29 November, 2009

Paqanini - bəşəriyyətin ən heyrətamiz skripkaçısı

Nikkolo Paqanini
(İtaliya, 27 oktyabr 1782 - Fransa, 27 may 1840)
İtalyan bəstəkarı, bütün dövrlərin ən mahir skripka ifaçılarından biri. Baxmayaraq ki, onun yaşamış olduğu XIX əsr bir neçə dahi skirpkaçının şahidi olmuşdu, Paqaninin ustalığı həmkarlarının ustalığını üstələyirdi. Müasirləri onun bu istedadını qəlbini Şeytana satması müqabilində aldığı haqqında şayələr yayırdılar.
Ruhunu İblisə satanın öləndən sonra da rahatlığı olmaz.
Venesiyanın sahillərindəki xırda yağış çəhrayı, yaşıl və ağ mərmərin üzərində ağımtıl izlər buraxırdı. Bundan heyranlıq duyan maestro mehmanxanaya çatanacan ensiz kanalla yavaşca üzən qayıqdan ilğım kimi görünən evlərə bir də göz gəzdirdi. Mehmanxananın isidilməmiş otağına girib öz «cəvahirat»ını futlyardan çıxardı. O, skripkasına bir daha baxmamış heç vaxt yatağa girməzdi. «Sən məni bədbəxt eləmisən» deyib onu bir daha sığalladı: «Uşaqlığımı əlimdən almısan, gülüşümü oğurlamısan, əvəzində mənə əziyyət, göz yaşları verib ömürlük əsirinə çevirmisən. Sən mənim həm işgəncəm, həm də sevincimsən! Görəsən, kimsə biləcəkmi ki, sənə sahib olmaq, ilahidən aldığım istedad mənə nə qədər baha başa gəlib.
«Ata, sən xaric çalırsan axı!..»
Atası boş vaxtlarında mandalinada çalmağı sevirdi. Aləti əlinə alan kimi arvadı qulaqlarını tutub evdən qaçardı ki, mandalinanın monoton donquldanmasını eşitməsin. 4 yaşlı Nikkolo atasının səhvlərini tapıb: «Ata, sən bu yerində xaric çalırsan...» deyərək atasına necə çalmağın yolunu həmən göstərə bilmişdi...
Cılız Nikkolanı skripkanı ciyildətməklə əldən salmağında uzaqgörən kişinin məqsədi vardı. Bilirdi ki, böyüyəndə uşağın bir parça çörəyi olacaq. Doğuşdan bir az əvvəl Nikkolanın anasının gözünə mələk görünmüş və doğulacaq oğlunun bütün İtaliyada məşhur olacağını demişdi. Atası skripkanı tutmağı və kamanı simə sürtməyi oğluna göstədikdən sonra hər şeyi Nikkolonun istedadının ixtiyarına buraxdı. Dükana işləməyə gedəndə oğlunu otaqda bağlayıb onu saatlarla susuz və yeməksiz qoyardı. Atası Antonio, adətən, anbardan gələn qamma səslərinə qulaq verərək yuxulayırdı. «Buna bax bir, o yenə də kamanla jonqlyorluq edib, simləri çimdikləyir» deyib hirslənərək açar yerindən içəri baxanda heyrətdən ağzı açıla qalmışdı. İçəridəki qonşuların dediyi kimi əzabkeş, atanın zülmünə dözən uşaq deyildi. Çalanda duyduğu xoşbəxtlik onun cizgilərində yazılmışdı.
Nəhayət, uşaq katalepsiya (bədənin orqanlarının quruması) xəstəliyindən üzülür. Onu ölmüş bilir, hətta tabuta qoyub basdırmağa aparırlar. Ancaq uşaq birdən özünə gəlib ayılır. Başına gələnlərdən nəticə çıxaran ata oğluna müəllim tutmağı qərarlaşdırır. Amma Nikkolonun çalğısını eşidən müəllimlər «mənim sənə öyrədə biləcəyim bir şey yoxdur» deyib çıxıb gedirdilər. Bir dəfə isə varlı genuyalı musiqisevər çox bahalı skripkalarından birini uşağın qabağına qoyub deyir ki, heç vaxt görmədiyi notlardan birini götürüb səhvsiz çalsan, bu aləti sənə verəcəm. Ömründə görmədiyi və eşitmədiyi əsəri üzündən səhvsiz çalandan sonra Nikkolo bu nadir skripkanın sahibi olur.
