29 September, 2009

Ser Uinston Çörçill - Maliyyə nazirinin İngiltərəyə sığmayan iddiaları

Ser Uinston Leonard Spenser Çörçill
(30 noyabr, 1874 - 24 yanvar, 1965)
İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri.
1874-cü ildə Blenheym şəhərində qadınların soyunma otağında dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı. Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899-1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Uinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir.
1905-1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri, Daxili İşlər naziri vəzifəsində çalışmışdır. 1911-1915-ci illərdə isə Hərbi Dəniz naziri vəzifəsində olarkən Britaniya donanmasını Almaniya ilə gələcək müharibəyə hazırlayır. 1915-ci ilin fevralında Çörçillin əmri ilə keçirilən Gelibolu və Dardanelə hücum əməliyyatı iflasa uğrayır. 1915-ci ilin ortalarında Çörçill admirallıqdan istefa verdiyini bildirir.
1917-ci ildə Lloyd Corcun köməyilə koalisiya hökumətinin tərkibinə gətirilir. Hərbi nazir vəzifəsinə təyin edilən Çörçill geniş sayda tank istehsalına başlayır və buna görə "tankların atası" ləqəbini qazanır. 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planını hazırlayır.
1918-1922-ci illərdə Hərbi nazir və Aviasiya naziri olan Çörçill 1924-1929-cu illərdə Stenli Bolduin hökumətində Maliyyə naziri vəzifəsində çalışır. 1939-1940-cı illərdə Çörçill Hərbi Dəniz naziri vəzifəsində çalışır. 1940-cı il mayın 10-da Vermaxtın Fransaya hücumu ilə Müdafiə naziri vəzifəsinə təyin olunur. Nümayəndələr Palatasının sədri seçilir. İlin sonunda isə mühafizəkarların lideri kimi Böyük Britaniyanın baş naziri olur.
Çörçill 1941-ci il iyunun 12-də SSRİ ilə İngiltərə arasında əməkdaşlıq müqaviləsi imzalanmasına nail olur. 1941-ci il iyunun 22-si - Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill London radiosu ilə çıxışında SSRİ-ni dəstəklədiyini bildirir. 1942-ci il yanvarın 1-də prezident Ruzvelt, baş nazir Çörçill, SSRİ-nin səfiri Mixail Litvinov və Çinin səfiri T.Sunq Ruzveltin kabinetində "Birləşmiş Millətlərin Nizamnaməsi" adlı sənədi imzaladılar. Birləşmiş Millətlər ifadəsi Çörçillin ideyasıdır.
«Milləti idarə eləmək 4 uşağı böyütməkdən asandır»
Londonda parlamentin qarşısında abidə dayanıb. Tosqun, bir qədər yöndəmsiz adam enli paltoda, əl ağacına söykənərək gəlib gedənlərə qaşqabaqla baxır. Abidədə nə titul, nə də yazı var. Cəmi bir söz - «Çörçill» yazılıb. 25 yaşından siyasi yola çıxmış Çörçill düz yarım əsr İngilis krallığının dövlət həyatında iştirak edərək, XX əsrin gedişində görkəmli, həlledici fiqur olub.
«Xoşbəxtlikdən həyat o qədər də qayğısız deyil»
1874-cü ilin payızında Londonun «Tayms» qəzeti birinci səhifəsində Malboro hersoqlarının ailəsində oğlan uşağının dünyaya gəlməsi barədə xəbər yaydı. Qarderob otağında, şlyapalar, paltolar arasında dünyaya gözünü açıb cır səslə çığıran uşaq kürən və hay-küylü idi. Onu Uinston Leonard Spenser Çörçill adlandırdılar. Evdəkilərsə sadəcə Vinni çağırırdı. Çörçillin nəslindən olanların damarlarında istilaçı Vilhelmdən tutmuş quldur Frensis Dreykə qədər qəribə bir kokteyl qanı axırdı. Amerika mənşəli olan ana tərəfdən isə o, prezident Ruzveldə qohum çıxırdı. Onların kilsə siçanı kimi kasıb olmasını Uinstondan başqa hamı bilirdi. Ailənin qazancı böyük malikanənin saxlanmasına, 100 at, 150 qulluqçunun dolanışığına sərf edilirdi. Çörçill ata siyasi fəaliyyətlə məşğul olduğu vaxt ananın kübar həyatdan başı ayılmadığından, uşağın tərbiyəsiylə quvernantka məştul olurdu. Ona görə də Uinston «ikinci anam» adlandırdığı dayəsinə çon dərəcə bağlanmışdı, hətta ölümünə qədər onun portreti kabinetindən divardan asılı idi.
Uinstonun başqa tərbiyəçisi, məktəb direktoru barədə xatirələri son dərəcə pis idi. İngiltərənin o dövrkü tərbiyə üsulunda uşağın kötəklənməsi normal sayılırdı. İpə-sapa yatmayan Uinston bu tərbiyə üsulunun dadını başqalarından daha artıq dadırdı. Zorakılıq, xüsusilə də döyülməyə qarşı etirazı o qədər artıq idi ki, yetkinlik yaşına çatan kimi o, keçmiş direktorunun cavabını verməkçün Askota gedir. Uşağın incikliyi ürəyində qalır, çünki direktor artıq çoxdandı ki, ölmüşdü. Qapalı «elit» məktəblərin (İton, Kembric, Xarrou) verdiyi attestat yüksək ingilis cəmiyyətinə məxsusluğu təsdiqləyirdi. Uinstonu Xarrou məktəbinə göndərirlər, çünki burda qəbul şərtləri nisbətən yumşaq idi. Qəbul imtahanında Çörçill iki saat ərzində vərəqdə bir rəqəmini çəkib onu dırnaq arasına aldı. Sonda vərəqi mürəkkəblə batırıb böyük bir ləkə saldı. Malboro nəslinin davamçısı olmasaydı, bu hoqqaya görə həmən qovlayardılar. Məktəb balaca avaranı qəbul eləməklə təmbəllərin sırasını artırmışdı. O, latın və yunan dilinin öyrənilməsində əlifbadan o yana keçə bilməmişdi. Dəqiq elmlərdən zəhləsi gedir, imkan düşən kimi elmə olan nifrətini nümayiş etdirirdi. Düzdü, Vinninin parlaq hafizəsi vardı. O, bundan arabir Şekspiri sitat gətirən müəllimlərin səhvini tutmaqda istifadə eləyirdi. Uşağını hüquqşünas kimi görməyi arzulayan atanın ümidləri göz qabağında əriyirdi. Aristokrat üçün yeganə çıxış yolu kimi hərbi karyera qalırdı. Vinni hərbçi olmaq arzusuyla az qala sayıqlayırdı. Körpəliyindən onun yeganə oyuncağı 1500 nəfərlik qalay əsgərlər ordusu idi.
«Əgər sən tam əbləh deyilsənsə, orduya düşməyə bilməzsən»
Təhsildə buraxdığı boşluqlar öz işini görməyə bilməzdi. «Əgər sən tam əbləh deyilsənsə, orduya düşməyə bilməzsən» deyən cavan buna baxmayaraq, yalnız üçüncü cəhddə qəbul olundu. Uinston süvari polku seçdi. Tərs kimi bu polkda təhsil haqqı da dəfələrlə artıq idi. Çünki bir neçə atın saxlanması, yedirilməsi də tələbənin üstünə düşürdü. Belə sərfiyyat Çörçill ailəsinin maliyyə büdcəsinə uyğun deyildi. 130 nəfərlik buraxılış sinfində 20-ci olmaq bir o qədər də pis nailiyyət sayılmır. Hərbi məktəbin ilyarım olması da Uinstonu qane eləyirdi, axı o, müharibəyə tələsirdi. Hərbi məktəbi ölüm-zülümlə qurtaran Uinni bu barədə çox sevinə bilmədi, çünki bu ərəfədə atası 45 yaşında vəfat etdi. Atasının siyasi karyerasında buraxdığı səhvləri düzəlməkçün tale ona atasının ömrünün iki mislini bəxş elədi - düz 90 il…
«Generallar həmişə keçmiş müharibələrə hazırlaşır»
Karyerasının yüksəlişi üçün cavan zabitə müharibəyə getmək lazım idi. Yalnız Kubada ispanlar yerli inqilabçılarla vuruşurdu. Ailəsinin maddi durumuna uyğun olaraq Uinston əlavə qazancın qeydinə qalmalydı. Ona görə də o, London qəzetləriylə danışıb müharibəyə hərbi müxbir simasında yollandı. Hər reportaja görə ona 10 funt vəd vermişdilər. 120 funt sterlinq illik gəliri olan zabit üçün bu, çox böyuk məbləğ sayılırdı. Çörçillin döyüş meydanından yazdığı reportajlarda hadisələrin təsvirindən daha çox özünü gözə soxma, lovğalıq vardı. Vətənə qayıdandan sonra o, artıq kubar cəmiyyətinin qaymaqlarından idi, onu naharlara, çağırırdılar və Uels şahzadəsi kimi nüfuzlu dostları əmələ gəlmişdi. Növbəti dəfə vuruşmağa Hindistana gedəndə artıq Londonun ən nüfuzlu qəzetləri Çörçillə əməkdaşlıq barədə saziş bağlamışdı. Anası da əmin oğlunun məktublarından anlayır ki, onun artıq öz yazı üslübü var. Aldığı təssüratlar artıq reportajlardan böyük, yəni ədəbi yazılara kifayət eləyərdi. Hərbi hadisələrin real təsvirlərindən ibarət kitabı çıxanda onun 23 yaşı vardı və onu maraqlı yazıçı kimi tanıdılar. İngiltərə Cənubi Afrikada hərbi fəaliyyətini başlayanda Çörçill artıq ekstra-klass jurnalistlərin sırasındaydı. Məzuniyyət pulu və nəqliyyat xərclərindən əlavə 250 funt qonorarı vardı. Afrika macəralarını qələmə alıb «Morninq Post»da çap edəndən sonra onu bütün İngiltərə tanıyırdı. Birinci Dünya müharibəsi Çörçillin artıq 4-cü müharibəsi idi. Burda o, artıq siyasətçi simasında çıxış eləyirdi.
«Vəzifəsiz, deputat kürsüsüz, partiyasız və kor bağırsaqsız…»
Atası ser Rotfold Uinstonu «cəmiyyət üçün yararsız bir adam» sayırdı. Ziyafətlərə həmişə əlində dəftərçəylə gələn gənc qusar göz qabağında ədəbiyyatçıya və az sonra natiqə çevrilirdi. Nəhayət, Çörçill qəti qərara gəlir ki, siyasi karyera hərbi karyeradan maraqlıdır. Hindistan və Afrika kampaniyalarınnın arasında o, atasının yolunu davam edərək öz siyasi partiyasını yaratmaq cəhdi edir. Baş nazir olmaq istəyini də heç vaxt gizləmirdi. Çörçill siyasətçi adlandırılmağı sevmirdi, «ictimai xadim» ifadəsi daha çox ürəyinə yatırdı. Onun fikrincə, siyasətçi və xadim onunla seçilir ki, birincisi seçkilər barədə, ikincisi isə gələcək nəsillər barədə düşünür. Hər dəfə parlamentdə yerini itirəndə yumor hissini itirməyib özünü «Vəzifəsiz, deputat kürsüsüz, partiyasız və kor bağırsaqsız» adlandırırdı.
Ulduz saatı
İkinci Dünya müharibəsi Çörçillin uğur məqamı idi. O, «Mən sizə ağır zəhmət, qan-tər və göz yaşlarından başqa heç nə vəd verə bilmərəm» desə də, ölkəni faşizmə qarşı mübarizə lozunqu altında birləşdirə bildi. Kart oyununda qazandığı bacarıqlar Çörçillin İkinci Dünya savaşı zamanı çox karına gəldi. O, manevr edir, blef qurur, risk eləyir, gah Mussolini ilə yazışır, gah Rusiyaya arxalanır… Müharibə illərində Çörçill gündə 18 və daha artıq işləyirdi. Onun iş rejimi əməkdaşları lap əldən salırdı. Səhərədək gedən iclaslardan adamlar yorulub əldən düşən vaxt Çörçill başını atıb divanda yarımca saat yuxulamaqla özünü bərpa eləməyi bacarırdı. Ona cəmi 3-4 saat lazım idi ki, yenidən əvvəlki enerjisiylə işə başlasın.
1945-ci il mayın 8-də Çörçillin ulduz saatı parlayırdı. O, Böyük Britaniyanın baş naziri rezidensiyasının pəncərəsindən çıxıb qələbə xəbərini elan edəndə əsgərlər «O xeyirxah və yaxşı adamdır» mahnısını oxuyurdu. Sonra Çörçill Moskvaya gəldi və Qızıl Bayraq ordeninin təltifində şəxsən iştirak elədi. Mayın 9-da isə ledi Klementina radioda çıxışında bütün sovet xalqını qələbə münasibətilə təbrik elədi. Amma Sovetlər ölkəsi qələbənin sevincini yaşayanda Çörçill bu ölkə ilə mübarizə planları cızırdı. SSRİ üzərinə təzyiq qurmaq məqsədilə ABŞ-ın prezidenti Trumenlə görüşmüşdü. Amma geri qayıdanda onu sürpriz gözləyirdi. Seçicilər Konservatorlar Partiyasını və eləcə də sevimlisinin rədd eləmişdi. Ölkənin taleyindən yenə də qıraqda qalmış Çörçill ömrünün sonuna kimi bu xəyanəti ingilislərə bağışlaya bilmədi. Amma o, öz siyasi həyatıyla yaşamaqda davam eləyirdi. 1946-cı il mayın 5-də Amerikanın Fulton şəhərində Vestminster kollecində söylədiyi məşhur nitqi yenə də bütün dünyanı alt-üst eləməyə qadir bir çıxış oldu. Bu nitqində eks-baş nazir bütün dünyanı kommunizmə qarşı birləşməyə çağırırdı. Maraqlıdır ki, çıxışından sonra Çörçill banketdə qara kürünün üstünə cumub «Bundan sonra Stalin mənə bunu havayı göndərməz» dedi. Dəmir pərdə anlayışı da Çörçillin dilindən götürülüb. Amerika və SSRİ arasında soyuq müharibənin başlanğıcını məhz həmin gündən hesablayırlar.
