28 November, 2009

Pablo Pikasso – ehtirasla sevən və sevdiklərini «öldürən» rəssam

Ruiz Pablo Pikasso
(25 oktyabr 1881, Malaqa, İspaniya – 8 aprel 1973, Müjen, Fransa)
Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso - ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.
«İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır»
Mamaça təzəcə doğmuş donna Mariyaya qorxu hissiylə baxırdı, axı özünə gələn kimi uşağını görmək istəyəcəkdi. Doktor Salvador da təəssüflə cansız uşağa bir daha baxıb siqarının tüstüsünü birbaşa nəfəssiz çağanın üzünə üfürdü. Körpə öz-gözünü turşudaraq çığırmağa başladı. Dünya dahi rəssam və şöhrətpərəst Pablo Pikassonun səsini ilk dəfə belə eşitdi. Bu hadisə Malaqada, müəllim Xose Luis Blaskonun evində baş verirdi. Həvəskar rəssam olan müəllimin rəsmləri, demək olar ki, bütün şəhərin evlərini bəzəyirdi. Kiçik Pablonun məktəbdən acığı gələrdi, diplomu ona atasına görə vermişdilər. Oğlunun dahiliyini anlayan kimi atası rəssamlığın daşını atıb rəng və fırçaların hamısını ona hədiyyə eləyir. Amma kiçik şəhərdə yaşayıb atası kimi dovşan və quşları rəngləmək onun taleyi deyildi: «Mən ağlım başıma gələcək dövrü gözləyə bilməzdim. Gözləsəydim, sonra ağıl mənə mane olardı».
Həyatın dibində
Pablo Madrid Akademiyasına girsə də, az keçməmiş qərara gəlir ki, orda öyrənəcəyi bir şey qalmayıb. Amma şəhər xəstəxanalarının birində fahişələri müalicə eləyən dostunun yanına həvəslə gedərdi. Ağ xalat geyib assistent kimi müayinələrdə iştirak edərdi. Sonra yaxınlıqdakı kafeyə qaçıb gördüklərini – ağrıdan əyilmiş üzləri, əzabdan əmələ gələn pozaları, yara-xora basmış bədənləri tələsik vərəqə köçürərdi. Sonralar sənətşünasların «mavi dövr» adlandırdığı illərdə o, insan əzablarını çəkirdi. Korlar, dilənçilər, fahişələr bu dövrün qəhrəmanlarıdır. Pablo əmin idi ki, Parisi öz fırçasıyla fəth eləyə biləcək. Yola düzəldə bildiyi 300 frankla arzularının dalınca gəlib «Bato Lavuar»- «Üzən camaşırxana» adlı evdə otaq kirayələyir. İşıqsız, soyuq, nəm toyuq damına bənzəyən bu binada kasıb rəssamlar daldalanırdılar. Açar vurğunu olan Pablonun bu evdə bir dənə də açarı yox idi, çünki oğurlamağa bir şey də yoxuydu. Yaxşı ki, qonşuluqdakı alman rəssamı narkotikin ağrılarına dözə bilməyib özünü öldürdü. Təzəlikcə opiuma uymuş Pablo çəkməyi atdı.
Çəhrayı dövrün pərisi
Fernandanın emalatxanaya gəldiyi gün Pablo ona ürək şəkilli güzgü bağışlayır. Qiymətli «xəzinə»sini otaqda bağlayıb çıxsa da, Pikassonun tənbəl ilham pərisi evdən çıxmağa heç həvəsli deyildi. Həm də küçəyə geydiyi ayaqqabısı cırılmışdı. Pablonun yeni ayaqqabıya pulu çatmırdı. Evi qızdırmağa kömürləri olmayanda Pablo Fernandaya kömürsatana göz-qaş eləyib havayı kömür almağa icazə verirdi. Onlar səhər tezdən qapı qarşısına qoyulmuş süd və kruasanları oğurlamaqla dolanırdılar. Yeməyə heç nə tapılmayanda Fernandanın pişiyi hardansa onlara kolbasa oğurlayıb gətirirdi. Zaman keçirdi, Pikassonun rəsmləri alınmağa başlayırdı. Alıcılar nədənsə əlində revolver tutmuş şəkildə alver edən rəssamın manerasından çəkinmirdilər. İndi onun öz evinin qapısının açarı əmələ gəlmişdi. Yeni mənzilə köçəndə Pablo özüylə 3 siam pişiyini, sevimli itini, əhilləşmiş meymun və ağ siçanlar ailəsini də aparmışdı. Amma təzə evdə bircə aclıq və pulsuzluq illərini birlikdə yaşamış Fernandaya yer tapılmadı.
