29 August, 2009

Cek London - Həyat eşqinin yanğısı

Con Qriffit Çeyni
(12 Yanvar, 1876 - 22 Noyabr, 1916)
Con Qriffit Çeyni 1876-cı il 12 Yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir. Cek London çox kiçik yaşlarıdan ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz iblizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlat oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.
London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayılərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir. Cek London 1916-ci il Noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir. Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrılarından birində həddindən artıq miqdarda agrıkəcəsi qəbul edir. Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.
Qadınlar başına pərvanə kimi dolaşan vaxt tənhalıqdan ölən yazıçı
Qızlar onun fotolarını səliqəylə jurnallardan kəsib saxlayırdı. Nəşriyyatlar yeni kitabları uğrunda bir-birini didirdi. İntellektuallar onu gözəl həmsöhbət sayırdı. Evinə gəlmiş avaralar, dilənçilər bilirdi ki, burda onları heç olmasa bir qədəh viski gözləyir. Onu həmişə seviblər. Ömrü boyu isə o, yorucu tənhalıqdan əziyyət çəkib.
Saatı 10 sentlik həyat
O, dünyanın elə bir guşəsində doğulmuşdu ki, barda insanların ən şirin arzuları bir doyumluq çörək, bir dəst daşdöyən ayaqqabı və yağış buraxmayan damı olan evdən uzağa getmirdi. İş günü 10 saat sürərdi, hər saatına 10 sent verərdilər. Cek pulunun dəqiqliklə hesablardı: 5 sent limona, 6 sent südə, 4 sent çörəyə sərf ediləcək. Bu bütün həftənin azuqəsiydi. Anası hər səhər nəzarət eləyirdi ki, yuyunanda sabun qırığını qənaətlə işlətsin. Yoxsa qabları nəylə yuyacaqdı? Bu yaxınlarda qatarın altına düşmüş atalığı indi döşəkağı adlanmağa layiq olmayan bir qırıq parçanın üzərində uzanıb qalmışdı və taleyini lənətləyirdi. İndi Cek anasını və üstəlik iki bacısını da yedirməlidi. Amma oğlanın cəmi 13 yaşı var. Onun kitab oxuyan, kitabxanalara gedən vaxtıdı. Atalığı deyinə-deyinə o biri böyrü üstünə çevrilirdi ki, Con ilə baxışları toqquşmasın. Oğulluğunu sevirdi, hətta kimdən gəldi uşaq doğmağını da arvadına çoxdan bağışlamışdı... Camaat danışırdı ki, Cekin atası astrologiya professoru mister Çani idi. Flora ilə onlar San-Fransiskoda birlikdə yaşayırmış. Mister Çani uşaqdan imtina eləyən kimi Flora özünü öldürmək cəhdi eləyəndə böyük bir qalmaqal yarandı və yerli qəzetlər mister Çaninin əclaflığından palaz-palaz yazılar yazdı. Bütün bunlara baxmayaraq Cek dünyaya vaxtında, güclü uşaq kimi gəldi və doğulan kimi çığırıb yemək tələb elədi. Bu vaxt anasının ona qulluq eləməyə vaxtı yox idi, çünki abırlı fermer və dul qalmış Con Londona ərə getməyin planını cızırdı. Çığıran uşağın səsini mümkün qədər az eşitməkçün ona dayə tuturlar. Zənci Cenninin ürəyi sinəsi qədər böyük olduğundan çağanı bağrına basaraq ona zənci mahnıları oxuyur, yedizdirir və buruq saçlarını darayırdı. Böyüyəndən sonra Cek özünü hər ikisinin oğlu hesab eləyirdi.
«Görərsiz, mən yazıçı olacam!»
İndi hər şey keçmişdə qalmışdı, hətta bitirə bilmədiyi orta məktəb də… Orda xeyirxah kitabxanaçı missis Ayna Kulbrit onunçün uzaq ölkələr, casarətli dənizçilər və küləyin yelini gözləyən yelkənli gəmilər barədə kitabları yığıb saxlayardı. İndi yalnız konserv zavodunda əldən düşənədək canını alan iş vardı. Dənizsə ev adlandırdığı daxmanın üç addımlığında ləpələnirdi. Dəniz azadlığı ilə çağırır, cəzb eləyirdi. Gecə ayaqlarını sürüyə-sürüyə zavoddan evə qayıdada o, söyüş söyərək oğurluğa hazırlaşan quldurların gülüşlərini eşidərkən Cek düşünürdü ki, o qədər də yaxşı iş olmasa da oğurluq ömrünü dəzgah arxasında keçirməkdən daha yaxşıdı. Amma problem vardı, qayığı hardan götürəcəkdi? Bir dəfə o, Fransız ləqəbli quldurdan qayığını 300 dollara almaqçün dayəsindən borc eləyir. Onun ağlına da gəlmirdi ki, quldurluğu yetkin kişilər edir. Onunsa cəmi 15 yaşı var. Cek Fransızdan qayığı alır, üstəlik onun 16 yaşlı rəfiqəsi də qayığın üstündə ona qismət olur. Axı o, boynuna necə alsın ki, əsil quldurların qızlarla nə etdiklərini hələ bilmir. Amma Memi tezliklə bu mövzuda dərslərini keçdi. Cek böyüməyə macal tapmamış onun yetkinlik həyatı artıq başlamışdı. O quldurlarla viski içir, söyüş söyür, sağ qalmaq ehtimalı olmayan davalara baş qoşurdu. Belə davalardan birində iki qabaq dişini də itirir.
Yollar və hekayətlər kralı
Ölməyə, öldürülməyə macal tapmamış Cek matros kimi Koreya və Yaprniyaya üz tutan gəmiyə işə düzəlir. Cek bilirdi ki, sağ qalmaqçün dilini dişlərin arasında möhkəmcə çıxıb mümkün qədər az danışmalı və mümkün qədər çox işləməlisən. Cek ömürlük dənizdə də qala bilərdi, axı dənizi sevir, dəniz də onu sevirdi. Amma gecələr ulduzlu səmada ən parlaq ulduğu axtararkən o yenə də pıçıldayırdı «Mən yazıçı olacam, eşidirsiz! Onda atam kim olursa olsun eşidib mənimlə fəxr eləyəcək». Amma o, hələ ki, bilmirdi ki, bununçün neynəməlidi. Ona görə də hər dəfə evə qayıdanda anasına söz verirdi ki, düzələcək və darıxdırıcı işlərdən birinə gedəcək. Amma Amerikada böhran illərində bu işə görə əvvəlkindən də az pul verirdilər. Cek kömürü elə həvəslə daşıyırdı ki, onun dalıyca heç kim çatdıra bilmirdi. Əvəzində ayda 30 dollar alırdı. Səbri tükənən kimi aradan çıxırdı. «Qızıl həyəcanı» başlayanda ora cumub geri gələndə ən bacarıqlı qızılaxtarandan da çox qənimət gətirəcəkdi: kitablarının süjetləri tapmadığı qızıllardan daha qiymətli olacaqdı. Amma buna hələ xeyli vaxt var. Bir dəfə onun bəxti görünməz dərəcədə gətirmişdi. Qoca xanım onun uydurduğu hekayələri dinləyərək bütün yol boyu içində əsil ət olan əsil pirojkilərlə yedizdirirdi. Xanımın pirojkiləri Cekin hekayələrindən daha tez qurtardı. Amma o, əvəzində Cekə pendirli piroqla çay təklif elədi. Xanım «Cavan oğlan, kim olmaq istərdin?» soruşanda əlindəki çini fincanı qırmaqdan ehtiyat edən Cek ordunu piroqla dolduraraq udqunub «Bəli mən elə yazıçı olacam» demişdi. Xanım çirkli, cırıq əyin-başla, qabaq dişləri olmasa da yenə də gözəl görünən 18 yaşlı oğlanın bu sözlərindən sonra ürəkdən güldü. O nə biləydi ki, həmin günün axşamı Cek dəftərçəsinin bir küncündə bu qadının portretini sözlə cızacaq və o, yazıçının gələcək personajlarından biri olacaq, tarixə çini fincanı, pendirli piroqu ilə birgə girəcəkdi.
Ömründə qab yumamış qız
Cek nəzarətçinin qadın olduğu bütün yerlərə biletsiz keçməyi çox yaxşı bacarırdı. Amma dərd ondadır ki, Cekin tamam başqa qızları bəyənirdi. Onlar uzun paltaq, yumru yaxalığı olan köynəklər geyirdi. Onlar lazım gəlsə yalnız kilsəyə, ya da kollecə getməkçün evdən çıxırdılar. Onlar nəinki söymür, heç söyüşü eşitməyiblər də. Bir sözlə, Cekin «yaxşı ailələrin qızları»nı görəndə az qala ürəyi gedirdi. Nə şeytandan, nə çətinliklərdən qorxmayan Cek belə qızların qarşısında tir-tir əsirdi. Uzaqdan xanımları nəzərdən keçirməyini də o, kitab oxuması kimi gizləyirdi. Axı təmiz hisslər axtarışı insanlarçün kitab oxumaq kimi anormal hərəkət sayılırdı. Bu dünyada qadınlar kişilərə 2 iş üçün verilmişdi: ləzzət və uşaq doğmaq üçün. Onlara qarşı nəsə hisslər duymaq bir qab pivəyə olan incə hisslər, ya da bir parça əti sevmək qədər qəribə görünürdü.
Cek Oklendə qayıdır və yenidən orta məktəbi bitirməyə cəhd eləyir. Bir Allah bilir ki, balacalarla bir parta arxasında oturmaq ona nə qədər ağır idi. Məktəbdən sonra o, Kaliforniya universitetinə daxil olur və kurs yoldaşı Meybl Epplqart adlı gözəl diksiyası və günəş rəngində saçlı bir qıza vurulur. Qızın beli o qədər incəydi ki, əgər ürək eləyə bilsəydi Cek onu iki barmağıyla tuta bilərdi. Meybl fortepianoda çalırdı və ömründə bir dəfə də qab yumamışdı. Xoşbəxtlikdən Meyblin sosializm ideyalarına yoluxmuş və Ceki yaxşı həmsöhbət bilən qardaşı vardı. Onlar saatlarla sinifsiz cəmiyyət, təkcə Avropada yox, həm də Amerikada dolaşan kommunizm haqqında danışırdılar. Qəribəsi odur ki, Meybl də Cekə vurulmuşdu. Bazar günləri hava imkan versəydi onlar birlikdə qayıqda üzür və şeir oxuyurdular. Meybl ilk adam idi ki, Cek «Mən yazıçı olacam» deyəndə gülmədi. Onun yazıçılığına inanan daha bir adam da vardı, anası Flora. Oğlunun növbəti dəfə evə qayıtmasını gözləyib Cekə bir qəzet parçası uzadır. Orda ən yaxşı hekayə müsabiqəsinə elan verilmişdi. Anası ona ailə büdcəsindən kağız, marka və konsert üçün pul götürməyə icazə verdi. Cek onsuz boş vaxtlarında camaşırxanada işləyib ailə büdcəsinə xeyir verirdi. Cek yazısını göndərdi və qalib oldu! İlk dəfə idi ki, Cek bir neçə dolları yazıçılığı ilə qazanırdı. O əsil yazıçı olacaq! O zəngin olacaq və Meybl Eppilqart mütləq onun arvadı olacaq! Amma hələ ki, Cekin ona öz dəli sevgisindən savayı verəcəyi heç nə yox idi. Cek Meyblə qıymazdi ki, anası kimi o da 20 il eyni paltarı geyib gəzsin.
Axı həyatda ölümdən başqa sevgi də var
Cek sinqa xəstəliyinə tutulub bütün dişlərini itirib qızıl axtarmaqdan evə qayıdanda cibində bir senti də yox idi. Amma bilirdi ki, Meybli əvvəlkindən də çox sevir. Poçtalyon vəzifəsinə düzəlmək üçün o, ilkin söhbətdən keçib indi yerin boşalmasını gözləyirdi. Bu imkandan yararlanıb Cek yazı masasının arxasına keçdi. İndi qeyd kitabçalarının içindəkiləri kağıza köçürməyin vaxtı gəlmişdi. İndiyədək gördükləri, sevdikləri, bağlandıqları və itirdikləri hamısı dışarı çıxmaq üçün kitabça sahibinə yalvarırdı. İndi o, qızıl axtararkən torpağı yuyub qiymətli metalı tapdıqları kimi həyatını ələkdən keçirib ən qiymətli məqamları kağıza köçürürdü. Hər gün 100 vərəqdən artıq yazırdı və anası Flora dinməzcənə ona kofe gətirirdi. Pulların çox hissəsi marka və kanvertə gedirdi, amma jurnalların əksəriyyəti yazıları geri qaytarırdı. Cek həftədə bir dəfə əməlli başlı yeməyə özünə icazə verirdi, o da ki, bazar günləri nahar zamanı Meyblin evində. Sevdiyi qız bilməməliydi ki, o, aclıq çəkir. Hətta o yerə çatmışdı ki, intihar barədə fikirlər tez-tez gəlməyə başlamışdı. Amma birdən jurnallardan biri hekayəni çap eləməyə razılışdı. O biri jurnallar bunu gözləyirmiş kimi, hekayələri qəbul elədilər. Həmən günün sabahısı gün o evlərinin arxasındakı təpədə onlar belə şərtləşdilər ki, bir il ərzində nişanlı qalacaqlar. Bir il ona kifayət eləyər ki, məşhur yazııçı olsun. Onlar gözəl bir ev alar və Meyblin bütün rəsmlərini, kitablarını və royalını bura köçürərlər. Cek yazacaq, Meybl isə onun hərf səhvlərini düzəldəcək. Və əlbəttə ki, ona oğlan doğacaq. Həmin təpədən düşəndən sonra hər şey tamam başqa cür oldu. Hekayələr çap olunsa da verilən pul heç gündə bi dəfə yemək yeməyə kifayət eləmirdi. 5 hekayəyə görə ona 20 dollar vermişdilər. Gözlədiyi poçtalyon vəzifəsindən də imtina eləmişdi. Görünməyən qonorarlar, nəşriyyatların hekayə üstündə bir-birini didməsi, minlərlə akr torpağın alınması, öz gəmisi, Amerikanın yeni dahisinin şöhrəti – bütün bunlar olacaqdı. Amma hələ ki, Meybl gələcək xoşbəxtliyin işartılarını heç üfüqdə də görə bilmirdi. «Bəlkə poçtaya gedəsən, hə?» deyə 6 aydan sonra yalvarmağa başladı. «Axı mən onda yaza bilməyəcəm. Başa düş, buna heç vaxtım olmayacaq. Bir az da döz» deyib Cek yalvarırdı. Onda Meybl ağladı və dünyasında dilinə gətirməyəcəyi sözləri dedi: «Sənin hekayələrin xoşuma gəlmir. Onların dili kobuddur. Sən yalnız əzab və ölümdən yazırsan. Axı həyatda sevgi də var. Bəli, axı mən səni sevirəm, sevirəm. Sən yazıçı yox, sadəcə xəyalpərəstsən».
Son dayanacaq
Cek London az keçməmiş Meyblin rəfiqəsi Bessiyə evlənir. Onu sevdiyinə görə yox, Bessinin onun hekayələrini sevdiyinə görə. Bessi ona 2 uşaq doğur, amma arzuladığı kimi oğlan yox, ikisi də qız. Cek əsil atasını da tapır və nəhayət ki, «Salam, ata!» deyir. Amma astrologiya professoru etiraf eləyir ki, bu mümkün deyil, çünki o, impotentdir. Bir neçə ildən sonra Cek Bessi ilə də boşanıb Çarmian ilə evlənir. Amma Çarmian da ona oğlan doğa bilmir. Onların evlənməsini qanunsuz hesab eləyirlər. Çünki Kaliforniya qanunlarına görə boşananlar 1 ildən sonra yenidən evlənə bilər. Bunun üstündə böyük səs-küy qopdu. Amma Cek London Çarmiana görə bunlara dözdü. Axı o, kişi kimi boks vurur, qılınc oynadır və Cekin özü kimi səyahəti sevirdi. Cek onu «qadın-yoldaş» adlandırırdı. Çarmian cəmi 3 gün yaşamış bir xəstə qız uşağı doğandan sonra bir daha ana ola bilmədi. İndi onun həyatı Cekin ardınca gəzib onu güdməkdən ibarət idi. Çünki Ceki başqa qadınla iki dəqiqədən artıq təklikdə qoymaq mümkün deyildi. Cek həmişəki kimi başını səyahətlə qatırdı. Sağlamlığı pozulan və böyrəklər sıradan çıxan vaxtlarda o, həyatının sevgisinə rast gəldi. Qəribədi ki, bu sevgisi barədə Cek bir kəlmə də yazmadı və heç kimə danışmadı. Çox-çox sonralar dostu Corc Sterlinq Cek Londonun qızına bu sevgi barədə hekayət danışdı. Amma qadının kimliyini gizlətdi. Cek London Çarmianla da boşanmaq barədə düşünərkən birdən həyat ona boş və mənasız məşğuliyyət kimi göründü. Dahi, məşhur, varlı və əsil yazıçı olandan sonra 41-ci yaşın içində o özünə intihar edərək həyatla vidalaşdı. Cek London vəfat eləyəndən sonra ərini başqa qadınlara verməyin qorxusundan xroniki yuxusuzluğa yoluxmuş Çarmian düz 36 saat fasiləsiz yatdı…
***
Meybl Epplqart Ceklə ayrılandan sonra ərə getmədi. Və heç vaxt bir daha sevə bilmədi. Cekin sonuncu arvadı Çarmian bir dəfə onu «Martin İden» romanının ucadan mütaliəsi zamanı gördü. İncə, arıq bir qadın beşinci sırada oturub öz məhəbbəti haqqında hekayəni dinləyib sakitcə ağlayırdı.
Müəllif: Gülnarə RƏFİQ

