29 October, 2009

Mixail Bulqakov - sadədən mürəkkəbə

Mixail Afansyeviç Bulqakov
(3 may 1891, Kiev - 10 mart 1940, Moskova)
Rus yazıçısı və dramturqu. Gimnaziyasıni bitirdikdən sonra Kiyev Universitetinin tibb fakültəsinə daxil olur. Birinci Dünya Müharibəsi illərində ön cəbhədə hərbi həkim işləyir.
Yazıçıya dünya şöhrəti gətirmiş «Master və Marqarita» əsəri geniş oxucu kütləsinə yalnız 30 ildən sonra çatdı. 1940-cı ildə Bulqakovun ölümünə 5 gün yalmış həyat yoldaşı and içir ki, «Master və Marqarita»nı nəşr eləməmiş bu dünyadan köçməyəcək. 1966-cı ildə əsərin fransız, alman, ingilis, çex dillərində olan nüsxələrinin yanına «Moskva» jurnalında çap olunmuş rus versiyası da qoyuldu.
Yazıçının həm də böyük pərəstişkarı olan bu xanım əsərdən kəsilib atılmış hissələri jurnalın üstünə kağız qırıqları şəklində yapışdırdı. Dəhşətli səhnə alınmışdı. Şikəst olmuş insanlar, yanmış kəndlər, dağıdılmış məbədlər görmüş adam üçün də bu dərəcədə yaralı kitabı görmək son dərəcə ağır idi. Amma Ustad öz həyatını yazıb qurtara bilmişdi.
Əsərləri:
  • Köpək ürəyi - (1925)
  • Şeytanlıqlar - (1925)
  • Beyaz mühafizəçi - (1925)
  • Bir ölünün yazı dəftəri - (1936 -1937)
  • Usta və Marqarita - (1940)
  • Morfi - (1926)
  • Məxməri ada - (1927)
  • Qaçış - (1928)
  • Molyer - (1936)
  • ...

Bulqakov və Marqaritalar

İki qadın - Yelena Şilovskaya və Lyubov Belozorskaya özünü Bulqakovun dul qadını sayıb. Onun birinci arvadı Tatyana Lappa (Kiselqof) uzun müddət kölgədə qalıb. Belozorskaya ağıllı, kubar qadın, qonaqpərvər və naz-qəmzəli idi. Gah at sürürdü, gah da avtomobil. Həmişə evdə adamlar gəzişirdi. Budqakov isə adamayovuşmaz olduğundan qüssələnirdi. Onu çap etmirdilər, pyeslərini tamaşaya qoymurdular, qəzetlər ağzına gələni yazırdı. Sonunda Budqakov müxtəlif fobiyalara, qorxulara yoluxmuşdu. O, küçədən, qaranlıqdan, nəmişlikdən qorxmağa başladı. Ona elə gəlirdi ki, ev nəmdi və onu qurutmaq lazımdı. Bulqakov qorxurdu ki, Lyuba çoxsaylı qonaqların yanında onu məsğərəyə qoyar. Bulqakovların evində telefon yazıçının masasının üstündən asılmışdı. Lyuba isə saatlarla telefonla danışa bilərdi. Belqakov «Lyuba, mən axı işləyirəm, mane olursan» deyəndə Belozorskaya cavabında «Eybi yox, sən ki, Dostoyevski deyilsən» deyərdi.

Lyubov çox yaxşı bilirdi ki, bir az çəpliyə meylli yaşıl gözlərin, qara qaşların, sanki içəridən işıldayırmış kimi dərinin və ipə-sapa yatmayan xasiyyətin, şaqraq gülüşlərin sahibi özü idi. Maka onu belə sevmişdi. Romanın təməli qoyulanda o, məhz belə idi.

Bulqakovun üçüncü və sonuncu arvadıYelena Sergeyevnanın romanı oxumağa ehtiyacı belə yoxuydu. O, romanı yazıldıqca oxumuşdu və demək olar ki, əzbər bilirdi. Axı romanı diqtə altında özü yazırdı.

