28 September, 2009

Napoleon - özünü fransalı sayan korsikalı sərkərdə

Napoleon Bonapart
(15 Avqust 1769 - 5 May 1821)
Napoleon Bonapart 15 avqust 1769-ci ildə Korsikada anadan olmuşdur. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu olmuşdur. O, Brienndəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir. Həmin dövrdə Fransada böyük çaxnaşmalar hökm sürürdü. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda müharibələrə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Napoleon bu qələbəsinə görə briqada generalı rutbəsinə qalxır.
1796-cı il 9 martda Napolelon Bonapart Jozefina de Boqarne ilə ailə həyatı qurur. 1810-cu il 1 apreldə Mariya Luiza ilə evlənir. Ondan oğlu II Napoleon Bonapart (1811-1832) dünyaya gəlir.
Fransız olana qədər...
Parisi qadınlarına görə ram eləmiş Napoleon bir qadının sevgisi qarşısında acizmiş... Bir vaxt ardı ilə milyonları aparan, fransızları Avropaya qan uddurmağa vadar edən Napoleonun ölümü nədənsə mərhəmət coşqunluğu yaratmadı. Romantizm dövrü gəldikcə isə o, Don Juan, Faust və Prometey kimi qəhrəmanların sırasına qoşularaq mifik qəhrəmana çevrildi. Vandom meydanındakı sütun və triumfal arka Napoleon dövrünün simvolu kimi hələ də yerindədir. Fransanın dahi sərkərdəsi Napoleon Bonapart Korsika adasında vəkil ailəsində anadan olub. 16-cı Lüdovik kasıblamış zadəgan ailələrinə pulsuz savad almaq imkanı verəndə Napoleonun bacı və qardaşları da bu imkandan istifadə elədilər. Kasıblar içində də ən kasıbı olan Napoleon Korsika patriotizmi və fransız zülmkarlarına qarşı ideyaları təbliğ eləyirdi. Hərbi məktəbi nailiyyətinə görə siyahıda 130 tələbədən 42-cisi kimi bitirərək artilleriya kiçik leytenantı rütbəsini aldı. Bu dövrdə o, özünü zadəgan sayaraq hələ də rəiyyətə nifrət eləyirdi. Napoleon Bonapart imzasını atdığı gündən o, özünü fransız saymağa başladı. Bir az sonra düşünəcəkdi ki, elə Fransanın özüdür...
Başına tac qoymuş inqilab
İnqilabın başında duran Napoleon sonradan imperatorluğa can atdıqca əslində bütün fransız krallarının və məşhur kardinal Rişelyenin arzusunu həyata keçirirdi. O, inqilaba tab gətirmiş köhnə rejimin ünsürlərini yeniləşdirərək inqilab və maarifçilik ideyalarına uyğunlaşdırmışdı. Napoleon son dərəcə mərkəzləşdirilmiş bürokratiya yaradaraq onu bir nəfərin əlində cəmləyə bildi. Bu monarxiya artıq ruhanilikdən, eləcə də kiçik burjuaziyadan asılılıqdan canını qurtarmışdı. Bir sözlə, böyük dövlət maşını işə düşmüşdü. Əvvəl 10 illik konsul oldu, sonra xələfini təyin etmək hüququ ilə ömürlük konsul. İmperator tacını başına taxanda isə ona «tac qoymuş inqilab» ləqəbi verdilər. Napoleon təkcə Reyn çayının sol sahilinə qədər uzanan Fransanın imperatoru deyildi, həm də İtaliyanın sahibiydi. Qardaşları Jozef Neapolda, Lui Hollandiyada, Jerom Vestfaliyada kral idi. Qələbələrin ardınca gələn uğursuzluqların apofeozunda da onunla imperator kimi rəftar eləmişdilər: Korsikanın yaxınlığındakı Elba adası ona verilmişdi, imperator titulunu saxlamışdı, qoşunu, gəmiləri və saray əyanları da vardı. Amma sakit oturmağı bacarmayan Napoleon yenidən Fransanın üstünə yeridi. Xalq onu yenə də kralların düşməni kimi alqışlayırdı.