Aqata Kristi - detektivin kraliçası

Aqata Mari Klaris Mallouen
(15 sentyabr, 1890 - 12 yanvar, 1976)
Kəskin süjetli janrın ustaları çoxdır, amma Aqata Kristi, bu sadə ingilis qadın detektivin yeganə kraliçası sayılır.
Aqata Kristinin romanlarını tanıyanlar Britaniya muzeyinin qarşısında 1920-ci ilin tünd göy rəngli vaqonunu görsələr təəcüblənməzlər.
Bu yazıçının ən məşhur romanlarında təsvir edilmiş «Mavi ekspress»dən biridir. Bu vaqona daxil olub romanın qəhrəmanları 12 nəfərin yaşadığı şəraiti görmək olar.
Bu Aqata Kristinin ölümünün 25 illiyinə hazırlanmış xüsusi ekspozisiyadır. Sərgi yazıçının arxeoloji fəaliyyətinə həsr edilib.
Əlbəttə, Kristinin arxeoloqluğu romanlarının uğuruylu bərabər tutula bilməz.
Yəqin arxeoloq və detektiv peşələri arasında əlaqə çox böyükdür.
«Romanlarımçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq eləyir».
Əsərləri:
  • Dərsimiz cinayət - 1923
  • Qəhvə rəngi geyimli adam - 1924
  • Cəsədlər ağlamaz - 1932
  • Gecə gələn ölüm - 1936
  • Ölüdən məktub var - 1937
  • Ölüm oyunu - 1941
  • Meyid qatilini axtarır - 1946
  • xanım MakKintinin ölümü - 1952
  • Sonuncu qurban - 1956
  • Şahidin gözləri - 1958
  • Ölüm saatları - 1963
  • frankfurta gedən yolçu - 1970
  • Kədər qapısı - 1973
  • Və pərdə endi - 1975
  • İşıqlar sönüncə - 1997
Danışmağı bacarmayan qız
Ailədə Aqata Kristini o qədər də dərrakəli uşaq saymırdılar. Qardaşı Monti və bacısı Mec zirək, dilboğaza qoymayan uşaqlardı, amma Aqata utanmaq və çaşqınlıqdan kəkələməkdən başqa bir şey bilmirdi. Oxumağı da fərli deyildi. Amma o vaxtlar qız uşağının oxuması nəsə bir abstrakt anlayış idi, hətta qızlar məktəbə getməyə də bilərdi. Kiçik xanımları ərə getməyə hazırlayırdılar və onlar naxış vurma, musiqi və rəqsdən ibarət «elmləri» bilsəydi bəs olurdu. Amma yazıya xüsusi fikir verilirdi, çünki gələcək kavalerin məktublarına layıiqli cavab yazmağı hər bir ingilis ledisi yaxşı bacarmalıydı. Tərslikdən Aqatanın yazısı da çox pisiydi. Ömrünün sonuna kimi o, artıq tanınmış yazıçı olan vaxtlarda belə ciddi qrammatik səhvlər buraxırdı.
Bir dəfə dayə müşahidə elədi ki, Aqata tək qalanda öz-özüylə danışır. Daha doğrusu özüylə yox, başqalarının görmədiyi müsahiblə. Aqatanın anası hesab eləyirdi ki, qızlara 8 yaşından tez oxumağı öyrənmək olmaz. Bir gün dayə üzündə faciəvi ifadəylə 4 yaşlı qızın anasına xəbər verir ki, «Qorxuram ki, mem, miss Aqata artıq oxumağı bilir». Bu ana üçün fəlakət idi! «Alisa, möcüzələr ölkəsində» onun stolüstü kitabı idi. Artur Konan Doylun «Mavi karbunkul» eşitdiyi ilk detektiv roman oldu. Məhz o vaxt beyninin hansısa bir güşəsində özünə söz verdi: «Nə vaxtsa mən də detektiv roman yazacam!».
Qəribəsi odur ki, uşaqlıqdan lap ahıl yaşlarınacan Aqata yuxuda eyni adamı görürdü. Özlüyündə onu Qatil İnsan, ya da Pistoletli Adam adlandırırdı. Olurdu ki, ailə yığışıb çay içərkən həmin İnsan sevimli adamının «içinə girir» və Aqatanı qorxudurdu. Bəzən Aqata nahara gecikəndə dayə ciddi sifətlə «Bu gün miss Aqatanın yuxusuna yenə də pistoletli Adam girib» deyə elan edərdi. Ailənin sonsuz sevgi dairəsinə dayənin monumental fiqurunu və kiçik iti də əlavə eləsək tam idillik səhnə alınırdı. Bu iti qıza bağışlayanda o özünü səadətdən itirib qaçıb gizlənmişdi. Aqata ayaqyolunda əllərini düyünləyib Tanrıya dua eləyirdi. Axı 5 yaşı olsa da o, anlayırdı ki, ingilis xanımı öz emosiyalarını gizləməlidir. Amma hələ ki, onları hara gizləməyin yerini dəqiq bilmirdi.
Onun qorxularından dayə Nennidən başqa heç kim xəbər tutmurdu. Bir dəfə təsadüfən onlar gəzərək başqasının bağına girirlər. Kimin gəldiyinin fərqinə varmadan qonşu çıxırmağa başladı: «Bu saat sizi diri-diri yeyəcəm! Qaynar suda bişirəcəm!». 4 yaşlı uşağa qonşu adamyeyən simasında görünmüşdü deyən o, ağzını necə açdığını, əvəvl onu, sonra yekəpər dayəni ağzına atdığını təsəvvür eləmişdi. Sonrakı 3 gün Aqata heç kimlə danışa bilmirdi. Dayə Nenni ondan aralanmalı olanda həmsöhbət kimi Aqata yekəpər, sakit təbiətli aşbaz Ceyni seçmişdi. Axı o, təkrarsız pudinqlər bişirirdi. O vaxtdan bəri yemək Aqatanın köməyi və təsəllisinə çevrildi. Əlbəttə, onun nənələri də vardı. Aqata Marqarit nənənin yanına İvlinqə getməyi lap çox sevirdi. Onun qədim mebellə bəzənmiş, içi müxtəlif əşyalarla dolu kamodları olan böyük evi vardı. Sonralar jurnalistlər Aqata Kristidən qəhrəmanlarının prtotipləri barədə soruşanda belə demişdi: «Mən nənəmin köhnə əşyalarıyla oynayırdım. Onun qədim teatr çantasını tapdım. İçini silkələdim, ordan şirin çörək qırıntıları və bir neçə qırıq krujeva səpələndi. Bu da sizin mis Marpi».
Aqata 10 yaşı olanda sinfin ən yaxşı pianoçusu kimi fortepianoda çalmalıydı. Həyəcandan titrəyən Aqata səhnəyə çıxan kimi donub qaldı. Sonra onu qucağa alıb səhnədən çıxarmaq lazım gəldi. Evə gedib bir sutka qızdırma içində yatandan sonra dəqiq qərara gəldi ki, səhnə onun yeri deyil. Atası vəfat eləyən kimi Aqatanın da uşaqlığı bitdi. Anası Aqatanı pianoçu karyerasına hazırlaşdırmağa başladı. Amma hamı anlayırdı ki, gözəl qabliyəti olsa da Aqata adam arasında çala bilməyəcək. Onda Aqatanı müğənni eləməyi qərarlaşdırdılar və Parisə oxumağa göndərdilər. Amma Aqatanın çox məlahətli və o qədər də zəif səsi vardı. Artıq 60 yaşında olanda yazıçı etiraf eləyir ki, opera müğənnisi olmağı həmişə arzulayıb. Opera müğənnisi olmağa səsi olsa da cəsarət və temperamenti çatmadı.
İndi onların maddi problemləri də vardı. Həm də ki, Aqatanın kuğar cəmiyyətə çıxarmağın da vaxtı çatmışdı. Onlar Misirə səfər eləyirlər, çünki burda həyat dəfələrlə ucuz idi. İlk «mövsümünü» Kairdə (Qahirə - İCTİMAİ MEDİA) keçirən cavan, savadlı, üzügülər və dəhşətli dərəcədə utancaq Aqatanı zabitlər, arxeoloqlar, elm işçiləri görməyə bilməzdi. Qolf oyunları, pikniklər, klublarda söhbətlər… və əlbəttə ki, ballar! Belə balların birində Aqata cavan zabitlə tanış olur. Qızı anasının yanına ötürəndən sonra zabit dedi: «Qızınızı sizə qaytarıram. O, artıq rəqs eləməyi çox yaxşı bacarır. Ona bir az danışmağı da öyrətsəydiz pis olmazdı». Aqata öz hisslərini sözlə ifadə eləməyi heç vaxt bacarmırdı.
«Mən qolfun dul qalmış arvadıyam»
Kristinin bioqrafları deyir ki, gəncliyində Aqata baletlə məşğul olur, gözəl çalır və oxuyurdu. Gələcək əriylə Aqata rəqs meydanında tanış olub. Hündür sarışın və bir qədər ədəbsiz hərbçi Arçibald Kristi diqqətini cəlb elədi. Əsrin əvvəllərində pilot çox cəlbedici sənət sayılırdı. Tanışlığının üçüncü günündə Aqata evə gəlib elan elədi ki, nişanı qaytarıb cibində bir qəpiyi də olmayan Arçiyə ərə gedir.
Artıq 1914-cü il idi, Birinci Dünya Savaşı başlamışdı. Arçi cəbhəyə getdi, Aqata isə qospitalda işləyirdi deyən onlar nadir hallarda görüşürdülər. Aqata əməliyyata kömək edir, xəstələrin yatağının qarşısında oturur, dərmanlar hazırlayırdı. Başqa qadınlar kimi qan görəndə Aqatanın ürəyi getmirdi. O özünü ələ alaraq çətin əməliyyatlarda da iştirak eləyirdi.
Arçi isə qəhrəmanlıqlar göstərir, adlar və mükafatlar alır və təkcə məzuniyyət barədə düşünürdü. Amma ilk 3 günlük məzuniyyət zamanı onlar azı 3 dəfə həmişəlik küsüb barışdılar. Milad bayramı ərəfəsində isə onlar evləndi. Ağ paltar və fata əvəzinə Aqata plaş və qırmızı şlyapa geymişdi, Arçi isə həmişəki kimi mundirdəydi. Arçi bir gön sonra arvadını qoyub cəbhəyə qayıtmalı oldu. Onlar sonrakı 6 ayda görüşə bilmədilər.
Müharibə bitən kimi onlar da hamı kimi normal yaşadı. Kristi artıq tanınmış yazıçı, xoşbəxt ana idi. Arçibald isə Sitidə bizneslə məşğul olurdu. Qızlarının iki həftəsi heç bitməmişdi ki, Arçiyə kaloniyalarda iş təklif eləyirlər. Aqata heç tərəddüd eləmədən qızını anasına verib ərinin dalıyca «dünyanın axırı»na yollandı. Gəmi səyahətlərini sevməsə də uzun səfərlərdə rahat kupelərdə baş verən hadisələr artıq romanlarda peyda olmağa başladı. İlk kitabın qonorarı o qədr idi ki, onlar ev ala bildilər. Arçi heç gizlətmirdi ki, arvadının cızma-qaralarına qarşı etinasızdır. O, qolfla maraqlanırdı. Aqata həmişə deyərdi: «Mən qolyun dul qalmış arvadıyam». Qızı isə anasından daha artıq ataya bağlı idi. İkinci uşaqdan söhbət düşəndə Arçi deyərdi ki, ikinci avtomobil almaq daha məqsədəuyğundur. İlk evlərini Aqatanın romanına uyğun «Staylz» adlandırdılar.
«Qadının sürüşkən kişini abra salacağına inam dünyanın ən qədim qadın ilüzayalarından biridir»
Aqata 1926-cı ili «Ömrümün ən çətin ili» adlandırır. Həmin il onun anası rəhmətə getdi. Borcları olduğuna görə valideynlərinin evini satmalı oldular. Ərini köməyə çağıranda o, «Yol uzundu və mən bazar günü qolf oyununu buraxmaq istəmirəm» demişdi. Aqatada amneziya əlamətləri peyda oldu. Çekdə harda imza atacağını, bəzən adını da unudurdu. Qızlarının ad günündə Arçi elan eləyir ki, müdürünün katibəsi Nensi Nilə vurulub və boşanma tələb elədi. Ərini itirməkdən daha artıq qızını düşünərək bir il boşanma ərizəsinə qol çəkmirdi. Bu bir il ərzində bir sətir də yaza bilmədi.
Məşhur romanların müəllifi birdən özü yoxa çıxdı. İki həftədən artıq London polisi onun axtarışıyla məşğul idi. Onun avtomobilini yol qırağından tapmışdılar. Günahkarların siyahısında əri birinci dayanmışdı. Əri Arçi məşuqəsiylə istirahətə getməsini hamıya danışmaq istəmirdi. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqata özü quraşdırıb. Bu iki həftəni o, ərinin məşuqəsinin adı altında mehmanxanada yaşayıb. Maşını bilərəkdən Arçinin məşuqəsiylə əyləndiyi yerin yaxınlığında buraxıb və bilərəkdən içindən paltarlarını və şubanı götürməyib. Aqata istəyirdi ki, ərini onun ölmündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unutmuşdu. Aqatanı sağ və salamat tapanda qəzetlər «Rocer Ekroydun qətli» romanını reklam kampaniyası olduğunu aləmə car çəkirdi. Aqata o qədər məşhurlaşır və jurnalistlər onun zəhləsini o qədər tökürlər ki, sonralar Kristi bir daha müsahibə vermədi.
«Arxeoloqlar keçmişin detektivləridir»
Tək qalandan sonra Kristi həmişə arzuladığı səyahətlərə başlayır. İlk səfəri «Şərq ekspresi»ndən başlayır. (Bu adda romanı ən məşhur kitablarındandır). Şumer sivilizasiyasının qazıntılarına Aqata dostlarının məsləhətiylə gəlir. Tarixi abidələrlə tanış olmaq istəyəndə ona Maksı ən yaxşı mütəxəssis kimi bələdçiliyə məsləhət bilmişdilər. Maks 39 yaşlı ömür boyu səyahət arzulamış yazıçı üçün yeni, qədim şəhərlər, məqbərələr dünyasını kəşf elədi. 25 yaşlı arxeoloq Aqataya evlənmək təklifini edəndə onu düz iki ay yola gətirmək lazım gəldi. 14 yaş fərqiylə uğursuz nigahdan az keçmiş evlənmək Aqataya dəlilik kimi gəlirdi. Nigah mərasimində Maksın əynində təzə aldığı ağ kostyum, Aqatanın əlində isə doğum tarixini dəyişdirdiyi yeni pasport vardı. Onların toyunda qohumlardan yalnız Aqatanın qızı Rozalinda iştirak edirdi. Çünki çoxları ondan üz döndərmişdi. Aqata bunu zarafata çevirərək xəyanətkarları «Qorxaq Siçan Ordeni»nə, atmayanları isə «Vəfalı İtlər Ordleni»nə bölüşdürürdü. Aqatanın bu nigahı görünməz dərəcədə uğurlu, uzun və xoşbəxt oldu. Yaş fərqinə gələndə isə Aqata hər şeyi zarafata çevirirdi: «Maks arxeoloqdu. Arxeoloqlarsə qədimliyi sevərlər. Ona görə də yaşım artdıqca mən ona daha maraqlı görünürəm». Onlar birlikdə bütün dünyanı gəzdilər. Tezliklə Aqata frofessonal fotoqraflar kimi çəkməyi də öyrəndi və bütün ekspedisiyalarda əriylə birgə oldu. Çadırda plitə üstündə yemək bişirərkən «qətl» hadisələrinin süjetlərini uydurmağı da yadından çıxarmırdı. Amma Qatil Adam arabir yuxularına girirdi. Amma o da olmasaydı Aqata Kristi bütün dünyanı ustalıqla qorxuda bilərdimi?
«Mən danışdığımdan bir qədər yaxşı yazıram»
Aqata Kristinin yazı yazmaq vərdişi qəribə idi. Detektiv yazmaqçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma xartıldadaraq o beynində ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, «Niyə zəhərlərdən çox istifadə edirsiz?» Aqata demişdi ki, «Qan içində uzanmış ölülərdən xoşum gəlmir. Odlu silahdan isə qaçıram, çünki bundan tamamilə başım çıxmır. Zəhərləmək isə o qədər asandır ki». Aqata Kristi yazıçılığına xobbi kimi yanaşır. Arxeoloq Maks Mellounla nigahda olarkən «məşğuliyyətiniz» soruşulan bölmədə «evli xanım» yazardı. Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirmədi.
Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanında ortaya çıxır. Bu qəhrəman son romanların birində vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölmü olan kitabı çap eləməkdən boyun qaçırırdılar. Onun kolleqası Miss Marpl da ilk romanlardan birində peyda olmuşdu. Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib. Başqa dillərə tərcüməyə görə Şekspirdən sonra o, birinci ingilis yazıçısıdır. Aqata Kristinin 16 pyesi Londonda səhnələşdirilib və onların əsasında filmlər çəkilib. Bu yaxınlarda Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burda bütün həyatını kiçik detallara qədər danışıb. Burda bəzi intim məqamlar olduğuna görə kassetlərin hamısı ictimaiyyətə aşkarlanmayıb. Kasset kolleksiyası çardaqda 40 il gizli qalıbmış.Məşhur qəhrəmanı Erkül puaronun «ölüm»ündən sonra müəllifin də bu dünyada işi qalmamışdı. Son kitabının nəşrindən sonra o, dedi: «Mən indi artıq borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Mən ölümlə görüşə hazıram. Həmişə eskimo dondurmasını çox sevmişəm. Bir gün əziz qoca nənə üçün xüsusi təam hazırlanacaq və o, buzlu yola düşüb gedəcək. Və bir daha qayıtmayacaq…»
Müəllif: Gülnarə RƏFİQ