Onların arasındakı məhəbbət sanki ildırım kimi çaxıb hər ikisinin ailəsini dağıtdı. Yelena general- leytinant Şilovskinin həyat yoldaşı idi. Gözəl münasibətləri, təminatlı məişətləri və iki oğlanları vardı. Nədənsə bütün bunlar xanıma rahatlıq və səadət gətirmirdi. Arzuladığı dəyişiklik Yelenanı 36 yaşın tamamında tapdı. Bir ömür yükünü çiyinlərinə şələmiş Bulqakovlə görüşəndə yazıçının 30 yaşı vardı və ikinci dəfə evli idi. Onlar qovuşanadək uzun müddət şübhələr içində yaşayıblar. 20 ay ərzində Yelena bayıra tək çıxmayıb ki, birdən görüşərlər, məktublarını heç oxumayıb, telefon zənglərinə cavab verməyib. Yəqin tale belə imiş, çünki o, ayrılıqdan sonra ilk dəfə küçəyə çıxan kimi rast gəldiyi ilk adam Bulqakov oldu. Bulqakov isə onu görən kimi «Mən sənsiz yaşaya bilmirəm» dedi. Cavabında «Mən də» eşitdi. Bulqakov xatirələrinə yazır ki, mən təkcə bir qadını sevmişəm, bu da Yelena Nyurenberq idi.

Yelena Sergeyevna və Bulqakovun birlikdə yaşadığı 8 ildə bir-birinə yazılmış məktubların içində qurumuş qızılgüllər də, əsil bal da (Amerika səfirliyində kalonnalı zalda, projektorların işığında, qəfəsdə tutuquşularla) olmuşdu. O Bulqakovu sevirdi, ona vəfalı idi və hesab edirdi ki, Bluqakovun yeganə ilham pərisi rütbəsini daşımağa layiqdi. Son nəfəsində Bulqakovun alçaltdığı, unutduğu bir qadını arzulayıb çağırmasını ölən adamın sayıqlaması kimi qəbul elədi. «Mişa, mən sənin arvadınam, yanındayam. Tasya ilə sən 15 il əvvəl boşanmısan». Amma xəstə eşitmək istəmirdi: «Tasya gəlməsə mən yaşamayacam».

«Gənc həkimin qeydləri»

İlk dəfə bu cümləni dilinə gətirəndə onun cəmi 18 yaşı vardı. «Bax, revolver tapıb özümü güllələyəcəm. Birdən o, heç vaxt gəlməz? Birdən başqasını sevər?» Valideynlərin bu sevgini qəbul etməkdən başqa çarəsi qalmamışdı. Kilsədə nikah bağlayanda Bulqakov Tasyanın qoluna qızıl bilərzik bağladı. O, nədənsə əmin idi ki, bu biləzik uğur gətirəcək. Sonralar Budqakov bu bilərziyi hər dəfə işi çətinə düşəndə – universitetdə imtahanlarda, ölümlə üzbəüz qalanda, hekayələrə qonorar verilməyəndə, kazinoda uğur qazanmaq istəyəndə – taxırdı. Toyda çoxlu nərgizlər olsa da gəlinin başında fata yox idi. Ağ paltar da eləcə. Toy üçün göndərilmiş pulları cavanlar havaya sovurmuşdu. Ona görə də kilsədə Tasya kətan ətək və köynəkdə dayanmışdı. Vapvara Mixaylovna köksünü btürürdü: «Allahsızlar, bu nikahın axırı yaxşı olmayacaq!». Onun ürəyinə dammışdı, pullar hara gedib. Toyqabağı Tasya uşağını saldırmışdı ki, hamı elə bilməsin ki, Mişanı buna görə evlənməyə məcbur edir.

Amma müharibə cavanların bütün planlarını alt-üst elədi. Cibində «əla səviyyəli təbib» kağızı ilə Mixail cəbhəyə könüllü getdi. Vəfalı Tasya isə əməliyyat vaxtı ona assistentlik edir, şəfqət bacısı kimi işləyirdi. Aləm bir-birinə dəymişdi. Bolşeviklər, Petlyura bir yandan, almanlar, denikençilər o biri yandan. Kim kimə atırdı məlum deyildi. Mişanı da həkim kimi kim cəldi səfərbər edirdi: «Tale, sən məni niyə belə qovursan axı? Mənim sevdiklərin yaşıl lampa və kabinetimdəki kitablardı. Axı niyə 100 il əvvəl doğulmadım, ya da 100 il sonra. Bir ildə gördüklərim Mayn Ridə 10 cild kitaba bəs edərdi. Amma mən Mayn Rid deyiləm, və Bussenar da deyiləm. Mən məcəralardan xirtdəyəcən bezmişəm və bit-birədən canım didilib. Yaşıl lampa sönüb və kitablar əvəzinə mən binoklda yanğınlar, çaparlar, və onları təqib edən əsgərləri görürəm. Lənətə gəlsin müharibə!».

