(9 sentyabr, 1828 – 20 noyabr, 1910)
Rus yazıçı, publisist və filosof. Yazdığı "Hərb və Sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə - "Allahın səltənəti qəlbimizdədir" ("Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.
Lev Nikolayeviç Tolstoy Tula quberniyasına bağlı Yasnaya Polyanada anadan olub. Onun ailəsi Rusiyanın ən qədim və aristokrat ailərindən biri idi. 1844-cü ildə sevmədən oxuyacağı Kazan universitetində Şərq dilləri və hüquq təhsili almağa başladı. Daha sonra təhsilini yarımçıq qoyaraq kəndinə geri qayıtdı və vaxtının çoxunu Moskva və Sankt Peterburqda keçirməyə başladı. 1851-ci ildə isə Rusiya ordusuna qatıldı. Yazıçılıq sənətinə də təxminən bu illərdə başladı. 1857 və 1860-1861 illərdə Avropaya iki səfər edən Tolstoy bu zaman həyatının geri qalanına təsir edən travmatik hadisə yaşadı. Dostu Botkinə yazdığı məktubda "Dövlətin qurma bir bir şey olduğundan və bundan sonra heç vaxt heç bir yerdə heç bir dövlətə xidmət etməyəcəyini"ndən bəhs etmişdi. Avropa səfərində Viktor Hüqo ilə qarşılaşmış və yazacağı "Hərb və sülh" adlı əsərdə "Les" Miserables"in təsirində də qalmışdır. Tolstoy siyasi fəlsəfə baxımından isə fransız anarxist Pyer Josef Proudhonun təsirində qalıb. Tolstoy 23 sentyabr 1862-ci ildə özündən 16 yaş kiçik Sofiya Andreyevna Bers ilə evləndi. Bu evliliyi A.N. Wilson ədəbiyyat tarixinin ən bədbəxt evliliyi olaraq izah etmişdir.
«Tanrının padşahlığı içinizdədir» deyən yazıçını kilsə lənətlənmiş elan eləmişdi
«Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. İnsanlar başqalarıyla elə rəftar eləməlidir ki, özü də belə rəftarı arzulardı. Bu, İncildə belə deyilib, bütün qanun və peyğəmbərlərin məğzi də bundadır».
Lev Nikolayeviç Tolstoy Birinci Pyotrun vaxtından cəmiyyətdə görkəmli yer tutmuş zəngin və adlı-sanlı nəslin nümayəndəsidir. Tolstoy o qədər avtobioqrafik yazıçıdır ki, onun qohum və tanışlarının obrazını əsərlərindən tanımaq olar. Ata babasını «Hərb və sülh» romanında qraf Rostov obrazında təsvir edib. Ana babası isə həmin romanda knyaz Bolkonskinin simasında reallaşıb. Ailədə dördüncü uşaq olan və iki yaşında anasını itirən Lev anasının təhsilə, sənətə olan incə münasibətini və zahiri görünüşünü də Mariya Bolkonskaya obrazına köçürmüşdü. Atasının ölümündən sonra isə uşaqların tərbiyəsi bibisinin boynuna düşür. Həmin bu bibi hesab edirdi ki, «cavan oğlanı abırlı və evli xanımla olan sevgi macərası qədər heç nə məşhurlaşdıra bilməz».
«Yaramaz uşaq»
Kazan Universitetinin Şərq dilləri fakültəsinə qəbul olunanda 16 yaşı vardı. O dövrdə Kazan Universiteti rus dilini bilməyən xarici müəllimlər və rüşvətxor yerli kadrların əlindəydi. Hüquq fakültəsinə keçəndən sonra da çox pis oxuyan Tolstoy 3-cü kursdan sonra oxumağı atır. Bibisinin nəsihətlərinə əsasən cəmiyyətdə özünə yer axtaran Tolstoy zahiri kifirliyindən başqa utancaqlığından da əziyyət çəkirdi. O gah günlərlə imtahana hazırlaşır, gah da musiqiyə baş vururdu. Çinovnik karyerasını qurmaq da istəyir, atlı qvardiya polkuna girmək də. Asketik dini əhval-ruhiyyəsi çox vaxt kart oyunu və qaracıların yanına getməklə əvəz olunurdu. Ailədə onu «yaramaz uşaq» sayırdılar.
Tezliklə Tolstoy yaşayışının mənasızlığını anlayaraq döyüşlərdə iştirak etmək üçün Qafqaza gedir. Əsərlərinin batal səhnələrini, qanlı döyüş lövhələrini də müharibələrin iştirakçısı kimi öz gözləriylə görmüşdü. Hətta imperator Nikolay onun müharibə seriyasından olan hekayələrini oxuyandan sonra yazıçını qorumaq məqsədilə ön cəbhədən geri çəkmək istəmişdi. Amma Tolstoy buna razı olmadı.
