(29 İyul 1883 - 28 Aprel 1945)
İtaliyali siyasətçi, faşizmin banisi, faşist partiyasının başçısı, diktator (duçe), 1922-1943-cü illərdə İtaliyanın rəhbəri
«Kütlə də qadın kimi güclü kişiləri sevir»
Romanın mərkəzində «Venesiya» sarayının 30 mindən artıq insan yerləşən böyük meydançası qarşısında eyvanda faşist lideri vaxtaşırı görünməyi sevərdi. Kütlə fərəh və coşğunluq içində əl çalıb heyranlığını bildirərdi. Duçe yavaş-yavaş əlini qaldırandan sonra kütlə səsini kəsərək, rəhbərin hər sözünü sanki nəfəs dərmədən dinləyərdi. Nitqlərini heç vaxt qabaqcadan hazırlamazdı. Əsas ideyaları beynində saxlayaraq intuisiya və improvizəyə arxalanardı. Mussolini Sezar kimi italyanların təxəyyülünü imperiya və şöhrət ilğımı, ümumxalq rifahının artması kimi iri planlarla canlandırırdı. O, hesab edirdi ki, «küitlə hələ ki, qeyri-mütəşəkkil qoyun sürüsüdür». Ona görə də xalq diktatorunu həm sevməli və eyni zamanda ondan çəkinməli və qorxmalıdı: «Kütlə də qadın kimidi güclü kişiləri sevir».
Qiyamçı atanın oğlu
Gələcək duçe - Benito Mussolini qiyamçı ənənələriylə seçilən Doviya əyalətində doğulmuşdu. Onun atası dəmirçi işləyərək, hərdən bir oğlunun tərbiyəsini də «döyəcləməklə» cilalayırdı. Atası da marksist ideyalarına rəğbətlə yanaşır və özünü sosialist sayırdı. Mitinqlərdə çıxış elədiyindən arabir türmədə də yatırdı.
Anası kənd müəllimi idi. Kiçik burjua ailəsi kimi onlar zəngin olmasalar da, məktəbdən daimi davalar törətdiyinə görə tez-tez qovulan oğullarının təhsilhaqqını ödəyə bilirdilər. Benito tərs, aqressiv və monaxların qaydalarına hörmət qoymayan uşaq kimi böyüyürdü. Uşaqlıq illəri xüsusi bir əlamətlə fərqlənməsə də, o, kiçik yaşlarından skripkada çalmağı öyrənir. Bu da sonralar artistik dairələrə aidiyyatı haqda danışmağı bəhanə olur.
Orta təhsilini bitirəndən sonra Mussolini bir müddət kənddə müəllimlik eləyir. Pozğun həyat yaşadığına görə bu dövrdə qazandığı zöhrəvi xəstəliyini ömrünün sonuna kimi müalicə eləyə bilməmişdi.
Pikkolo duçe-kiçik rəhbər
Şöhrətpərəstliyi onu macəra axtarışlarına sövq elədiyindən o, İsveçrəyə gedir. Orda daşyonan, fəhlə, qulluqçu, qarson kimi işlərdə təsadüfi qazancla dolanaraq nəm komalarda yaşayırdı. Vaxaşırı avaraçılıq üstündə polis tərəfindən saxlanılırdı da. Artıq bu dövrdə Mussolini həmkarlar faliyyətinə qoşularaq sosialist partiyasına üzv olur və çıxışlar eləyirdi. Marksist ədəbiyyatını və filosofların yazdıqlarını oxumaq istəyindən alman və fransız dillərini də öyrənmişdi. Oxuduqlarından ən çox Nitşenin fölqəlbəşər insan ideyasına valeh olmuşdu. Bir də ki, Nitşenin xalqı «seçilmişlər üçün postament» və müharibəni insan ruhunun ən yüksək təzahürü sayması ideyalarını çox bəyənirdi. Məşhur olmağın ən rahat yolunu inqilabi publisistikada görən Mussolini insanların başa düşəcəyi rahat dildə yazmağı bacaran istedadlı jurnalist oldu.
İtaliyaya qayıdandan sonra əsgərlik çəkmək və mavi gözlü kəndli qızı Rakellə evlənmək kimi iki vacib məsələni həll elədi. Rakelin ana və atasının razılığını almaq üçün o, evə soxularaq əlindəki revolverlə qızı ona verməyi tələb eləmişdi. Fırıldağı baş tutmuşdu və yazıq valideynlər ona qarşı heç nə edə bilməmişdilər. Cavanlar ev tutaraq münasibətlərini nə kilsədə, nə də vətəndaş nikahında qeydiyyata almamış yaşayırdılar.