İlk hekayə necə doğuldu

Bir dəfə isə Bulqakov difteritləi xəstə uşağın boğazında nazik pərdələri sovurub çıxaranda təbii ki, o da yoluxdu. Difteriya peyvəndi isə ağır nəticələr vermişdi. Onun üzü şişmiş, bədəni səpgilərlə örtülmüşdü. Ayaqları sızıldayırdı. Ağrıların qarşısını almaqçün Bulqauov feldşerdən bir qədər morfi xahiş etdi. Bir neçə günün ərzində o, tanınmaz insana çevrildi. Onu nəhəng ilan təqib edir, gah da sümüklərini xırçıldadaraq boğurdu. Bu ilanın əlindən yalnız ağ kristallar, morfi qurtarırdı. Mixail indi onun quluna çevrilmişdi. Morfi onun ürəyindən hər şeyi, hətta Tasyaya olan sevgini də sıxışdıra bilmişdi. Bulqakovların kiçik cəhənnəmi belə başladı. Bulqakov arvadına gah şpritsləri tullayır, cah yanan neft lampasını üstünə atırdı. Bir dəfə isə zorla Tasyaya da morfi vurmuşdu. Onun beynində qorxu vardı, birdən Tasya onun müdirlərinə xəbər çatdırardı. Bu hadisədən sonra Tasya həmilə olduğunu aşkar edir. «Mən həkiməm, morfinistlərin uşaqlarının necə olduğunu çox yaxşı bilirəm» deyən Bulqakov uşağı saldırmağa təkid edir. Təcrübəsi olmasa da əməliyyatı Bulqakov özü aparır. Amma nəsə uğursuzluq olduğundan Tasya heç vaxt uşağı olmayacağını başa düşür. O, göz yaşlarını boğan vaxt otağın o biri başında sınmış ampulanın səsini və iki dəqiqədən sonra yuxuya getmiş bulqakovun xorultusunu eşidir.

Onların həyatındakı sonrakı dəyişiklikləri yalnız mistika ilə izah etmək olar. Gimnaziya illərindən bəri ateist olan Tasya dua eləməyə başlayır: «İlahi, əgər sən varsansa, elə et ki, bu dəhşət bitsin. Razıyam, qoy o, məni atsın, amma sağalsın. İlahi sən varsansa, sehr yarat». Deyəsən sehr baş verdi. Gündəlik dozanı 16 küba qədər artırmış Bulqakov Moskvaya narkoloqla məsləhətə gedir. Geri qayıdandan sonra dozanı yavaş-yavaş azaltmağa başladı. Ətrafda isə 18 çevrilişlər bir-birinin ardınca düzülmüşdü. Səhəri gün kimin hanşı şüarla öldürməyə gələcəyi məlum deyildi. Belə şəraitdə morfi reseptsiz satılırdı və çörəkdən baha dyildi. Tasya hər dəfə morfini vurarkən onu su ilə qatışdırmağa başladı. Baş verənlər izah olunmaz gəlirdi. Elə bil ki, Bulqakovu məhv olmaqdan qoruyan qüvvələr işə qarışıb ondan dahiyanə əməllər umurdu. Bulqakov avtobioqrafiyasında yazacaqdı: «1919-cu ildə soyuq payız gecəsi qatarda gedəndə neftlə dolu butılkaya qoşulmuş şamın işığında ilk hekayəmi yazdım». O çoxlu, və ciddi şəkildə yazmağa başlayır.

Cəbhədən sonra Bulqakov kiçik Sıçovka kəndində həkim işləyəirdi. Tasya da yenə də yanındaydı. Pasientlər çox idi. Onlar aclıq və dərman qıtlığından ölürdü. Yatalaq xəstəliyinə yoluxanda Bulqakov o dünyanı görüb qayıdır. Xəstə ərini yataqla qoyub gedə bilməyən Tasya yenə də ağır imtahan qarşısındaydı. Şəhəri tərk edən ağlarla getmək üçün ərini dalına alıb çıxarmağa gücü çatmazdı. Ona görə o, talan edilmiş şəhərin dağıntıları arasında ora-bura qaçaraq nəyisə satmağa və ərini yedirməyə çalışırdı. Onların bəxt üzüyü də məhz həmin günlərdə satıldı. Bu addımını Tatyana özünə bağışlaya bilmirdi və sonrakı ayrılığın səbəbini də bununla bağlamışdı. Özünə gələn kimi Bulqakov «Sən zəif qadınsan» dedi. «Məni burdan nəyin bahasına olursa olsun çıxarmaq lazım idi».