«Hitler! Sənin ananı…»
İngilis cəmiyyətində pul haqqında danışmaq yaxşı sayılmır. Çörçill isə hamının yanında siqara verdiyi böyük məbləğlərdən, kazinoda udduğu pullardan (azartlı oyunçu olsa da, həmişə qızlarının ad günü 18 və 22 rəqəmlərinə pul qoyardı) danışardı. O, kinoda Çörçillin rolunu oynamış aktyordan nə qədər qonorar aldığını soruşub qıpqırmızı olanadək utandıra bilərdi, sonra məbləği öyrənib «Bu qiymətə mən elə özüm özümü daha yaxşı oynaya da bilərdim» deyərdi. Həddən artıq qarınqulu olması barədə onun portretləri və fotoları daha yaxşı danışa bilər. Şotland viskisi, fransız konyakına bağlılığı haqda əfsanələr gəzirdi. Depressiya vaxtlarında Çörçill başını kolleksiya toplamaqla, bəzən qazon kəsmək, peyzajlar çəkməklə başını qatar və «Ledi Hamilton» filminə bəlkə də yüzüncü dəfə baxardı. Müharibədən qabaq Çörçill Çarli adlı tutuquşuya meylini salmışdı. Nasist fürerini ikimərtəbəli söyüşlərlə söyməyi şəxsən özü öyrədərdi. İndi həmin 105 yaşlı tutuquşu hələ də sağdır və Surrey qraflığında otağa girən hər kəsi Çörçillin səsiylə «Hitler! Sənin ananı…» - deyib söyməklə hələ də şoka salır.
İstirahət haqqında anlayışları da qəribəydi. Çörçill televizoru «Əbləhlər üçün fonar» adlandırırdı. İçki məsələsiylə maraqlanan jurnalistlərə belə deyərdi: «Mən cavan olanda özümə naharadək spirti içki içməməyi söz vermişdim. İndi artıq cavan deyiləm, ona görə də səhər yeməyinə qədər içməyi özümə icazə vermirəm». Boş vaxtlarında çəkdiyi rəsmləri Şarl Moren adı altında sərgiləyirdi. Tikinti işləri zamanı gəlmiş qonaqları da məcbur edərdi ki, ona kömək eləsinlər. Yorulan kimi kitab yazmağa gedərdi: «Günə 200 kərpic və 2000 söz».
«Mən Kubanı həmişə dodaqlarımda gəzdirirəm»
Hətta müharibə zamanı qıtlıq olanda Kuba siqarlarını ona göndərirdilər. Çəkdiyi siqarlarına görə bir ətək pul xərcləsə də, sevimli konyakını Moskvadan Stalin pulsuz göndərirdi. Karikatura və şarjlarda Çörçilli daim baş əvəzinə tüstüləyən siqar şəklində çəkirdilər. Hər dəfə təsadüfən yandırdığı kostyumları təmir etməyə bəzən çatdırmırdılar. Bu minvalla 50-yə qədər kostyumun axırına çıxıb. Kuba haqqında xatirələriylə maraqlananlara o, «Mən Kubanı həmişə dodaqlarımda gəzdirirəm» deyərdi.
Çörçill adam arasına siqarsız çıxmazdı. Ona elə gəlirdi ki, hamı onu məhz belə görmək istəyir. İngiltərənin dulusçuluq zavodları Çörçillin prototipi kimi tosqun və ağzında siqar olan obrazlı pivə qabları buraxmağa başladı. Səudiyyə Ərbistanının kralı ilə ağır danışıqlar zamanı protokola görə onun hüzurunda nə içmək, nə də çəkmək olardı. Viski stəkanı və siqarsız düşünə bilməyəcəyini elan edəndən sonra təəccübündən ağzı açıla qalmış kral ona nahar zamanı içməyə və çəkməyə icazə verdi. Çörçill yandırılmamış siqarların üstündə əssə də, yandıran kimi onlara marağını itirərdi. Evdə arxasıyca küldən cığır buraxmağı da vecinə almazdı. Yuxuya gedən kimi tosqun qarnında ağ kül təpəsi qalaqlanardı. Qarderobun tam məhvinin qarşısı alınmasıyçün bu dəfə arvadının icad elədiyi asbes önlüklər kara gəldi. Çörçill adətən ən uzun və enli siqarları seçərdi ki, bir neçə saat fasiləsiz tüstüləyə bilsin. Qitələrarası uzun müddətli təyyarə uçuşu zamanı da siqar səkmək üçün siqara uyğun dəliyi olan hava maskaları sifariş vermişdi.
«Yanğın gözəl idi, yaxşıca əyləndik»
Əgər ledi Çörçill bilsəydi ki, onun həyat yoldaşını geyinməyi bacaran seçmə adamlar sırasına daxil edəcəklər, bu uğuru mütləq öz ayağına yazardı. Ortabab hərbi polkovnikin qızı olan Klementina Uisntonun evlənmək təklifinə o dəqiqə razılıq verməmişdi. Ətrafda baş verən yanğın onların hər ikisinin həyatını həll elədi. Hadisə yerinə tələsən Çörçill başına dəbilqə qoyub kral əlahəzrətlərinin maliyyə naziri olmasına baxmayaraq, sonuncu dəqiqəyədək ev əşyalarını çıxarmaqla məşğul oldu. Cızıq-cızıq, hisə verilmiş, yorğun Uilli pəncərədən özünü bayıra atan kimi divar da çökdü. Klementinanın heyranlıq dolu teleqramına o, «Yanğın gözəl idi, yaxşıca əyləndik» cavabını vermişdi. Bu evliliyi hər iki tərəf çox uğurlu sayıb. Bu nikahdan 4 uşaq (onlardan biri 3 yaşında vəfat edib) doğulub. Amma xanım Çörçillə həsəd aparmaq da olmur, çünki onun qismətinə çox çətin xasiyyətli, axmaq vərdişləri olan, maniakal depressiv tipli və patoloji huşsuz bir ər düşüb. Uinstonun xasiyyətini qabardan bir ifadə də var: «Günə 5-6 siqar (əslində 8-10), 3-4 stəkan viski və tamamilə idmandan uzaq!»
Çörçill və Stalin
Çörçill ömrü boyu kommunizmə və şəxsən Stalinə qarşı ədavət hissiylə yaşayırdı. Stalin də Çörçillin səmimiyyətinə inanmırdı: «Bu ikiüzlü məni inandırmaq istəyir ki, belə gövdəylə o, Londonda təkcə sendviçlərlə dolanır». Amma Molotov təsdiqləyir ki, 1942-ci ildə Çörçill onu səhər yeməyinə dəvət edəndə masa üzərində kofe və sıyıqdan başqa heç nə yoxuydu. Müharibənin ən ağır illərində belə Moskva ziyafətlərində masa ən ekzotik və bahalı təamlardan zığ vurardu. Hərdənbir Stalinlə Çörçill içmək yarışına çıxırdı. İçməkdə ad çıxarmasına baxmayaraq, az keçməmiş valaylayan Çörçill bir o qədər içmiş və tam ayıq olan Stalinə qəribə nəzərlərlə baxanda: «Narahat olma, Rusiyanı içib qurtara bilmərəm» demişdi.
Deyirlər ki, Sovet rəsmiləriylə görüşlərin birində ofisiant Çörçillin şalvarının açıq olmasını görüb ona kiçik namə yazmışdı. Cavabında Çörçill «Ölüvay quşcuğaz bir daha yuvasından pərvaz edə bilməyəcək» yazıb göndərmişdi. Bu məktubun qırıqlarını ələ keçirən sovet kəşfiyyatı neçə illər bu məktubun şifrəsini açmaq üzərində baş sındırırmış. Bir neçə il sonra Xruşşov İngiltərədə olanda bu məsələylə maraqlanıb soruşmuşdu ki, «Böyük üçlükdən təkcə siz qalmısız. Bəlkə sirri bölüşərdiz». Çörçill də «qoca qartal»ın sirrini açıb kəşfiyyatı cümlənin açmasını axtarmaq zülmündən xilas eləmişdi.
Patriarxın payızı
1951-ci ildə konservatorlar seçki kampaniyasını udan kimi Çörçill yenə də İngiltərənin baş naziri vəzifəsində oturmuşdu. Sovetlərdən gələn atom bombası təhlükəsi altında Amerika ilə əməkdaşlıq daha vacib görünürdü. Münasibətləri sığallamaq məqsədilə ABŞ ser Çörçilli fəxri vətəndaş seçdi. 1953-cü ildə isə Uinston Çörçilli daha bir imtahan gözləyirdi. Nobel Komitəsi ədəbi fəaliyyətinə görə Çörçilli mükafata layiq gördü. Ondan bir il əvvəl Fransua Mariak, sonrakı il isə Ernest Heminquey lauret adına layiq görülmüşdü.
«Elə yaşdayam ki, özümü pis hiss eləməyi özümə icazə verə bilmərəm»
Ömrünün son illərində Çörçillin yazıçılıq etməyə nə fiziki, nə də intellektual gücü qalmamışqdı. «Dauninq strit» rezidensiyasını tərk edərkən Çörçill onu yola salan kütləyə həmişəki kimi iki barmağından «V» işarəsini (Viktoriya, yəni qələbə) göstərib son 10 ilini keçirməkçün Çartvell şəhərkənarı malikanəsinə yollandı. 80 yaşı keçmiş qoca depressiyalara tez-tez düşür və ruhi tarazlığını itirirdi. Cavan siyasətçilərin təzyiqi altında vəzifə kürsüsünü tərk edəndən sonra nə aldığı ordenlər, nə də eşitdiyi tərif nitqləri artıq onun ürəyini ovutmurdu. Lap darıxanda fransız Rivyerinə, ya da dostu yunan milyonçusu Onassisin dəvətilə Aralıq dənizi sularında səyahətə çıxırdı. Qocalığı ağlının itiliyinə zərər yetirməmişdi. 1965-ci ildə Londonun 90 il əvvəl Malboro klanının uşağının dünyaya gəlməsini yazan həmən «Tayms» qəzeti elan verdi ki, ser Çörçill dünyasını dəyişib. «Silindrli adam»ı İngiltərə krallara layiq təntənəylə yola saldı. Vestminster abbatlığından yerdən götürülmüş tabut Temza çayına qədər ötürülərək ingilis bayrağı altında hərbi gəmiyə qaldırıldı. Onu son mənzilə yola salan minlərlə insan artıq anlayırdı ki, İngiltərə böyük imperiyadan adi dövlətə çevrilir...
Müəllif: Gülnarə RƏFİQ

28 September, 2009

Kleopatra - Əfsanəvi çariça

VII Kleopatra
(e.ə. 69, yanvar, İsgəndəriyyə - e.ə. 30, İsgəndəriyyə)
Misirdə Ptolemeylər sülaləsinin sonuncu çariçası, XII Ptolemeyin (Avletin) qızı, XIII Ptolemeyin bacısı və arvadı; onunla müştərək hökmdar (e.ə. 51 ildən). E.ə. 48 ildə Suriyaya qovulmuş, Yuli Sezarın köməyi ilə Misirə qayıtmışdı. E.ə. 41 ildən sonra Mark Antoninin müttəfiqi və məşuqəsi olmuş (Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənmişdi), Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi. Aksi yaxınlığındakı vuruşmadan sonra əvvəlcə Antoni, sonra da VII Kleopatra intihar etmişdilər. Kleopatranın obrazı ədəbiyyatda (V. Şekspir, B. Şou) və incəsənətdə (C. Tyepolo, P. Rubens və b.) əksini tapmışdır.
Şəhvətinin qulu olduğundan tarixə təkcə kurtizanka (cariyə - İCTİMAİ MEDİA) kimi düşə bilib.
Tarixdə bu adda başqa çariçalar da var. Amma Kleopatra bir dənədi. Fironlardan sonuncusu, siyasət xanımlarından birincisi. Diplomat, poliqlot, riyaziyyatçı. O biri üzü canavar olan bir gözəl… Ağıllı və təhsilli, bəlkə də, dünyanın ən əfsanəvi qadınlarından biri olan Kleopatra insanları məftun eləmək sənətinin sirlərinə yiyələnmişdi. Dünyanın bütün güc-qüvvəti kişilərin əlində olduğundan öz istedadını sevgi-məhəbbət sahəsində məharətlə işlədirdi.
Azyaşlı qardaşı ər kimi
Kleopatra Makedoniyalı İsgəndərin dostu olan Ptolomeyin nəslindəndir. Müharibələrdə qazanc kimi gözəl və sirli Misir torpağını özünə hədiyyə kimi istəyən Ptolomey İsgəndərin ölümündən sonra öz padşahlığına çəkilmiş və bu ölkənin paytaxtını da dostunun şərəfinə Aleksandriya adlandırmışdı. Kleopatranın atası 11-ci Ptolomey Avlet qəddar və hamının nifrət etdiyi bir insan idi. Dünyasını dəyişəndə öz taxt-tacını böyük uşaqları 16 yaşlı Kleopatra və 13 yaşlı Ptolomeyə vəsiyyət edir. Misir adətinə görə, bacı-qardaş nikah bağlayırlar.