1907-ci ildə törətdiyi iğtişaşlardan sonra tutulandan bəri onu «Pikkolo düçe», yəni «kiçik rəhbər» adlandırırdılar. Partiya işlərində irəli getdikcə «Avanti» («İrəli») qəzetinin redaktorluğu da ona tapşırıldı. Bir il əvvəl heç kimin tanımadığı 29 yaşlı Mussolini artıq partiya rəhbərliyində aparıcı vəzifələri tuturdu. Onun redaktorluğu dövründə «Avanti» qəzetinin tirajı 20 mindən artıb 100 min nüsxəyə çatmışdı. Onu parityadan uzaqlaşdıranda uzaqgörən təbiətli düçenin artıq «İtaliya xalqı» adlanan öz qəzeti və maliyyə dəstəyi də vardı.
Qaraköynəklilərin qiyamı
Müharibəyə çağırışlarına baxmayaraq, özü vuruşmağa getməyə tələsmirdi. Cəbhədəki görünməz qəhrəmanlıqları haqqında əfsanəni isə o müharibədən sonrakı illərdə çıxışları və xatirələrindəki yazılarda yarada bilmişdi. Vuruşduğu müddətdə o, jurnalist kimi cəbhədən gündəlik reportajlar yazırdı. Ona görə də qulluqdan azad ediləndə onu cəbhədən başı çıxan və əsgərlərin ehtiyaclarını yaxşı bilən adam kimi tanıyırdılar. Təsadüfən təcrübə qumbarasının partlamasından aldığı yaradan sonra baş kapral rütbəsində ordudan tərxis olundu.
Keçmiş həbçiləri, ordudan qayıdan qəddarlaşmış, qaba və kobud insanları öz başına yığmış Mussolini «Faşio di kombattimento»nu (faşist sözü də burdan yaranıb) yaradır. Tarixə «Roma üzərinə yürüş» kimi daxil olmuş paytaxta faşist yürüşü nəticəsində Mussolini özünə baş nazir vəzifəsini tələb edirdi. Kralın qarnizonu yürüşçüləri dağıtmaqda iradəsizlik göstərdiyindən «qaraköynəklilər» şəhərə bir güllə atmadan daxil oldular. Mussolini Milandan Romaya gəlmək üçün xüsusi vaqon tələb etdiyindən bu faşist çevrilişi xalqın ironiya ilə adlandırdığı kimi, «Yataq vaqonunda inqilab» kimi daxil oldu.
«Mən həmişə əmin olmuşam ki, İtaliyanın xilası üçün bir neçə onluq deputatı güllələmək lazımdır. Mən inanıram ki, parlament xalqın qanını zəhərləyən taun xəstəliyi kimidir. Onu kəsib atmaq lazımdır» deyən və bir illik məhdudiyyətsiz səlahiyyətlər almış Mussolini qısa müddətə xalqı sakitləşdirə bildi: 8 saatlıq iş günü, hökumət xərclərinin kəskin azaldılması, korrupsiyaçıların təmizlənməsi, poçta və dəmr yollarının işinin bərpası (bir ildən sonra bu böyük gəlir gətirən sahəyə çevrildi). Sonrakı 5 il ölkənin tam faşistləşməsinə həsr edildi.