Əvvəl səpmə, sonra qayıtmış yatalaqla xəstələnib, sonra yeriməyi bir də öyrənəndən sonra ayağa qalxan kimi Bulqakov elan edir: «Tibblə həmişəlik vidalaşıram, bitdi». Yazıçılığa bişlayan kimi Moskvaya gəldilər. İndi də yaşamaq uğrunda mübarizə gedirdi. Gecələr «Ağ qvardiya»nı yazarkən Tatyana onun yanında oturub vaxtaşırı Bülqakovun donmuş əllərini qızdırmaq üçün isti su qızdırırdı. Bir az istiləşən kimi yenidən yazmağa başlayırdı. Onların zəhməti hədər getmədi. Çünki az sonra Bulqakov yazıçı kimi tanınmağa başladı. İndi Bulqakovun mənzili əmələ gəlmişdi. Burda kitabxana böyüməkdə idi- Puşkin, Lermontov, Tolstoy, Çexov, sevdiyi Qoqol və Dostoyevski. Amma ailə gəmisi deyəsən çat verirdi. Artıq Tatyana yazıçı arvadı olmağa o qədər də yaramırdı. Kilsədə and vermədən 11 il keçmiş Bulqakov evə əlində bir şampan şərabı şüşəsi ilə gəlib «Vidalaşaqmı?» dedi. «Sən mənim hər şeyimsən» sözləri göylərdən yerə düşüb büllur qədəh kimi xıncım-xıncım oldu.

Tasya nə deyə bilərdi? O, yuyub, yığışdırmaq, bişirmək və şəxsi əşyaları satıb Mişanı yedizdirməkdən başqa nə bacarırdı ki? Bulqakovun yeni sevdası Lyubov Belozorskaya isə ədəbiyyatla maraqlanırdı. Qadın Bulqakovun dilinin özəlliyini artıq duymuşdu. Tatyananı atandan sonra da Bulqakov onun yanına gəlir və hər dəfə yemək dolu zəmbil əlində olurdu. Növbəti səfərlərin birində o, ərzaq zəmbilinin yanında «Ağ qvardiya» çap olunmuş jurnal da gətirdi. Əsər Lyubaya ithaf edilmişdi. Tatyana bundan çox incidi: «Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım. Ona necə itzaf edə dilərdin əsəri? ». «O, məndən xahiş eləmişdi. Başa düşürsən, mən yad adama rədd cavabı verə bilmərəm, əzizimə isə bacararam» cavabı bəlkə də hər şeyi izah edərdi, amma Tatyana hirsindən jurnalı yerə tullayır.

Bu inciklikdən sonra onlar hər ikisi bir daha görüşmək istəmədi. Bəlkə də elə bu görüşdən sonra nahaq hərəkət elədiyindənmi, yoxsa Tatyananın ahı yazıçını tutduğundanmı, Bulqakovun işləri tərs gətirməyə başlayır. Qəzetlər «teatrlar bulqakovdən canını qurtarmaq istəyir» başlıqlı yazılar çap edir.

«Əlyazmalar yanmır»

Ədəbi mühitdə Bulqakova burjua qırığı, fəhlə sinfini murdar tüpürcəyi ilə zəhərləyən, yeni cəmiyyət qurmağa qoymayan meşan adlandırırdılar. Teatrşünaslar bir ucdan onlara səs verirdi. Amma tamaşaçı onun pyeslərinə baxmaq üçün teatra axışırdı. Bulqakovun adı dövrü mətbuatda söyülməklə yanaşı ədəbi ensiklopediyalara da düşürdü. Bir ara o, çap olunmuş rəylər arasında ən murdarı, ən axmağını seçib divara yapışdırardı və həmin mövzuda intermediya qoşub ailə teatrında nümayiş etdirərdi. Amma ürəkdəki ağrı, inciklik keçmək bilmirdi. 298 söyüşlü rəyi sayıb başa çatandan sonra yuxusu pozulmuşdu. Arabir başı və çiyni əsəbdən atırdı.

Elə həmin dövr idi ki, kəskin ədəbi mübarizədən bezmiş Bulqakov hökumətə məktub yazır və xahiş edir ki, onu SSRİ sərhədlərindən qovsunlar. Çox guman ki, Stalin bu məktubu oxuyub belə nəticə çıxarır ki, Mayakovskidən sonra Bulqakov də özünü öldürsə yaxşı çıxmaz. Ona görə də özü şəxsən yazıçıya zəng eləyir: «Biz sizi belə bezdirmişik ki, xaricə getməyi bu qədər arzulayırsız?». Xarici pasport almaq o vaxt alınmır. Amma əvəzində Bulqakova arzuladığı kimi MXAT-da yox, başqa fəhlə teatrında rejisyor işini təklif edirlər. Sevimli teatrı onun Molyer haqqında pyesini qoyurdu. Tamaşanın uğuru ağlasığmaz idi. Pərdəni 20 dəfədən artıq salıb qaldırmışdılar. Amma buna baxmayaraq 7-ci tamaşadan sonra pyesi repertuardan müəllifin «Senzura və bizim qaydaları vurmaq cəhdinə görə»çıxarırlar,. Dostları anlayır ki, Bulqakovu ömrünün sonuna kimi təqib edəcəklər. Bircə «Turbinlərin günləri» dram əsəri MXAT səhnəsində min dəfədən artıq hər dəfə anşlaqla keçib. Çünki Stalin teatr çinovniklərinin anlaya bilmədikləri səbəbdən «inqilab əleyhinə» sayılan bu tamaşaya qəribə sevgiylə yanaşır və dəfələrlə onu seyr eləməyə gəlmişdi. Bu Bulqakovun yeganə əsəri idi ki, nisbətən uğurlu səhnə həyatı yaşamışdı.