«Sınıq» «Gəlincik»lə
Onları ayıran qadın «Gəlincik» ləqəbli Yeva Quel olmuşdu. Canlı, səs-küylü Fernandadan sonra Yevanın çox nazik və arıq görünürdü. Kubizm dövründə tanış olduqlarına görə Yevanın real portreti olmasa da rəssam onu başqa cür, «sınıq» və «qırıq» qadınlar seriyasında əbədiləşdirib. Onlar birlikdə cəmi 3 il yaşadılar, çünki Yeva vərəmdən vəfat elədi.
Orijinal qisas
Dyaqilevin «Rus baletləri» truppasıyla əməklaşlıq edən dostu şair Jan Kokto onu tamaşaya kostyumlar və dekorasiya hazırlamağa dəvət edir. Pikasso böyük həvəslə rəsm çəkir, dekorasiya hazırlayıdı. Pikasso özünü rus çar generalının qızı kimi təqdim edən Olqanı emalatxanasına dəvət eləyir. Emalatxanadan çıxanda yıxılıb ayağı burxulan Olqanı qucağına alanda «Mənim ucbatımdan əgər rəqs edə bilməyəcəksizsə, mən sizə evlənməliyəm» deyir. Onlar kilsədə rus adətləriylə nikah bağlayırlar. Əqidəcə ateist olan Pikasso kilsədəki mərasimə sevgilisinin xətrinə birtəhər dözür. Toydan sonra baleti atmış Olqa ispan dilini öyrənməyə çalışır ki, əriylə onun ana dilində danışa bilsin. İkimərtəbəli evin ikinci mərtəbəsi emalatxanaya çevrilmiş, birinci mərtəbə isə Olqanın güzgülü, portyeli salonuna ayrılmışdı. Pikasso bahalı kostyumlar və maşın alıb özünə sürücü tutsa də, nədənsə göy fəhlə paltarı geyib Fernandayla aclıq çəkdiyi illəri tez-tez xatırlayırdı. Onun dostları Olqanı əsəbiləşdirir, Pablo isə ailə səadəti adlanan həyatla yaşamaq istəmirdi. Pikasso kataloni sosiskaları yeməklə qənaət eləyəndə Olqa ərinin pullarını şampan və kürüyə israf eləyirdi. Rəssamın qisası da orijinal oldu. Bir vaxt arvadını romantik tonlarda çəkən Pikasso qoca kaftar, bədniyyət qadınları çəkməklə sözünü deməyə üstünlük verdi. Elə bil bir neçə il ərzində Pikassonun təxəyyülü yalnız bədheybətlər, divlər, yarıya parçalanmış bədənlər, formasız, şişkin qadınlar yarada bilirdi. Qurumuş döşləri, həddən artıq böyüdülmüş cinsi orqanları olan dəhşətli qadınlar seriyası çəkməklə Pikasso Olqadan qisas alırdı. Onların artıq sönməyə doğru gedən münasibətlərini heç təzəcə doğulan oğlu Paolo da canlandıra bilmir. 40 yaşında ata olmuş Pikasso oğlunun rəsmini hərisliklə çəkirdi. Bu uşaq onda heyrət oyadırdı. Pikasso yalnız heyrətlənəndə çəkirdi.
Metrodan tapılan gözəlçə
Pikassonun rəsmlərində əmələ gələn sarısaçlı xanımı kubizm üslubünda çəkildiyi üçün heç kim tanıya bilmirdi. Yeni ilham pərisinin adı Mariya Tereza Valter idi. Onlar küçədə rastlaşmışdılar. Yağışlı havada metrodan qaça-qaça çıxan 17 yaşlı gözəl Mariya Terezanı görəndə rəssamın 50 yaşı vardı. Pikasso ona yaxınlaşıb «Əminəm ki, biz səninlə ikilikdə o qədər gözəl şeylər yarada bilərik!» demişdi. Yalnız ehtiras üstündə qurulmuş bu münasibət qəribə olsa da, 10 il sürdü. Mariya Tereza onun cümə günlərinin qadınına çevrildi.