Həyatı bahasına bir gecə…
Taxta çıxanda o özünə «Teo Filopator» (yəni atasını çox sevən) rəsmi titulu götürür. Hakimiyətinin ilk illəri 3 illik quraqlıq və 2 illik qıtlıqla yadda qalıb. Kleopatra gözəl təhsil almışdı və bir neçə dildə rahat danışır, fəlsəfəni öyrənmiş, ədəbiyyatla tanış idi və bir neçə alətdə yaxşı çalmağı bacarırdı. Ata-babasından siyasi ağılı miras alsa da, ehtiraslı naturası ona ölkəni lazımi səviyyədə idarə eləməyə mane olurdu. Cisminin odunu söndürməkçün o sarayda çoxlu kişilər saxlayırdı. O vaxtlar bu elə də ayıb sayılmazdı. Müasirlərinin yazdığına görə, Kleopatra öz sevgisinə çox baha, yəni kişinin həyatı bahasına bir qiymət qoymuşdu. Bir gecə Kleopatra ilə keçirməkçün öz həyatını qurban verən divanələr də tapılırdı. Səhəri gün kəsilmiş başlar Kleopatranın sarayının qapılarını bəzəyərdi.
Kleopatranın müharibəsi
Azyaşlı qardaşıyla nikahı ona ölkənin idarəsində çox əl verirdi. Amma Ptolomeyi xacə Pofin tərbiyə edirdi. O xalqı Kleopatraya qarşı qiyama qaldıra bilmişdi. Bacı-qardaş, ər- arvad indi ölkəyə olan hüquqlarını qanla sübut eləməyə çalışırdı. Elə bu vaxt səhnəyə Yuli Sezar çıxır. O, bu ölkədən xərac almaqçün hər iki tərəfə qoşunları buraxıb izahat üçün yanına gəlməyi əmr edir. Amma xacə Pofinin kələyi ilə bu əmri Kleopatraya çatdırmırlar. Ptolomey Sezarın qarşısında bacısından şikayət eləməyə çalışsa da, duyuq düşən sərkərdə Kleopatraya da dəvət göndərməyi lazım bilir. Sezarın dəvətini alan Kleopatra paytaxta necə gələcəyini bilmirdi. Gecənin bir aləmi vəfalı nökəriylə birgə şəhərə balıqçı qayığında girir. Nökər onu parça tayı kimi belinə şələləyir. Sonra Sezarın sarayına daxil olub qiymətli yükünü sərkərdənin ayağının altına sərir. Yəqin, bu an xacə Pofinin qorxduğu bir şey baş verir: Sezar Kleopatranın sevgi ovsunu qarşısında dayana bilmir. 19 yaşlı Kleopatranın gözəlliyi qarşısında 52 yaşlı Sezar başını itirmişdi. Hadisələrin belə gedişatını gözləməyən qardaşı Ptolomey hikkəsindən özünü dənizdə boğur, xacə Pofin isə ölkədən qaçır. Tarixə «Kleopatranın müharibəsi» adı altında daxil olmuş bacı-qardaş savaşı belə bitdi.
Aleksandriyada bərqərar olmuş sakitliyi pozmamaqçün Sezar Kleopatranı kiçik qardaşı, xəstəhal 16 yaşlı gənc 13-cü Ptolomeyə ərə verir. O dövrün qanununa görə, qadın ölkəni tək idarə edə bilməzdi. Romada iğtişaşlar baş verir, qan tökülür, amma Sezar heç yerə tələsmir. Borc, maraqlar, vəzifə – hər şey unudulub, hər şey işvəkar çariçanın əlindədir. Vətənini fikirləşib yola düzələndə də Kleopatra onu qaytara bilir: bu dəfə Kleopatra oğlan doğur. Uşağın adını Sezarioni, yəni kiçik sezar qoyurlar.
Romada heç kimin vecinə deyildi ki, Sezarın nə qədər məşuqəsi var. Amma məşuqəsini belə təntənəylə qəbul edən Sezar respublikanı təhqir eləmişdi. Şəhərdə şayiə gəzirdi ki, Sezar Kleopatranın oğlunu varis elan edəcək. Elə bu şayiələr Sezarın ömrünü qısaltdı. Çar öldürüləndən sonra Kleopatra qaçmalıydı…
Siyasi gediş, yoxsa sevgi?
Aleksandriyaya qayıdandan bir il sonra qardaşı vəfat edir. Kleopatranı onun ölümündə suçlu bilsələr də, heç nəyi sübut etmək olmur. Oğlunun qəyyumu kimi o, ölkəni əri olmadan da idarə etmək hüququ qazanırdı. Kleopatra Misirin yeganə padşahı olaraq Sezarionu öz varisi elan elədi.
40 yaşlı Mark Antoni ilə tanış olanda Kleopatranın 29 yaşı vardı. O, Yunanıstan və Kiçik Asiyanı dolaşıb xərac yığarkən onu hər yerdə alqışlayırdılar. Təkcə Kleopatra ona gözlədiyi diqqəti vermirdi. Antoni çariçanı Sezarı öldürənlərlə əlbir olmaqda ittiham edib çoxlu pul qoparmaq fikrindəydi. Antoninin xasiyyətini əvvəlcədən öyrənən Kleopatra bu görüşə arxası qızılı rəngə boyanmış, gümüş suyuna salınmış avarları olan al rəngli yelkənli gəmidə gəlmişdi. Kleopatra taxta Afroditanın geyimində oturmuşdu. Yanında erot görkəmində balaca oğlanlar və nimfa geyimində qulluqçu qızlar dayanmışdı. Suda hərəkət eləyəndə fleyta və kifaraların sədası gəlir, ətrafa gözəl qoxular dumanı yayılırdı. 10 il sürəcək sevgi macərası belə başladı…
Triumviratın dəvətinə cavab olaraq Kleopatra da onu sarayına çağırdı. Antoni yediyi təamların ləzzətinə görə Misir aşpazına bütün şəhəri, Kleopatraya isə bütün dünyanı bağışlaya bilərdi. Artıq Antoni Kleopatranın ayaqlarının altında idi. Antoni onun iki arzusunu reallaşdırır: Roma Sezarionu varis kimi qəbul edir, Kleopatranın bacısı Arsinoya isə Diana məbədində sirli şəkildə öldürülür.
«Ləzzət teatrı»nın hər gün yenilənən repertuarı
Antoni bütün işlərini atıb çariça ilə Aleksandriyada eyş-işrətlə məşğul olur. İndi Antoninin kobud instinktlərinə uyğunlaşan Kleopatra ehtiras düşkününə, ən əxlaqsız kurtizankaya çevrilir. O içir, söyüş söyür, erotik mahnılar oxuyur, məşuquyla yumruq davasına çıxır. Kobud romalı kiçik qadının şillələrindən böyük ləzzət alırdı. Onlar tez-tez nökər, matros paltarı geyib şəhərin küçələrində qaçışır, yoldan keçənlərlə, sərxoşlarla dava salır, çox vaxt da döyülüb sonra saraya qayıdandan sonra bədənlərinin göyü sağalmamış yeni ağılsızlığın planını çəkirdilər.
Bir dəfə Kleopatra elan edir ki, 10 milyon sestersiya (o dövrün pul vahidi) içəcək. O, qulağındakı tayı-bərabəri olmayan mirvari sırğanı çıxarıb sirkədə əridir və hamının gözü qarşısında bir nəfəsə içir. Antoni belə qadına məftun olmaya bilməzdi. Onu Kleopatranın cəngindən bircə müharibələr qopara bilərdi. Antonidən artıq 3 uşağı olan Kleopatra müharibələr ucbatından 3 il həsrətdə yaşamalı oldu. Amma Asiya torpağına qədəm qoymağa bəndmiş Antoni yenə də «Nil qırağının sirenası»nı yada salır. Bu dəfə Antonini itirməməkçün Kleopatra navazişini, nazını ikiqat eləyir. O, yemir, içmir, gününü ağlamaqla keçirir və ölümcül məyusluq nümayiş etdirirdi. Amma bu dəfə səfərdən qayıdan Antoni qələbələrini onunla qeyd eləyir. Yeni torpaqlar Romaya yox, Kleopatra və onun uşaqlarına paylanır. Roma Senatı və xalq bunu təhqir kimi qəbul edir. Antoni Kleopatranın sevgisindən başqa heç nəyi düşünmək iqtidarında deyildi. Antoni Kleopatranın profili olan pullar sifariş vermişdi, hətta legionçuların qalxanında da Kleopatranın adı yazılmışdı. Öz ləzzətləriylə yaşamağa öyrənmiş bu cütlüyü lovğalıq və özünə arxayınlıq məhv elədi. Onlar Romadan gələn təhlükəni elə bil ki, görmürdülər. Anioninin arvadının qardaşı Oktavian Kleopatraya müharibə elan eləyəndə onlar müharibəni başlamamış udacaqlarına əminlikdən məğlub oldular. 50 yaşlı Antoni eyş-işrətdən əldən düşərək qocaya dönmüşdü. Heç qılınc tutmağa da taqəti yoxuydu. Kleopatra isə sərkərdəlik istedadını məhəbbət təcrübəsiylə qarışdırdığından elə bildi ki, dəniz komandanlığını ələ ala bilər. Ona görə sevgilisinin döyüş strateqiyasını anlamayaraq ən lazımlı anda geri çəkilərək döyüşdə məğlub oldu. Başını qatmaqçün şeir yazmağa qurşanan Antonidən fərqli olaraq Kleopatra gələcəyini gözünün qarşısına gətirib öz xilasını düşünürdü.
Lazım gəlsə, Antonini də öldürmək olar
Kleopatra dəniz qırağında öz məqbərəsinin tikintisinə əmr verir. Vaxtı gələndə onu burda bütün cəvahiratıyla birgə yandırmalıydılar. Amma həyat eşqi rahat buraxmırdı. Hindistana getməkçün öz gəmilərini qulların, maşınların, yük heyvanlarının gücü ilə qurudan keçirsə də, Qırmızı dənizə çatan kimi ərəblər bütün gəmiləri yandırırlar. Kleopatra yenə də ruhdan duşmur. Xalqa silah paylatdırır, insanların hərbi ruhunu qaldırmaqçün oğlu Sezarionini əsgərliyə yazdırır. Bütün bunlar köməyə gəlməyəndə o, zəhərlənmək qərarına gəlir. Kleopatraya ağrısız, çapalamasız öldürən zəhər lazımdı. O, ölümə məhkum edilmiş qulların üzərində müxtəlif zəhərləri təcrübədən keçirib, nəhayət ki, özünə layiqini tapır. Kiçik Aspida ilanının zəhəri onu istəyinə daha tez çatdıracaqdı. Ölüm qorxusu hər kəsin həyatının zəhərləyə bilər. Ölümə də meydan oxumaqçün onlar yeni «Ölümə can atanlar cəmiyyəti» yaratdılar. Məqsəd ölümü əhliləşdirmək - ev heyvanı kimi öz əlindən öz fikirlərinlə yedirməklə ram eləmək idi. Kleopatra məzarlıqlarda bayramlar təşkil edir, meyitləri dərmanlayır, balzamlayır, öz əlləriylə içalatını çıxarırdı. O, həyatdan getməyinin hər dəfə yeni ssenarisini yazırdı. Kleopatra məşuqundan gizli olaraq Oktaviana qiymətli hədiyyələr göndərir. Axı o, həmişə qalibləri sevib. Yaşı 37-ni keçsə də, hələ də öz cazibə qüvvəsinə inanırdı. Üstəlik, qasidin ağzından çıxmışdı ki, Oktavian Kleopatraya çoxdan vurğundu. Lap yaxşı, qoy Avntoni öz başına özü əlac qılsın. Lazım gəlsə, Antonini də öldürmək olar. Kleopatra bilirdi ki, tezliklə Oktavian Aleksandriyaya girəcək və Antonini öldürəcək.
Həyat məğlubları sevmir
Sarayda dəli kimi ora-bura qaçan Antoninin Kleopatranın xəyanətində şübhəsi yoxuydu. Bu vaxt Kleopatranın göndərdiyi nökərlər çariçanın ölüm xəbərini Antoniyə çatdırırlar. Antoni özünü qılıncın üstünə atır. Onun ölüm xəbəri Kleopatranı vicdan əzabı çəkməyə məcbur edir. O, Antonini sağ, ya ölmüş vəziyyətdə saraya gətirməyi əmr edir. Hələ ölməmiş romalı Kleopatranın ağuşunda sevgilisinin öpüşləri altında dünyasını dəyişir. Antonini dəfn edəndən sonra Kleopatra sarayına keçib çar kimi ölməyi qərara alır. Axı Oktavian Kleopatranı əli-ayağı qandalda triumfal arabanın arxasına bağlanmış şəkildə Romaya gətirmək fikrindəydi. Məğlublara qarşı rəhmsiz olan Kleopatra üçün özünü öldürmək çətin deyildi. …Oktavianın adamları Kleopatranı çara layiq bəzənmiş yataqda ölmüş vəziyyətdə tapdılar. Bir az əvvəl Kleopatranın yanına əncir dolu səbət gətirmiş kəndli girmişdi. Amma ilanı otaqda tapmaq mümkün olmadı. Başqa bir versiyaya görə, Kleopatra zəhəri saç sancağında gəzdirirmiş. Onunla birlikdə hər iki qulluqçunun da ölməsi bu versiyanı təsdiqləyir. Çünki bir ilan 3 nəfəri birdən öldürə bilməzdi. Kleopatranı Antoninin yanında ədəb-ərkanla basdırırlar. Yuli Sezarın və Kleopatranın oğlu Sezarion taxta namizəd kimi edam olunur.
