Çarlz Robert Darvin
(12 Fevral 1809 - 19 Aprel 1882)
Şrusberi (Shrewsbury) şəhərində 1809-cu il fevral ayının 12-də həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il Dekabrın 27-də "Biql" (Beagle) gəmisində təbiətşunas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu torpaqda, Tasmaniyada olmuşdur. Darvinin son xarici səyahəti (Ondan sonra Darvin heç zaman İngiltərəni tərk etməmişdir) 1836-cı ilin oktyabrında sona yetdi. 1838-1841-ci illərdə London Geologiya Cəmiyyətinin katibi olmuşdur. 1839-cu ilin yanvarında Kral Cəmiyyətinin üzvü seçilmişdir. 1842-ci ildə növlərin mənşəyi haqqında ilk oçerkini yazmışdır.
«Dünyanın güclülərə məxsus olduğunu düşünəndə məyus oluram»
Əksəriyyət nə vaxtsa, ola bilər neçə milyon il əvvəl insanın meymundan əmələ gəlməsi fərziyyəsini eşidib. Çoxları da əmindir ki, Darvinin nəzəriyyəsinin əsas mahiyyəti elə bundadır. Meymunla qohumluğu etiraf eləmək istəməyənlər də, dindarlar da Darvinin təkamül nəzəriyyəsinə müqavimət göstərir. Bu il dünya dini təsəvvürlərə meydan oxumuş alimin anadan olmasının 200 illiyini qeyd eləyir.
«Sən ailəmizi biabır eləyirsən!»
Kiçik ingilis şəhərinin sakini, yerli gimnaziyanın şagirdi Çarlz sinifdə müəllimlər və şagirdlərin məsğərəyə qoyduğu ən rahat nişangah idi. Məktəb tərbiyəçiləri onun mavi və həmişə yuxulu gözlərinə nə qədər baxırdılarsa orda hər hansı predmetə maraq işartıları tapa bilmirdilər. Hətta ana dilini öyrənməyə də tənbəllik edirdi. O vaxtlar gimnaziyada şagirdlərdən tələb olunurdu ki, hamı bir nəfər kimi şer yazmalıdır. Çarlz hətta ən sadə sözlərə də qafiyə tapa bilmirdi, ya da tapmaq istəmirdi. Çarlz İngiltərənin nüfuzlu və hörmətli ailələsindən idi. Onun atası ser Robert (2 metrlik boyu və 200 kiloqramlıq çəkisi ilə) mahalda ən yaxşı həkimlərdən sayılırdı. Çarlzın ata babası isə daha məşhur idi, dünya səviyyəli alim – botanik olaraq öz elmi fikirlərini şerlə izhar edərdi. Əlbəttə, Çalzın yaşadığı yerdə bütün şagirdlər istedadlı deyildi, amma onlar niyəsə əzbərləməyə, başqasının şerlərini özününkü kimi qələmə verməyə çalışaraq gələcək karyeralarının təməlini qoyurdular. Çarlz isə olduğundan yaxşı olmağa heç cəhd eləmirdi. Onun yeganə marağı həşərat, kəpənək toplayıb kolleksiya tərtib eləmək idi. Onun tay-tuşu centlimen olmağa, qızların rəğbətini qazanmağa çalışanda o, saatlarla əlində tilov çayın sahilində oturub gözünü suya dikərdi. Bir az böyüyüb silah gəzdirmək haqqını qazanan kimi onu evdə tapmaq mümkün olmurdu. Ətraf meşələrdə günlərlə dolaşıb tərpənən, uçan hər bir canlıya atəş açardı. Axşam hava qaralanda evə bir bağlama quş gətirərdi. «Səni yalnız ov, itlər və siçovulları tutmaq maraqlandırır – deyə atası onu danlayardı – Sən ailəmizi biabır eləyirsən!».