«Güc heç vaxt gülməli olmur»
Deyilənə görə, bir dəfə Napoleon postda yatan əsgərə rast gəlir. Dövrün qanununa görə həmin əsgər güllələnməliydi. Napoleon əsgəri oyatmadan onun silahını götürüb postda durur. Vaxt çatanda onun əvəz eləməyə gələn serjant görür ki, imperator postda durub, əsgərsə yatmaqda davam eləyir. Napoleon çox yaxşı anlayırdı ki, çiyninə tüfəng alıb postda duran imperator haqqında xəbər həmən dəqiqə yayılacaq. Belə sərkərdəyə görə ölmə getməzlərmi? Rus çarı Aleksandr ilə birlikdə teatrda «Edip» tamaşasına baxdıqdan sonra Napoleon həmən gecə yuxuda görür ki, iri bir ayı onun sinəsini parçalayaraq ürəyini tikə parça eləyir. Bir qədər sonra Avropanın ayı adlandırdığı Rusiya üzərinə hücumundakı məğlubiyyətdən sonra o, bu yuxunu bir də yada salır. Çünki bu səfərdən sonra qurduğu imperiya parçalanmağa başlayır.
«Diktatora ölüm!»
Napoleon həyəcanlı ömründə dəfələrlə ölümdə üzbəüz qalsa da, hər dəfə sanki sehrliymiş kimi qurtula bilirmiş. Əlində bayraq qoşunun önündə gedəndə də, baş açılmaz xəstəlikdən saralıb qupquru qurusa da, tauna yoluxmuşların hospitalına getsə də, həmişə vəziyyətdən çıxış yolu tapılırdı. Elə bil ölüm özü «hələ vaxtı deyil» deyib ona yaşamaq şansı verirdi. Napoleon qoşunu Misirdə atıb Fransaya dönəndə ölkəni idarə edən direktoriya onu fərari elan eləmişdi. Onu ölüm gözləsə də, heç kim xalqın sevimlisini qətlə yetirməyə ürək eləmir. Napoleonun həyatında belə bir epizod da var: Döyüş vaxtı imperatorun yaxınlığına fitili alovlanan bomba düşür. Qaçışıb gizlənən əsgərlərə görk eləməkçün Napoleon ata minib bombanın lap qənşərində durur. Partlayışdan atın içalatı yerə tökülsə də, Bonapartın heç burnu da qanamamışdı. Napoleon üçün hazırlanmış bombalar gah terrorçunun əlində, gah da o keçəndən sonra partlayır. Hətta özünü öldürmək cəhdləri də alınmırdı. Vaterloo döyüşünün uğursuzluğundan və taxt-tacdan imtina edəndən sonra Napoleon sianid kalium qəbul etsə də, ölə bilmədi. İki il cibində gəzdirildiyi üçün təsirini itirmiş zəhər ona səhərədək zülm versə də, subh tezdən günəş çıxan kimi Napoleon da ayağa qalxmışdı.
«Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır»
«Mən taxtda olarkən lütfkarlığımı saxlaya bilmişəmsə, siz fransızlar buna görə Jozefinaya minnətdar olmalısınız. Onun incəliyi və nəvazişi mənim xasiyyətimi yumşaldaraq dəliliyimi ram edə bilirdi». Onlar tanış olanda Napoleon Fransanın tanınmış adamı, Jozefina Boqarne isə iki uşaq anası, kübar cəmiyyətin gözü və azad dul qadın idi. Evlənmək təklifini qəbul edəndə qadının 32, Napoleonun isə 26 yaşı vardı. Toy hədiyyəsi olan göy yaqut qaşlı üzüyün iç tərəfində yazılmışdı: «Bu, taledir!». Amma toydan iki gün keçmiş Napoleonun təzə gəlini qoyub cəbhəyə getməsi elə bil ki, onların bütün ailə münasibətlərinin təməlini qoyur. Sevgilisindən uzaqlaşdıqca hər dəfə atları dəyişməkçün dayananda Jozefinaya növbəti məktub yazılırdı: «Mən and içmək istəyəndə əlimi sənin portretini saxladığım sinəmin üstünə qoyuram. Sən gələcəksən, eləmi? Mənim yanımda olacaqsan?! Tez gəl!...Ürəyim yüzlərlə bıçaq batırılmış kimi ağrıyır. Bu bıçaqları daha da dərinə soxma, yalvarıram.... Sən 6 aydır ki, mənim portretimi belə əlində tutmursan... Bax, bir az da geciksən, məni xəstə tapacaqsan!.. Əgər məni sevmirsənsə, bu dünyada yaşamağımın mənası yoxdur...» O isə gəlib çıxmaq bilmirdi. Əsgərlərlə bərabər döyüş meydanlarında yaşamaq Jozefinanın ürəynicə deyildi. Tarixçilər «Napoleon növbəti dəfə qoşunu qoyub getdi» yazanda o, Jozefinanın görüşünə qaçırdı. Jozefina isə Jozefina arabir xəyanətlərinin sayından bezmiş Napoleonun qapısının ağzında ağlayıb səhərəcən üzr diləməli olurdu.