Kleopatranın gözəlliyi ən axmaq miflərdən biridir
Romantik çalarlar, çoxlu kinofilmlər Kleopatranın əsl simasını anlamağa mane olsalar da, onun ideallıqdan uzaq həqiqi görkəmini təsvir edəcək mənbə yoxdur. Bizim dövrə qədər gəlib çatmış dəmir pullara görə fikir yürütsək, Kleopatra uzun, iti çənəli, buruq saçlı, çapıq alnı, ensiz dodaqları, sivri burnu olan iri gözlü bir qadındır. Antik müəlliflər onun ağlını gözəlliyindən üstün tuturdular. Ona görə balaca - 150 sm-lik boyunu, köklüyünü, yaxşı dantist xidmətinə ehtiyacı olan dişlərini də elə bil görmürdülər. Gözəl Kleopatra obrazı sonradan yaranıb. Ola bilər ki, Kleopatranın gözəlliyi mifdir, özü də ən mənasız əfsanələrdən ən qəribəsi…
Müəllif: Gülnarə RƏFİQ

Benito Mussolini – İtaliyanın «Pikkolo duçe»si

Benito Amilkare Andrea Mussolini
(29 İyul 1883 - 28 Aprel 1945)
İtaliyali siyasətçi, faşizmin banisi, faşist partiyasının başçısı, diktator (duçe), 1922-1943-cü illərdə İtaliyanın rəhbəri
«Kütlə də qadın kimi güclü kişiləri sevir»
Romanın mərkəzində «Venesiya» sarayının 30 mindən artıq insan yerləşən böyük meydançası qarşısında eyvanda faşist lideri vaxtaşırı görünməyi sevərdi. Kütlə fərəh və coşğunluq içində əl çalıb heyranlığını bildirərdi. Duçe yavaş-yavaş əlini qaldırandan sonra kütlə səsini kəsərək, rəhbərin hər sözünü sanki nəfəs dərmədən dinləyərdi. Nitqlərini heç vaxt qabaqcadan hazırlamazdı. Əsas ideyaları beynində saxlayaraq intuisiya və improvizəyə arxalanardı. Mussolini Sezar kimi italyanların təxəyyülünü imperiya və şöhrət ilğımı, ümumxalq rifahının artması kimi iri planlarla canlandırırdı. O, hesab edirdi ki, «küitlə hələ ki, qeyri-mütəşəkkil qoyun sürüsüdür». Ona görə də xalq diktatorunu həm sevməli və eyni zamanda ondan çəkinməli və qorxmalıdı: «Kütlə də qadın kimidi güclü kişiləri sevir».
Qiyamçı atanın oğlu
Gələcək duçe - Benito Mussolini qiyamçı ənənələriylə seçilən Doviya əyalətində doğulmuşdu. Onun atası dəmirçi işləyərək, hərdən bir oğlunun tərbiyəsini də «döyəcləməklə» cilalayırdı. Atası da marksist ideyalarına rəğbətlə yanaşır və özünü sosialist sayırdı. Mitinqlərdə çıxış elədiyindən arabir türmədə də yatırdı. Anası kənd müəllimi idi. Kiçik burjua ailəsi kimi onlar zəngin olmasalar da, məktəbdən daimi davalar törətdiyinə görə tez-tez qovulan oğullarının təhsilhaqqını ödəyə bilirdilər. Benito tərs, aqressiv və monaxların qaydalarına hörmət qoymayan uşaq kimi böyüyürdü. Uşaqlıq illəri xüsusi bir əlamətlə fərqlənməsə də, o, kiçik yaşlarından skripkada çalmağı öyrənir. Bu da sonralar artistik dairələrə aidiyyatı haqda danışmağı bəhanə olur. Orta təhsilini bitirəndən sonra Mussolini bir müddət kənddə müəllimlik eləyir. Pozğun həyat yaşadığına görə bu dövrdə qazandığı zöhrəvi xəstəliyini ömrünün sonuna kimi müalicə eləyə bilməmişdi.
Pikkolo duçe-kiçik rəhbər
Şöhrətpərəstliyi onu macəra axtarışlarına sövq elədiyindən o, İsveçrəyə gedir. Orda daşyonan, fəhlə, qulluqçu, qarson kimi işlərdə təsadüfi qazancla dolanaraq nəm komalarda yaşayırdı. Vaxaşırı avaraçılıq üstündə polis tərəfindən saxlanılırdı da. Artıq bu dövrdə Mussolini həmkarlar faliyyətinə qoşularaq sosialist partiyasına üzv olur və çıxışlar eləyirdi. Marksist ədəbiyyatını və filosofların yazdıqlarını oxumaq istəyindən alman və fransız dillərini də öyrənmişdi. Oxuduqlarından ən çox Nitşenin fölqəlbəşər insan ideyasına valeh olmuşdu. Bir də ki, Nitşenin xalqı «seçilmişlər üçün postament» və müharibəni insan ruhunun ən yüksək təzahürü sayması ideyalarını çox bəyənirdi. Məşhur olmağın ən rahat yolunu inqilabi publisistikada görən Mussolini insanların başa düşəcəyi rahat dildə yazmağı bacaran istedadlı jurnalist oldu. İtaliyaya qayıdandan sonra əsgərlik çəkmək və mavi gözlü kəndli qızı Rakellə evlənmək kimi iki vacib məsələni həll elədi. Rakelin ana və atasının razılığını almaq üçün o, evə soxularaq əlindəki revolverlə qızı ona verməyi tələb eləmişdi. Fırıldağı baş tutmuşdu və yazıq valideynlər ona qarşı heç nə edə bilməmişdilər. Cavanlar ev tutaraq münasibətlərini nə kilsədə, nə də vətəndaş nikahında qeydiyyata almamış yaşayırdılar. 1907-ci ildə törətdiyi iğtişaşlardan sonra tutulandan bəri onu «Pikkolo düçe», yəni «kiçik rəhbər» adlandırırdılar. Partiya işlərində irəli getdikcə «Avanti» («İrəli») qəzetinin redaktorluğu da ona tapşırıldı. Bir il əvvəl heç kimin tanımadığı 29 yaşlı Mussolini artıq partiya rəhbərliyində aparıcı vəzifələri tuturdu. Onun redaktorluğu dövründə «Avanti» qəzetinin tirajı 20 mindən artıb 100 min nüsxəyə çatmışdı. Onu parityadan uzaqlaşdıranda uzaqgörən təbiətli düçenin artıq «İtaliya xalqı» adlanan öz qəzeti və maliyyə dəstəyi də vardı.
Qaraköynəklilərin qiyamı
Müharibəyə çağırışlarına baxmayaraq, özü vuruşmağa getməyə tələsmirdi. Cəbhədəki görünməz qəhrəmanlıqları haqqında əfsanəni isə o müharibədən sonrakı illərdə çıxışları və xatirələrindəki yazılarda yarada bilmişdi. Vuruşduğu müddətdə o, jurnalist kimi cəbhədən gündəlik reportajlar yazırdı. Ona görə də qulluqdan azad ediləndə onu cəbhədən başı çıxan və əsgərlərin ehtiyaclarını yaxşı bilən adam kimi tanıyırdılar. Təsadüfən təcrübə qumbarasının partlamasından aldığı yaradan sonra baş kapral rütbəsində ordudan tərxis olundu. Keçmiş həbçiləri, ordudan qayıdan qəddarlaşmış, qaba və kobud insanları öz başına yığmış Mussolini «Faşio di kombattimento»nu (faşist sözü də burdan yaranıb) yaradır. Tarixə «Roma üzərinə yürüş» kimi daxil olmuş paytaxta faşist yürüşü nəticəsində Mussolini özünə baş nazir vəzifəsini tələb edirdi. Kralın qarnizonu yürüşçüləri dağıtmaqda iradəsizlik göstərdiyindən «qaraköynəklilər» şəhərə bir güllə atmadan daxil oldular. Mussolini Milandan Romaya gəlmək üçün xüsusi vaqon tələb etdiyindən bu faşist çevrilişi xalqın ironiya ilə adlandırdığı kimi, «Yataq vaqonunda inqilab» kimi daxil oldu. «Mən həmişə əmin olmuşam ki, İtaliyanın xilası üçün bir neçə onluq deputatı güllələmək lazımdır. Mən inanıram ki, parlament xalqın qanını zəhərləyən taun xəstəliyi kimidir. Onu kəsib atmaq lazımdır» deyən və bir illik məhdudiyyətsiz səlahiyyətlər almış Mussolini qısa müddətə xalqı sakitləşdirə bildi: 8 saatlıq iş günü, hökumət xərclərinin kəskin azaldılması, korrupsiyaçıların təmizlənməsi, poçta və dəmr yollarının işinin bərpası (bir ildən sonra bu böyük gəlir gətirən sahəyə çevrildi). Sonrakı 5 il ölkənin tam faşistləşməsinə həsr edildi.
Duçenin qadınları
Milana köçəndən sonra ailəsini orda atmış Mussolini ailə qayğılarını çiyinlərindən atmış donjuan həyatı yaşadı. Sayı yüzlərlə hesablanan qadınlar ona dövlət işləriylə məşğul olmağa mane olmurdu. Çünki o, iş arası, nahar fasiləsində vaxt tapıb ehtirasını söndürürdü. Mussolini aristokratik davranış qaydalarını bilmədiyindən istər qadınlarla münasibətdə, istər ziyafətlərdə özünü vulqar aparmasıyla bu qaydalara nifrət elədiyini hər dəfə vurğulayırdı. Amma tabeçiliyində olan insanlarla təkəbbürlə danışığı çox tez öyrənmişdi. Adətən kabinetinə çağırdığı adama oturmağı təklif eləməzdi. Siyasi portretinə ailəcanlılıq cizgisi əlavə etməkçün evlənmiş duçe ailəsini ildə 3-4 dəfə görməyə gedərdi. Faşistlər ailəni müqəddəs elan edəndən sonra ailəsini yanına gətirməli olur. Rəsmi arvadı Rakel ərinə hamı kimi «duçe» kimi müraciət edirdi. O, heç vaxt dövlət işlərinə burnunu soxmazdı. Ərinin hüdudsuz temperamenti öz həllini gah kabinetin iri xalçası üstündə, ya da pəncərə altlığında tapırdı. Seksual hərəkətlərində sadist sapmaları da hərdən özünü büruzə verirdi. Gözəl 20 yaşlı Klaretta Petaççi ilə tanış olandı duçenin yaşı əllini keçmişdi. Klaretti də Rakel kimi öz qısqanclığını boğmağı bacarmasaydı, dahi duçe ilə birgə ola bilməzdi. Mussolininin divanından keçən yüzlərlə qadından xəbərdar olsa da, o da cınqırını çıxarmırdı. Yerli qəzet və jurnallara arabir Klarettinin adını çəkmək icazəsi verilmişdi.
«Demokratiya xalqı ağa olduğuna inandırmış hökumət deməkdir»
Ölkədə faşist diktaturası bərqərar olandan sonra bütün partiyalar buraxılmış, qəzetlərin çapı dayandırılmış, rejimə qarşı çıxanlar həbs edilib, ya da ölkədən çıxarılmışdı. Dissidentlərin tutulub cəzalanması üçün yaradılan gücli polis diktatura dövründə 4600 antifaşisti aşkarlayıb məhv eləmişdi. Mussolini deyirdi ki, azadlıq həmişə filosofların təxəyyülünda mövcud olub. Xalq isə ondan azadlıq yox, çörək, ev, su xətti və s. istəyir. Xalqın dolanışıq tələblərini ödəməkçün Mussolini həqiqətən də heç bir ölkədə olmayan çoxplanlı sosial təminat sistemi yaratmışdı. Duçe anlayırdı ki, təkcə zorakılıqla öz hakimiyyətinin bünövrəsini qoymaq olmaz. İsanların rejimdən razılığı və hakimiyyətə qarşı vuruşmaq istəyindən vaz keçməsi daha lazımlıdır.
İri kəlləli ötkəm baxışlı insanın rəsmi demək olar ki, hər yerdə vurulurdu. Duçenin şərəfinə mahnılar qoşulur, filmlər çəkilir, monumental heykəllər qoyulur rəsmlər çəkilərək bütün bunlar açıqcalarda təsvir edilirdi. Onun haqqında senzuradan keçməmiş bir cümlə də dərc oluna bilməzdi. Heç kim diktatorun ad gününü təbrik edə bilməzdi, çünki bu tarix dövlət sirri kimi möhkəm gizlədilirdi. Duçe həmişə cavan olmalı və heç vaxt qürub etməyəcək rejimin canlı simvolu kimi yaşamalıydı. Kralın əmrləri formal olaraq qalsa da, hər çərşəmbə axşamı və cümə axşamları duçe kralın qəbuluna gedirdi. Bu vizitlərin sayəsində Mussolini faşist himni «Cio- vinetsa»nı «Kral marşı» ilə yanaşı, dövlət himni elan etməyə də nail olur. Bu tarixdə yeganə hadisədir ki, ölkənin iki rəsmi himni vardı. «İtalyanların yeni mənəvi və fiziki siması» adı altında Mussolini cəmiyyətə gülünc, bəzən axmaq fikirlər də sırıyırdı. Faşistlər arasında əl vermək qadağan edilmişdi. Qadınlar şalvar geyə bilməzdi. İnsanların toqquşmasının qarşısını almaq üçün küçələrdə yalnız sol tərəfdə getmək əmr olunmuşdu. Faşistlər burjua adəti sayılan çay içməyə qarşı çıxır və italyanların nitqindən incə müraciət formalarını çıxarmağa çalışırdılar. «Faşist şəmbələri» adlanan tədbirlərdə italyanlar hərbi- idman hərəkətləriylə bədənini və siyasi təlimatlarla ruhunu möhkəmləndirmək əmrləri alırdılar. Mussolini özü Niapolitan körfəzini üzüb keçmək, maneələrlə qaçış, at çapmalarında şəxsən iştirak edərək nümunə göstərməyə çalışırdı. Həmin illərdə «faşist toyu» adlanan ritual da dəbdəydi. Təbrik teleqramının cavabında evlənənlər ən geci bir ildən sonra «faşist vətənə əsgər bağışlamaq» vədini verirdilər. Abort qadağan edilmişdi. Vəfasız ər və arvadlar da çox ciddi cəzalanırdı. Dəbdə olan rəqslər «abırsız» adlanaraq qadağan olunmuşdu. Soyunmaqla bağlı olan bütün əyləncə növləri də qanundan kənar sayılırdı. Təbiətcə heç də puritan olmayan duçe qadınların çimərlik kostyumu, yubkalarının uzunluğunu mümkün qədər uzun olmasını şəxsən təyin eləyir, hündürdaban ayaqqabı və kosmetikaya müharibə elan eləmişdi. Duçe vətəndaşlara müraciət edib uşaq doğumunun tempini sürətləndirməyə çağırmışdı. İtalyanlar bu mövzuda zarafat eləyəndə deyirdilər ki, hamiləlik dövrünü iki dəfə qısaltmaqdan başqa əlacları qalmır. Sonsuz qadınlar özünü cəmiyyətdə cüzam xəstəsi kimi hiss edirdi. Mussolini uşaqsız ailələr və səbəbsiz subaylıq ilə əlaqədar vergi almaq barədə də düşünürdü.