Duçenin qadınları
Milana köçəndən sonra ailəsini orda atmış Mussolini ailə qayğılarını çiyinlərindən atmış donjuan həyatı yaşadı. Sayı yüzlərlə hesablanan qadınlar ona dövlət işləriylə məşğul olmağa mane olmurdu. Çünki o, iş arası, nahar fasiləsində vaxt tapıb ehtirasını söndürürdü. Mussolini aristokratik davranış qaydalarını bilmədiyindən istər qadınlarla münasibətdə, istər ziyafətlərdə özünü vulqar aparmasıyla bu qaydalara nifrət elədiyini hər dəfə vurğulayırdı. Amma tabeçiliyində olan insanlarla təkəbbürlə danışığı çox tez öyrənmişdi. Adətən kabinetinə çağırdığı adama oturmağı təklif eləməzdi. Siyasi portretinə ailəcanlılıq cizgisi əlavə etməkçün evlənmiş duçe ailəsini ildə 3-4 dəfə görməyə gedərdi. Faşistlər ailəni müqəddəs elan edəndən sonra ailəsini yanına gətirməli olur. Rəsmi arvadı Rakel ərinə hamı kimi «duçe» kimi müraciət edirdi. O, heç vaxt dövlət işlərinə burnunu soxmazdı. Ərinin hüdudsuz temperamenti öz həllini gah kabinetin iri xalçası üstündə, ya da pəncərə altlığında tapırdı. Seksual hərəkətlərində sadist sapmaları da hərdən özünü büruzə verirdi. Gözəl 20 yaşlı Klaretta Petaççi ilə tanış olandı duçenin yaşı əllini keçmişdi. Klaretti də Rakel kimi öz qısqanclığını boğmağı bacarmasaydı, dahi duçe ilə birgə ola bilməzdi. Mussolininin divanından keçən yüzlərlə qadından xəbərdar olsa da, o da cınqırını çıxarmırdı. Yerli qəzet və jurnallara arabir Klarettinin adını çəkmək icazəsi verilmişdi.
«Demokratiya xalqı ağa olduğuna inandırmış hökumət deməkdir»
Ölkədə faşist diktaturası bərqərar olandan sonra bütün partiyalar buraxılmış, qəzetlərin çapı dayandırılmış, rejimə qarşı çıxanlar həbs edilib, ya da ölkədən çıxarılmışdı. Dissidentlərin tutulub cəzalanması üçün yaradılan gücli polis diktatura dövründə 4600 antifaşisti aşkarlayıb məhv eləmişdi. Mussolini deyirdi ki, azadlıq həmişə filosofların təxəyyülünda mövcud olub. Xalq isə ondan azadlıq yox, çörək, ev, su xətti və s. istəyir. Xalqın dolanışıq tələblərini ödəməkçün Mussolini həqiqətən də heç bir ölkədə olmayan çoxplanlı sosial təminat sistemi yaratmışdı. Duçe anlayırdı ki, təkcə zorakılıqla öz hakimiyyətinin bünövrəsini qoymaq olmaz. İsanların rejimdən razılığı və hakimiyyətə qarşı vuruşmaq istəyindən vaz keçməsi daha lazımlıdır.
İri kəlləli ötkəm baxışlı insanın rəsmi demək olar ki, hər yerdə vurulurdu. Duçenin şərəfinə mahnılar qoşulur, filmlər çəkilir, monumental heykəllər qoyulur rəsmlər çəkilərək bütün bunlar açıqcalarda təsvir edilirdi. Onun haqqında senzuradan keçməmiş bir cümlə də dərc oluna bilməzdi. Heç kim diktatorun ad gününü təbrik edə bilməzdi, çünki bu tarix dövlət sirri kimi möhkəm gizlədilirdi. Duçe həmişə cavan olmalı və heç vaxt qürub etməyəcək rejimin canlı simvolu kimi yaşamalıydı. Kralın əmrləri formal olaraq qalsa da, hər çərşəmbə axşamı və cümə axşamları duçe kralın qəbuluna gedirdi. Bu vizitlərin sayəsində Mussolini faşist himni «Cio- vinetsa»nı «Kral marşı» ilə yanaşı, dövlət himni elan etməyə də nail olur. Bu tarixdə yeganə hadisədir ki, ölkənin iki rəsmi himni vardı.