Lord Bayron - Don Juanın qüssə və əlacsızlıq himni

Corc Qordon Noel Bayron (VI baron, lord)
(22 yanvar 1788, London, İngiltərə - 19 aprel 1824, Missolunqi, Yunnıstan)
İngilis romantik Şairi. Bayronun həyatını araşdıranda irsilik faktorunu nəzərə almamaq olmur, çünki Bayronun yaxın qohumlarını abırlı adam adlandırmaq olmazdı. Onun atası Con Bayron birinci dəfə boşanmış qadınla evlənib Fransaya qaçmışdı. Birinci arvadı vəfat eləyib ona Avqusta adlı bir qız qoyub getmişdi. İkinci dəfə isə pula görə evlənmişdi. Bütün borclarını qaytarandan və qadının cehizini xərcləyib qurtarandan sonra o, arvadını uşaqla birlikdə atıb getmişdi. Bayronun anası isə ipə-sapa yatmaz xasiyyətli bir qadın idi. Onun atasının əmisi tamam çökmüş malikanədə elə pozğun həyat yaşayırdı ki, onu «iyrənc lord Bayron» adlandırırdılar. Həmin bu malikanə sonradan Corc Bayrona miras qalır. Bayronun babasını «tufanlı Gek» adlandırırdılar. O da dənizdə nəvəsinin quruda apardığı əxlaqsız həyat tərzi yaşayırdı.
Ehtiraslı məşuq, narsis, qiyamçı, döyüşçü, iblis, bacısını sevən qardaş…
Onun boz-mavi gözləri uzun kipriklərinin altından melanxolik baxışlarla baxırdı. Dərisinin rəngi şəffaflıq dərəcəsində ağ idi, dodaqları qadın dodaqları qədər gözəl. Onun axsaqlığını elə bil ki, heç kim görmürdü. Cavan qadınlar Bayronun onlardan kimisə nahara dəvət edəcəyi fikrindən artıq vəcdə gəlirdilər. Belə dəvətə layiq görülmüş xoşbəxt süfrə arxasında yeməyə əl uzatmağa ürək eləməzdi, çünki bilirdilər ki, Bayronun çeynəyən qadınlardan acığı gəlir. Onlar ürəklərində inanırdılar ki, Bayron alboma, heç olmasa, bir-iki cümlə nəsə yazacaq. Belə sətirləri əldə edənlər onu bir inci kimi qoruyurdu.
«İyrənc lord Bayron»un nəvəsi
Corc doğulanda atası bütün pulları xərcləyib qurtarmışdı. Xanım Bayron Ebendində məskunlaşdı və «axsaq oğlunu» şəxsi məktəbə verdi. Bayronun uşaqlıq hoqqalarından çox danışırlar. Ona dayəlik eləyən Qrey bacıları deyirdi ki, sığallamaqla bu uşaqla nə istəsən, eləmək olar. Amma anası özündən çıxan kimi əlinə keçəni oğluna tolazlayırdı. Anasının qəzəbinə adətən istehzayla cavab verərdi. Əsəbi vaxtlarında anası onun şikəstliyini başına qaxırdı. Atası öləndə Corcun 3 yaşı vardı. O, hardasa Fransa tərəflərdə içib, mənliyini itirmiş şəkildə dünyasını dəyişmişdi. Yalançı adla yaşayan «vəhşi Cekin» o vaxtlar 36 yaşı vardı. Bu yaş Bayronlar ailəsi üçün qəzavü-qədər yaşı sayılır.
«Gecələr qadınlara və ulduzlara xüsusi parlaqlıq verir»
Gimnaziyada o, çox pis oxuyurdu. Bəlkə də yatmazdan əvvəl Meri Qreyin oxuduğu İncildən seçmələr ona daha çox xeyir gətirmişdi, nəinki gimnaziya müəllimləri. Ölü dillər və qədim keçmiş Bayronu maraqlandırmırdı. Amma ingilis klassiklərinin əsərlərini böyük maraqla oxuyurdu. Oxuduğu illərdə haqsızlığa qarşı çıxan və kiçikləri incidənləri yerində oturdan cəngavər kimi tanınmağı başlamışdı. Kembricdə oxuyarkən Bayron elmi biliklərini artırmasa da, üzmək, at çapmaq, boks vurmaq, içmək, kart oynamaq kimi sənətlərdə ad çıxarmışdı. Ona görə də həmişə pula ehtiyacı vardı və daim borc içindəydi. Başı ayılanda şeir yazırdı. Bu şeirlər işıq üzü görən kimi müəllifinin taleyini artıq həll eləmiş oldu. Onları tənqid atəşinə tutan yazı mətbuatda bir ildən sonra çıxmasaydı, yəqin ki, Bayron onu oxuyub sınar və heç vaxt yazmazdı. Tənqid yayılanda o artıq 214 səhifəlik roman, 380 şeirlik poema, 660 sətir müxtəlif kiçik şerlərin müəllifiydi. Tənqid Bayronu əlbəttə ki, məyis elədi. Yenicə çıxmış satirik şeirləri isə tənqidə cavab kimi ortaya gəldi və o qədər uğur gətirdi ki, şairin mənliyi və sınıq ürəyi yerinə qayıtdı.
Onun bioqrafiyası adalarda yaşayan və gözü həmişə uzaqlarda olan cavanın həyatına bənzəyir: həmişə uzaq dənizlər çox cazibəli görünür. Bayron çox düşkün vəziyyətdəydi və İspaniya, Albaniya, Yunanıstan, Türkiyə və Kiçik Asiyanı gəzəndən sonra daha da düşkünləşmişdi. Nədənsə hamı düşünürdü ki, Bayron bu arada yaranmış əsərinin qəhrəmanı Çayld-Qarold kimi səbatsız həyat yaşayır, hətta hərəmxana da saxlayır. Onun hərəmxana saxlamağa imkanı yoxuydu. Lordlar Palatasında ölüm cəzası kəsilmiş toxucuları müdafiə edən nitqindən iki gün sonra isə Çayld-Qaroldun yeni iki nəğməsi nəşr olunan gün 14 min nüsxə bir günə satılıb qurtardı. Əsərin ədəbsiz tonu heç kimi narahat eləmədi. Bu rəqəm onu ən məşhur yazarlar sırasına qatdı. Bu qəhrəmanın niyə belə uğur qazanmasını o özü də anlamırdı: «Bir gün mən gözlərimi açıb özümü məşhur gördüm». O, cavan, adlı-sanlı və naümid idi. Ümidsizliyinin səbəbi isə məlum deyildi.
«Qadın yeganə hədiyyədir ki, öz-özünü qablaşdıra bilir»
Artıq kübar cəmiyyətinin qapıları qarşısında taybatay açıq idi. O axsayan ayağını unuda bilmir və buna görə də utancaqlıq keçirirdi. Səfər təəssüratı altında yazılmış növbəti sevgi və qisas mövzusunda olan əsəri «Kafir»i oxucular yenə də çox yaxşı qarşıladı. Bundan sonra yazacağı əsərin uğuru artıq müəyyən olmuşdu. Şərq ruhlu poemalar bir-birinin ardınca çıxır. Burada piratlar, qaçaqmalçılıqdan danışılır. Çox güman ki, bunlar şairin romantik uydurmaları deyildi. Bayron təbii axsaqlığından doğan utancaqlığını aradan götürmək üçün qeyri-adi gözəlliyi barədə ətrafda mif yaratmışdı. Romantik solğun dəriyə olan dəb Bayrondan başlayır. Nə qədər qadınlar keçib onun kiçik, amma təlatümlü həyatından. Demək çətindi. O, Lesbiya və Karolinaya, Elizaya, Annaya, Marion, Meri, Qarriet və Cessiyə şeirlər həsr eləyib. Bütün şeirlərində o, ehtiraslı və kədərlidir: «Məncə, sevgi absurd bir şeydir. Romantizm və süniliklə suvarılmış komplimentlər jarqonudur. Əgər mənim 15 məşuqəm olsaydı, iki həftə keçmiş mən onların birini də xatırlamazdım».
Avqusta və Corc Bayron
Onlar atabir bacı və qardaş idi. «Vəhşi Cek» adını çıxarmış ataları ikinci evliliyində qızını nənəsinin tərbiyəsinə vermişdi. Nənə isə istəmirdi ki, Avqusta ata tərəfinin qohumlarıyla görüşsün. Ona görə də Avqusta «balaca Bayron»dan xəbər tutmamışdı. Nənə vəfat edəndən sonra onlar görüşdü və bir-birini o dəqiqə bəyəndi. Avqustanın 17 yaşı olanda Corc ondan 4 yaş kiçik olsa da, özünü bacısının qəyyumu kimi aparırdı. Onlar görüşəndə Avqusta artıq nişanlı idi. Avqustanın məktubları uğursuz nikahından danışdıqca, daha uzun olurdu. Onun artıq 27 yaşı vardı. Köməyinə yalnız qardaşı gələ bilərdi. Avqusta Londona gələn kimi Bayron anlayır ki, qabaqlar qadınlardan heç kim onun bu qədər xoşuna gəlməyib. Bayronsayağı profil, sadə cizgilər ona o qədər əziz və sevimli idi ki. Özünə vurğun, personasının əsiri olan Bayron bu qadında öz əksini gördü, öz portretini tapdı. Hər ikisi adamlar arasında qapalı olmasına baxmayaraq, ikilikdə sərbəst olur, hər şeydən danışa bilirdilər. Avqustanın poeziyadan başı çıxmasa və intellektual olmasa da, bu, qətiyyən maneçilik yaratmırdı. Bayron çox böyük günah qarşısında olduğunu bilirdi. Saray xanımı titulu Avqustaya imkan verirdi ki, Sent-Ceyms sarayında yaşayıb istədiyi adamı qəbul edə bilsin…