Oğul qatili
Benito Mussolininin cinayətləri sırasında birinci arvadı və oğlunu dəlixanada çürütməsi faktı da var. Arvadı dəlixanada olarkən Mussolininin bəzi sirrlərini açaraq onu xəyanətdə günahlandıran məktubları Daxili İşlər Nazirliyinə yazmaq cəhdləri də eləmişdi. O, məktubunda yazırdı ki, əlində Mussolininin fransızlardan rüşvət götürdüyünü sübut eləyən sənədlər var. Ona görə də bu xanım dəlixanada guya ki, «başına qan sızmadan» vəfat eləyir. Qadını öldürtdürəndən sonra gecəylə evdən aparılmış uşağa dedilər ki, anası ölüb. Faşist polisi ona Mussolinini ata deyə çağırmağı da qadağan eləmişdi. İtalyan liderinin oğlu da 27 yaşı olanda psixi xəstəxanada rəhmətə gedir. Məlum olur ki, ona daim koma yaradan dərmanlar verirmişlər.
Baş-ayaq dünya…
Dünya savaşına baş qoşanda duçenin şəxsi həyatı uğursuzluqlarla keçirdi. Oğlu Bruno qəzada vəfat etmişdi. Sevgilisi Klaretta Petaççi çətin əməliyyatdan keçib elə bil ki, o dünyadan yenidən qayıtmışdı. Artıq İtaliyada da çörək çatışmır, tətillər bir-birinin ardınca düzülmüşdü. Hərbi əməliyyatların və insan iztirablarının günahını hamı Mussolinidə görürdü. Cəsarətlənmiş kral Mussolinini tutduğu vəzifədən azad eləyir. Bu addımdan sonra hitlerçilər İtaliyanı həmən əsarət altına alırlar. Tutduqları ərazilərdə hitlerçilər marionet dövləti qurub Mussolinini orda hakim seçirlər. Axı Mussolinidən başqa heç kim İtaliyada faşizmi həyata qaytara bilməzdi. Yalançı, Salo respublikası adlanan dövlətin başında keçirdiyi iki ili duçenin həyatında ən alçaldıcı və ümidsizlik illəri idi. Ölkədəki antifaşist fəaliyyəti nəticəsində imidləri sınan duçe İsveçrəyə qaçmağa cəhd eləyir. Amma yarı yolda partizanlar onu məşuqəsi Klaretti Petaççi ilə birgə tuturlar. Edamdan qabaq birgə keçirdikləri gecə onların birinci və sonuncu gecəsi idi. Əvvəllər işarası görüşdüklərinə görə heç vaxt birgə gecələməmişdilər. Klara çıxıb getmək xahişini heç yaxına da buraxmamışdı. Partizanlar Mussolinini güllələmək əmrini yerinə yetirəndən sonra hər ikisinin meyitini Milana gətirərək mərkəzi meydanların birində başıaşağı asmışdılar. Sevincdən tullanan insanlar cansız bədənlərə çürük pomidor və meyvə qırıntısı atırdı. İtalyanlar insanlara həmişə ikrahla yanaşan insana münasibəti belə bildirirdi…
Müəllif: Gülnarə RƏFİQ

Əmir Teymur - Avropa üzərində doğmuş qızıl aypara

Əmir Teymur
(8 Aprel 1336, Keş - 19 Mart 1405, Otrar)
Cağatay ulsunun türkləşmiş Barlas tayfasının Gürgan qoluna mənsub, adıyla tanınan imperiyanın qurucusu. Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə etmişdir. Astronom Uluq Bəyin babasıdır.

Cığatay xanədanının yaradıcısı, Teymurlular sülaləsinin ilk hökmdarı, böyük türk fatehi. 1405-ci ildə Çinə yürüş etmə ərəfəsində vəfat etmişdir. Yaratdığı böyük Cığatay dövlətinin ərazisi çox geniş idi. Teymurləng İran körfəzindən Qafqaza kimi, Hindistandan indiki Rusiyanın böyük ərazilərini əhatə etməklə iri bir imperiya yarada bilmişdi. Vəfatından sonra Cığatay xanədanı onun varisləri arasında gedən çəkişmələr nəticəsinda zəiflədi və bir neçə yerə bölündü.
Teymur gəncliyində Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmət etmiş və tez bir zamanda onun hörmətini qazanmışdı. 1356-cı ildə Əmir Qazan Xorasan üzərinə yüyüşdə fərqləndiyi üçün Teymuru qiymətli hədiyyələrlə müküfatlandırdı. Əmir Qazandan sonra hakimiyyətə keçmiş Əmir Hüseyn düşmənləri ilə mübarizə aparmaq üçün Teymurla ittifaqa girdi. Bu zaman Teymurla Cağatay hakimi Toğluq Teymurun arasında düşmənçilik hökm sürürdü. Teymur və Hüseynin birləşmiş dəstələri 1365-ci ildə Daşkənd yaxınlığında Toğluq Teymur tərəfindən məğlub edildilər. Toğluq Teymur Səmərqənd üzərinə yeridi. Bu zaman Səmərqəndin sənətkarları içərisində monqol zülmünə qarşı mübarizliyi ilə fərqlənən sərbədarilər adlandırılan qrup mövcud idi. Sərbədari rəhbərləri Səmərqəndin müdafiəsini öz üzərilərinə götürdülər. Toğluq Teymurun atlıları şəhərə daxil olduqda hər tərəfdən onların başına daş , kəsək və ox yağdırmağa başladılar. Əlverişsiz küçə döyüşündə 2000 nəfər döyüşçü itirən cağataylar vahiməyə düşərək qaçdılar. Sərbədarilərin hakimiyyəti bütün Səmərqənd vilayətinə yayıldı. Lakin 1366-cı ildə Teymur və Hüseynin dəstələri Səmərqənd vilayətinə daxil oldular. Onlar üsyanı qəddarlıqla yatırılar.
«Göydə tək olan Allah kimi, yerin də hakimi tək olmalıdır!»
Bir gün Teymur Azərbaycana işğalçı hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, «Ağrıdağdır». Teymur bir də soruşur ki, «Bu çay hansı çaydır?» Vəzir isə cavabında «Əyriçaydır, şah sağ olsun» deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur».
Quran oxumaqla və at çapmaqda keçən uşaqlıq
Teymurilər nəslinin banisi Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında anadan olub. Atası Tuqay Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı. Əksər vaxtını Quran oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələlərində keçirirdi.
Həmin dövrdə Müvəraünnəhr türk əmirlərinin əlində idi. Teymurun cəsarətini görən bir neçə dəliqanlı onun başına yığışdı. Düşmən tayfalara qarşı hərbi meydana atılanda onun cəmi on nəfər adamı vardı. Az keçmiş nüfuzlu türk əmirinin qızıyla evlənən Teymur İlyas Xacəyə qulluq etmək istəmir. O öz qaynı Hüseynlə ittifaq bağlayır. Monqollar ölkəni ələ keçirəndə Hıcı Xorasana qaçan vaxt qətlə yetirilir və Keşin hakimiyyəti Teymura qismət olur. Bəlx şəhərində toplanan türk minbaşılarının və tümən başçılarının qurultayında Teymur türk ənənələriylə ağ keçə üzərində yuxarıya qaldırıldı və üləma Seyid Bərkənin oxuduğu duadan sonra Müvəraünnəhrin əmiri elan edildi.Tam hüquqlu hakim olanda da Teymur başqa hakimlər kimi xan titulunu götürməyərək «Böyük əmir» rütbəsiylə kifayətlənirdi. Ölkənin paytaxtı kimi Səmərqəndi seçəndən sonra ona ölkənin sərhədlərində sakitliyi və daxilində səliqə-sahmanı bərqərarına 9 il lazım gəldi.
Misir piramidalarından Böyük Çin səddinə qədər
Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özüyçün 3 qanun müəyyyən elədi ki, ömrünün sonunacan onlra sadiq qaldı: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq və düşmənin zərbəsindən əvvəl həmlə eləmək. Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə etdi. O vaxt Çingizxan Yasa adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda əmir Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında qazanılırdı. Qoşunu xalqla birləşdirmək məqsədilə əmir Teymur monqolların buynuzlu bayraqlarını qızılı aypara ilə əvəz elədi. İndi Teymur qoşunları qızılı ayparanın altında hücuma keçirdilər. Hər yeni qələbəni Böyük Əmir tikili abidəylə əbədiləşdirirdi. Onlardan ən məşhurları – Registan, Şahi-Zində, Qur-Əmir məqbərəsi və Bibi Xanım məscididir. Onun əsgərləri hər yeni şəhərdə sənətkarları soraqlayıb sağ-salamat Səmərqəndə gətirməyə borclü idi. Əfsanəyə görə Dəməşqi yandırmazdan əvvəl Teymur məşhur məscidin gümbəzinin layihəsini çıxarmağı əmr edib ki, sonradan onu Səmərqənddə quraşdıra bilsin. İtirdiyi sevimli adamların da xatirəsinə abidələr ucaldardı. Bibi Xanım məscidi sevimli arvadı Alcay-ağanın xatirəsinə tikilib. Sevimli nəvəsini itirəndə isə Qur-Əmir məqbərəsinin tikintisinə əmr verir. Gələcəkdə həmən məqbərədə onun öz tabutu və teymurilərdən bir neçəsi də rahatlıq tapacaqdı. Onun imperiyası sanki gözəl yollardan hörülmüşdü. Səfərləri yorucu etməməkçün ara-sıra karvansaraylar, mehmanxanalar tikilirdi ki, səyyahlar atlarını dəyişib yorğunluğu çıxara bilsin. Yaxşı nəqliyyat sisteminə görə də Səmərqənddən gələn əmrlər bir neçə gün ərzində lazımı ünvana yetirdi. Cizli cəsuslar ölkə hakimiyyətindən və sadə camaatdan da xəbər daşıyrdılar. Həmin xəfiyyələr düşmənin hərəkəti, maddi durumu haqqında dəqiq informasiya verməklə yanaşı lazım gələrsə qorxu toxumu da səpirdilər. Bu vasitələrin hesabına əmir Teymur böyük əraziləri tam nəzarət altında saxlaya bilirdi. Tacirlər çox az rüsum verirdilər. Əvəzində onların toxunulmazlığına təminat verilirdi deyə ticarət yaxşı inkişaf edirdi. Tacirlər Hindistan, Çin, Avropa ilə sıx əlaqələr yaratmışdılar. Zəbt edilmiş ölkələrin şəhər hakimləri cinayətkarlıqla güclü mübarizə eləməli olurdular. Çünki qoyulan qanuna görə oğru tapılmasaydı şəhər hakimi zərəri öz cibindən ödəməliydi. Torpaqları birləşdirdikcə tədricə vergilər də azalırdı.
«Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil»
Orta əsrlərdə beynəlxalq münsibətlər «ata-oğul-qardaş» anlayışları üzərində qurulurdu. Öz tayına «qardaş», səndən asılı olana «oğul» deyirdilər. Beynəlxalq əlaqələrdə qalib olan «ata»ya çeırilərək termin kimi işlədilirdi. O, ələ keçirdiyi ərazilərdə adının dualar zamanı çəkilməsini, pulların üstündə öz cizgilərinin əks edilməsini tələb eləyə bilərdi. Bu şərtlər gəlir vergisi qədər vacib sayılırdı. Əmir Teymur ispan kralını «oğlu» adlandırmaqda işguzar söhbətlərdə bir daha vurğulayırdı ki, uzaq İspaniya belə onun əmrinə müntəzirdir. Üçillik adlanan birinci səfərdə Teymur monqolları İrtışa qədər şimala, şərqdən isə Böyük Ulduza qədər qovalaya bilir. «Beşillik» yürüşdə Xəzər ətrafı əraziləri, Qərbi Persiya və Bağdadı əldə edir. Əmirin oğlu Ömər Şeyx Farsın, Miranşah Azərbaycan və Zaqafqaziyanın hakimi təyin edilir. Monqolları rus sərhədlərinə qədər sıxışdırandan sonra Qafqaz dağları Teymur imperiyasının şimal sərhəddi olur. Hindistana yürüşü nəticəsində Teymur sərhədlərini genişləndirməsə də çoxlu şəhərlər əldə edərək Səmərqəndə çox böyük sərvətlə qayıdır. Arxasıyca qanlı iz qoyaraq Dehliyə qədər gedib çatan əmir geri qayıdanda 90 filin belində Səmərqənddə tikiləcək məscid üçün sal daşlar gətizdirirdi.Yeddi ililk yürüşün başlamasına Miranşahın havalanması təkan oldu. Çünki onun idarəçiliyindəki ərazilərdə narazılıqlar baş alıb gedirdi. Öz oğlunu da taxtdan salaraq Osmanlı sultanı Bəyazidlə döyüşə başlayır. Anqora ətrafında olan türkün türkə qılınc qaldırdığı döyüşdə Bəyazid məğlub olur və əsir düşür. Bağdadın hakimi Miranşahın oğlu Əbu Bəkr, Azərbaycanınkı isə o biri oğlu Ömər təyin edilir. Səmərqəndə qayıdnadan sonra Əmir Teymur çoxdan planlaşdırdığı nağıllar ölkəsi Çin üzərinə yürüşə hazırlaşır. Amma Çini də öz imperiyasına qatmağa ömrü kifayət eləmir.