Bravo! Bravissimo! Bis!
...Zalda səs-küy səngidi, kulis arxasından Paqanininin yöndəmsiz fiquru - həm insan, həm də meymuna bənzər bir məxluq səhnəyə çıxanda hamının qanı damarlarında donurdu. Əynindəki köhnə frakı elə bil başqasının çiyninə biçilmişdi. Uzun əyri ayaqlarını bədənə heç uyğun olmayan çox böyük ayaqqabıları tamamlayırdı. Düzdür, Paqanini özü bu görkəmindən istifadə edib demonik obraz yaratmaqla publikanı qıcıqlandırmağı sevirdi. Uzun qara saçlarının arasından kömür kimi qara gözləri parlayırdı. Onun quşa bənzər profili, ordu batmış sifətindəki qalın bakenbardları, qətran rərgli saçları xanımların oturduğu yan lojadan çox yaxşı görünürdü. «O, sehrbazdı, əlində skripka olan İblisin özüdü. Görən, bu gün nə çalacaq?» deyən pıçıltılar lojada səslənən vaxt maestro qara əqiq rəngli gözlərini parıldadıb «Cadugərlərin rəqsi» deyə elan elədi. Alovlu baxışlarını ilk sıralarda gəzdirib kamanı usta Qvarnerinin şedevri sayılan skripkasına sürtüb inildətdi. Hamı o dövrdə çox məşhur olan melodiyanı o saat tanıdı. Küçələrdə də fitlə oxunan bu parça bir də səslənəndən sonra dəlisov tempdə ikili notlar, trel və stakkotolardan ibarət atəşfəşanlıq dinləyicilərin üstünə töküldü: «Bravissimo! Bis! Əla!» …
O, elə çalırdı, dinləyicilər hardasa ikinci skripkanın gizlədildiyini düşünürdülər. Sağlığında Paqanininin çox az əsəri çap olunmuşdu. Müəllif qorxurdu ki, çap olunsa, onun ifa sirlərinin çoxusu başqalarına məlum ola bilər.
Qadın kapriziylə yazılan «24 kapris»
... O, cavandı və yenidən vurulub. Fantastik oyunbazlığı, ağlasığmaz «kunsştyukları» bu dəfə şahzadə Eliza Baçokkinin - Napoleonun bacısının ağlını başından aparıb. Eliza fransız imperatorunun ona təzəlikcə bağışladığı Lukka hersoqluğuna bu yaxınlarda köçüb və Parisdə qoyub getdiyi dəbdəbəni burda, yəni İtaliyada da yaşamaq istəyir. Bonapart ailəsinə məxsus işgüzarlıqla Eliza qısa müddətdə saray orkestrini toplaya bildi. Dirijor- kapelmeyster vəzifəsinə isə Paqanini dəvət edildi. Nikkolanın hüdudsuz bacarığına şahid olandan sonra Eliza növbəti konsertdə onların münasibətinə eyham vuran «qəfildən açılacaq kiçik, sehrli mücrü» bəstələməyi xahiş edir. Paqanini gitara və skripka duetini imitasiya edən iki sim – mi və lya simləri üçün yazılmış məşhur «Məhəbbət dueti»ni bəstələyir. Yenilik rəğbətlə qəbul olunsa da, himayədarı artıq xahiş deyil, tələb edirdi ki, növbəti miniatürü Paqanini bir simdə çalmalıdı! Bu ideya Paqanininin çox xoşuna gəldi və bir həftə sonrakı konsertdə sol simi üçün yazılmış «Napoleon» sonatası səsləndi. Şəhzadə Eliza və Paqanininin münasibətlərinin apofeozu az qala bir nəfəsə yazılmış «24 kapris» əsəri oldu. Qadın kapriziylə yazılan bu əsər Paqanininin yaradıcılığının zirvəsi sayılır.