Ədəbi maraqları Tolstoy üçün həmişə ikinci planda olub. O yalnız ürəyi istəyəni yazırdı. Ona görə əsərlərindən heç biri, Turgenevin sözüylə desək, dövrünün «ədəbiyyatının murdar iyini vermirdi». Amma o, ədəbi fəaliyyəti insanın kamilləşməsi yolunda bir pillə saya bilmirdi. Ona görə geriyə, malikanəsinə qayıtmalıydı ki, həqiqət axtarışlarını davam eləsin.
Uşaq nə istəsə, onu eləməlidir
Qəribəsi odur ki, ətrafda baş verən demokratik hərəkat Tolstoya təsir eləyə bilmirdi. Çünki o, qəzet oxumur, müasir ədəbiyyatın təsirinə düşmürdü. Moskvaya isə hərdən azartlı oyunlara olan ehtirasını söndürməkçün gəlirdi. Yığılan böyük həcmli borcları o, sonradan neçə illər uzunu qaytarmalı olurdu. Cəmi iki dəfə xaricdə olan Tolstoy səfərə marağını öldürməkçün yox, xarici təhsil sisteminin əsaslarını bilməkçün getmişdi. Bundan sonra qərara gəldi ki, Rusiya təhsil sistemi köklü şəkildə səhvdir. Ona görə də ədəbi fəaliyyətini atıb kəndlilərçün məktəb açmaq və yeni təhsil sisteminin yaranmasıyla məşğul olmağa başladı.
Tolstoy müasirlərindən fərqli olaraq kiçik qardaş kimi baxmırdı. O düşünürdü ki, xalq daha yuksəkdədir və zadəganlar onlardan mənəvi dərs almalıdırlar. Yasnaya Polyanada açdığı məktəb ən orijinal və qeyri-adi məktəblərdən biridir. Burada nizam-intizam reqlamenti qoyulmamışdı. Uşaqlar nə istəsələr, edə bilərdilər. Proqramsızlıq, nizamsızlıq olsa da, bu məktəbdə dərslər çox yaxşı keçirilirdi. Dərsləri, adətən, özü aparırdı və yeni pedaqoji tapıntılarını «Yasnaya Polyana» adlı jurnalda çap etdirirdi.
13 uşaq atası
34 yaşında Tolstoy 17 yaşlı Sofya Bers adlı zadəgan qızına evlənir. Sonrakı 15 ilini onun həyatının ən xoşbəxt illəri saymaq olar. Bu dəfə pedaqoji fəaliyətini atıb ailə səadətinə baş vuraraq 13 uşağın atası adını qazanır. Artıq bu illərdə malikanəsini uğurla idarə eləməyi də öyrənmişdi. «Hərb və sülh» və «Anna Karenina» bu dövrün məhsuludur. Yazıçı özündən daim narazı olsa da, ailəsini uğurlu saymaq olar. Sonya ərinin çeynəyib tulladığı ifadələri bəzən 7-8 dəfə dəyişdirərək köçürməyə səbri çatan bir qadın idi. Evlilikdən sonrakı maddi tarazlığı da Sonya Andreyevnanın xidməti sayəsində olmuşdu.
«Yaşamaqdan qorxuram…»
«Anna Karenina»dan sonra, ədəbi məşhurluğun zirvəsində olarkən yazıçının ruhi sarsıntılar, axtarışlar və şübhələr dolu illəri gəlir. Sağlam və cavan insan həyatdan ləzzət almaq istəyini itirmişdi. O, özüyçün həyatın məqsədini aydınlaşdıra bilmirdi: «Sənin Samara quberniyasında 6000 desyatin torpağın olsun, 300 baş da atın - bəs sonra? Yaxşı, Qoqol kimi, Puşkin kimi, Molyer və Şekspirdən də artıq məşhurluğun olsun – bəs sonra? Uşaqları tərbiyə edəsən – niyə? Xalqın rifahını qaldırasan – mənə nə var?»… Məhz bu vaxt beyninə gələn intihar haqqında fikirləri təbii saymaq da olardı: «Mən ayaqqabı bağlarını gizləyirdim ki, otağımda tək qalanda özümü asmayım. Ova gedəndə tüfəng götürmürdüm ki, belə rahat yolla həyatdan köçməyim. Mən əslində nə istədiyimi də bilmirdim. Yaşamaqdan qorxur, ondan qaçır, amma hələ nəyəsə ümid də bəsləyirdim».