Ruhanilik təpəciyindən baxanda…
Ser Robert oğluna məyus baxışlarla baxıb onda müsbət heç nə tapmayanda anlayır ki, Çarlzın taleyində iştirak eləməsə ondan fərli bir şey alınmayacaq. Ona görə də onu həkimləri hazırlayan tədris müəssisəsinə göndərdi. Çarlz burda bir daha əmin olur ki, cərrahiyyə xəstələrə sağalmaq əvəzinə əziyyət verir. Tibb sahəsi də Çarlzı heç maraqlandırmadı. Ser Robert oğlunu evə qaytarmalı oldu. Xoşbəxtlikdən, ya bədbəxtlikdən ailənin dostlarından biri Çarlzın kəlləsində ruhani ola biləcəyini təsdiqləyən təpəcik tapır. Çarlzın öz sözlərinə görə bu şiş o qədər böyük idi ki, bir düjün rahibə bəs eləyərdi. Sevinən ser Robert oğlunu ruhanilər hazırlayan universitetə göndərir. Amma burda da Çarlz özünü oxumaqla incitmir. Ov, balıqçılıq və həşərat kolleksiyası həmişəki kimi birinci yerdədi. İndi onun daha bir marağı da əmələ gəlmişdi. Pivəxanaya səhər girib gecə qaranlıqda ordan çıxandan sonra artıq ruhanilik təpəciyi də köməyə gəlmirdi. Kembricin ruhanilik fakultəsindən kursu bitirəndə onun adı heç nə ilə fərqlənməyən tələbələrin sırasındaydı. Nəticədə adı 178 nəfərin içində 10-cu yerdə oldu. Əslində bu tənbəl tələbə üçün pis nəticə deyildi. Kembrici bitirdikdə o, Anqlikan kilsəsinin keşişi rütbəsini almalıydı. Darvinin dediyinə görə Edinburqda tibb məktəbində keçirdiyi müddət onun ürəyində Anqlikan kilsəsinin doqmaları barədə şübhələr doğürmuşdu. Ona görə də qəti qərar verməmişdən əvvəl bir qədər düşünməkçün vaxt istəyir. Amma ayrılmış müddət ərzində həşərat kollksiyaçısı olmaq ehtirasına bulunur: «Bir dəfə ağac qabığının altında iki qurda rast gəldim. Onları hərəsini bir əlimlə tutanda üçüncüsünü də gördüm. Onları əldən buraxmamaqçün sağ əlimdəkini ağzıma soxdum. O, nəsə çox acı bir maye buraxab dilimi yandırdı. Məcbur olub onu tüpürməli oldum. Təssüf, o biri qurdu da tuta bilmədim».
«İşsizlikdən, avaraçılıqdan dözülməz heç nə ola bilməz»
Əgər universitetin iki qəribə sayılan müəllimi balıqların, quşların, həşəratların dilini çox yaxşı bilən bu ləng cavana diqqət verməsəydi hər şey yəqin ki, başqa sonluqla bitə bilərdi. Onlar Çarlza dünya səyahətin çıxmağı təklif elədilər. Pulsuz loborant və kolleksiyaçı kimi nadir bitki və heyvanları toplamaq üçün Çarlz ən layiqli namizəd sayıldı. Avaraçılıqdan bezmiş Çarlz razı olsa da atası ser Robert və gəminin kapitanı etiraz eləyirdi. Atası düşünürdü ki, gəmidə Çarlz lap tənbəlləşəcək, kapitan isə ilk baxışdan lazımsız görünən artıq qarını doydurmaq istəmirdi. Çarlzı ekspedisiyaya daxil edirlər. Gəminin adı «Biql» idi. 5 il ərzində gəmidə üzərək o, vaxtaşırı hamıyla birgə sahilə çıxır, Amerikanın flora və faunasını öyrənərək qeydlər aparır, sonsuz pampas vadilərində gəzir, uca dağlara dırmaşır, heç yerdə rast gəlinməyən quşları və tısbağaları olan Qalapaqos adalarında uzun müddət yaşayır. Amma burda da Çarlz ağ qarğa kimi görünür. Bu ekspedisiyaya qoşulmuş adamların məqsədi materiallar toplayaraq vətənə qayıdandan sonra elmi rütbə almaq idi. Onlar nəsə nadir, sensasiya doğuracaq bir nümunə axtarırdılar. Astagəl Çarlz isə saatlarla bir canlını izləyə, sanki başqa planetdən gəlmiş kimi onun davranışını öyrənə bilərdi. Darvin dəqiq gündəlik aparır, dağ və daşlıq ərazilərin, heyvan və həşəratların zəngin kolleksiyasını yaradır.
İndi onun 27 yaşı var və karyera haqqında planlar öz-özünə həll olundu. «Biql» gəmisinin göyərtəsinə adi loborant kimi çıxmış Çarlz səfərdən Çarlz Darvin adında alim kimi qayıtdı. İndi onun əlində zəngin materiallar, beynində isə yazacığı və deyəcəyi çoxlu fikirlər vardı. Ömrünün sonrakı 20 ilini topladığı materialların işlənməsinə sərf elədi. Vətənə qayıdandan sonra nəşr elədiyi gündəlik tezliklə çox məşhurlaşdı. Amma təbiətlə azad şəkildə yaşamağa vərdiş eləmiş alim insanlar arasında yaşamağa çətinlik çəkir və alimlər dairəsindən kənar münasibətlərdən qaçırdı. Uzaq ölkələrdə topladığı materiallar əsasında o, yer üzündə yaşamış canlıların yaranması və evolyusiyasını əks edən biologiya elmində çevriliş eləmiş fundamental əsərini yazdı. Nəvə özü istəmədən də məşhur bioloq babasının da şöhrətini kölgədə qoydu.