Kürən Avropalı?
Əmir Teymurun hərəkətləri, səfərləri haqqında çoxsaylı məlumatlar yazmış tarixçilər onun görkəmi barədə çox az təsvirlər qoyublar. Əmirin əsiri ərəb İbn Arabşah onu gündür boylu, iri kəlləli və hündür alınlı kimi təsvir edir. Onun yazdığına görə Teymur çox güclü, cəsarətli, əla bədən quruluşlu, enli kürək kişi idi. Uzun saqqal saxlayırdı, saçı vaxtından qabaq ağarmışdı, bir ayağını çəkərək gəzir və qalın, bəm səslə danışırdı. Dərisini də qəribə olsa da ağ rəngdə təsvir edirdi. 1941-ci il 22 iyunda Qur-Əmir məqbərəsindən çıxarılmış sümüklərə əsasən əmirin portretini yaratmış antropoloq Gerasimov da bu təsvirə uyğun nəticələr əldə eləmişdi. Gerasimov sümüklərin sahibinin ayağını çəkməsini və əlinin qurumasını təsdiq eləmişdi. Alimin təsvirinə inansaq Teymur monqoloid yox, avropalı görkəmində idi. Əldə edilmiş skileti sahibi monqollar üçün hündür sayılan 170 sm-lik boyda idi. Teymurun vaxtından qabaq ağarmış kürən saçları və uzun bığları vardı. Saçın binokulyar altında tədqiqi saçların kürənliyinin tarixçilərin dediyi kimi xına ilə rənglənmiş yox, təbii olmasını təsdiqləyib.
Kəllələrdən qüllələr
Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiüyini yazırlar. Deyilənə görə əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilirmiş və döyüşdən qabaq əsgərləri ruhunu qaldırmaqçün onlara danışarmış. Bununla belə tarixçilər yazır ki, Teymur yazıb oxumağı bilmirdi. Savadsız adam müsəlman tarixçilərindən ən biliklilərindən olan İbn-Həldunu necə məftun edə bilərdi? Həmin ciddi-cəhdlə tarixçilər əmir Teymuru böyük şəhərləri başabaş qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. Onun İran səfəri zamanı İsfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratması barədə də çox danışırlar. Guya Xorasan şəhəri Səbzəvarda o, adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaratmışdı. Sonra Teymurun Hindistan səfərində Orta Asiyaya aparmaq çətin olduğundan yüz min əsiri qırmasından da danışırlar. Guya o, Bağdad səfəri zamanı bir gün ərzində 90 min adamın qılıncdan keçirib kəllələrdən 120 qüllə ucaldıb. Şaiyələrə görə Misiri zəbt eləyəndə əmir Teymur bir damcı müsəlman qanı axıtmayacağına söz verdiyinə görə guya ki, xristianları qılıncdan keçirib müsəlmanları diri-diri torpağa basdırmışdı. Tarixçilər Teymurləngin qaniçənliyini fiziki əzablarıyla bağlayırlar. Bu gün əsassız yazılardan başqa əmir Teymurun törətdiyi «vəhşiliklər»dən bizə bir dənə də təsdiq edici sübut məlum deyil. Kəsilmiş başlardan ibarət qüllələrin bir fraqmentini arxeoloji qazıntılar ortaya çıxarmayıb. Orta əsrlərdə qulların yaxşı satıldığı vaxt kim öz varidatını məhv eləyərdi ki?
«Mən, Tanrını qulu Teymur..»
Əmir Teymur ruhanilərə, dərvişlərə xüsusi hörmətlə yanaşıb. Küfr elan edilmiş (fəlsəfə və məntiqlə maraqlanmaq) işlərlə məşğul olmağa qoymur və böyük gəlir gətirməsinə baxmayaraq ticarət şəhərlərində əyləncə yerlərini bağlatdırmaqla dinin qadağalarına riayət etməyə çalışırdı. Teymur Allaha dərindən inanır, daim yanında Quran gəzdirir və mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi. Teymurun qılınc hesabına qazandıqlarını öz dualarıyla möhkəmləndirirdi. Böyük fateh öz məktublarını «Mən, Tanrını qulu Teymur..» sözləri ilə başlayırdı. Ölüm yatağında isə o, Seyid Bərkənin ayaqları altında basdırılmağı vəsiyyət etmişdi. Əmir Teymur düşmənə qarış amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. Azərbaycanda Əmir Altın 300 nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidəndə Teymur buna təssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidə də ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı. Birinci İbrahim İbn Soltan Məhəmməd ibn Keyqubad Şirvan taxt-tacını saxlamaq üçün Teymurla dil tapa bilmişdi. Türklərdə belə adət var ki, hədiyyə edəndə hər şeydən 9 dənə verərmişlər. Həmən qaydalara riayət edən Şeyx İbrahim özüylə 8 qul aparmışdı. Ondan soruşanda ki, niyə belədir, demişdi ki, doqquzuncu qul mən özüməm. Bu söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan və Şamaxının rəsmi hakimi elan eləyir. Tədricən 1-ci İbrahimlə əmir Teymur arasında «ağa-qul» münasibətləri dostluğa keçir. İbrahim ona xərac vermirdi, amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı ziyafətlər verməklə, qiymətli hədiyyələr göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez düşərgəsini Qarabağda salırdı. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir.
Əmir Teymur Karl Marksa da qalib gəldi
Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yenə də müharibə ola bilər. 1941-ci ildə Əlişir Nəvainin 500 illik yubileyi ərəfəsində təşkilat klmitəsinə Teymurun məqbərəsini açıb materialları tədqiq eləməyə icazə verildi. Qazıntılar 16 iyunda başladı. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxardılar. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, kamfara, qızılcül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Alimlər 21-dən 22-nə keçən gecə Ğeymurun sərdabasına düşdülər. Bundan bir saat keçmiş Almaniya SSRİ-yə hücum haqqında elan elədi. Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilmişdi. Stalin taleyini bir az da sınamaqdan çəkinib əmirin sümüklərini yerinə qaytarmağı əmr edir. Bü yaxınlaracan Qur - Əmir məqbərəsini ziyarətə gələnlərə Teymurləngin törətdiyi vəhşiliklərdən danışılır, zəbt edilmiş xalqların əzablarını təsvir edirdilər. Teymurun kanonlaşması 1995-ciildə Daşkəndin mərkəzində Marksın heykəlini yıxıb yerinə Əmir Teymura abidə qoyandan sonra başlayıb. Ölümündən sonra əmir Teymur Karl Marksa da qalib gəldi.
Müəllif: Gülnarə RƏFİQ

Napoleon - özünü fransalı sayan korsikalı sərkərdə

Napoleon Bonapart
(15 Avqust 1769 - 5 May 1821)
Napoleon Bonapart 15 avqust 1769-ci ildə Korsikada anadan olmuşdur. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu olmuşdur. O, Brienndəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir. Həmin dövrdə Fransada böyük çaxnaşmalar hökm sürürdü. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda müharibələrə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Napoleon bu qələbəsinə görə briqada generalı rutbəsinə qalxır.
1796-cı il 9 martda Napolelon Bonapart Jozefina de Boqarne ilə ailə həyatı qurur. 1810-cu il 1 apreldə Mariya Luiza ilə evlənir. Ondan oğlu II Napoleon Bonapart (1811-1832) dünyaya gəlir.
Fransız olana qədər...
Parisi qadınlarına görə ram eləmiş Napoleon bir qadının sevgisi qarşısında acizmiş... Bir vaxt ardı ilə milyonları aparan, fransızları Avropaya qan uddurmağa vadar edən Napoleonun ölümü nədənsə mərhəmət coşqunluğu yaratmadı. Romantizm dövrü gəldikcə isə o, Don Juan, Faust və Prometey kimi qəhrəmanların sırasına qoşularaq mifik qəhrəmana çevrildi. Vandom meydanındakı sütun və triumfal arka Napoleon dövrünün simvolu kimi hələ də yerindədir. Fransanın dahi sərkərdəsi Napoleon Bonapart Korsika adasında vəkil ailəsində anadan olub. 16-cı Lüdovik kasıblamış zadəgan ailələrinə pulsuz savad almaq imkanı verəndə Napoleonun bacı və qardaşları da bu imkandan istifadə elədilər. Kasıblar içində də ən kasıbı olan Napoleon Korsika patriotizmi və fransız zülmkarlarına qarşı ideyaları təbliğ eləyirdi. Hərbi məktəbi nailiyyətinə görə siyahıda 130 tələbədən 42-cisi kimi bitirərək artilleriya kiçik leytenantı rütbəsini aldı. Bu dövrdə o, özünü zadəgan sayaraq hələ də rəiyyətə nifrət eləyirdi. Napoleon Bonapart imzasını atdığı gündən o, özünü fransız saymağa başladı. Bir az sonra düşünəcəkdi ki, elə Fransanın özüdür...
Başına tac qoymuş inqilab
İnqilabın başında duran Napoleon sonradan imperatorluğa can atdıqca əslində bütün fransız krallarının və məşhur kardinal Rişelyenin arzusunu həyata keçirirdi. O, inqilaba tab gətirmiş köhnə rejimin ünsürlərini yeniləşdirərək inqilab və maarifçilik ideyalarına uyğunlaşdırmışdı. Napoleon son dərəcə mərkəzləşdirilmiş bürokratiya yaradaraq onu bir nəfərin əlində cəmləyə bildi. Bu monarxiya artıq ruhanilikdən, eləcə də kiçik burjuaziyadan asılılıqdan canını qurtarmışdı. Bir sözlə, böyük dövlət maşını işə düşmüşdü. Əvvəl 10 illik konsul oldu, sonra xələfini təyin etmək hüququ ilə ömürlük konsul. İmperator tacını başına taxanda isə ona «tac qoymuş inqilab» ləqəbi verdilər. Napoleon təkcə Reyn çayının sol sahilinə qədər uzanan Fransanın imperatoru deyildi, həm də İtaliyanın sahibiydi. Qardaşları Jozef Neapolda, Lui Hollandiyada, Jerom Vestfaliyada kral idi. Qələbələrin ardınca gələn uğursuzluqların apofeozunda da onunla imperator kimi rəftar eləmişdilər: Korsikanın yaxınlığındakı Elba adası ona verilmişdi, imperator titulunu saxlamışdı, qoşunu, gəmiləri və saray əyanları da vardı. Amma sakit oturmağı bacarmayan Napoleon yenidən Fransanın üstünə yeridi. Xalq onu yenə də kralların düşməni kimi alqışlayırdı.
«Güc heç vaxt gülməli olmur»
Deyilənə görə, bir dəfə Napoleon postda yatan əsgərə rast gəlir. Dövrün qanununa görə həmin əsgər güllələnməliydi. Napoleon əsgəri oyatmadan onun silahını götürüb postda durur. Vaxt çatanda onun əvəz eləməyə gələn serjant görür ki, imperator postda durub, əsgərsə yatmaqda davam eləyir. Napoleon çox yaxşı anlayırdı ki, çiyninə tüfəng alıb postda duran imperator haqqında xəbər həmən dəqiqə yayılacaq. Belə sərkərdəyə görə ölmə getməzlərmi? Rus çarı Aleksandr ilə birlikdə teatrda «Edip» tamaşasına baxdıqdan sonra Napoleon həmən gecə yuxuda görür ki, iri bir ayı onun sinəsini parçalayaraq ürəyini tikə parça eləyir. Bir qədər sonra Avropanın ayı adlandırdığı Rusiya üzərinə hücumundakı məğlubiyyətdən sonra o, bu yuxunu bir də yada salır. Çünki bu səfərdən sonra qurduğu imperiya parçalanmağa başlayır.
«Diktatora ölüm!»
Napoleon həyəcanlı ömründə dəfələrlə ölümdə üzbəüz qalsa da, hər dəfə sanki sehrliymiş kimi qurtula bilirmiş. Əlində bayraq qoşunun önündə gedəndə də, baş açılmaz xəstəlikdən saralıb qupquru qurusa da, tauna yoluxmuşların hospitalına getsə də, həmişə vəziyyətdən çıxış yolu tapılırdı. Elə bil ölüm özü «hələ vaxtı deyil» deyib ona yaşamaq şansı verirdi. Napoleon qoşunu Misirdə atıb Fransaya dönəndə ölkəni idarə edən direktoriya onu fərari elan eləmişdi. Onu ölüm gözləsə də, heç kim xalqın sevimlisini qətlə yetirməyə ürək eləmir. Napoleonun həyatında belə bir epizod da var: Döyüş vaxtı imperatorun yaxınlığına fitili alovlanan bomba düşür. Qaçışıb gizlənən əsgərlərə görk eləməkçün Napoleon ata minib bombanın lap qənşərində durur. Partlayışdan atın içalatı yerə tökülsə də, Bonapartın heç burnu da qanamamışdı. Napoleon üçün hazırlanmış bombalar gah terrorçunun əlində, gah da o keçəndən sonra partlayır. Hətta özünü öldürmək cəhdləri də alınmırdı. Vaterloo döyüşünün uğursuzluğundan və taxt-tacdan imtina edəndən sonra Napoleon sianid kalium qəbul etsə də, ölə bilmədi. İki il cibində gəzdirildiyi üçün təsirini itirmiş zəhər ona səhərədək zülm versə də, subh tezdən günəş çıxan kimi Napoleon da ayağa qalxmışdı.
«Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır»
«Mən taxtda olarkən lütfkarlığımı saxlaya bilmişəmsə, siz fransızlar buna görə Jozefinaya minnətdar olmalısınız. Onun incəliyi və nəvazişi mənim xasiyyətimi yumşaldaraq dəliliyimi ram edə bilirdi». Onlar tanış olanda Napoleon Fransanın tanınmış adamı, Jozefina Boqarne isə iki uşaq anası, kübar cəmiyyətin gözü və azad dul qadın idi. Evlənmək təklifini qəbul edəndə qadının 32, Napoleonun isə 26 yaşı vardı. Toy hədiyyəsi olan göy yaqut qaşlı üzüyün iç tərəfində yazılmışdı: «Bu, taledir!». Amma toydan iki gün keçmiş Napoleonun təzə gəlini qoyub cəbhəyə getməsi elə bil ki, onların bütün ailə münasibətlərinin təməlini qoyur. Sevgilisindən uzaqlaşdıqca hər dəfə atları dəyişməkçün dayananda Jozefinaya növbəti məktub yazılırdı: «Mən and içmək istəyəndə əlimi sənin portretini saxladığım sinəmin üstünə qoyuram. Sən gələcəksən, eləmi? Mənim yanımda olacaqsan?! Tez gəl!...Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır. Bu bıçaqları daha da dərinə soxma, yalvarıram.... Sən 6 aydır ki, mənim portretimi belə əlində tutmursan... Bax, bir az da geciksən, məni xəstə tapacaqsan!.. Əgər məni sevmirsənsə, bu dünyada yaşamağımın mənası yoxdur...» O isə gəlib çıxmaq bilmirdi. Əsgərlərlə bərabər döyüş meydanlarında yaşamaq Jozefinanın ürəynicə deyildi. Tarixçilər «Napoleon növbəti dəfə qoşunu qoyub getdi» yazanda o, Jozefinanın görüşünə qaçırdı. Jozefina isə Jozefina arabir xəyanətlərinin sayından bezmiş Napoleonun qapısının ağzında ağlayıb səhərəcən üzr diləməli olurdu.
Respublikaya varis lazımdı!
Böyük siyasət, daimi səfərlər, müharibələr onların «ailə» həyatının ayrılmaz hissəiydi. Əvəzində Napoleon zinət əşyalarını çox sevən Jozefinaya qiymətli hədiyyələr edərdi. Tacqoyma mərasimində Jozefina üçün hazırladığı dəfnə budaqları formasında duadema 1040 brilyantla bəzənmişdi. Bu forma 200 il ərzində dəbdən düşmədi. Şahidlərin dediyinə görə onların davaları eyni ssenari üzrə olurdu: Napoleon mebeli və Jozefinanın çox sevdiyi zinət əşyalarını sındırıb ora-bura tullayır, Jozefina isə enli çarpayıya üzüqoyulu sərilib hönkürür. Səhər başqa imperatorlardın fərqli olaraq bir otaqda yatan cütlüyün yataq otağından şən gülüş səsləri gəlir, qapı açılandan kandarda saçı-başı pırtlaşıq, amma xoşbəxt imperator görünürdü... Jozefina uşaq doğa bilsəydi, onlar heç ayrılmazdı. Respublikaya varis lazımıydı. Qəlbinin dərinliyinə qədər hələ də əsgər olan Napoleon vəziyyətlə barışmalı və qərara gəlməliydi.
Cavanlıq və bakirəlik tələsi
İmperiyanın maraqları naminə sevimli qadını Jozefina ilə ayrılaraq Avstriya imperatorunun qızı Mariya-Luiza ilə evlənir. Mariya Luiza uşaqlıqdan dövlət maraqlarına xidmət edəcək nikaha hazırlanırdı. Napoleon arvadını dəmir barmaqlıqlar arasında saxlamaq fikrindəydi. Jozefinanın yüngüllüyü ona dərs olmuşdu. Amma xanımının otaqlarını bəzəməkçün ləvazimatı , geyimi, zərgərlik məmulatlarını, qab-qaşığı da şəxsən özü seçirdi. Gəlinin toya gəlməsini gözləməyə səbri çatmayan Napoleon korteji gözləməyərək özü Mariya-Luizanı qarşılamağa çıxmışdı. Napoleon kilsədəki və kubar nicah mərasimlərini gözləməyə də səbri çatmadı....Yeni arvadının cavanlığı və bakirəliyi ona xüsusi ləzzət vermişdi. O, çox çalışırdı ki, yaxşı ər olsun, arvadını teatrlara, ballara, hətta ova da aparırdı. Onun zəhmətini yerə vurmayan Mariya-Luiza əvəzində Napoleona oğul hədiyyə elədi. Napoleon arvadını imperatriçə, kraliçə və imperiyanın regenti elan elədi. Napoleon Elba adasına sürgün edilən kimi bu qadın oğluyla birgə Vyanaya qayıdaraq öz həyatını yaşamağa başladı. Onu adada gözləyən və Avstriya imperatoruna məktubunda arvadını və oğlunu tələb edən Napoleon əmin idi ki, Mariyanı buraxmırlar. Mariya-Luizanın nikahdan kənar ikinci uşağa hamiləliyindən xəbəri yox idi. Napoleonun vəsiyyətinə görə öləndən sonra ürəyini ikinci arvadı Mariya-Luizaya göndərməliydilər. Amma nə qədər ki, ürəyi döyünürdü o, Jozefinanı düşünürdü...
Yenə sənsiz...
Napoleonla boşanandan sonra Jozefina Evre ətrafına köçüb zəngin həyat yaşamağa başlamışdı. O istədiyi hər bir şeyi əldə eləmişdi: Yelisey, Malmezon və Navarra malikanələri, illik 3 milyon renta, əvvəlki kimi titul, gerb, mühafizə və hörmət. Napoleon üçün verdiyi saraylar heç nə idi. O, ayrılığı daha baha qiymətə, öz göz yaşlarıyla almışdı. Atdığı arvadının həyatının xırda detallarıyla hələ də maraqlanan Napoleon məktubu məktuba calayırdı. Amma Malmezona gələndə heç vaxt Jozefinanın otağına keçməz, ətrafdakılara «keçmiş arvadını məşuqəsi kimi saxlayır» deməyə imkan verməzdi. Jozefinanın oğlu Yevgeni sonradan İtaliyanın vitse-kralı, qızı Qortenziya isə Holland kralı Lüdovik Bonapartın arvadı və 3-cü Napoleonun anası olur.
«Məşhurluq da nimdaşlaşır»
Napoleon təbabətə inanmırdı, ona görə də həmişə müalicədən imtina edərdi. Ondan soruşanda ki, «Siz fatalistsiz, qəzavü qədərə inanırsınızmı?» - belə cavab vermişdi: «Əlbəttə! Taleyin dediklərinə həmişə qulas asmaq lazımdı. Nə yazılıbsa, o da olacaq!». Sona yaxın müalicədən imtina eləməsini heç gür anlamayan həkiminə «Başa düşürsüz, mən xəstəlikdən ölmək istəyirəm» demişdi. Ölümünə az qalmış Napoleonun xidmətçiləri göydə düşən komet görmüşdülər. Bunu eşidən imperator çığırmışdı: «Komet Sezarın ölümünü qabaqcadan bildirmişdi, mənim ölmümü də xəbər verir! ». Sona yaxın Napoleon birdən-birə iştah açdı, bir az meyvə yeyib şampan içdi. Sabahısı vəziyyəti ağırlaşanda hava almaqçün onu əlləri üstə bayıra çıxarmaq təklifini eşidəndə «Yox, mən öləndə sizin belə imkanınız olacaq, hələ ki, mənə dəstək olsaz kifayətdi» demişdi. Napoleon öləndə ağzından bir kəlmə çıxdı: «Jozefina...»
«Uğur dahiləri izləyir»
Həkimlərin diaqnozuna görə, Napoleon mədə xərçəngindən vəfat eləmişdi. Amma ölümündən sonra şayiələr gəzməyə başladı ki, guya onu zəhərləyiblərmiş. 20-ci əsrdə Napoleonun saçını xüsusi avadanlıq vasitəsilə tədqiq edəndə saçın tərkibində «mışyak»ın normadan 13 dəfə artıq olduğunu ortaya çıxarmışdılar. Bu zəhəri ona uzun müddət, az dozalarda verirmişlər. Başqa bir versiyaya görə, zəhər Napoleonun bədəninə mışyak tərkibli yapışqanı olan yaşıl rəngli sevimli divar kağızından da keçə bilərdi. Adaya gələn kimi sürətlə kökəlməsi də mışyakla zəhərlənmənin simptomlarından biri sayılır. Bəzi alimlərsə Napoleonun kökəlməsini onun sona yaxın harmonal xəstəliyin olmasıyla bağlayırlar. Guya onun qanında qadın harmonları kişi harmonlarını üstələməyə başlamışdı.
Aforizmlərı:
- Yoxuşa qalxanda dayanmaq olur, enişdə isə mümkün deyil.
- Mümkün deyil ifadəsi ağmaqların lüğətindən götürülüb.
- Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar. Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.
Müəllif: Gülnarə RƏFİQ

Janna d’Ark - kəndli qızı, fransız şahzadəsi, yoxsa evdar xanım?

Janna d'Ark
(6 yanvar, 1412, Domremi - 30 may, 1431, Ruan)
Fransanın milli qəhrəmanı. Yüzillik müharibə dövründə fransız xalqının ingilislərə qarşı azadlıq mübarizəsində iştirak etmişdir. Dindar Jannaya vəhy gəlmişdir. O, dofin Karlı qəti hərbi əməliyyata başlamağa ruhlandırmış, başçılıq etdiyi ordu isə mühasirədə olan Orlean şəhərini ingilislərdən azad etmişdi. Bundan sonra xalq arasında Orlean Qızı adlandırılmışdı. Bir sıra qələbə qazanan Janna d`Ark Karlı taxt-taca sahib etdi (1427). 1430 ildə ingilislərin müttəfiqi burqundlara əsir düşmüş, onlar da Janna d`Arkı ingilislərə satmışdılar. Ruanda qurulmuş kilsə məhkəməsi Janna d`Arkı küfr və cadugərlikdə təqsirləndirmiş və o, tonqalda yandırılmışdı. 1456 ildə Fransa məhkəməsi ona bəraət qazandırmış, lakin yalnız 1920 ildə katolik Kilsəsi Janna d`Arkı müqəddəslər sırasına daxil etmişdir. Fransada 1979 ildən mayın 2-ci bazar günü Janna d`Ark günü kimi qeyd edilir.
Janna d'Ark 1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Meze çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası Jak d’Ark əkinçiliklə məğul olurdu, anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d’Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi” adlandırmışdı. Janna d’Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi. Bundan sonra ölkədə ingilislərin vassalları olan Dofinlərin və Burqon əsilzadələrinin hakimiyyəti dövrü başladı.
Orleandan tonqala qədər aparan triumfal marş Müqəddəs Yekaterina, Marqaritanın və Cəbrayılın səsi qulağına gələndə Jannanın 13 yaşı ardı. Janna Orleanı əsarətdən qurtarmalı, vəliəhdi taxta çıxararaq qəsbkarları krallıqdan qovmalıydı: «Janna, sən başqa yolla getməli olacaqsan. Çünki Göylərin padşahı səni kralın müdafiəsiyçün seçib». Bu səslər artır və hər gün «Orleanın mühasirəsini qırmaq lazımdır, sən getməlisən» deyib dururdu. Janna onu dəlilikdə gunahlandıranların yadına qədim məsəli salırdı:«Fransanı qadın məhv edib, sonra bakirə qız xilas edəcək». Məsəlin birinci hissəsi artıq çin olmuşdu. Bavariyalı İzabella əri fransız kralı 6-ci Karlı məcbur eləmişdi ki, oğlunu nicahdan kənar elan eləsin. Fransa kralsız qala bilərdi.
Pərilərin dolaşdığı yerdə
Janna d’Ark Şampan və Lotaringiya əyalətlərinin sərhəddində Domremi kəndində varlı kəndli ailəsində anadan olub. 17 yaşına qədər onu Jannetta Domremi kimi tanıyırdılar. Soruşanda qonşular onunçün «Belə də, hamı kimi» deyərdilər. Jannanın doğulduğu kəndin yaxınlığında çox gözəl, iri bir ağac bitirdi. Pərilər ağacı adlanan bu ağac hər bazar kəndin qız və oğlanlarını başına yığırdı. Onlar oxuyub oynayar və yaxınlıqdakı bulaqda yuyunardılar. Deyilənə görə lap qədimlərdə bu ağacın başında sehirli pərilər oynayarmış. Bu ağacın başına getməyi sevən Janna nədənsə heç vaxt orda pəri görməmişdi. Onun «pəriləri» ağ buluddan peyda olmuşdu...
«Kralı taxta yalnız mən çıxara bilərəm!»
