dənə olsaydı, heç bir həftə dözməzdi.
- Bir birinə heç bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı yaradanda onu uydurmayıb, öz timsalında yaradıb.
- Ailə boyunduruğu o qədər ağırdır ki, onu ikilikdə, yaxşı olardı ki, lap üçlükdə daşıyasan.
Müəllif: Gülnarə RƏFİQ
No comments:
Post a Comment