Qohumla evlənmənin fəsadları
1839-cu ildə kuzinası Emme Vecvudla evlənir. Səs-küylü şəhər həyatı Darvin üçün dözülməz olanda onlar London ətrafında Doun adlı malikanəyə köçdülər. Darvin burada 40 sakit, yeknəsək və səmərəli illər yaşadı. Səhər tezdən durar, kiçik gəzintidən sonra səhər yeməyini yeyib işə başlardı. Saat 8-gən 10-nun yarısınadək Darvinin ən səmərəli iş saatları idi. Sonra çoxsaylı məktubları oxumaqla məşğul olardı. Daha sonra yenə də yarımçıq işinin üstünə qayıdar və günün sonunda hər şey rəvan gedibsə «bu gün yaxşı işlədim» deyib özündən razı qalardı. Havanın necə olmasından asılı olmayaraq gəzintidən qalmazdı. Adətən sevimli iti pinçer Polli yanında olardı. İtləri çox sevərdi və itlər də bunu dəyərləndirərdi. Doundakı sakit həyatı arabir qonaqların gəlişi ilə rəngarəngləşərdi.
Ailə həyatında özünü xoşbəxt sayırdı. Uşaqlarının həyatıyla kiçik detallara qədər maraqlanar, onlarla yoldaş kimi rəftar edərdi. Ailənin hesablarının şəxsən özü sayar, ilin sonunda bir tacir kimi nəticələr çıxarardı. Ser Robertin qoyub getdiyi varidat onlara müstəqil və sadə həyatlarına tam bəs eləyirdi. Amma kitablarından gələn qonorarla Darvin xüsusi fəxr eləyərdi ki, öz çörəyini özü qazanır. Cavan alimlərə maddi dəsdək göstərən Darvin maddi stabillik əldə edəndən sonra elmin inkişafına da müəyyən məbləğ ayırmışdı. Darvinin doğulan 10 uşağından 3-cü hələ çağa olarkən ölüb. Qalan uşaqlarından neçəsinin sağlamlığı çox zəif olub. Darvin qorxurdu ki, bunun səbəbi həyat yoldaşı ilə yaxın qohumluğundandı. Sonralar elmi işlərində bu fikir də öz əksini tapıb.
Homo sapiens
Biologiya elminin tarixi iki hissəyə ayrılır: Darvindən əvvəlki dövr və Darvindən sonrakı. Onun təcrübələri qoyduğu səbrə həsəd aparmaq olar. Məsələn, yer soğulcanlarının üzərində təcrübəyə 29 il sərf eləmişdi. «Növlərin yaranması» kitabını nəşr eləməyə qərar verməyə 21 il lazım gəldi. Bu kitab çoxlu mübahisələrə səbəb oldu və Yer üzündə həyatın yaranması barədə ənənəvi versiyaların hamısını rədd eləyirdi. Həyatın bir neçə milyon il ərzində yaranması ən cəsarətli fikir sayılırdı. Axı İncildə deyilirdi ki, həyat 6 günə yaranıb. Darvin kəşf elədi ki, orqanizmlər yaşamaq, yemək və mühit uğrunda mübarizə eləyir. O, müşahidə edib ki, bir növün daxilində onların yaşama şanslarını artıra biləcək əlamətləri olan fərdlər olur. Onların nəsli əlamətləri yaşadaraq məhv olmağa qoymur. Buna təbii seçmə deyilir.
Darvin ömrünün sonuna kimi şöhrət və populyarlığa etinasızlığı saxlayacaq. Əlbəttə, şer yazmağı o, heç vaxt öyrənə bilmədi. Amma bu təmbəl oğlan klassik ədəbiyyatı çox sevirmiş, həyatının mütaliəsiz təsəvvür eləyə bilmirmiş, ona görə də elmi əsərlərini gözəl dillə yazırmış. Ömrünün sonuna kimi hər gününü gündəlikdə qeydə almaq adətini də saxladı: «Keçən gecə qəribə yuxu gördüm. Otaq adamlarla və qəribə avadanlıqla dolu idi və biz qəribə ağlasığmaz təcrübələr qoyur, müzakirələr edirdik. Bu neçə gündü ki, ardıcıl davam eləyir və mən artıq düşünürəm ki, mənim biliklərim yuxuda zənginləşir. Arvadıma əlbəttə ki, heç nə demədim. Yuxularımı da yazmıram, yoxsa hamı düşünər ki, qoca havalanıb. Mən bunları yazdığım dəftəri köhnə qəzetlər arasında gizlətmişəm. Bəlkə də arvadım sobanı qalayanda onları artıq yandırıb».