Ruhi əzablardan çıxış yolunu İncildə görüb bütün suallarını da artıq bu mənbədə axtarmağa başlayır. Tolstoyun dediyinə görə, bizim hamımızın içində xeyiri duymaq qabliyyəti var. Tolstoy insanın riayət etməli olduğu 5 qunanu xüsusi vurğulayır. Qısaca olaraq onlar belə səslənir: qəzəbə düşmə, zinakarlıq eləmə, özünü and içməklə bağlama, şərə müqavimət göstərmə, pis və yaxşılarla eyni dərəcədə davran…
Yataq otağındakı faciə
Ümrünün sonuna kimi Tolstoy içindəki seksual arzuları və vicdanı arasında mübarizə meydanı olub. Gündəliyində o yazırdı: «Qadın yığıncağını sosial bəla hesab edərək ondan qaçmaq lazımdır». Amma öz məsləhətlərinə bir o qədər də qulaq asanlardan deyildi. Sonradan Anton Çexova «çox acgözəm» deyərək etiraf edən Tolstoyun bioqrafiyasında yoldan çıxarıb aldatdığı bir neçə qulluqçu və kəndli qızlar haqqında xatirələri var.
Məşhurlaşdıqca, cəmiyyətdə irəli getdikcə o qadın axtarışında özündə əmin deyildi və qadınların onu bəyənəcəyini hələ ki, bilmirdi. Enli, yastı burnu, dişsiz çənəsi, qalın dodaqları və yarıbağlı göz qapaqları vardı. Sonyaya evlənməkçün o, oğlan doğmuş kəndli qızı Aksinyanı atmalıydı. Tolstoy evlilikdən əvvəl Sonyanı onun gündəliyini oxumağa məcbur edərək bütün seksual qoçaqlıqlarıyla tanış eləyir. Sonya başa düşür ki, ərini yalnız cismani sevgi maraqlandırır və zifaf gecəsində onların yatağı bakirə qız və qoca əyyaş arasında döyüş meydanına çevrilir. Toyun səhəri Sonyanın gündəliyində «sevginin fiziki təzahürü nə qədər iyrəncmiş» yazısı əmələ gəlir. Evlilikdən əvvəl bir xeyli qızı yoldan çıxarmış bir insana ailə həyatı son dərəcə ləzzət verirdi. Təbiətcə tiran olan Tolstoy hesab edirdi ki, qadın bütün həyatını kişinin xoşbəxtliyinə həsr eləməlidi. Sonya da ərinin xoşuna gəlməkçün hər işi görür, uşaqları böyüdür, evi səliqədə saxlayır və boş vaxtlarında «Hərb və sülh» romanını, bəlkə də, 7-ci dəfə köçürülməsinə kömək edirdi. «Kreyser sonatası»nda Tolstoy insanları seksual münasibətləri qırmağa çağıranda Sonya növbəti dəfə hamiləydi. Hirsindən zəncir çeynəyən qadın gündəliyində «Hamiləliyim «Kreyser sonatası»na gözəl postskriptum ola bilər» yazdı.
Tolstoy ömrünün sonuna kimi öz prinsiplərinin ardınca gedib seksdən imtina eləməyə nail ola bilmədi. Bunun günahını arvadının üstünə yıxırdı. Guya məhz Sonya onu günaha batıraraq belə ehtirasla arzulamağa vadar edir. 82 yaşında etiraf edir ki, seksual arzular onu daha narahat eləmir. Tolstoy Maksim Qorkiya yazırdı: «Kişi zəlzələləri, epidemiyaları, dəhşətli xəstəlikləri, ruhi sarsıntıları rahat yaşaya bilər, amma onunçün ən dəhşətli hadisə yataq otağında baş verən faciə olacaq».
Qəribə ağsaçlı kişinin dediklərindən
Tolstoy insanın ölməzliyini inkar edirdi. Kilsənin avtoritetinə qarşıydı. O, dövlətin də hüququnu qəbul eləmir, çünki onun zorakılıq və məcburiyyət üzərində qurulduğunu iddia edirdi. Şəxsi mülkiyyəti ona görə qəbul eləmirdi ki, onun saxlanmasıyçün dövlətin mühafizəsi və hətta zorakılığı da lazım ola bilərdi. Ona görə bütün varidatını ailə üzvlərinə paylayır. Yeni dünyagörüşündən əvvəl yazdıqlarını lazımsız saydığı üçün onların qonorarından əl çəkir. İçməyi, siqaret çəkməyi atıb vegetarian olur. Çox sadə, hətta kəndlilər kimi geyinərək pinəçilik sənətinin sirlərinə yiyələnir ki, özünə ayaqqabı tikə bilsin.