6-cı Karlın dövründə Fransanın şimal torpaqlar alınmışdı. Qoşun əldən düşmüşdü. Bircə Orlean qalmışdı ki, ingilislər bu torpaqların tam sahibinə çevrilsin. Kəndli qızı Janna d’Ark öz missiyasını bəyan eləməkçün yola çıxanda artıq 17 yaşı vardı. Kralı taxta çıxaracağını eşidənlər onu ələ salıb gülürdü. Bir ildən sonra yenidən cəhd edəndə bu dəfə şəhərin kapitanı ona daha diqqətlə qulaq asıb (Janna bəzi döyüşlərin sonunu çox dəqiqliklə təsvir eləmişdi) kralın yanına getməkçün silahlı dəstə də ayırdı. 11 günlük yolu qət edib saraya çatdı. Vəliəhdə göndərdiyi məktublarda onu görməsə də min adamın içindən ayıra biləcəyini yazmışdı. Vəliəhd saray əyanları içində dayanıb Jannanın onu tanımayacağına əmin idi. Amma Janna onu 300 nəfərin içində tərəddüdsüz seçə bildi. Bundan sonra o, dərhal elan elədi ki, ingilis əsarətindən qurtulmaq və kralı taxta çıxarmaqçün göylər tərəfindən təyin edilib. Jannanın davranışını müşahidə etmək, məlumat toplamaq və sorğu sual 3 həftə vaxt apardı. Jannanın cavabları belə təəsürat oyatdı ki, o, həqiqətən də Tanrının müjdəçisidir. Onsuz da vəziyyət o qədər pis idi ki, Tanrıdan başqa köməyə gələsi başqa varlıq qalmamışdı. Kral tərəddüd içindəydi. Ən əvvəl o, qızın bakirəliyini yoxlatdırır. Sonra Jannanı din adamlarının əlinə verir ki, onu ağıllı başlı sorğu-suala tutsunlar. Jannanın vətəninə də adam göndərib məlumat toplayır. Qızın reputasiyasına xələl gətirə biləcək bir şey tapmayandan sonra qoşunları Jannanı komandanlığına verib onu baş komandan təyin eləyir. Dövrün ən yaxşı hərbçiləri 150 santimetrlik bir balaca qızın tabeliyinə verildi. Jannanın ölçüsündə yaraq-əsləhə hazırlandı. Kişi geyimi geyməkçün isə xüsusi komissiyanın icazəsini almalı oldu.
Döyüş zamanı göyərçinlər onun yanından əl çəkmirdi
Qoşunu Allah tərəfindən göndərilmiş komandan idarə edəcək xəbəri döyüşçülərdə ruh yüksəkliyi yaratdı. Janna bütün keşişləri yığıb qoşunun qarşısında gedərək antifonlar oxumağı xahiş eləmişdi. Fransız hərbçilərinin eləyə bilmədiyi bir işə, yəni Orlean şəhərini geri almağa Janna cəmi 4 gün sərf elədi. Orleanı geri alandan sonra artıq Janna Orlean qızı adlandırılırdı. İndiyə qədər də 8 may günü Orleanda şəhərin ad günü kimi qeyd edilir. Janna d’Arkla ünsiyyətdə olanların hamısı bu qızın qeyri-adi cazibəsindən danışırlar: «... Qız cazibəli görkəmə və kişi duruşuna malikdi. Az danışır, yeməyi, xüsusilə də şərabı çox sevir. Adam yığıncağını və söhbətləri xoşlamır. Gözəl atlarla və silahla çox maraqlanır. Silah gəzdirəndə ağırlıqdan çoxlu əzab çəksə də tərslik edib döyüşü udmayanadək yarağını çıxarmır. », «O bizimlə yol gedəndə meşədən quşlar çıxıb onun çiyninə qonur. Döyüş zamanı isə göyərçinlər onun yanından əl çəkmir». Jil de Re: «O ki, lap uşaqdı. Onun düşmənə şəxsən qılınc zərbəsi endirməsini də görən olmayıb. Döyüşdən sonra isə ölənlərin üstündə o qədər ağlayır ki. Onun ağzından bir dənə də artıq söz çıxmayıb. Onun yanında heç kim söyüş söymür. Kişilərlə bir yerdə yatmağa məcbur olduğu vaxtlarda belə heç kimin ona şəhvani nəzərlərlə baxmaq heç ağlına da gəlmir». Jan Alanson: «Müharibəyə aid olan hər bir şeydən başı çıxırdı. Nizəni sancmağı, qoşunu gözdən keçirməyi, topları yerləşdirməyi o qədər yaxşı edirdi ki, elə bil 20-30 illik təcrübəsi var».
Jannanı 10 min qızıla satdılar
Jannanın komandanlığı altında payızacan bütün ərazilər geyi qaytarılmışdı. İrəlidə bircə Paris qalırdı. Amma kral nədənsə tərəddüd edir, hətta payızda qoşunu da buraxdı. Yaza qədər kralı inandırmaqla məşğul olan Janna 23 mayda xəyanətkarlıq nəticəsində burqundlulala əsir düşür. Şəhərə girəndən sonra geri çəkilməkçün nəzərdə tutulmuş körpünü kimsə qaldırıbmış. Deyilənə görə bunu kralın tərəfdarları təşkil eləmişdi. Taxtda oturmasında Jannaya minnətdar olmalı olan kral onu xilas etməkçün heç barmağını da tərpətmir. Burqundlular Jannanı 10 min qızıl livrəyə ingilislərə satır.
Cadugər, yoxsa müqəddəs?..
Janna d’Arkın rəsmi məhkəməsi bir ildən sonra başlayır. Onu kilsə mühakimə edirdisə də ingilislərin türməsində hərbi əsir kimi qandallarda saxlanılırdı. Məhkəməylə bağlı bütün xərcləri ingilislər ödəsə də cadukərlikdə ittiham edən hakimlər fransız idi. Tribunalın 150 üzvünün qarşısında davam gətirən bu qıza verilən ittihamnamə 70 müddədan ibarət idi. Məhkəmədə Janna sualları çox mətanətlə cavablayır, İblislə əlaqələri və küfr hərəkətlər haqqında bütün cəfəngiyyatları heç yaxına da buraxmırdı. Son variantda 12 ittiham maddəsi vardı. Əsas müddəalar qeybdən səs eşitmək, kişi paltarı geymək, pəri ağacı, kralı yoldan çıxarma və kilsəyə tabe olmamaq idi. Həm də sübut olunmalıydı ki, Jannanı eşitdiyi səslər İblisin sözləriydi. İnkvizisiya da Jannanın bakirəliyini yoxlamışdı ki, bəlkə
İblislə cinsi əlaqələrini sübuta yetirə bilər.
Hakimlər çox yaxşı anlayırdı ki, Janna günahını etiraf eləməsə onun əzabkeş obrazını öz əlləriylə yaratmış olacaqdılar. Ona görə də savadsız qızı tonqal başına gətirməklə qorxudaraq bir başqa mətn oxuyub tamam başqa bir kağıza qol çəkməyə razı sala bilirlər. Kişi paltarından rəsmi imtina edəndən sonra Janna yenidən onu geyməyə məcbur olur. Çünki onun qadın paltarını alıb gizlətmişdilər. Məhkəmə isə bunu kilsəyə təhqir və küfr kimi qaymətləndirib qızı birbaş tonqala göndərir... İngilislərin planı baş tutmuşdu. İndi onlar bütün xristian aləminə elan edə bilərdilər ki, fransız kralı taxta cadugərin əliylə çıxıb. 25 ildən sonra Jannanı məhkəməsi sənədləri yenidən qaldırılaraq 115 şahid, anası dostları, yoldaşları bir daha dindirilərək məhkəmənin haqsız olduğu elan edilir. 20-ci əsrdə isə Janna d’Ark muqəddəs elan edildi.
Yanmayan ürək...
Ruan şəhərinin Köhnə Bazar meydanında tonqal yanmağa hazırdı. Jannanın başına qoyulmuş kağız mitrada (kafirləri tonqala aparanda gülünc vəziyyətə salmaqçün qoyulan xüsusi papaq) yazılmışdı: «Özünü Orlean qızı adlandıran, cadugər, İblisin qulu, kafir, mürtəd, bütpərəst»... Janna «Yepiskop, mən sizə görə ölmə gedirəm. Sizi Allahın məhkəməsinə çağırıram!» deyərək tonqal başından çığırırdı. Janna ona xaç verilməsini son arzu kimi dilinə gətirəndə ona bir-birinə bağlanmış iki çubuq verdilər. Od alov onu bürüyəndə bir neçə dəfə «İisus» deyə çağırırmış. Bu mənzərəyə baxanların hamısı ağlayırdı.... Tezliklə ona çatan alov bir andaca paltarını yandırdığına görə hamı onu çılpaq gördü. Adamlar onun yanmasına doyunca baxandan sonra cəllad odunu artırdı ki, bədən tam külə çevrilsin. Hər şey bitəndən sonra cəllad eşafotu yığışdırmaqçün ora qalxanda külün içində Jannanın yanmamış ürəyini tapır. Bir neçə dəfə odun yığıb ürəyi bir də yandırmaq cəhdləri eləsə də alınmır. Axırda 19 yaşlı qızın ürəyini incitməkdən bezib külünü yanmamış ürəyi ilə birgə Senv çayı üzərində səpələyir...
Qəbirdən xortlamış Janna
Deyilənə görə Janna d’Ark nəinki ölməmiş , hətta Rober D’Armuazla uğurlu ailə qurub iki uşaq anası kimi gözəl həyat yaşamışdı. D’Armuazlar nəsli indinin özündə də özlərini Janna d’Arkın nəslindən sayırlar. D’Armuaz və Jannanın toyundan qalan nigah kontraktında bütün şahidlər Orlean qızının dostları, silahdaşları idi. Guya edamdan 5 il sonra Janna evlərinə gəlib və iki qardaşı onu qəbul edib. Qardaşlarının bacılarıyla daimi əlaqələrini sübut edən pul köçürmələri, məktub qəbzləri indi də arxivdə saxlanılır. Onu tanıyanlar, silah dostları, anası da bunu təsdiqləyib. Sonra bu xanım D’Armuaz sakit ailə həyatından bezib bir vaxtlar onu əlləri üstündə gəzdirən Orleana da gedibmiş. Orlean şəhərinin hesab kitabında onun şərəfinə verilmiş naharın hesabı və Jannaya verilən hədiyyə 210 livr haqqında yazı qeyd olunub: «Orlean şəhərinə göstərdiyi xidmətlərə görə...». Onu çox yaxşı tanıyan orleanlılar kütləvi yanılmaya düşə bilərdilərmi? Qəbirdən xortlamış Jannanı başqa şəhərlərdə də çox yaxşı qarşılamışdılar. Amma Parisə çatmamış onu həbs edib rüsvaylıq dirəyinə bağlamışdılar. Bundan sonra bu xanım rəsmi şəkildə Orlean qızının adını mənimsədiyini elan eləməli olmuşdu. Amma 150 sm boyu, qulağının arxasındakı anadangəlmə xalı, yaralarından qalmış çapıqları- bunları plastik cərrahiyyə olmasa təkrarlamaq mümkün olmazdı. Çoxları düşünürdü ki, yanan Janna özü deyilmiş. Onun edamında 800 nəfərlik ingilis əsgərlərindən ibarət dəstə tonqala aparılan və üzü yarıörtülü qadının kim olduğunu görməyə mane olurdu.
Janna fransız şahzadəsiymiş?
Daha bir əfsanəyə görə guya Janna d’Ark kəndli qızı deyil, kraliçə İzabellanın nicahdan kənar qızı olub. Bu əfsanə sadə kəndli qızının kralı belə asanlıqla inandırmasını izah eləyə bilir. Axı, Janna ona təklikdə nəsə deyəndən sonra kral ona inanmağa başlayır. Daha sonra Jannanın siyasi hadisələrdən xəbərdar olmasını, nizə atmağı bilməsini (o vaxtlar cəngavər rütbəsinə layiq olan zədəganlar nizə atmağı bilərdi), əyalət ləhcəsi olmadan təmiz fransızca danışmasını, padşahlarla çox asan ünsiyyətə girməsini izah edirdi. Janna heç bir yerdə öz soyadını çəkmir və öz valideynlərini kənddən çıxan kimi sanki unudub heç yada da salmırdı. Janna d’Arkın genekoloji müayinəsində sarayın ən rütbəli xanımlarının iştirak etməsi də bu fikri təsdiqləyir. Yoxsa ki, sadə kəndli qızı üçün bu çox böyük şərəf olardı. Domremi kəndində gizlədilmiş bu kral uşağı lazımi anda ortaya atılıb Orleanı azad eləməli, qardaşı Kralı taxta çıxarmalı və ingilisləri darmadağın eləməli idi. Bu, siyasi addıma daha çox bənzəyir. Məhkəmənin sənədlərindən aydın olur ki, inkvizisiyanın ən dəhşətli dövrlərində Jannaya qarşı işgəncə tətbiq edilməyib. Minlərlə adamı sorğu-sualsız yandıran inkvizisiyanın belə davranışını siyasi sifarişi həyata keçirməsiylə izah eləmək olar. Ola bilər ki, tonqalda yanmaqdan onu elə ögey qardaşı 7-ci Kral özü xilas edib, əvəzinə başqa qadını yandırıblar. Janna d’Ark transvistit olub?Başqa bir, 20-ci əsrdə yaranmış əfsanəyə görə Janna d’Ark yalnız xarici görkəminə görə qız imiş. Təbabətdə buna Morris sindromu deyirlər. Qanının tərkibi, orqanlarının quruluşu daha çox kişiyə yaxın imiş. Döyüşkənliyini, kişilərin arasında özünü rahat hiss eləməsini, hərbi istedadı və döyüşdəki narahatlıqları rahat keçirməsini bununla izah eləyirlər.
Müəllif: Gülnarə RƏFİQ