«Tanrının xeyirxahlığının sərhəddi yoxdur»
Darvinin 1851-ci ildə qızı Enninin vəfat etməsi onun Allah barədə ənənəvi fikirlərdən tamamilə imtina eləməsinə gətirdi. Təcrübələrin sayı artdıqca tədricən İncilindəki dünyanın yaranışı barədə yazılanlar barədə şübhələri möhkəmlənirdi. Tədricən onda xristian allahına inam yoxa çıxır. Xeyriyyəçiliklə, missionerlərə köməklə məşğul olsa da bazar günləri hamı kilsəyə gedəndə o gəzintiyə çıxardı. O həmişə yazırdı ki, heç vaxt ateist olmayıb və Allahın olmasını inkar eləməyib. Darvinin din barədə yazdıqlarından:
«Bu gün mən yaratdığım sistem demək olmaz ki, Yaradanın fikrini ifadə eləmir. Təbii seçmə sistemi daha dərin və sıx şəkildə bir-birinə bağlıdır və vahid yaradığılıq sistemini təsdiqləyir. Mən tədricən anladım ki, Əhdi-Ətiqin dünya yaranışı barədə yalanları, Tanrının qisasçı tiran olması barədə fikirlər indusların, yaxud hansısa vəhşi tayfaların dini təsəvvürlərindən heç də qiymətli deyil. Biz təbiət qanunlarını kəşf elədikcə sehrlərə inamımız azalır. O vaxtlar insanlar o qədər sadəlöhv idilər ki, İncilin hadisələrin baş verdiyi vaxtda yazılmasına da inanırdılar. Ona görə də mən xristianlığa ilahi vəhy kimi inamımı itirdim. Mən inamsız insanların - bura atamı, qardaşımı, bütün yaxşı dostlarımı aid eləmək olar – əbədi əzab çəkəcəyinə inana bilmirəm. Kainatı, dünyaları yaratmağa qadir bir varlıq olan Allahın xeyirxahlığının sərhədlərinin məhdud olmasına inanmaq çox çətindi. Murdar təlimdir!»
Darvinin ölümdən əvvəl dinini dəyişməsi barədə şaiyələr o qədər artmışdı ki, şəhər əfsanələri statusunu qazana bilərdi. Amma tarixçilər və Darvinin varisləri bu fərziyyələri inkar edir.
Təkamül bataliyasının nəticəsi
1867-ci ildə Darvin «Rour le merite» adlanan 4-cü Vilhelm Fridrixin elmi və ədəbi naliyyətlərə görə təsis elədiyi Prussiya ordeninə layiq görülür. Bonn və Breslavl, Leyden universitetləri Darvini fəxri doktor adına, Peterburq, Berlin, Paris akademiyaları isə müxbir üzv adına layiq görüblər. Amma hüşsuz təbiətli alim təltif edildiyi diplomları tez-tez itirir, sonra isə dostlarından maraqlanırdı ki, görəsən filan akademiyanın üzvüdür, ya yox. Yaşı artdıqca alimin ağlı kəsərdən düşmürdü. Yalnız ölüm onu elmi işindən ayıra bildi.
Təkamül nəzəriyyəsi ətrafında mübahəsələr üstündən 150 il keçməsinə baxmayaraq hələ də davam eləyir. Yubiley ərəfəsində təkamül nəzəriyyəsini hətta Vatikan da qəbul elədi. Arxiyepiskop Canfranko Ravazi elan elədi ki, Darvanin nəzəriyyəsi İncilin dünyanın və canlıların yaranması versiyasını inkar eləmir. Darvinin öz nəzəriyyəsini izhar elədiyi gündən 150 il keçir. Bu vaxt ərzində alimlər insan və canlılar haqqında çox şeylər öyrəniblər. Amma bu məsələ Darvinin müasiirləri üçün qaranlıq olduğu qədər bizimçün də əlçatmaz qalır. Deyəsən, bu məsələdə təkamül prosesi dayanıb…
Aforizmləri:
* İnsanı heyvandan fərqləndirən əsas keyfiyyət mənəviyyat, ya da vicdan hissidir. Mənəivyyatın yüksək səviyyəsi o vaxt bərqərar olur ki, biz öz fikirlərimizi nəzarət altında saxlaya bilirik.
* Bir saatını boşuna sərf eləmiş insan hələ həyatın qədrini anlamayıb.
Müəllif: Gülnarə RƏFİQ
No comments:
Post a Comment