Avqusta payızda evə qayıdanda artıq hamilə idi. 3 uşaq anası, ərini hələ də sevən qadın vəziyyətini tam anlayırdı. Amma o bilirdi ki, «balaca Bayron»un hər bir kaprizinin qarşısında o acizdir. Əgər Bayron dilini dinc saxlaya bilsəydi, adam arasında ikibaşlı eyhamlarla bacı və qardaş sevgisindən danışmasaydı, ola bilər ki, bundan hamı xəbər tutmazdı. Amma yenə də «Korsar»ın 30 minlik tirajı bir günə satılırdı. Müəllifi ittiham eləyənlər də onun əsərlərini oxuyurdu. Avqustanın uşağı doğulandan sonra onların münasibəti artıq sirr deyildi. Doğulan qızın adını Medera qoyurlar. Şair də anlayır ki, o, ya ölkədən getməli, ya da evlənməlidir ki, söhbətlərə son qoyulsun. Avqusta qardaşını hər məktubda evlənməyə sövq eləyirdi. Cavabında Bayron «Məni yalnız pul cəlb eləyir. Qadına gəlincə, o, nə qədər yaşlı olsa, bir o qədər yaxşı olar. Onda cənnətə daha tez düşər…» deyirdi.
«İblisin ox qabında yumşaq səsdən iti silah yoxdur»
Bayron seçimini Anabella Milbank adlı xanımda saxlayır. Onlar evlənəndə Hötedən sonra Avropanın ən məşhur şairinin 27 yaşı vardı. Londonda evlilik həyatına qədəm qoyan kimi arvadının 10 min frank cehizi, eləcə də özünün 8 min frank pulu elə bil ki, göyə sovruldu. Bayron kitablarını satmağa məcbur idi. Onların varidatını 8 dəfə siyahıya almışdılar ki, hərraca qoysunlar. Bolluq içində yaşamış ledi Bayron buna dözə bilməzdi. Üstəlik, Bayronun teatr komitəsində aktrisa, müğənni və rəqqasələrlə romanlarının arası kəsilmirdi. Kreditorların təkidiylə malikanəsini satmağa məcbur olan Bayronun borcu 30 minə çatsa da, malikanəni alan tapılmırdı. Ona görə də Bayron qəzəbini, hirsini teatrlarda və içki badələrində batırmağa çalışırdı.
Bacısı Avqusta ilə əlaqəsinə eyhamları və dəli kimi hərəkətləri Bayronun havalanması barədə düşüncələrə yer ayırırdı. Onlar evlənəndə ledi Bayron bacı-qardaşın münasibətindən xəbərsiz idi. Sonradan ərinin homoseksual münasibətləri haqda şayiələr də təsdiqləndi. Bacı-qardaş bir yerdə olanda elə bil ki, Anabellanın otaqda olduğunu unudurdular. Mederanı isə Bayron hamının yanında qızı adlandırırdı. Hətta deyirlər ki, Bayronun arvadıyla cinsi münasibətləri yox dərəcəsindəydi. Gecələr o, çığırıb ayılır, arvadı qoluna toxunan kimi «mənə əl vurma» qışqırıb qaçırdı. Bayron ömrü boyu düşünürdü ki, heç kim qadının necə yemək yediyini görməməlidir. Ona görə də arvadıyla onlar ayrılıqda yemək yeyirdi. Evləndikləri ilin sonunda Bayronun qızı doğuldu və adını Ada qoydular. Az sonra ledi Bayron qızını da götürüb atasıgilə köçdü. Arabir «Əzizim Dik» xitablı incə müraciətlərlə dolu məktublar yazsa da, deyəsən, geri qayıtmayacağına söz vermişdi. Bayronların boşanma səbəbi gizli qalıb. Amma məlumdur ki, ledi Bayron həkim Leşinqtonun qəbulunda olub ona elə faktlar deyib ki, bundan sonra boşanma əleyhinə olan həkim qəti şəkildə deyib ki, onlar mütləq boşanmalıdır. Sadəcə, «xasiyyətləri tutmadı» versiyasıyla oxucular razılaşmaq istimirdi. Ledi Bayronun səbəbləri açıqlamaması da hamının fikrində nəsə dəhşətli və fantastik bir səbəb yaradırdı. Boşanma sensasiyaya çevrildi. Onu qoca ledi Melburn ilə cinsi əlaqədə suçlayırdılar, amma qarının xahişiylə. Deyirdilər ki, o, arvadını hamiləliyin sonuncu ayında zorlayırmış. Guya ledi Oksfordun 13 yaşlı qızını zorlamağa çalışıb. Avqustanın Bayrondan 2 qızı - Medora və Ada doğulmuşdu. Bayronu Lordlar Palatasında görmək istəmir, küçədə təhqir edirdilər. Bayrona bu ölkədə artıq yer yoxuydu.
«Nikah sevgidən doğur, necə ki, şərabdan sirkə əmələ gəlir»
İngiltərədən və ictimai qınaqdan incimiş şair Nyustid malikanəsinin satılması barədə əmr verdi. Bu, ona rahat maddi çətinlikdən uzaq və arzuladığı kimi sakit yaşamağı imkan verəcəkdi. Yenə də səyahətlər, müxtəlif şəhərlər. Sonra səfər təəssüratları kağıza köçərək qəhrəmanlarının diliylə canlanırdı. Yaşadığı əxlaqsız həyat tərzi ona gözəl poetik şeirlər yazmağa mane olmurdu: «Don Juan», «Mazeppa», «Françesko de Rimini»…
Qrafinya Qviççioli ilə görüş yeni məhəbbət tarixcəsini yaratdı və Bayronu pozğun həyatdan xilas elədi. Terezanın 60 yaşlı əri onların görüşünə etiraz eləmirdi. Qrafinya Bayronu romantik hisslər çələngiylə əhatə edərək, həqiqi sevgiyə olan inamını qaytarmaq üçün çalışırdı. Bayron isə əvvəlki kimi qadınların ünvanına tikanlı sözlər yağdırırdı: «Qadına güzgü və şirniyyat verin və o, çox razı qalacaq. Özümü tanıyanı bəşəriyyətin o biri yarısından əziyyət çəkmişəm. Qadına cəngavərcəsinə xidmət eləmək dünyada ən rəzil, hətta qul olmaqdan da betər bir asılılıqdır». Amma qrafinya Bayronun yaradıcılığında bir sıra gözəl və ağıllı qadınlar obrazının yaranmasına səbəb oldu. Bayron Terezanı sonuncu məhəbbəti sanırdı. Tereza ölkədən sürgün edilib monastra çəkilməsəydi, yəqin ki, o, növbəti ledi Bayron olacaqdı. Tək qalan kimi onun evi yenə də hərəmxanaya çevrilir. Bayron Venesiyada olduğu müddətdə qadınlarının sayını hesaba almaq fikrinə düşür. Cəmi 200 qadını xatırlaya bilir: «Bu rəqəm dəqiq deyil, çünki son vaxtlar mən hesabı itirmişəm». Əlbəttə ki, «Veneranın xəstəlikləri» də ona rahatlıq vermirdi.
«Təklikdə insan özünü nisbətən az tənha hiss eləyir»
Yunanıstanda qiyam baş qaldırmasaydı, yəqin ki, Bayronu tədricən unudacaqdılar. İndi Bayrona tarixə düşəcək və özünü çox lazımlı duya biləcək bir hərəkət eləmək lazım idi. Yunanıstana kömək komitəsiylə danışıqlar apararaq o, bir qədər pul topladı və böyük həvəslə yeni səfərə həzırlaşmağa başladı. İnqilabçılar arasında sözləri düz gəlmədiyinə görə elə məqam çatdı ki, pul qıtlığı ümumi işin dayanmasına gətirə bilərdi. Onda Bayron İngiltərədəki varidatını satıb pulu Yunanıstan naminə xərclədi. Türklərlə savaşda can qoymuş Bayron yunanların hər kiçik qələbəsinə sevinir, hətta sağlamlığının qeydinə tamamilə qalmırdı. Pərəstişkarlarına isə belə deyirdi: «Siz məni şeir yazmamaqda qınayırsız. Baxın, mən bu gün şer yazmışam: «Bu gün mənim 36 yaşım tamam oldu».
Həmişə xəstəhal Bayron qızı Adanın sağlamlığından narahat idi. Onun sağalması barədə məktub alandan sonra o, sevincək olub gəzmək istədi. Gəzinti zamanı möhkəm yağış yağdı və Bayron bərk soyuqladı. Onun son sözləri belə idi: «Bacım mənim! Övladım mənim! Yazıq Yunanıstan! Mən ona vaxtımı, varidatımı, sağlamlığımı vermişəm! İndi isə həyatımı verirəm!» Bayronun bədənini yarandan və beynini tədqiq edəndən sonra həkimlər dedi ki, bu, elə bil 80 yaşlı qocanın orqanlarıdır. Vəsiyyətnaməsində Bayron bütün varidatını - 100 min funt sterlinq o vaxta görə çox böyük məbləğ idi - bacısına qoyub. İki ildən sonra Avqustanın bir qəpiyi də yoxuydu. Deyirlər ki, Avqusta yanına gələn hər kəsdən sevimli qardaşının məktublarını oxumağı xahiş edirdi. Amma məktublar çox az idi, çünki Bayronun məktublarını satıb dolanırmış…
Müəllif: Gülnarə RƏFİQ

