29 October, 2009

Qoqol - Milli kaloritli dahi

Nikolay Vasilyeviç Qoqol
(20 mart 1809, Bolşıye Soroçintsı, Poltava quberniyası - 21 fevral 1852, Moskva)
...Qoqol on üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşadı, kәnd әhlinin dolanacağı ilә tanış oldu. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini, әxlaq vә adablarını bilafasilә müşahidә edib, sonralardan gördüklәrinin bütünlüğünü artıq mәharәtlә yazıb, özünün hәqiqәtyazan bir әdibi-kamil olduğunu aşkar etmişdir.
«Qələmimdən çıxan əjdahaları mənim gördüyüm kimi kimsə görsəydi qorxusundan tükləri biz-biz olardı»
Psixiatriyada şizofreniklərin bu növünə sosiopat, yəni insanlarla ünsiyyət qarşısında qorxu keçirən deyirlər. Bu tipə Qoqol, Qavard Xyuz, Maykl Ceksonu aid edirlər. Maykl Geksonun ölümündən sonra bu məsələ mətbuatda daha sıx müzakirə edilir və tarixdən nümunələr çəkiləndə adətən Qoqolun da adı sadalanır. Axı o, ömrünün ikinci yarısında manyakcasına steril həyat keçirməyə çalışır, sağlam olmaq barədə daim düşünür və həmişə də müalicə olunurdu. Ona elə gəlirdi ki, xəstəliklər və ölüm onu qarabaqara izləyir.
Nikoşa
Nikolay Qoqol aprelin 1-də Bolşiye Soroçintsı adlı bir yerdə doğulub. Onun ailəsinin kökləri qədim Ukrayna kazak nəslinə gedib çıxır. Ata tərəfində əksəriyyəti keşiş idi. Qoqolun 15 yaşı olanda onun atası rəhmətə gedir.
Anası oğlu Nikoşa ilə nəfəs alırdı və onu dahi hesab eləyirdi. Deyilənə görə valideynlərinin nikahına Müqəddəs Məryəm özü xeyir-dua vermişdi. Atası Vasiliy Afanasyeviç Müqəddəs Məryəmin Axtır adlanan ikonasını ziyarət edəndən sonra yuxusuna Müqəddəs Məryəm gələrək onun ayaqları altında oturmuş uşağı ona göstərib «…Bax, bu sənin arvadındır» demişdi. Az sonra o, qonşuları Kosyarovskinin evində qundağdakı çağanın cizgilərini tanıyaraq həmin uşaq olduğunu başa düşəndə çox heyrətlənmişdi. 13 il o, gələcək arvadını güdmüş sonra onunla evlənmişdi. Onların ailəsində doğulan 11 uşaqdan cəmi beşi salamat qalır. Tale belə gətirdi ki, bu ailədə sağ qalan yeganə oğlan Nikolay oldu. Məktəbdə Qoqol sözəbaxan və oxuyan uşaq deyildi, amma gözəl hafizəsi vardı. İmtahanlara 1-2 gün qalmış kitab arxasında oturub hazırlaşır və belə üsulla sinifdən-sinfə keçirdi. Dillərə heç marağı yox idi amma rəsm çəkməkdə və rus dili üzrə sinifdə ona çatan olmazdı. Məktəbdə tərbiyə üsullarından ən çox tətbiq ediləni kötəklənmə idi. Arabir Qoqola da qamçı dəyirdi. Oxuduğu məktəbdə də hər səhər və axşam dua edilirdi. Hər gün bir saat Əhdi-ətiqdən oxunur və bir-iki şeir əzbərlənirdi. Məktəbin rejimi monastr rejimi kimi idi.
İncəsənət həyatla barışmaq deməkdir
1828-ci ildə Peterburqa gələndə Qoqol Vətən uğrunda müqəddəs əməllər arzularını özüylə gətirmişdi. Maddi çətinliyi olduğundan çinovnik, aktyor, rəssam kimi özünü sınayır və hətta dərs deməklə çörək pulu qazanırdı. Mətbuatda ilk debutu şair kimi olmuşdu. İlk şeirlərini möhkəm tənqid eləmişdilər deyən Qoqol satışda olan bütün nüsxələri alıb yandırmışdı. Artıq ikinci debutu onun adını Rusiyanın birinci ədibləri sırasına yazdı. «Dikanka yaxınlığındakı xutorda gecələr»i indi hamı görə bildi. O, Pletnyov, baron Delviq, Puşkinlə tanış oldu. Onu sarayda tanıyıb qəbul elədilər. Artıq sivil Peterburq həyatı ucqar rus mədəniyyətindən daha cazibəli və maraqlı görünürdü. «Müfəttiş»in premyerasında çar Nikolay Pavloviç pyesin tamaşası və nəşrinə fərman verdikdən sonra tamaşanın sonunda imperator Qoqola brilyant qaşlı üzüyü şəxsən hədiyyə elədi.