Dövlət içində dövlət

Bulqakov sonuncu sevgisi ilə xoşbəxt yaşayan vaxtlar bayırda həbslər gedir, məhkəmələr qurulurdu, Xilaskar Məsih kilsəsini də sökmüşdülər. Yaxınların həyatına görə narahatçılıq rahat buraxmırdı. Bu vaxtı Bulqakov İblis haqqında romanın ilk hissələrini yandırdı. Sovet hökuməti yenə də düşünürdü ki, onu Dneprostroya göndərib yemək vermədən yaxşıca işlətsə ağlı başına gələr. Ətrafda hamı tövbə edir, sözlərindən imtina edir, hər şeyi gənclik səhvinin ayağına yazırdılar və yeni ölkəyə sədaqət andı içirdilər. Mixailin halına yananlar qulağına pıçıldayırdı: «Sən dövlət içində dövlət olaraq qala bilməzsən. Bax, hamı təslim olub. Özünü bir gözə sox, zavoda get, Belomor kanalından yaz». Cavabında «mənim nəinki Belomor kanalına, heç Malaxova da getməyə halım yoxdı. Çünki çox yorulmuşam» eşidirdilər. Nəhayət ki, o, hesab elədiyi kimi dördüncü dəfə lazımsız romanın yazılmasına başladı. Bu dəfə titul vərəqində «Ölməzdən əvvəl yazıb çatdırmaq lazımdı» qeydi vardı. Artıq ölüm qorxusu qapını döyürdü. Xaricdə əsərlərini çapından böyük qonorarlar alırdılar. Amma o, vaxtaşırı idarəyə çağrılıb alt paltara qədər soyunmuş vəziyyətdə sorğu-sual edilirdi. Bu sualların nə Molyerə, nə teatra, nə də pariklərə dəxli vardı. Hər dəfə də düşünürdü, «Görəsən bu dəfə buraxacaqlar, bəraət verəcəklər?». Bulqakov isə hamıya çatdırmaq istəyirdi ki, insanı zorla işıqlı gələcəyə aparanda nələr olur.

Ölüm və tənhalıq qorxusu bir addım da irəli gəlir. Həyat yoldaşında xahiş edir ki, vəd versin ki, onun qucağında öləcək. Bir də ki, sona yaxın Tasyanı görməyi arzulayır. Ağır illəri birlikdə keçirib sonra atdığı adamdan üzr diləməkçün. Ölümünə 3 həftə qalmış yazıçı romanı redaktəsini dayandırır. Artıq kor olmuşdu, ağrılardan əziyyət çəkirdi.

***

Uzun illər yazıçını incidən başağrıları özünü göstərməyə başlayanda Bulqakov ilk əvvəl gözünün nurunu itirdi. İnanmaq olmurdu, amma onun cəmi 48 yaşı vardı. Göyümtül ağ sifət, şişmiş əl və ayaqlar, daimi təngənəfəslik – bunlar böyrək hipertoniyasının əlamətləri idi. Onlar yazıçını vaxtından qabaq qocaltmışdı. Həkim olduğuna görə o, bilirdi ki, ölür.

Bulqakovu Novodeviçye məzarlığında Çexovla, başqa MXAT aktyorlarıyla yanaşı dəfn elədilər. Ona qarşı həmişə ehtiyatla davranan sovet məmurları üçün bu özü cəsarətli addım sayıla bilərdi. Üstəlik Qoqolun qəbrindən çıxarılmış başdaşı – qara qranit Qolqofa də Bulqakova qismət oldu. Bulqakovu basdıranda Fadeyev çoxlu xeyirxah sözlər deyir. Əgər onlardan bircəciyin yazıçının sağlığında desəydi ola bilər ki, onun həyatı tamma başqa cür olardı

Müəllif: Gülnarə RƏFİQ

No comments:

Post a Comment