Uilyam Şekspir - bioqrafiyası olmayan dramaturq

Uilyam Şekspir
(26 Aprel, 1564 - 23 Aprel, 1616)
İngilis dramaturqu, şair və aktyoru. Dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri. Ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifidir. Şekspir 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olmuşdur. 1585-1592 illər aralığında Londona köçür. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərir. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıdır və üç il sonra vəfat edir. Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illər aralığında yazmışdır. O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Makbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır.
İnsan taleləri ensiklopediyasını yaradan sənətkarın kimliyi hələ də mübahisələr doğurur
İndiyədək Verona qəbristanlığında soruşanlara Cülyettanın dəfn olunduğu qəbri, daha doğrusu sərdabanı göstərirlər. Skeptiklər deyir ki, Romeo və Gulyetta olmayıb və bütün bunlar Şekspirin fantaziyasının məhsuludur. Amma hər il minlərlə turist bu sərdabanı tapıb onu çiçəklərə qərq eləyir. Bu o deməkdir ki, Şekspir bəşəriyyətin ürəyinə yol aça bilib. Yeri gəlmiş, Dante «İlahi komediyası»nda Montekki və Kapuletti nəsillərinin adını çəkir. Ola bilər ki, belə əfsanə həqiqətən də olub...
Merin oğlu
Şekspir Stratford şəhərciyində anadan olub. Onun dəqiq doğum tarixi məlum deyil. Amma Müqəddəs Üçlük kilsəsində 26 aprel 1564-cü ildə xaç suyuna çəkilməsi barədə yazı var. Onun atası Con Şekspir kifayət qədər imkanlı sənətkarlardan olub. Əlcəkçi və sələmçi olaraq bir qədər var-dövlət toplamışdı. Arabir ictimai vəzifələrə də seçilirdi. Hətta bir dəfə şəhərin meri vəzifəsinə də layiq görülmüşdü. Kilsəyə gedib moizələrə qulaq asmadığına görə böyük məbləğdə cərimələr ödəyirdi. Anası Mariya Arden qədim ingilis famillərinə məxsus idi və uğurlu tacirin qızı idi.
Məktəb illəri barədə də məlumat yoxdur. Hesab edilir ki, Şekspir Stretfordun «qrammatika məktəbində» təzsil almışdı. Dəqiq məlumdur ki, Şekspir evlənəndə 18 yaşı vardı. Çox guman ki, nişanlısı Enn Xezevey artıq hamiləydi. Bu qız ondan 8 yaş böyük idi. Tezliklə onların Süzanna adlı qızı və daha sonra əkizlər – Xemnet adlı oğlu və Cudit adlı qızı doğulur. Oğlu Xemnet körpəykən vəfat eləyir. Uilyam universitetdə oxumayıb. Deyirlər ki, Şekspir əvvəl ət dükanında köməkçi işləyib. Sonra Tomas Lüsi Çarliqtounun torpaqlarında maral öldürdüyünə görə qaçmalı olub. Bir daha Şekspirin adı 7-8 il sonra London dramaturqu Robert Qrinin pamfletində çəkilir. Burada pyes yazmağa ürək eləmiş ədəbsiz aktyor barədə xəbərdarlıq vardı.
Pyes yazmağa ürəklənmiş ədəbsiz aktyor
Dünya təfəkkürünü dəyişməyə qadir dramaturqun həyatından olan çox az məlumatlarla qane olmayanlar onun bioqrafiyasını əfsanəvi şəxsiyyətin yaradıcılığında, süjetlərdə və qəhrəmanların dioloqlarında axtarırlar. Şekspir bioqrafiyası onun yaradıcılığında, xüsusilə də şerlərindədir. Şekspirin 4 faciəsini – «Romeo və Cülyetta», «Hamlet», «Otello» və «Kral Lir»i tənqidçilər gənclikdən qocalığa doğru yaşların faciəsi hesab edirlər. Şekspir əsərlərindən az-çox xəbəri olanlar kişilərin tez-tez qadın paltarı geyib cinsini dəyişmə epizodlarına yəqin ki, sakit yanaşır. Amma bioqraflardan bəziləri homoseksual hisslərin aydın ifadələrini aşkarlayıblar. Bu xüsusilə də sonetlərdə gözə çarpır. Məsələn 154-cü sonetin girişində hətta inisialların göstərilməsiylə ithaf da verilib. Sonetlərdə «böyük cazibəsi olan gözəl cavan oğlana», «mənim ehtirasımın sahibi» tez-tez səslənir və müəllif bəzən cavan oğlan və qarabuğdayı xanım arasında olan seçim qarşısında aciz qalır. Buna baxmayaraq Şekspir sonetləri yüksək poeziyanın kamil nümunələri kimi qalmaqdadır.
Komediyaları oxumurlar, komidiyalara baxırlar
Əksəriyyətin savadsız olduğu İngiltərədə teatr əhalinin bütün qatlarıyçün rahat qavranan sənət kimi çox aktual idi. Kitab çapı ciddi senzura edilsə də teatrlar daha azad idi. Səhnə və tamaşaçı arasında canlı təmas vardı və səhnəyə dövrün ən aktual problemlərini çıxarırdılar: hakimiyyəti tənqid edir, dəbdə olan qüsurlara gülür, qəhrəmanlıarı tərifləyirdilər. 16-cı əsrdə puritanlıq yayılmışdı və həmən nöqteyi nəzərdən teatr ədəbsizliyi, ikiüzlülüyü, əxlaqsızlığı təbliğ eləyən ziyanlı bir əyləncə sayılırdı. Tez-tez taun epidemiyasından seyrələn Avropada bir şəhərdən o birinə səfər eləyən aktyor truppası xəstəlik yaymaqda günahkar bilinirdi. Bununla belə teatr elə bir yer idi ki, camaat hakimiyyətlə birgə, aristokratiya ilə yanaşı eyni tamaşaya baxa bilirdi. Şekspir Londona gələndə teatrda ağalar tamaşaya baxarkən atların keşiyini çəkməklə pul qazanırdı. Sonra vəzifəsini artırıb səhnə arxasına keçirirlər. Burda o, rolların köçürülməsi, aktyorların vaxtında çıxışının təmin edilməsi, suflyorluq kimi işlərlə məşğul idi. Yalnız bir-neçə ildən sonra Şekspir ilk, amma kiçik rolunu ala bildi. Amma yaxşı aktyor olmaq Şekspirin qismətində yoxuydu. Yazmaq daha yaxşı alınırdı. Şekspir yaradıcılıqçün əlverişli dövrdə yaşayıb. Onun işi çox olardı, tamaşalar az qala hər gün gedirdi. 1595-ci ildən Şekspir «Lord Çemberlenin truppası»nın pay sahiblərindən biri olur. 1899-cu ildən «Qlobus» teatrının, 1608-ci ilədn isə Dominikan teatrının sahiblərindən birinə çevrilir.
Dahi mistifikator
Belə fikir var ki, London aktyor truppasının payçısı, stretfordlu Ulyam Şekspir əslində bütün bu əsərlərin əsil müəllifi deyil. Əsil müəlliflər sırasında Fransis Bekon, Kristofer Marlo, qraf Retlend, hətta kraliçə Yelizavetanın adı çəkilir. Artıq 200 ildir ki, dahi dramaturq, şair və dövrlərin ən dahi yazıçısı sayılan Uilyam Şekspirin kim olması barədə mübahisələr gedir. Heç kim Mikelancelonun, Rafaelin, Arximedin və Safoklın kimliyində şübhə eləmir.
Əgər insanlar 200 ildir başını sındırırsa, deməli burda nəsə var.
Şekspir əsərlərinin tədqiqi təsdiqləyir ki, bu insan 20 - 25 minlik söz lüğətinin sahibiymiş. Dövrünün məşhur filosofu Frensis Bekonun 9-10 min söz lüğəti vardı. Müasiri olan ali savadlı ingilis 4 mindən artıq söz işlətməzdi. Oksford universiteti xəbər verir ki, Şekspir ingilis dilinə 3200 yeni söz bəxş edib. Bu onun müasirlərinin hamısının birgə elədiyindən də artıq nəticədir. Müəllif fransız dilini, italyan, latın dilini yaxşı bilir və bir qədər yunancadan məlumatlıymış. İngiltərənin tarixini gözəl bilir və qədim tarixdən də xəbəri vardı. Şekspir yunan-roma mifologiysını, ədəbiyyatı və tarixini bilərək əsərlərində nəinki tərcümədə, həm də originaldan istifadə edirmiş. Alimlər onu da ahkarlayıb ki, Şekspir ingilis tarixiylə bərabər hüququ, bəlağət elmini, musiqini, botanikanı, təbabəti bilir, hərb və dəniz işindən də yaxşı baş çıxarırmış. Şimali İtaliyanı, Paduya və Venesiyanı beş barmağı kimi tanıyırmış. O, hətta saray epitetlərini, titullarını, zadəgan əsilzadələrinin danışıq tərzini də bilirdi.
Görək stretfordlu Şekspir haqqında sənədlərdə nə yazılıb? Əvvəl onun haqqında heç kim heç nə bilmirdi. Həyatı boyu onun yazıçılığı barədə iz qoyan bir sənəd tapılmayıb. Ölmündən 50-100 il keçmiş izləri və sənədləri axtarmağa başladılar. Məlum oldu ki, onun valideynləri və uşaqları da savadsız olub. Onun əliylə yazılmış bir qırıq kağız da qalmayıb. Onun kitabxanasından bir kitab da yoxdur. Hər hansı yazıçıdan zaman keçmiş əlyazmamı, ya bir kitaba avtoqraf olsa belə tapılır. Onun müasirləriylə yazışmasından məktub, ya da haqqında bir yazı da tapılmayıb. Müasirlərindən hes kim «Mən bu gün bizim aktyor, dramaturq Şekspiri gördüm» kimi bir kəlməni qeydə almayıb. Nə sağlığında, nə də ölümündən sonra heç kim onu şair və dramaturq adlandırmayıb. Elə bil ki,
İngiltərədə belə yazıçı heç yoxuymuş!
Şaksper adlı kiçik ticarətlə məşğul olan sələmçinin fəaliyyəti haqqında bəzi sənədlər qalıb. O, qonşuları dəmirçi və aptekçini borc üstündə məhkəməyə verərək uzun müddət izləyirmiş. Aktiv alıcılığı barədə də sənədlər var. Amma ilkin təhsilini təsdiqləyən sənəd yoxdur. Deyirlər ki, o, ibtidai kilsə məktəbində təhsil alıb. Onu da deyirlər ki, atası onu məktəbdən tez ayırıb əlcəkçi şəyirdliyinə verib. Bu o vaxtlar üçün adi hərəkət idi. Əgər belədirsə Şekspir bu səviyyəli savadı harda ala bilərdi? Bəzi alimlər hesab edir ki, Şekspir 6–cı Eduardın kral məktəbinə gedib təhsil alırmış. Orada o, antik şairlərin yaradıcılığını öyrənirmiş. Amma məktəb jurnalları qalmayıb, ona görə də dəqiq fikir yürütmək çətindir. Şekspirin vəsiyyətnaməsini gözdən keçirək. Bu sənədi Şekspirin sözlərindən notarius qələmə alıb. Bu sənəd də 100 il keçmiş tapılıb. Orda qaşıq-çəngəllər, bir neçə nəsil əvvələ hesablanmış pullar, faizlər, penslər, bir sözlə hər şey haqqında yazı vardı. Hətta evin qab-qaşığı və çarpayısı da yad edilmişdi. Amma bir cümlə də kitablar haqqında söz yoxuydu. Axı kitablar da o vatx çox baha idi. Bəs Şekspirin əlyazmaları hanı? Axı bu ad hələ sağlığında tanınırdı, onun pyesləri və sonetlərinin ardıncı sürünənlər vardı. Bəs nəşriyyata sonetlər hanşı şəkildə verilirdi? Bu da məlum deyil. 2 funta görə qonşuları məhkəməyə verən Şekspir əlyazmaları necə unuda bilərdi? Axı bu əlyazmaya görə 6 funt qazanardı. O rəhmətə gedəndə 18 pyesi nəşr olunmamış qalırdı.
Onlar barədə də bir cümlə də yazılmamışdı.
Şekspir Stretfordda dünyasını dəyişəndə İngiltərədə bir nəfər də dahinin şərəfinə bir cümlə də demədi (!?). Şekspirin ölmünü Stretford kilsəsində «25 aprel. 1616-cı il. Uill Şaksper rəhmətə getidi. Centlimen.» yazısı təsdiqləyir. O vaxtlar belə bir adət vardı ki, hətta məşhur olmayan sənətkarın ölümünə elegiyalar yazılırdı. Bu ithaflar çox olardısa kitab şəklində çap olunardı. Bəzən küçələrdə yürüşlər də təşkil edilərdi. Onun tamaşalarında göz yaşları tökən tamaşaçılar belə dramaturqu yad eləmək istəmədi? Bəzi alimlər hesab eləyir ki, «Shakspere», yaxud «Shaksper» adını Şaksper kimi oxumaq olar. Şekspir imzasıyla yazılan əsərlər bizə əsas vermir ki, onların eyni adam olduğunu düşünək. Amma onu da nəzərə almaq lazımdı ki, o dövrün adlarının yazılış qaydası hələ oturuşmamışdı və kilsə sənədləri arasında ciddi fərqlər müşahidə edilirdi. 1997-ci ildə işıq üzü görmüş bir kitabda isə qraf Retlend, Rocers Menners və Filip Sidni adlı şairin qızı Elizaveta Retlendin Şekspir ləğəbi altında yazması barədə versiya şekspirşünasları şoka saldı. Şekspir adıyla bağlı tədqiqatlar hələ də davam eləyir və Şekspir şəxsiyyətini «Dahi Mistifakasiya» adlandırmağa əsaslar gördüyünüz kimi az deyil.
Ölmək incəsənəti
Adıçəkilən faktlara qarşı çıxan və özünü streftfordçular adlandıran dəstə Şekspirin şəxsiyyətində şübhələri kənara atıb onu müdafiəsinə fikir yürüdürlər. 30 yaş ərəfəsində əyalət şəhərində böyüyüb uğurlu ailə qurmuş bir kişini yaşadığı mühiti atıb şəhərə gəlməyə nə məcbur eləyə bilərdi? Onun qoşulduğu insanlar bəzən nəinki tamaşa oynamağa, heç yatmağa yer tapmırdılar. Londonun ictimai teatrları Şekspir şəhərə gələndən sonra tikilməyə başladı. O özünün təminatlı həyatını avara təlxəklərlə birlikdə keçirməyə dəyişdi. Amma bu mühitdə o özünü təsdiqləyə bildi. O artıq oynanılmış pyesləri vərəqləyə-vərəqləyə özününküləri yaratmağı öyrəndi. Aktyorlar arasından seçilib truppanın pay sahiblərindən oldu. Sonra o qədər pul toplaya bildi ki, hətta zadəgan adını da satın ala bildi. Biz Şekspirin real həyatından heç nə bilməsək də mühit haqqında çox şeyləri bilirik. Burada aristokrat patronlar, saray əhli gəzişir, kraliçənin özünü tamaşalarda görmək olardı. Kubar ailələr yazıçıları evə dəvət eləyirdi ki, pyeslərin ssenarilərini sifariş versinlər. Burda adətlərin azadlığı hakim idi, epikürçülük- eyş-işrət, homoseksuallıq bəzən komediantlarla aristokratiyanı bir-birinə yaxınlaşdırırdı. Bu mühitdə qeyri –adilik qiymətləndirilirdi və əyalətdən gəlmiş Şekspir burda itib-batmadı.
Şekspirin həyatında başqa bir dönüş nöqtəsi anadan olduğu yerə qayıtması anı idi. Teatr aləmiylə qəfil əlaqələrin kəsilməsi uzun illər unutduğu ailəsinin qayğısına qalmaqla yəqin ki, izah edilə bilməz. Xəstəlik? Həyatdan yorulmaq? Ömrün sonuna yaxın fəlsəfi düşüncələr? Biz bunu bilməyəcəyik, biz yalnız fərziyyələr yürüdə bilərik. Şekspirin vəsiyyətnaməsinə gələndə isə o, ciddi xəstəlik vaxtı tərtib edilib, burda fəlsəfi düşüncələrə yer ayırmaq da yersiz olardı. Bir də ki, savadsız varislərə kitabları miras qoymaq nəyə lazım idi. Onsuz da onlar kağızdan baş çıxarmırdılar. Bəlkə də London həyatıyla vidalaşanda Şekspir bütün əlyazmalarını məhv eləyərək vətənə əliboş qayıtmışdı. Axı bütün pyeslər oynanılmışdı, nağıllar danışılmış və bütün ruhlar vətənə buraxılmışdı. Sonrası – sükut…
Ədəbiyyatın «Zoluşka»sı
Ölümündən sonra Stretfordda Şekspirə qəbrüstü abidə qoyurlar. Həmin abidə indiyədək ilkin şəkildə dayanıb, çünki qəbrin üstündəki qarğışı heç kim boynuna götürmək istəmir: «Dostum, Tanrı xətrinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma. Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq». Bu yazı onunçün idi ki, arvadının yanında dəfn edilməsinə imkan verməsin.
Şekspirin qəbüstü abidəsi yazıçıdan daha çox kolbasa bişirən, ya da dərzini xatırladır. Onun əlində qələm, ya kağız əvəzinə bir boxça var. Bu abidə Şekspirin ölümündən 6 il sonra qoyulub və çox guman ki, ortabab heykəltaraşın abırlı vətəndaş haqqında təsəvvürlərinə tam uyğun yonulub. Aktyor olmaq eyib idi axı. Əlindəki boxça isə famil sənətkarlığının, gəlirin simvolu kimi seçilib. Bu həm də Şekspir ailəsinin prestij haqqında təsvvürlərinə tam uyğun idi. Sonralar Şekspir pyesləri iri tirajlarlla çıxıb gəlir gətirəndə bu ailə nəhayət ki, inandı ki, yazıçı olmaq da abırlı peşə ola bilər və abidədə dəyişikliklər edildi: yun boxçası qələm və kağıza əvəz olundu.
Lətifələr:
Şekspir öyrənir ki, arvadı ona xəyanət eləyir. Təbiətcə sadə və komplekssiz olduğuna görə birbaşa özündən soruşmağı qərara alır. Arvadı ona cavab verir:
- Oy, xahiş edirəm, bundan faciə düzəltməyəsən!
***
ZAQS-da:
- Əliyev soyadımı Otelloya dəyişməyinizi xahiş edirəm!
- Oooo, siz Şekspiri bu qədər sevirsiz?
- Xeyr. Arvadımı qanuni əsaslarda boğmaq istəyirəm!
Müəllif: Gülnarə RƏFİQ