Tolstoyun təlimi tezliklə davamçılarını tapır, hətta bu qanunlarla yaşamaqçün «tolstoyçular qəsəbəsi» də yaranır. Amma belə toplumların özü də Tolstoyu qane eləmirdi. Çünki o, hesab edirdi ki, həqiqət səadətə bərabər bir şey olduğundan hər kəs onu özü tapıb kəşf eləməlidir. Camaat ətraf kəndlərdən axışıb gəlirdi ki, qəribə ağsaçlı qocanın danışdıqlarını dinləyə bilsin.
Lev Tolstoyun ən əsas tezisi şərə müqavimət göstərməmək prinsipi sayılır: «Xeyirxah ol və şərə müqavimət göstərmə». Pisliyə pisliklə cavab verən şərə öz vasitəsiylə yayılmaq imkanı verir. Çünki şərə güclə qalib gəlmək mümkün deyil. «20-ci əsrin cavanları, gələcəyin insanları kimi öz missiyanızı yerinə yetirmək istəyirsizsə, bəşəriyyətin gələcəyini hansı formada görməyiniz barədə mövhumatdan əl çəkməlisiz. Patriotizm mövhumatından da, elm adı altında sizə soxuşdurulan həqiqətlərdən də, iqtisadi və sosial inkişaf nəzəriyyələrindən də və ən vacibi bütün dövrlərin şəri sayılan bir fikir, yəni dinin artıq keçmişdə qalması ideyasından imtina eləməlisiz. Bütün bunlardan xilas olandan sonra insanın əsl məqsədi və rolunu həyata keçirə bilərsiz»…
Tanrıya yaxın yerin axtarışında
Həmişə qaçıb qurtula biləcəyi malikanədə də həyatı dözülməz idi. Hətta uşaqları onu ələ salıb hırıldayırdı. 82 yaşında o, gecə evdən gizlicə qaçaraq yalandan uzaq olan bir yerdə yaşayıb Tanrıya yaxın olmaq üçün yer axtarırdı. Bu yaşda nə fiziki, nə də mənəvi cəhətdən uzun səfərə hazır olmayan Tolstoy az keçmir ki, xəstələnir. Ölüm yatağında olarkən o, arvadını özünə yaxın gəlməyə icazə vermir. Sonya yalnız huşunu itirəndən sonra ona yaxınlaşa bilir. Tolstoy bir neçə gündən sonra kiçik Astapova stansiyasında pnevmoniyadan rəhmətə gedir. Onu Yasnaya Polyanada meşədə, qardaşıyla birgə uşaqlıqda insanları xoşbəxt edə biləcək sehirli çubuğu axtardıqları yarğanın üstündə dəfn edirlər.
Tanrının padşahlığı içinizdədir
Dini ideyalarını tapanda isə o «nə yaxşı ki, mən «Hərb və sülh» kimi cəfəngiyyatı bir daha yazmayacağam. İnsanlar məni boş şeylərə görə sevirlər. Bu, ona bənzəyir ki, Edisonu «Siz mazurkanı necə də yaxşı oynayırsız» deyib tərifləyəsən. Mənim əhəmiyyətim dini mülahizələrimdədir» demişdi. Tolstoy Ata, Oğul və Müqəddəs ruhu birləşdirən Üç üqnumu Allah kimi qəbul etməkdən imtina edir, «priçastiye» ayinini inkar edir, İsa peyğəmbərin bakirə Müqəddəs Məryəmdən doğulması faktını şübhə altına qoyur, İsanın xaç üstündə çəkdiyi əzabların günahları təmizləməsində rolunu inkar edirdi. Bu fikirlərə görə, kilsə Tolstoyu lənətlənmiş elan edərək kilsədən ayrılmasını yazılı şəkildə bildirdi. Həmin qərara görə, Tolstoyu xristian adətlərinə görə dəfn eləmək qadağan olunurdu. Artıq Tanrısını tapmış yazıçı «Mən, həqiqətən, kilsədən imtina eləmişəm. Artıq onun mərasimlərini yerinə yetirmirəm. Yaxınlarıma yazmışam ki, mən öləndə kilsə xadimlərini yaxına buraxmasınlar. Üstümdə heç bir ovsun və dua oxunmasın və meyitimi lazımsız əşya kimi tez yığışdırsınlar ki, dirilərə mane olmasın».
Müəllif: Gülnarə RƏFİQ
No comments:
Post a Comment