Respublikaya varis lazımdı!
Böyük siyasət, daimi səfərlər, müharibələr onların «ailə» həyatının ayrılmaz hissəiydi. Əvəzində Napoleon zinət əşyalarını çox sevən Jozefinaya qiymətli hədiyyələr edərdi. Tacqoyma mərasimində Jozefina üçün hazırladığı dəfnə budaqları formasında duadema 1040 brilyantla bəzənmişdi. Bu forma 200 il ərzində dəbdən düşmədi. Şahidlərin dediyinə görə onların davaları eyni ssenari üzrə olurdu: Napoleon mebeli və Jozefinanın çox sevdiyi zinət əşyalarını sındırıb ora-bura tullayır, Jozefina isə enli çarpayıya üzüqoyulu sərilib hönkürür. Səhər başqa imperatorlardın fərqli olaraq bir otaqda yatan cütlüyün yataq otağından şən gülüş səsləri gəlir, qapı açılandan kandarda saçı-başı pırtlaşıq, amma xoşbəxt imperator görünürdü... Jozefina uşaq doğa bilsəydi, onlar heç ayrılmazdı. Respublikaya varis lazımıydı. Qəlbinin dərinliyinə qədər hələ də əsgər olan Napoleon vəziyyətlə barışmalı və qərara gəlməliydi.
Cavanlıq və bakirəlik tələsi
İmperiyanın maraqları naminə sevimli qadını Jozefina ilə ayrılaraq Avstriya imperatorunun qızı Mariya-Luiza ilə evlənir. Mariya Luiza uşaqlıqdan dövlət maraqlarına xidmət edəcək nikaha hazırlanırdı. Napoleon arvadını dəmir barmaqlıqlar arasında saxlamaq fikrindəydi. Jozefinanın yüngüllüyü ona dərs olmuşdu. Amma xanımının otaqlarını bəzəməkçün ləvazimatı , geyimi, zərgərlik məmulatlarını, qab-qaşığı da şəxsən özü seçirdi. Gəlinin toya gəlməsini gözləməyə səbri çatmayan Napoleon korteji gözləməyərək özü Mariya-Luizanı qarşılamağa çıxmışdı. Napoleon kilsədəki və kubar nicah mərasimlərini gözləməyə də səbri çatmadı....Yeni arvadının cavanlığı və bakirəliyi ona xüsusi ləzzət vermişdi. O, çox çalışırdı ki, yaxşı ər olsun, arvadını teatrlara, ballara, hətta ova da aparırdı. Onun zəhmətini yerə vurmayan Mariya-Luiza əvəzində Napoleona oğul hədiyyə elədi. Napoleon arvadını imperatriçə, kraliçə və imperiyanın regenti elan elədi. Napoleon Elba adasına sürgün edilən kimi bu qadın oğluyla birgə Vyanaya qayıdaraq öz həyatını yaşamağa başladı. Onu adada gözləyən və Avstriya imperatoruna məktubunda arvadını və oğlunu tələb edən Napoleon əmin idi ki, Mariyanı buraxmırlar. Mariya-Luizanın nikahdan kənar ikinci uşağa hamiləliyindən xəbəri yox idi. Napoleonun vəsiyyətinə görə öləndən sonra ürəyini ikinci arvadı Mariya-Luizaya göndərməliydilər. Amma nə qədər ki, ürəyi döyünürdü o, Jozefinanı düşünürdü...