Aleksandr Düma - 350 qadın və 647 kitab

Aleksandr Düma
(1802, 24 iyul - 1870, 5 dekabr)
Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. Aleksanr Düma 1802-ci ilin 24 iyul tarixində Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Atası Tomas-Aleksandr Düma ordu generalı, anası Mari-Lüzi Elizabet isə mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayarq, bu gənc Dümanı onun kitablara olan sonsuz məhəbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Əsərləri:
  • "Üç muşketyor" (1844)
  • "İyirmi il sonra" (1845)
  • "Vikont de Brajelon və ya on il sonra" (1847)
  • "Qraf Monte Kristo" (1845-46)
  • "İki Dianalar" (1846)
  • IV Henrix haqqında əsərləri:
  • "Şahzadə Marqo" (1845)
  • "Qrafinya de Monsoro" (1846)
  • "Qırx beş" (1847)

Fransız inqilabı haqqında əsərləri:

  • "Cüzeppe Balzamo və ya həkimin məktubları" (1846-48)
  • "Şahzadənin boyunbağı" (1849-50)
  • "Anj Pitu" (1853)
  • "Qrafinya de Şarni" (1853-55)
  • "Şevalye de Mezon-Ruj" (1845)
  • "Qara zanbaq" (1850)
Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi Paris ətrafında iri torpaq sahəsində «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı. Burda kimliyini soruşmadan hər kəsi qəbul edir, yedirir, lazım gəlsə yatmağa da yer verirdilər. Düma dostlarının sözünə baxıb hər qəpiyini güdə bilsəydi, arzularının qəsri əldən getməzdi…
Qara qulun nəvəsi
3 yaşlı Aleksandrın atası öləndə anası ona birtəhər izah eləməyə çalışmışdı ki, atasını bir də görə bilməyəcəklər, çünki Allah onu öz yanına aparıb. Bunu eşidən oğlan əlinə silah alıb çardağa qalxmağa çalışır ki, atasını öldürən Allaha güllə atsın. Beş yaşında Aleksandra yazıb-oxumağı öyrədirlər. Gördüyünü və eşitdiyini heyrətamiz dəqiqliklə yadda saxlamaq istedadı da bu dövrdə ortaya çıxır. Anası onu skripkaçı kimi görmək arzusu ilə hər ay 10 frank ayırmışdı. 3 ildən sonra müəllimi «bu uşaqdan skripkaçıdan başqa hər bir hey alına bilər» deyib bu pulu ailədən qoparmağı insafsızlıq sayaraq dərsdən imtina edir. Ona latın dili və riyaziyyatı da öyrətmək cəhdləri eləsələr də, cəmi üç qaydanı yadda saxlaya bilir. Düma nəyisə bölüb kimnənsə bölüşməyi və pulunu saymağı ömrünün sonuna kimi öyrənə bilmədi.
Onun atası Aleksandr Düma Napoleon qoşununun generalı və imperatorun ən yaxın dostlarından olub. Napoleonla arası dəyəndən sonra ailəsi demək olar ki, pulsuz-parasız yaşamalı olub. Arvadı və uşaqları dilənçi kökündə yaşayıb, balaca Aleksandr isə brakonyerliklə öz qarnını doyura bilirmiş. Həddi buluğa çatdıqca onun dərisi tündləşməyə və saçları da burulmağa başlayır. Aleksandr Dümanın nənəsi San Dominqodan olan qaradərili qul olub. Fransız babası isə bu qadından olan 4 uşağını qul kim satıb. Yalnız dörd ildən sonra böyük oğlu, Dümanın atasını geri alıb. Qalan uşaqlarının taleyi məlum deyil. Düma soyadı isə qaradərili nənəsinin hədiyyəsidi. Markizin evində qulluqçu olduğundan ona Mari dü ma, yəni evdar Mari deyirdilər.
Həyat səhnəsində Düma yalnız məhəbbət dramında rol alırdı
İlk dəfə dramatik sənətlə tanış olandan bəri teatr onu tamamilə valeh eləyir. Aktyorların əl-ayağına dolaşır, onlara kömək eləməyə çalışmaqla bir qədər təcrübə toplayıb, hətta teatr da yaratmağa cəhd edir. Bu teatrda yerlər heç vaxt boş olmurdu.
Parisə köçən kimi atasının dostlarından kömək umaraq qapılara düşür. Kömək eləmək istəyən tapılırdısa, işlər irəli getmirdi, axı o, nə riyaziyyatı, nə xarici dilləri, nə də mühasibatı bilirdi. Nəhayət, gözəl xəttinin sayəsində Orlean hersoqunun dəftərxanasında işə düzələ bilir. İndi o, anasını yanına gətirə bilər. Nəvə arzulayan Mari-Luiza hələ bir neçə il bilməyəcək ki, o, artıq nənədir.
İlk əvvəl yazdığı əsərlərin altına adını yazmazdı. Düma onu da anlayırdı ki, nüfuzlu əlaqələri olmasa irəli gedə bilməz. Ona görə də Napoleonun atası general Dümaya ünvanladığı məktubu lazımi adama hədiyyə verməklə aristokrat cəmiyyətinə yol aça bilir. «Üçünci Henrix və onun sarayı» adlı dramının səhəri o yuxudan oyananda artıq məşhur adam idi. Amma arabir evə qaçıb anasına dəyməyə məcbur idi. Dörd yaşlı nəvəsi olduğunu öyrənəndən sonra hipertonik kriz keçirib yatağa düşən anasının sağ beyin yarımkürəsi tamamilə sıradan çıxmışdı. Məşhur metaforadakı kimi əgər həyat teatrdısa, Düma üçün orda yalnız məhəbbət dramı oynanılırdı. Düma özü bu tamaşada ilk məşuqdan tutmuş aldadılan ərə qədər bütün rolları gözəl oynamışdı. Şəkillərdən göründüyü kimi iri qabaritli bu adam yemək vurğunuydu. Triumf günlərində yüzlərlə adamı başına yığıb şəxsən özü yeməkləri hazırlayırdı. Gəzdyi ölkələrdə isə ən birinci yemək reseptləri toplayarmış və «Böyük yemək ensiklopediyası» kitabına əlavə edərmiş.
Durğu işarələrini yaza bilməyən yazıçı
Sutkada 14-18 saat işləməyi bacaran Dümanın məhsuldarlığı və yağışdan sonra əmələ gələn göbələklər kimi artan kitabları onun hazır romanları pulla alıb adına keçirməsi barədə şaiyələrin yaranmasına əsas verirdi. Həqiqətən də Dümanın o dövrdə hamıda olduğu kimi köməkçiləri vardı. Amma Düma işin əsas hissəsini özü görür, yazdıqlarını xarakterizə edən incəlikləri mətnə özü daxil edirdi. Köməkçilərin əsas işi durğu işarələrini yerinə qoymaq idi, çünki bu işi Düma heç sevməzdi. O, bəzilərinin mətni üzündən köçürə biləcəyindən artıq sürətlə yenisini yarada bilirdi. 40 sətirlik çap səhifəsini yazmaqçün ona cəmi 15 dəqiqə gərək olurdu.
«Şevalye de Mezon Ruj» romanı mərcə yazılıb.
O, mərc çəkib ki, yeni romanı 3 günə yaza bilər. Romanın birinci hissəsini 66 saata bitirən yazıçı yataq otağında bağlı qapının arasından yazılan səhifələri bayıra ötürərmiş.
Dümanın «Afrika ehtirasları»
Dümanın ürək sirdaşlarının sayını heç kim dəqiq bilmir. Deyirlər ki, sayı 350-yə çatır. 18 yaşlı Dümanın ilk qadını Adel Delvan ondan 4 yaş böyük idi. İki il davam edən münasibətləri onunla bitir ki, Adel başqasına ərə gedir. Bu, birinci və sonuncu qəlb qırıqlığı olur, çünki sonralar bütün ayrılıqların səbəbi Aleksadrının boynuna yazmaq olar. Parisə ilk gəlişində o, qonşusu, özündən 8 yaş böyük Mari-Katrin-Lor Labe ilə münasibət qurur. Bu əlaqənin nəticəsində oğlu, sonralar yazıçı kimi ad çıxarmış Aleksandr Düma-oğul doğulur. Sakit, utancaq və həyalı Lor tezliklə Dümanın zəhləsini tökür. Ona macəra qoynuna atılan qadınlar, kef məclisləri və gözəl həyat lazımdı. Axtardıqlarını Meloni Valdorda tapa bilir. Uzaq qarnizonların birində zabit əriylə yaşayan bu xanım şairəydi və dövrünün bütün məşhurlarını tanıyırdı. Onlar bir-birinə uzun və heyrətamiz məktublar yazır, özü də gündə heç olmasa beş dəfə. Melaninin vəsiyyətinə görə, Dümanın onu fəth elədiyi günü ağ mərmərdən olan başdaşında həkk olunub.
Gələcək həyat yoldaşı aktrisa İda Ferye ilə isə təsadüfən tanış olurlar. Bu qadın 20 yaşlı tosqun, əyri dişli, sarışın, çox pis diksiyası və ortabab istedadı olan bir aktrisa idi. Başqa aktrisalarla paralel sevgi macəraları yaşasa da, hamının təəcübünə eybəcər İda ilə evlənir. Deyilənə görə, Düma İdanı Orlean hersoqunun sarayına gətiribmiş. Bu etiketin kobud surətdə pozulması sayılırdı. Hersoq isə Dümaya yaxınlaşıb «Xanım Dümanı sarayımda görməyə çox şadam» deməsiylə ədəb dərsi verəndən sonra yazıçı İdaya evlənməyə bilməzdi. Evlənməsi Dümanı həyat tərzini dəyişməyə məcbur eləmədi. O, yeni məşuqələrini əldə elədikcə köhnələrini atmır, onların da maddi problemlərini həll eləməkdə davam edirdi. Bəzən elə olurdu ki, onın məşuqələri sanki bəhsə girmiş kimi eyni vaxtda hamilə qalırdı. Düma isə bütün bu uşaqlardan canını qurtarmağın və xanımını sakitləşdirməyin yollarını axtarmalı olurdu. Düma yaş üstə yaş qoyduqca məşuqələrinin yaşını azaldırdı. Düma həmişə iyirmi yaşlılara üstünlük verib - 17 yaşında da, 70 yaşında da...
Mari Dorval Dümanı «mənim xeyirxah itim» adlandırırdı. O, ölümqabağı Dumanı yanına çağırıb xahiş edir ki, onu ümumi qəbirdə basdırmağa qoymasın. Ordenlərini özü qədər sevən Düma onları satmalı olur ki, aktrisanın son arzusunu yerinə yetirə bilsin. Sonra yazdığı «Mari Dorvalın son ili» adlı əsərindən gələn qonorarı qəbiristanlıqda torpaq alıb, orda rəfiqəsinə abidə qoymağa xərcləyir.
Onun sonuncu sevgisi amerikalı yəhudi Ada Ayzeks Menken olub. Onların bir-birinə sarılmış fotosu o vaxtlar Paris mətbuatında çoxlu səs-küyə səbəb olmuşdu. Çünki həmin fotoqrafa bir qədər borcu vardı və bu yolla borcundan çıxmaq fikrindəydi. Bütün Parisin küçələrini bəzəyən bu fotoları aradan yığışdırmaqçün Dümanın oğlu və qızı çox əziyyət çəkməli oldular.
Dəlisov d`Artanyan və acgöz Partos əslində kim idi?
Düma hamı kimi şöhrət və gözəl qadınlar haqqında xülyalar qururdu. Bonapart vaxtı olsaydı, mundir geyərdi. Onun dövründə əsas döyüş meydanı teatr idi. Şöhrət arzusunda olan gənc mütləq yazmalıydı. Düma öz həyatını da teatra çevirmək bacarığı, qəhrəmanlarının həyatıyla yaşamaq istedadıyla seçilirdi. Yüzlərlə adamı yedirib içirdən ballar təşkilatçısının evində ən lazımlı avadanlıq tapmaq olmurdu. Milyonlar qazanan bu adam cibində bir qəpiksiz dolanırdı. Ağlasığmaz qonorarların hardan gəlib hara getdiyini heç özü də bilməzdi. Hamı bilirdi ki, nəinki dəlisov d`Artanyanın, həm də acgöz Partosun da prototipi əslində kimiydi. Ata və Oğul Düma Daha ciddi təbiətli oğulla atası arasında qarşılıqlı anlaşma tədricən əmələ gəlmişdi. Ata Dümanın yanına oğul Düma qonaq gələndə evdə aləm bir-birinə dəyirdi. Ata otaqdan otağa qaçaraq yarıçılpaq qadınları qulluqçuların otaqlarında gizlətməkçün çarpışırdı. Oğul Düma «Ata, bu lap ağ oldu ki, sən öz keçmiş məşuqələrini və təzə ayaqqabılarını mənə verirsən. Mən məşuqələrlə yatmalı, ayaqqabılarını geyinib açmalıyam?» deyərdi. Dümanın şəxsi «romanının» sonu bir elə pis olmadı. Son günlərini oğlunun evində keçirib günbəgün sönməsinə baxmayaraq, nəvələrinin quvernantkasını İtaliyaya qaçmaq təklifiylə qızarmağa məcbur edirdi. Dünyasını dəyişəndə onun cibində cəmi 4 frank, yəni Parisə gəldiyi vaxt cibində olan qədər pul vardı. «Bundan sonra məni bədxərclikdə necə suçlamaq olar?» deyə zarafat da edirmiş. Lətifələr Rasistlərdən kimsə onın yanında zəncilərin əleyhinə sözlər deməklə onu əsəbləşdirməyə cəhd edirmiş. Bunu heç vecinə də almayan Dümaya müraciət edib: - Siz, məncə, zəncilər üzrə ən yaxşı mütəxəssizsiniz, cənab Düma, elə deyilmi? – demişdi. - Təbii, mənim atam mulat, babam zənci, ulu babamsa meymun olub. Gördüyünüz kimi, mənim ailəm sizin ailənin taleyinin əksini yaşayıb. *** Tamaşalara adam cəlb eləməkçün bəzən Düma belə bir elan çap eləyirdi: «Nel qülləsi» əsərində qızğın baxışlarla məni qızarmağa məcbur edən cənab bu gün teatra gələcəkmi? Onunçün məktubum var. Sevgilin». Nəticədə yüzlərlə parisli məktubun ona ünvanlandığını zənn edib teatra axışardı. *** İda Ferye ilə ilk zifaf gecəsində arvadını öz dostu ilə bir yerdə yaxalayan Duma ən əvvəl həyasız dostunun paltarlarını pəncərədən aşağı atır. Sonra bayırda havanın çox pis olduğunu görüb kaminin yanında gecələməyi ona icazə verir. Kaminin odu sönəndə arvadının oynaşına aralarında qızınmağı da təklif edir. Səhər açılanda hirsi tamamilə soyuyan Düma kişinin əlini arvadının qarnına qoyub «Gəl qədim romalılar kimi ictimai yerdə barışaq» deyir. Aforizmləri: - Mən orda olmasaydım, yəqin ki, çox darıxardım. - Tarix mənimçün mıxa bənzər bir şeydir, mən ora öz romanlarımı asıram. Tarixlə hər bir şey eləmək olar, təki nəticəsində uşaq alınsın. - Mənə tolazlanan daşları yığmaq zəhmətini çəksəydim, onlardan ucaldılan heykəl yazıçı şərəfinə qoyulmuş ən böyük abidə olardı. - İnsan həyatı davam eləməyin bir, həyatı məhv eləməyin isə minlərlə yolunu bilir. - Mən sevgililərimin sayını insanpərvərliyimdən artırıram. O, bircə dənə olsaydı, heç bir həftə dözməzdi. - Bir birinə heç bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı yaradanda onu uydurmayıb, öz timsalında yaradıb. - Ailə boyunduruğu o qədər ağırdır ki, onu ikilikdə, yaxşı olardı ki, lap üçlükdə daşıyasan.
Müəllif: Gülnarə RƏFİQ