Cavan Qoqol hekayələri yaşına xas olmayan ustalıqla yazırdı. Kənddə böyümüş oğlan üçün zarafat eləmək adi həyat tərzi idi. Yarmarkadan çıxmış oğlan oxucunu cəlb eləməyin yollarını çox yaxşı bilirdi. Lazım gələrdisə hekayələrin altında tanınmamış imza qoyardı ki, oxucu onu yeni müəllif kim qəbul edib maraqlansın. Rudıy Panko imzası da boş yerdə əmələ gəlməmişdi. Rudıy kürən deməkdi. Qoqolun saçı kürən idi. Şəhərin də öz tələbləri vardı. Ona cavab vermək üçün Qoqol evdə verdiyi dərslərin daşını atdı, Peterburq ətrafında bağ kirayələdi, borca girərək modabazlar kimi geyindi.
İndi onun ətrafına çoxlu insan yığışmışdı. Paytaxta cələn yerliləri uşaqlarını ilk əvvəl onun yanına gətirərdi, dostlarını onunla tanış edərdi. Burda rəssamlar, hərbçilər, tələbələr vardı. Qoqolun dərnəyi belə yarandı. Qoqol hamıya gülməli ləqəblər verərdi: Balzak, Düma, Hüqo… Dostları barədə gülməli kupletləri bəstələməyi də sevərdi. Onların vaxtı sənət və ədəbiyyat barədə söhbətlərdə keçərdi. Hamının gözündə zarafatcıl və komik olan Qoqolun mənəvi natarazlığı barədə bir dənə də söz deyilməmişdi. Ona görə də ilk kitabının uğurundan sonra Peterburqun adlı-sanlı ailələrində onun yeri həmişə vardı.
«Müfəttiş» və «Ölü canlar» Puşkinin imiş?!
Peterburqa ilk gəlişində Qoqol Puşkinə təqdim edilmək üçün vasitə axtarırdı. İlk dəfə Qoqol Puşkinin yanına özü tək və təqdimatsız gəldi. Evin qapısını döyüb gözlədi. Nökər qapıya çıxıb dedi ki, barin yatıb. Qoqol düşündü ki, Puşkin səhərəcən yəqin ki, şeir yazıb ona görə də bu saatda hələ ki, yuxudan durmayıb. Amma nökər izah elədi ki, Puşkin səhərəcən kart oynadığından hələ ki, ayılmayıb. Bu Qoqolun mənliyinə zərbə oldu və məktəblinin içində yaratdığı ideallaşmış şair obrazını darmadağın elədi. Onlar bir də 2 ildən sonra görüşdülər. Puşkinə onu cavan və çox şeylər vəd edən bir yazar kimi təqdim elədilər. Onlar görüşəndə Puşkinin 31, Qoqolun 21 yaşı vardı. Qoqol xutor zadəganlarından idi, nə yaxşı ədaları, nə parlaq bilikləri vardı. Puşkin isə Qoqolun istedadını həmən gördü, bu isə bütün çatışmazlıqları örtə bilərdi. Puşkinlə dostluğu ilə fəxr eləyən cəmi 2-3 adam olardı, onlardan biri də Qoqol idi. Uğur zirvəsində olan şair az tanınan cavan yazıçının evinə gələr, yeni hekayələr tələbi ilə kağızları eşib tökər, əlinə keçəni oxuyardı. Axı Qoqol hər şeyi öz bildiyi kimi qoşardı. Yeni sözlər tapar, köhnə rus sözlərinə yeni can verərdi, lap bəzən qramatika qanunlarını pozsa belə maraqlı və gülməli alınardı. Qoqol Puşkinlə o qədər hiyləgərcəsinə rəftar edirdi ki, hətta onun özü üçün hazırladığı bir neçə süjeti yalvarıb ondan almışdı. «Müfəttiş» və «Ölü canlar» Puşkindən götürülmə süjetlər idi. Sonralar Puşkin şikayətlənirdi ki, hiyləgər maloross onun süjetlərini oğurlayıb.