Yenə sənsiz...
Napoleonla boşanandan sonra Jozefina Evre ətrafına köçüb zəngin həyat yaşamağa başlamışdı. O istədiyi hər bir şeyi əldə eləmişdi: Yelisey, Malmezon və Navarra malikanələri, illik 3 milyon renta, əvvəlki kimi titul, gerb, mühafizə və hörmət. Napoleon üçün verdiyi saraylar heç nə idi. O, ayrılığı daha baha qiymətə, öz göz yaşlarıyla almışdı. Atdığı arvadının həyatının xırda detallarıyla hələ də maraqlanan Napoleon məktubu məktuba calayırdı. Amma Malmezona gələndə heç vaxt Jozefinanın otağına keçməz, ətrafdakılara «keçmiş arvadını məşuqəsi kimi saxlayır» deməyə imkan verməzdi. Jozefinanın oğlu Yevgeni sonradan İtaliyanın vitse-kralı, qızı Qortenziya isə Holland kralı Lüdovik Bonapartın arvadı və 3-cü Napoleonun anası olur.
«Məşhurluq da nimdaşlaşır»
Napoleon təbabətə inanmırdı, ona görə də həmişə müalicədən imtina edərdi. Ondan soruşanda ki, «Siz fatalistsiz, qəzavü qədərə inanırsınızmı?» - belə cavab vermişdi: «Əlbəttə! Taleyin dediklərinə həmişə qulas asmaq lazımdı. Nə yazılıbsa, o da olacaq!». Sona yaxın müalicədən imtina eləməsini heç gür anlamayan həkiminə «Başa düşürsüz, mən xəstəlikdən ölmək istəyirəm» demişdi. Ölümünə az qalmış Napoleonun xidmətçiləri göydə düşən komet görmüşdülər. Bunu eşidən imperator çığırmışdı: «Komet Sezarın ölümünü qabaqcadan bildirmişdi, mənim ölmümü də xəbər verir! ». Sona yaxın Napoleon birdən-birə iştah açdı, bir az meyvə yeyib şampan içdi. Sabahısı vəziyyəti ağırlaşanda hava almaqçün onu əlləri üstə bayıra çıxarmaq təklifini eşidəndə «Yox, mən öləndə sizin belə imkanınız olacaq, hələ ki, mənə dəstək olsaz kifayətdi» demişdi. Napoleon öləndə ağzından bir kəlmə çıxdı: «Jozefina...»
«Uğur dahiləri izləyir»
Həkimlərin diaqnozuna görə, Napoleon mədə xərçəngindən vəfat eləmişdi. Amma ölümündən sonra şayiələr gəzməyə başladı ki, guya onu zəhərləyiblərmiş. 20-ci əsrdə Napoleonun saçını xüsusi avadanlıq vasitəsilə tədqiq edəndə saçın tərkibində «mışyak»ın normadan 13 dəfə artıq olduğunu ortaya çıxarmışdılar. Bu zəhəri ona uzun müddət, az dozalarda verirmişlər. Başqa bir versiyaya görə, zəhər Napoleonun bədəninə mışyak tərkibli yapışqanı olan yaşıl rəngli sevimli divar kağızından da keçə bilərdi. Adaya gələn kimi sürətlə kökəlməsi də mışyakla zəhərlənmənin simptomlarından biri sayılır. Bəzi alimlərsə Napoleonun kökəlməsini onun sona yaxın harmonal xəstəliyin olmasıyla bağlayırlar. Guya onun qanında qadın harmonları kişi harmonlarını üstələməyə başlamışdı.
Aforizmlərı:
- Yoxuşa qalxanda dayanmaq olur, enişdə isə mümkün deyil.
- Mümkün deyil ifadəsi ağmaqların lüğətindən götürülüb.
- Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar. Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.
Müəllif: Gülnarə RƏFİQ

No comments:

Post a Comment