«İtalyanların yeni mənəvi və fiziki siması» adı altında Mussolini cəmiyyətə gülünc, bəzən axmaq fikirlər də sırıyırdı. Faşistlər arasında əl vermək qadağan edilmişdi. Qadınlar şalvar geyə bilməzdi. İnsanların toqquşmasının qarşısını almaq üçün küçələrdə yalnız sol tərəfdə getmək əmr olunmuşdu. Faşistlər burjua adəti sayılan çay içməyə qarşı çıxır və italyanların nitqindən incə müraciət formalarını çıxarmağa çalışırdılar. «Faşist şəmbələri» adlanan tədbirlərdə italyanlar hərbi- idman hərəkətləriylə bədənini və siyasi təlimatlarla ruhunu möhkəmləndirmək əmrləri alırdılar. Mussolini özü Niapolitan körfəzini üzüb keçmək, maneələrlə qaçış, at çapmalarında şəxsən iştirak edərək nümunə göstərməyə çalışırdı. Həmin illərdə «faşist toyu» adlanan ritual da dəbdəydi. Təbrik teleqramının cavabında evlənənlər ən geci bir ildən sonra «faşist vətənə əsgər bağışlamaq» vədini verirdilər. Abort qadağan edilmişdi. Vəfasız ər və arvadlar da çox ciddi cəzalanırdı. Dəbdə olan rəqslər «abırsız» adlanaraq qadağan olunmuşdu. Soyunmaqla bağlı olan bütün əyləncə növləri də qanundan kənar sayılırdı. Təbiətcə heç də puritan olmayan duçe qadınların çimərlik kostyumu, yubkalarının uzunluğunu mümkün qədər uzun olmasını şəxsən təyin eləyir, hündürdaban ayaqqabı və kosmetikaya müharibə elan eləmişdi. Duçe vətəndaşlara müraciət edib uşaq doğumunun tempini sürətləndirməyə çağırmışdı. İtalyanlar bu mövzuda zarafat eləyəndə deyirdilər ki, hamiləlik dövrünü iki dəfə qısaltmaqdan başqa əlacları qalmır. Sonsuz qadınlar özünü cəmiyyətdə cüzam xəstəsi kimi hiss edirdi. Mussolini uşaqsız ailələr və səbəbsiz subaylıq ilə əlaqədar vergi almaq barədə də düşünürdü.
Oğul qatili
Benito Mussolininin cinayətləri sırasında birinci arvadı və oğlunu dəlixanada çürütməsi faktı da var. Arvadı dəlixanada olarkən Mussolininin bəzi sirrlərini açaraq onu xəyanətdə günahlandıran məktubları Daxili İşlər Nazirliyinə yazmaq cəhdləri də eləmişdi. O, məktubunda yazırdı ki, əlində Mussolininin fransızlardan rüşvət götürdüyünü sübut eləyən sənədlər var. Ona görə də bu xanım dəlixanada guya ki, «başına qan sızmadan» vəfat eləyir. Qadını öldürtdürəndən sonra gecəylə evdən aparılmış uşağa dedilər ki, anası ölüb. Faşist polisi ona Mussolinini ata deyə çağırmağı da qadağan eləmişdi. İtalyan liderinin oğlu da 27 yaşı olanda psixi xəstəxanada rəhmətə gedir. Məlum olur ki, ona daim koma yaradan dərmanlar verirmişlər.
Baş-ayaq dünya…
Dünya savaşına baş qoşanda duçenin şəxsi həyatı uğursuzluqlarla keçirdi. Oğlu Bruno qəzada vəfat etmişdi. Sevgilisi Klaretta Petaççi çətin əməliyyatdan keçib elə bil ki, o dünyadan yenidən qayıtmışdı. Artıq İtaliyada da çörək çatışmır, tətillər bir-birinin ardınca düzülmüşdü. Hərbi əməliyyatların və insan iztirablarının günahını hamı Mussolinidə görürdü. Cəsarətlənmiş kral Mussolinini tutduğu vəzifədən azad eləyir. Bu addımdan sonra hitlerçilər İtaliyanı həmən əsarət altına alırlar. Tutduqları ərazilərdə hitlerçilər marionet dövləti qurub Mussolinini orda hakim seçirlər. Axı Mussolinidən başqa heç kim İtaliyada faşizmi həyata qaytara bilməzdi. Yalançı, Salo respublikası adlanan dövlətin başında keçirdiyi iki ili duçenin həyatında ən alçaldıcı və ümidsizlik illəri idi. Ölkədəki antifaşist fəaliyyəti nəticəsində imidləri sınan duçe İsveçrəyə qaçmağa cəhd eləyir. Amma yarı yolda partizanlar onu məşuqəsi Klaretti Petaççi ilə birgə tuturlar. Edamdan qabaq birgə keçirdikləri gecə onların birinci və sonuncu gecəsi idi. Əvvəllər işarası görüşdüklərinə görə heç vaxt birgə gecələməmişdilər. Klara çıxıb getmək xahişini heç yaxına da buraxmamışdı. Partizanlar Mussolinini güllələmək əmrini yerinə yetirəndən sonra hər ikisinin meyitini Milana gətirərək mərkəzi meydanların birində başıaşağı asmışdılar. Sevincdən tullanan insanlar cansız bədənlərə çürük pomidor və meyvə qırıntısı atırdı. İtalyanlar insanlara həmişə ikrahla yanaşan insana münasibəti belə bildirirdi…
Müəllif: Gülnarə RƏFİQ
No comments:
Post a Comment