Sərfəli unutqanlıq
Məşuqəsinə evlərinə yaxın mənzil kirayələmişdi. Özünü təhqir edilmiş sayan Olqa ərinə azadlıq vermək fikrində deyildi və onu sevdiyini israr edirdi. Boşanma Pikassoya da sərf eləmirdi. Axı nikah müqaviləsinə görə çəkdiyi rəsmlərin yarısı Olqaya çatacaqdı. Olqa Pablonu küçədə qadınla görüb «Sənə vacib sözüm var. Məni tanımadığını demə. Elə görkəm almısan ki, sanki mən yoxam» deyərək dalınca qaçırdı. Dostları deyirdi ki, Pikassonun unutmaq bacarığı yaddaşından daha artıq unikal hadisədir. Olqanın ölümündən bir il əvvəl Pikasso təsadüfən onu çimərlikdə görür və tanımır. Olqa onun arxasıycan xeyli baxaraq onu izləməyin mənasız olduğunu anlayır… Mariya Tereza rəssama xeyli yeni duyğular bəxş etdiyindən Pikasso onu fasiləsiz çəkirdi. Doğulan qızı Mayanı «atası naməlum» kimi yazdırdılar. Pablo söz vermişdi ki, boşanan kimi qızını tanıyacaq. Amma bu dəfə də unutdu. Az keçməmiş Pikasso cümə günləri Mariyanın yanına gəlməyi də yaddan çıxardı. O, hər iki qadından əl çəkib yeni məşuqə tapdı.
Həmişə ağlayan qadın
Son zamanlar çəkdiyi al-qırmızı dırnaqlı, uzun barmaqlı qadının adı Dora Maar idi. Onlar kafedə tanış olmuşdular. Rəssam Doranın barmaqlarına və bıçağı barmaq arasında məharətlə oynatmasına valeh olmuşdu. Əlini kəsəndən sonra Dora elə bil ki, ağrını, qanı hiss eləmirmiş kimi əlcəyi əlinə keçirərdi. Pikasso həmin əlcəyi son gününə qədər emalatxanasında yadigar saxlamışdı. Dora fotoqraf və rəssam kimi sənət haqqında fikirlərini ispanca deyirdi. Professional fotoqraf olan Doranın bir çatışmazlığı vardı. O, son dərəcə əsəbi idi. Doranın üzünü ağlayanda daha gözəl sayan rəssam deyirdi: «O, mənimçün həmişəlik ağlayan qadın kimi qalacaq». Bu dövrdə yaranan «ağlayan qadınlar»ın hamısı Doranın obrazıdır. Axmaq şlyapalar, əyilmiş üzlər, vəhşicəsinə paralanmış bədənlər, göz yaşları da… Müharibədən sonra Pikasso Doraya Fransanın cənubunda bir ev hədiyyə elədi. Dora başa düşdü ki, bu hədiyyə vidalaşmağın bir yoludur. Amma yeni evdə yaşamaq ona qismət olmadı, çünki sevgilisiylə ayrılıqdan sonra ömrünün sonuna kimi psixi xəstəxananın pasienti kimi yaşadı.
«Mənim kimi kişiləri atmırlar»
Nəvəsi yaşında olan Fransuaza ilə Pablo restoranda bir vaza albalı yeyərkən tanış olub. Fransuaza rəngkarlıq dərsləri almaq üçün evini atıb gəlmişdi. «Belə gözəl qadın rəssam ola bilməz» deyən Pikasso onu evinə isti vanna qəbul eləməyə dəvət elədi. Faşist işğalı altında olan Parisdə isti vanna böyük dəbdəbə sayılırdı. Amma rəssam əlavə elədi: «Əgər mənimlə maraqlanırsızsa, gəlin. Rəsmlərimi görmək istəsəz, muzeyə də gedə bilərsiz». Fransuaza rəssamın yaradıcılığıyla maraqlanırdı bəyəm? İkinci dəfə qravirovka dərsləri almağa dəvət eləyəndə isə Fransuaza gözəl axşam paltarında gəldi. «Sən qravirovkanı öyrənməkçün belə geyinmisən?» sualının cavabında Pablo «Əlbəttə ki, yox. Mən düşünürəm ki, siz məni öyrətmək fikrində deyilsiz. Ona görə belə geyindim» sözlərini eşitdi. «Mən cavanla yaşayıramsa özüm də cavanlaşıram» deməyi sevən Pikasso növbəti sevgilisini tapanda ondan 40 yaş böyük idi. Pikasso nəinki vəfalı olmağı bacarmır, hətta sevdiyi qadınları incitməkdən ləzzət alırdı. Fransuazanın uşaq doğandan sonra nə günə düşəcəyini görməkçün onu, demək olar ki, məcbur elədi. Fransuaza o istəyən kimi iki uşağın doğandan sonra eksperimentin nəticəsi rəssamın xoşuna gəlmədi. O Fransuazanı fiziki qüsurlarını qabardaraq yenə də çəkirdi. Fransuaza çıxıb getməyə qərar verir. Uşaqları da götürüb gedən Fransuazanın ardınca «Mənim kimi kişiləri atmırlar» deyə çığırmışdı. O, yeganə qadın idi ki, rəssamı özü atmışdı.