«Sizin ruhunuza dəlicəsinə vurulmuş…»
Peterburqdan başını götürüb xaricə gedəndə anasına yazdığı məktublar əsas verir ki, burda ürək məsələlərinin olduğunu düşünək: «Tanrı xətrinə, onun adını məndən soruşmayın. O, çox yüksəkdir, çox! Və mənə sakitliyimi pozub yaratdığım laxlayan dünyamı dağıtmağa görə göndərilib». Romantik kəndli oğlan deyəsən kubar qadınının sevgisindən qaçıb sərhədlərin arxasında gizlənmək istəyir? Bəlkə də bu ilk məhəbbətdir? Daha sonra bir neçə sevgiyə eyham kimi anlaşıla biləcək kiçik macəralar. Onlardan biri Kaluqa qubernatorunun həyat yoldaşı Aleksandra Osipovanın adını çəkirlər. Ona yazdığı məktubları Qoqol sonralar bir qədər dəyişdirilmiş halda çap eləmişdi. Qoqol məktubları belə imzalayırdı: «Sizin ruhunuza dəlicəsinə vurulmuş…». Qoqolun şəxsi həyatından yalnız onun əsərlərindən xəbər tutmaq olar. Zamanında hətta şaiyələr gəzirdi ki, Qoqol qrafinya Anna Viyelqorskaya ilə maraqlanırdı və hətta ona evlənmək təklifi də eləmişdi. Amma qohumları ilə söhbətdə ona nəzakətlə xatırladırlar ki, aralarında olan hörmətə baxmayaraq o, qrafinyanın tayı deyil. Bəlkə ondan sonra yazıçı «Mən indi daha çox monastra yarayıram, nəinki kubar həyatına» yazırdı.
«Çəkdiyim iztirabları bilsəydiz…»
Qoqol ömrü boyu maniakal depressiv psixozdan əziyyət çəkib. Maniya zamanında yazıçının parlaq əsərlər yaratmağa çoxlu qüvvəsi, enerjisi, yaradıcılıq ideyaları olardı. Amma az sonra bu qara zolaqla əvəzlənər və həyatın rəngləri tamam dəyişərdi. O dövrün həkimləri düzgün diaqnoz qoya bilməmiş və ona görə də səhv üsullarla müalicə edirdi. Həkimlər onu belə məqamlarda yaş döşəkağıya səriməklə, ruhanilər isə ciddi pəhrizlə müalicə edərmiş. Bu üsullardan sonra xəstənin halı daha da pisləşərdi. İlk tutması 31 yaşında Romada olarkən olub. Depressiya bəzən elə səviyyəyə çatırdı ki, özünü öldürmək, ya da suda böğmaq yeganə çıxış yolu və dərman kimi görünürdü: «Mənə nə olub, bilmirəm? Bu qocalıqdımı ki, əlimi qaldırmağa taqətim yoxdu. 42 yaşında qocalmaq deyilsə bu nə haldı ki, mən düşürəm? Çəkdiyim iztirabları, əziyyətləri bilsəydiz…».
Xəstəlik tutması zamanı Qoqol günlərlə yeməksiz və susuz ikona qarşısında dua etməkdə keçirirdi. Dua zamanı o, tezliklə öləcəyini deyən səslə eşidirdi. Hələ məhv eləmədiyi kitabının taleyinə yanaraq «Ölü canlar»ın ikinci cildini qraf Tolstoya verməyə çalışır. Amma Tolstoy istəmir ki, Qoqol onu etibar edilmədiyini düşünsün deyə imtina edir. Ola bilər ki, bu kitabın məhvi ilə dünya ədəbiyyatı şedevrlərdən birini itirir. Səhəri gün Qoqol qraf Tolstoya dedi ki, yalnız bəzi hissələri yandırmaq istəyirdi, amma qəddar ruhun əmrilə hamısını yandırmalı oldu. Kitabın məhvindən sonra Qoqol həyatının mənasını da itirir. Sonrakı 10 gün yazıçı boş mənasız ifadəsiz baxışlarını tavana dikib uzanmış vəziyyətdə qalır. Ölümünədək kimsəylə bir kəlmə də kəsmədən dünyasını dəyişir.
Bəzi versiyalara görə Qoqol letarqik yuxuya gedibmiş və diri ikən basdırılıb. Sonra isə qəbirdə ayılaraq hava çatışmamazlığından vəfat edib. Bu şaiyələr faktlarla təsdiq edilməyib. Amma onların yayılmasında yazıçını özü günahkardı. O, hələ sağlığında diri ikən basdırılmaqdan qorxurdu. Çünki malyariya yoluxandan sonra uzun sürən yuxu ilə müşayiət edilən ürəkkeçmələri olurdu. Ona görə də qorxurdu ki, onu ölmüş bilib basdırarlar. Bu səbəbdən o, 10 il yatağa uzanıb yatmamışdı. Gecələri kresloda, ya da divanda yarıuzanmış şəkildə mürgü döyərdi. Hətta vəsiyyət eləmişdi ki, çürümə əlamətləri görünməyənədək bədənini basdırmasınlar.