28 August, 2009

Viktor Hüqo - Fransanın vicdanı

Viktor Mari Hüqo
(26 fevral, 1802 - 22 may, 1885)
Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya ) və "Noterdamlı qozbel" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır. Səfillər epopeyası həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları - cinayətkarları, fahişələri və s. müdafiə etmişdir. Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir. Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.

Əsərləri:

  • "İsland Han" - (1823) ilk romanı
  • "Yeni mədhiyyələr" şerlər toplusu - (1824)
  • "Kromvel" dramı - (1827)
  • "Mədhiyyə və balladalar" - (1828)
  • "Şərq poemaları* (1829)
  • "Marion de Lorm" dram əsəri - (1829)
  • "Ernani" dramı - (1829)
  • "Gənc Fransa" inqilabın himni olacaq mədhiyyə - (1830)
  • "Noterdamlı qozbel" romanı - (1831)
  • "Kral əylənir" dram tamaşası - (1832)
  • "Edam məhkumun son günü" (Le dernier jour d’un condamné) - (1832)
  • "Klod He" - (1834)
  • "İşıq və kölgə" şerlər toplusu - (1840)
  • "Bir cinayətin tarixi" - (1852)
  • "Cəzalar" (Les Châtiments) - (1853)
  • "Düşüncələr" poetik avtobioqrafiyası - (1856)
  • "Əsrlərin əfsanəsi" tarixi poeması - (1856) (İkinci hissəsi 1877-ci ildə nəşr olunur)
  • "Səfillər" - (1861)
  • "Vilyam Şekspir" - (1864)
  • "Küçə və meşələrin nəğmələri" - (1865)
  • "Dəniz zəhmətkeşləri" - (1866)
  • "Gülən insan" - (1869)
  • "93-cü il" - (1874)

«Siz ulduzları parıldadığı və uzaq olduğu üçün seyr edirsiz. Amma yanımızda daha incə parıltı və daha dərin sirr olan qadınlar var»

Viktor Hüqonun 79-cu ad günündə Paris və Fransiya milli bayram kimi qeyd edirdi. Eylau küçəsində triumfal arka quraşdırmışdılar. Hüqonun evinin qarşısından 600 min parisli keçəndə nəvələriylə pancərənin qarşısında durmuş Hüqo öz pərəstişkarlarına minnətcasına baş əyirdi. Yarım il sonra küçənin adını da dəyişdirib Viktor Hüqo küçəsi qoyurlar. Öz küçəsində Hüqo hələ 4 il də yaşadı. Son mənzilə yola salınanda isə camaat onun tabutu ardıyca dəniş kimi axışırdı. İki ağ qızılgülləri çələngindən başqa heç nə ilə bəzənməmiş cənazə arabasının qabağınca 200 min parisli gedir, 2 milyondan artıq fransalı isə yol boyu düzülmüşdü. Vəsiyyətnaməsində Hüqo belə yazmışdı: «Mən 50 min frankı kasıblarçün qoyub gedirəm. İstəyirəm ki, məni yoxsullar üçün nəzərdə tutulan arabada yola salsınlar. Bütün kilsələrdə matəm mərasimindən imtina edirəm. Hamıdan mənim ruhumçün dua etməyi rica edirəm. Allaha inanıram. Viktor Hüqo»

Zəif, yekəbaş və kədərli uşaq

Fevralın 26-da Bezansonda Leapold və Sofi Hüqonun üçüncü oğlu dünyaya gəldi. Xaç valideynlərinin şərəfinə onu Viktor-Mari adlandırdılar. Zirək, qırmızayanaq qardaşlarından fərqli olaraq zəif, yekəbaş, qəmgin bu uşağın gözlərindəki kədərin arxasında nələr durduğunu hələ heç kim bilmirdi. Mayor Leopold Hüqo ehtiraslı, italyanların «Həmişə hazır cənab» adlandırdığı kişi tipində idi. O arvadına vurğundu və arvadından evlilik borcunu icra eləməyi həddindən artıq tez-tez yerinə yetirməyi tələb eləsə də xanım Hüqo ailə üzvlərinin sayının fasiləsiz artmasına müqavimət göstərirdi. Məhz bu xəsiyyətini Viktor Hüqo atasından miras almışdı. Hüqo ailəsinin damarlarında bir damcı da zədacan qanı axmırdı. Onlar burjua təbəqəsindən olaraq ailə, səliqə-sahman və qənaətcillik kultuna sitayiş edirdilər. Viktor Hüqo bu keyfiyyətini də ömrünün axırınadək saxlamışdı. Gündəlik xərclərini simicliklə dəftərçəsinə qeyd edərək (məsələn: alma- 1 su) həmişə haqq-hesab çəkərdi. Atası Napaleon ordusunun generalı olduğundan uşaqlığı bir şəhərdən o birinə keçməkdə keçib. 5 yaşından bəri Viktor atasının polkuna təhkim edilərək özünü əsgər sayırdı. Bir-biiriylə yola getməyən valideynləri ayrı yaşamaq haqqında icazə alandan sonra Volter gah atasıyla, cah da anasıyla yaşayırdı. Güclü qadın olan anasının təsiri altında böyüyən Viktorun sevgisini atası yalnız arvadının ölmündən sonra qazana bilmişdi. Artıq pansionda oxuyarkən o, ədəbi şöhrət haqqında şirin xəyallara dalırdı. Hüqo qardaşları jurnal nəşrinə baş qoşandan il yarım ərzində Viktor 11 ləğəb altında 112 məqalə və 22 şer çap elədi. İlk kiğabının çap xərcini böyük qardaşı Abel boynuna götürmüşdü. Sonralar Hüqo ilkin yaradıcılığını «axmaqlıq» adlandıracaq. Fransız Akademiyasının müsbət rəyini və Tulusda qazandığı mükafatları gördükcə ata Hüqo oğlunu Politexnik məktəbin şagirdi görmək arzusundan əl çəkməli olacaqdı.

Bir çamodan məktubun sonu

Hələ yeniyetmə olarkən qonşu qızı Adel Fuşeyə vurulur. Amma anasının bu əlaqədən heç xoşlanmırdı və gənc sevgilinin cibində qara qəpiyi də yoxuydu. Anası vəfat edəndən sonra ata Hüqo onların görüşməsinə icazə verir. Viktor Hüqoya odalarına görə illik 1200 frank təqaüd kəsiləndən sonra maneələr aradan qaldırıldı. Epistolyar tərzdə sürən sevgi romanı bir neçə çamodan uzun-uzadı məktublarda cərəyan edərək sonda mülkiyyət və maddi maneələri uğurla aşıb xoşbəxt sonluqla, yəni evlənmə ilə bitir. Atasının qoltuğuqdan çıxıb qələmiylə pul qazanaraq cəmiyyətə çıxan kimi onu Favn (Roma əsatirlərində çöl, lağ, meşə allahı) adlandırdılar. Gəncliyində monarxist və katolik olan, dostlarına əxlaq və ləyaqət haqqında uzun-uzadı məktublar yazan Hüqo ədəbi- teatral mühitə və çoxlu gözəl qadınların içinə düşən kimi fikirləridən tezcənə əl çəkir. Arvadı da intim məsələdə lap qaynanasına çəkərək ailə qayğıları və çirkli bələk əskiləri içində batmaq fikrində deyildi. Adelin «ali münasibətlər» haqqında uydurduqları yataq otağında darmadağın edilirdi. Çünki qısa müddətdə Hüqo ailəsində 4 uşaq dünyaya gəlmişdi. 8 illik evlilik ərzində 5 çox ağır keçən hamiləlikdən yorulan Adel sonra atletik seksuallığı ilə seçilən Hüqo ilə intim münasibətini tam kəsdi.