Monsinyor Pikassso
Pikasso heyrət doğuracaq ilahə ilə yaşamalıydı ki, yarada bilsin. Bu dəfə onu dağ başına qaldırıb, az qala ona dua eləyən və əllərini öpən qadını tapanda Pablonun 72, Jaklinin Rokun 27 yaşı vardı. Jaklin Pikassonun ikinci və sonuncu arvadı olur. Onların toyu çox sadə idi. Hamı su içir və dünəndən qalma şorba və toyuq yeyirdilər. Jaklin heç fikir eləmirdi, çünki dahi ərini heç kimlə bölüşmək fikrində deyildi. Jaklin üçün o, səcdəgah idi. O, Pikassonu yepiskopa müraciət edirmiş kimi «monsinyor» çağırırdı. İllərlə onun kaprizinə, depressiyasına, bədgümanlığına dözür, pəhrizinə ciddi riayət edirdi. Əvvəl rəssamın dostlarını, sonra isə qohumlarını uşaqlaşdırdı. Ərini də inandıra bildi ki, uşaqları səbrsizliklə onun öləcəyi günü gözləyir. Uşaqları Klod və Palomo atalarını görməyə gələndə Jaklin «Otaqda monsinyor Pikasso, bizim kral olan vaxt siz necə pəncərəyə baxa bilərsiz?» də deyə bilərdi. Pikasso «Sən özünə yeni din kəşf eləmisən» desə də, bundan çox xoşhallanırdı. Ona görə də rəssamın son illəri çəkişmələr, nifaq və ədavətdə keçib. Hətta vəfat eləyəndə də Jaklin rəssamın uşaqlarına atalarının dəfnində peyda olmağı qadağan eləmişdi. Pikasso 91 yaşında vəfat edib. Özündən sonra 50 min lövhə, şəkil və qravürlər, heykəl və keramika işləri miras qoyub. Onun çoxsaylı varisləri arasında çəkişmələr bundan sonra başlayacaqdı. Ərinin dəfnindən sonra Jaklin yaşadıqları villanın içində özünə qapanaraq dəliliklə sərhəddə 3 il yaşadıqdan sonra özünə qəsd eləyir.
İlahəni döşəmə əskisinə çevirməyin yolu
1942-ci ildə Pol Elüar Pikassonun xəttinə görə xasiyyətini təyin edərək belə yazmışdı: «Ehtiraslı, intensiv sevən və sevdiyini öldürən bir adamdır». Əslində Pikasso qadınlara canlı kimi baxmırdı. Gözəl cinsin nümayəndələrini iki yerə, «ilahə»lərə və «döşəmə əskilərinə» ayırıb sonra birinci tipi ikincisinə çevirməkdən böyük ləzzət alırdı. Qəribəsi odur ki, qadınlar özləri etiraz etmirdi. Onun bütün qadınları gözəl və cavan olub. Pikassonun 19, sonra 35, 50, 74 yaşı olanda onlar yenə də gənc olublar - 17, uzağı 23 yaşında. Pikassonun rəfiqələrindən heç biri uzun və xoşbəxt həyat yaşaya bilmədi. Mariya Tereza rəssamın ölümündən 4 il sonra mənzilinin qarajında özünü asır. Qızı Maya isə avtomobil qəzasında vəfat edir. Pikassonun oğlu Paola içkiyə qurşanır. Dora Maar sonacan dəlixanada özünə gələ bilmir. Jaklin yataq otağında özünü güllələyir. Əzəmətli Fernanda isə ömrünü kasıblıqda bitirir. Onu dəfn edəndən sonra onun otağında bir mücrü tapırlar. Onun içində ürək şəklində güzgü hələ də dururdu…
Lətifə:
Pikassonu qatarda gedərkən qarət eləyirlər. Bir rəssam kimi ondan oğrunun portretini çəkmək xahiş edilir. Onun eskizlərinə əsasən iki qoca, iki qarı, 3 tramvay və 4 yuyucu maşını həbs eləmək olardı.
***
Pikassonun studiyasına milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur:
- Burda nə təsvir edilib?- 200 min dollar - deyə rəssam cavab verir.
Müəllif: Gülnarə RƏFİQ

No comments:

Post a Comment