«Ölmək necə də şirindi»
Qoqol axirət dünyasından qorxduğu üçün daim dua edir və ruhunu xilas eləməyə çalışırdı. Təqvimdən 10 gün əvvəl oruc tutaraq lazım olduğundan artıq çalışırdı. Əslində bu oruc deyil, tam aclıq idi. Bulemiya, yəni ifrat iştahası olan Qoqol üçün bu ölümə bərabər addım idi. Çünki o, sağlam vaxtı həddən artıq çox və kolorili yeyir, amma kökəlmirdi.
Müasirləri həkimlər onun depressiyasına miningit adı verərək 19-cu əsrlə yayılmış üsullarla müalicə aparırdılar. Onu zorən qaynar vannaya otuzdurub başına buz kimi su tökürdülər. Bu prosedurdan sonra tir-tir titrəyən yazıçını paltarsız saxlayır, burnuna 8 zəli yapışdırıb qan çıxarırdılar. Onun kobud rəftar edir və üstünə çığırırdılar. Qoqol müqavimət göstərəndə əllərini burub ağrıdan çığırdırdılar. Ona görə də bu «müalicə»dən sonra onun vəziyyəti yaxşılaşmırdı. Müasir həkimlər deyərdi ki, Qoqol tempratur fərqindən sonra qan itirilməsindən əmələ gələn ürək-damar tutmasından keçinib. Belə xəstələrə qan çıxarmaq və isti-soyuq kontrastı eləmək qəti olmazmış. Aclıq da üstəlik… Yazıçını zorla yedizdirmək, çoxlu içizdirmək və duzlu məhlulu qanına yeritməklə xilas etmək olardı. Həm də ki, o dövrdə antidepressantlar hələ yox idi. Ölümqabağı evdəkilər onun aydın səsini eşitdilər: «Nərdivan gətirin, nərdivan» Sonra ölüm gözlərini tam bağlamamışdan əvvəl «Ölmək necə də şirindi» dedi.
Başsız Qoqol
Yazıçının həyatı ilə bağla bir mistika indiyədək açılmayıb. 1931-ci idə Qoqolun 1852-ci ildə basdırıldığı Danilova monastrında yeniyetmə cinayətkarlar üçün təcridxana yaratmaq fikrinə düşürlər. Burdakı məzarları Novodeviçye monastrına köçürürlər. Köçürülməli məzarları açanda tabutun içində bircə Qoqolun kəlləsi tapılmadı. Qəribə və fantastik bir fakt! Qəbri açan ustalar tabutun çox dərində baçdırdığını və çətinliklə tapıldığını təsdiqləyir. Tabutda tütün rəngində kostyum geymiş adamın hətta alt paltarları da salamat idi. Amma baş yox idi. Sovet alimləri qəbri köçürənədək kimisi Qoqolun qabırğasını, kimisi tabutun parçasını, kimisi isə yazıçının başmaqlarını özünə yadigar götürdü.
Bulqakov da «Master və Marqarita» romanında bu faktdan istifadə eləmişdi. Əsər boyu bir neçə yerdə sahibsiz kəllə dığırlanaraq adamları qorxudurdu. Köhnə qəbirin üstündə bürünc xaç qara başdaşı üzərinə qoyulmuşdu. Orda yazılmışdı: «Mənim acı sözlərimə hələ çox güləcəklər». Yeni məzarda Qoqolun qəbrini Tomskinin müəllifliyi ilə büstü yonulmuş heykəl bəzəyir. Bu dəfə başdaşında «Dahi rus sənətkarına Sovet hökümətindən» yazılıb. Əvvəlki qara başdaşı lazımsız əşya kimi monastrın həyətində atılmışdı. Bulqakovun arvadı bu başı ərinin qəbri üçün layiqli bilib satın aldı. Həmin daşdan yonulmuş başdaşı indi Bulqakovun qəbrinin üstündədir. Bununla da «Əziz müəllim, məni çüyün şinelinlə örtərmisin» deyən Bulqakovun da arzusu yerinə yetdi.
Müəllif: Gülnarə RƏFİQ

No comments:

Post a Comment