Yataqdan sürgünədək

Romanlarda olduğu kimi «səhnəyə» ailə dostu, eləcə də Viktorun fikir dostu Sent-Byov qatılır. Əsəbindən zəncir çeynəsə də Hüqo əlbəttə ki, monastra getmədi və Jülyetta Druye adlı məşuqəsinin sevgisində ürəyini ovutdu. Keçmişdə ən cəsarətli pozalarda natura kimi çıxış edən amma zəif aktrisa olan Culyettaya rast gələndə Hüqo «Favn» ləqəbli məşhur şair idi. Arvadının gizlətmədiyi etinasızlığı və cəsarətsiz itaətkarlığı məşuqəsinin «sevgi sevincləriylə» müqayisəyə gələ bilməzdi. Hüqo məşuqəsini tirancasına özəlləşdirərək onu küçəyə nəfəs almaqçün çıxmağa da qoymurdu. Yanına gələ bilməyəndə əvəzində şerlərlə zəngin məktublarla canını qurtarardı. Culyetta onu uzun səfərlərində, hətta Gernsi adasına sürgün ediləndə də müşayiət edirdi. Julyetta bilirdi ki, Hüqo heç vaxt onunla evlənməyəcək, ona görə də heç can atmırdı da. Onun «paralel» maraqlarıyla da barışaraq «tənha monastrında» Hüqonu səbrlə gözləyirdi. Axı dahilərə hər şeyi bağışlayırlar?!

«Min yol, bir məqsəd»

Arvadı Adellə soyuqluğu 11 ilin sadiq kişisinin iştahasını oyatdı. Hüqo üçün səhər tezdən cavan fahişəylə, günorta hər hansı aktrisa, axşamüstü bir kurtizanka ilə məhəbbət yaşaması adi gündəlik həyatı idi. Bu, gecə yarısından səhərədək Culyetta ilə yataqda «dombalaq aşmağa» heç də mane olmurdu. Julyettanın açdığı bir sıra sirrlərdən sonra Hüqo özü üçün «Qadınlar hesab edirki, mən valehediciyəm» deyə bilirdi. Ağıllı və gözəl qadınları sevən Hüqo bu keyfiyyətləri tapmayanda da məyus olmazdı. Onun şəxsiyyəti və şöhtrəti yanında nəvəsi yaşında qadınların dolaşmasını təmin edirdi. Bircə evli xanımları heç vaxt yoldan çıxarmazdı. Julyetta sevimli məşuqəsi statusunda olarkən rəqiblərinin sayını hesablayaraq 2 il ərzində 200 –dən artıq qadının adını siyahıya almışdı. Hüqo sevgi «cəbhəsində» də intriqalar, sirrlər yaradır, məşuqəlrini gizli qapılardan içəri salaraq, heç ehtiyac olmasa da guya kimdənsə gizlənirmiş kimi yaddan çıxmız otaqlara, çardaqlara dartıb apararmış. 80 yaşında cavan qulluqçunu qucaqlamaq istəyərkən cavan nəvəsiylə üzləşəndə «Jorj, bir bax, onlar gör kimi dahi adlandırırlar?!» demişdi. Ömrünün son ilində də qoca Hüqo qadınların əlini öpüb kompliment deməklə kifayətlənmirdi. O hələ də yataq otağının pəncərəsindən cörünən «ulduzlu səma»nı kiməsə göstərə bilirdi. 83 yaşlı Hüqonun gündəliyində ölümündən 4 ay əvvələ qədər 8 qadınla görüşündən «batal səhnənin» təsvirləri var. Amma Julyetta «həqiqi arvadım» statusunu 50 il ərzində, 77 yaşında Hüqonun qucağında vafat edənədək itirmədi. Julyettadan sonra yaşadığı iki il ərzində özünə məhdüdiyyət qoymasa da sevimli xanımını itirməyindən bir qədər sınmışdı.

Simic, əliaçıq, müqəddəs və günahkar

Şairin enierjisi sanki fontan vururdu. O, sutkada cəmi 4 saat yatardı. Ədəbi şedevrlərini ayaqüstü yazan şair və lovğalanırdı ki, onun hər hansı fikirləri, ideyaları, hissiüatı, nəzəriyyəsi gəlir gətirməyə bilməz. «Paris Notrdam kilsəsi» romanı haqqında o deyirdi ki, bu təxəyyülün, qəribəliklərin və fantaziyanın məhsuludur. Amma əsəri yazmaqçün materialı 3 ilə toplamışdı. Əsəri naqşirə təhvil verəndə onun evi, ailəsi və 15 min frank illik gəliri vardı. Tezliklə daha çox qazansa da hər axşam qəpiyinəcən hesablamalar aparırdı. Simic və əliaçıq, hirsli və mərhəmətli, müqəddəs və cünahkar həyatı yaşayan şair onsuz da öz günahlarını, xəyanətlərini, sapmalarını əziz adamlarını itirməklə yuyacaqdı. Böyük qızı dənizdə boğulacaq, kiçik qızı isə heç ərə getməmiş havalacaqdı. Hüqo arvadının da, məşuqəsinin də ölmünü görəcəkdi. O, iki oğlunun həyatdan getməsini yaşayacaqdı. Bundan sonra ona iki nəvəsi Jorj və Jannanı böyüdən tənha baba kimi yaşamaq qalırdı.

«Əzilmiş və alçaldılmışlar»

Gəncliyində yazdıqları onu monarxist və klassikləri ənənsinə qayıtmağı tövsiyə edən monarxist şöhrəti qazandırmışdı. Onu tanınmış şair adlandıranda onun cəmi 20 yaşı vardı axı. Sinfi münaqişəni mənəvi təsirlə əvəz eləmək, sülhə çağırış kimi ideyaları kitabların ön sözündə canlanırdı. Monarxizmdən uzaqlaşdıqca o, romantizm pozisiyasında daha əminliklə dayanırdı: «Bəsdir, avtoritetlərə qulaq verdik, təbiətin, həqiqətin və öz ilhamının səsini dinləmək lazımdı. Dahi, faciəvi, eybəcərliyi təsvir edən «personaj» yox, dahilik, məzəlilik, faciəvilik, gözəllik və eybəcərliyi özündə birləşdirən canlı insanlar yaratmaq lazımdı... Rədd olsun klassiklər, yaşasın teatrın allahı Şekspir...» Şairin rolu gerçək həqiqətdən düzcün ədalətə doğru yol açıb insana yol açıb göstərməlidi. Bu eybəcərlikdən gözəlliyə, qaranlıqdan işığa, heyvandan insana doğru gedən bir yoldur. Ona görə də əsil sənətkarın yaratdığı həqiqi əhvalat deyil, bu şairin həqiqətidir. Zülmətdən işığa, monarxiyadan terror respublikası vasitəsiylə mərhəmət respublikasına gedən yol .... «Paris Notrdam kilsəsi»ndə Esmiralda və Kvazimoda kontrastı, «Səfillər»də katorqada olmuş Jan Valjan və qanun qulluqçusu Javerin kontrastı, həyatda terror respublikası və mərhəmət respublikası arasında kontrastda həmişə yaxşılıq qalib gəlir! «Səfillər»in qəhrəmanı Jan Valjan bəşəriyyətin intibahı, sevgi və mərhəmətdən sonra oyanın insanlığın simvoludur. «Gülən adam»dakı kralın əmriylə eybəcərləşdirilmiş Quinplen də şikəst edilmiş xalqın simvoludur: «Mən güclülərin şikəst elədiyi bəşəriyyəti təmsil edirəm. Onun da hüququnu, həqiqətini, ağılınıÖ düşüngəsini mənim ağız və burnumu eybəcər hala saldıqları kimi şikəst ediblər». Sevgi eybəcər Kvazimodanın ürəyində insani hisslər doğurduqca Frollonun içində heyvani hissləri oyadır. Onlar iki insan tipinin parlaq nümunələridir.

«Azadlıq geri dönəndə qayıdıcam»

Fransızlar Hüqo üçün belə yazırdılar: «Hüqo doğulanda əsrin iki yaşı vardı. Öləndə isə əsrin cəmi 15 il ömrü qalmışdı». 1841-ci ildə Hüqo «ölməzlər» Akademiyasına seçildi, daha sonra isə Fransanın Peri səviyyəsinə qaldırıldı. 1848-ci il fevral hadisələrində 8-ci Paris dairəsinin meri kimi nitqində Lui Bonaparta qarşı çıxış edəndən sonra Parisdən getməli oldu. Bonapart rejimi Parisdə tüğyan eləyən vaxt Hüqonun başına 25 min frank qiymət qoyulmuşdu. O Fransanı tərk edəndə səfərini sürgün adlandırdı. Hüqo Fransaya bir də 20 ildən sonra qayıdacaqdı... «Dəniz kənarında ağ koma» adlandırdığı villasında yaşayarkən Hüqo hər səhər tezdən durub soyuq suyla yuyunur, qara kofe içir, şüşəli eyvanda günəş şüaları altında işləyirdi. Sonra gəzişir, ailəsiylə və qonaqlarıyla nahar eləyir və hər gün düz saat 10-ci yatağa girirdi. Hər bazar ertəsi yerli kasıblardan 40 nəfər uşağı evə dəvət edib onlarla birgə yemək yeyərdi. «Səfillər»in davamı, «Əsrlərin əfsanəsi», «Gülən adam» Quinplen də Büllur qüllədəki balaca eyvanda yaranıb. Bu villanın qapıları vətəndən qovulan siyasi emiqrantların üzünə taybatay açıq idi. Sürgündə «Kiçik Napaleon» panfletinin işıq üzü gördüyü günü əsil Hüqonun doğulduğu gün sayırlar. Bu dövrdə buraxdığı «Qisas» və «Dalğınlıq» şer məcmuələri Hüqonu başqa cür tanıyan fransız oxucusunu heyrətə saldı. Bu kitabların ön sözündə «...bü kitabı elə oxumaq lazımdı ui, elə bil müəllifi artıq ölüb. Ömrümün 25 ili buradadır» yazılmışdı. Milli şair olmaqda davam edən Hüqonunu əsərlərini çap eləməyi qadağan etməyə 3-cü Napaleon ürək eləmirdi. Amma bu büllur otaqlı villa da yavaş-yavaş boşalmağa başlayır. Övladları onu simiclikdə ittiham edir. Hüqonun gəlirinin üçdə biri didərginlərə və kasıblara paylanırdı. Arvadı da müxtəlif bəhanələrlə tez-tez Parisə dönürdü. Axırda oğlu onun üzünə qayıdır ki, artıq «yalançı sürgün komediyası» oyununu oynamaq fikrində deyil. Sona qədər yanında təkcə Julyetta qalır.

Zülmətdən işığa doğru

3-cü Napaleonun rejiminin süqutundan sonra Julyetta ilə Parisə qayıdan Hüqo imperiyaya qarşı çıxaraq respublikanın canlı simvoluna çevrilmişdi. Fransa yenidən respublika elan olunanda Hüqo «Var olsun Fransa, Yaşasın Hüqo» çatırışları altında Parisə qayıdırdı. O, Milli məclisin deputatı seçilərək terror respublikasına qarşı nitqlə çıxış eləmişdi. Geri dönəndə sərhəddi keçəndə Hüqo ağlayırdı. 68 yaşlı qocanın milli qvardiyaya yazılıb keşikdə durmasına heç kimin gülməyi gəlmirdi. Hüqo «Qisas» kitabının qonorarını silah tökməyə ianə edir. Yeni toplardan biri «Viktor Hüqo» adlandırılacaq. Məişət qayğıları, yanmış evi də qocanın gözündə deyil. Gündəlikdə yeni yazı əmələ gəlir: «Dünən mən siçovul yemişəm». Paris Kommunanı elan edəndə isə qoca Hüqo cavan oğlunun tabutunun ardıyca gedirdi. Hücuma keçən fəhlələr bir anlığa dayanıb dərddən beli yəilmiş, ağsaçlı imperiya qənimi oaln qocanı irəli buraxmalı olurlar. Yalnız oğlunun ölmü onu Paris Kommunası və vətəndaş müharibəsində iştirak etməkdən çəkindirdi. İndi o iki nəvəsini böyütməliydi. Artıq 75 yaşında olarkən Hüqo «Baba olmaq incəsənəti» adlı əsərini yazır. Ardıca qızı Adel havalanıb tamamilə başını itirmiş vəziyyətdə küçədən tapılıb evə gətirilir. O biri oğlu Fransua Viktor da 45 yaşında ağır xəstəlikdən vəfat edir.

«Mən qara işıq görürəm»

Hüqonun pafoslu ifadələri müasir oxucunun ürəyicə olmasa da bəşəriyyət ölümqabağı «Mən kitablarımda, dramlarımda, şerlərinmdə zəiflərin, rəzillərin dalında durub rəhmsizləri, güclüləri dilə gətirməyə çalışmışam. Mən təlxəyin, nökərin, katorqadan gələnin və fahişənin hüquqlarını bərpa eləmişəm» deyən insanı heç vaxt unutmaz. Viktor Hüqo Panteonda Volter və Russo ilə yanaşı yatır. O bu yeri özü qazanıb. Deyilənə görə ölüm yatağında olarkən Hüqo deyib: «Gündüzün işığı və gecənin zülməti arasında mübarizə gedir. Mən qara işıq görürəm». Hüqonun vəfat etdiyi bu gün Julyettanın ad günüdür...

Aforizmləri:

- Aristokratlar qadınların təhqir bildiyi bir şey - qocalıqla fəxr edir. Onlar hər ikisi cavan qalmaq illüziyasını yaşayır.

- Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun naturasına uyğun biçilib.

- Xalqın böyüklüyü onun sayı ilə ölçülmür, necə ki, insanın böyüklüyü onun böyu ilə ölçülməz. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər.

- Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayır adamları cəlb eləyir.

- Nadanlıq çalasının üstünü örtsəz cinayətlərin də kökünü kəsmiş olarsız.

- Sevgidə insana həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün bunları sevginizdə tapmağı öyrənin!

- Populyarlıq pula dəyişdirilmiş şöhrətdir.  Dünyada ən böyük səadət sevilməkdə əmin olmağındır.

Müəllif: Gülnarə RƏFİQ