«Dünyanın sensasiyası»na kompromat
Reportyorlar Paqaninini indiki paparatsilərdən betər hərisliklə izləyir və «dünyanın sensasiyası»na kompromat toplayırdılar. O, azartla kart oynamağı və qadınları sevirdi. Bəzi ehtiraslı qadınlar onun çalğısından daha çox iblisanə görkəminə uyaraq maestoronu təqib edirdi. Baronessa Yelena Dobenyok Paqaniniyə olan sevgisindən lap başını itirərək ərini də atmışdı. Adətən, Nikkolo özü qadın ovsunu və cazibəsinin qurbanı olurdu. Artıq yetkin yaşlarında Ancelina Kavana ilə maraqlanmasına az qala öz karyerasını qurban verməli olacaqdı. Qızın atasının yaratdığı skandalın əks-sədası Fransa və Almaniya sərhədlərini də keçmişdi. Qızın azad həyat tərzi sürməsi, seksual münasibətə öz razılığı ilə girməsini sübut ediləndən sonra Paqaninini azad edirlər. Söz-söhbətlərsə yol getdikcə təzə faktlarla zənginləşirdi: guya Paqanini məşuqəsini öldürdüyünə görə türməyə düşüb. Əl-ayağı qandalda olanda da iblisanə çalğısından ayrılmayıb. Çoxsaylı qadınlarından heç kimə əslində ürəkdən bağlanmazdı. Yalnız birinci sevgisi Eleanora de Lyukka yeganə adamdır ki, Paqanini qohumlarıyla bərabər vəsiyyətnaməsində onun adını çəkib.
Qəlbini İblisə satan ifaçı
Paqanininin çalğısı o qədər valeh edirdi ki, maestronun ruhunu İblisə satması barədə şayiələr gəzirdi. Çoxları buna inanırdı, axı insan övladı belə çala bilməzdi! Onun əsərlərinin əksəriyyətini adi skripkaçılar ifa edə bilmir. 20-ci əsrin əvvəllərinə qədər çoxları inanırdı ki, Paqanini barmaqlarını cərrahiyyə yoluyla elastikləşdirib. Adi insan barmaqlarından az qala iki dəfə uzun və elastik barmaqları əslində Marfon sindromu adlanan irsi xəstəliyin fəsadları imiş. Rəngi qaçmış dərisi, oyuğa düşmüş gözləri, çox arıq bədəni və naqolay hərəkətləri və hörümçək ətrafları kimi barmaqları da bu xəstəliyin əlamətləridir. Cərrah əvəzinə xəstəlik özü barmaqları belə vəziyyətə salmışdı.
Heç kim bilmirdi ki, onun çalğısı əzablarının səsidi
Üzücü Avropa turnesi musiqiçi üçün acınacaqlı bitir: həkimlər onda ağciyər vərəmi tapıblar. İndi o özü də başa düşür ki, balaca soyuqdəymə, emosional natarazlıq onun həftələrlə, bəlkə də, aylarla çalğıdan ayıra bilər. Oğlu Axilla doğulanda maestronun 42 yaşı vardı. Bu uşağın anası «Feniks» teatrının aktrisası Antoniya Byanki idi. Bu əhvalat da böyük səs-küylə bitmişdi və Paqanini bu qadına çox böyük məbləğdə pul ödəmişdi ki, oğluna olan hüququndan imtina edib Axilla ilə onu rahat buraxsın.
Paqanininin ən böyük problemi isə sağlamlığıynan bağlı idi. Onun çalğısını uzun-uzadı tərifləyən vaxtı Paqanini əyilmiş onurğa sümüyünün dəhşətli ağrılarını boğub bu tərifi dinləməli olurdu. Dəfələrlə xəstə böyrəkləri ona yataqdan qalxmağa imkan verməmişdi. Bəzən böyrəyinin tutmaları səhnədə olarkən başlayardı və heç kim bilməzdi ki, onun çalğısı sehr olduğu qədər ağrı və əzabların də səsidir. Yaşı artdıqca tez-tez ürəkkeçmələri də olurdu. Bəzən boğazından qan fışqırırdı. Onun bir vaxt gözəl sayılan üzü çox tez dərin qırışlarla örtülmüş və 47 yaşında bütün dişlərini itirmişdi. Naqinin «Skripka sağlamlığınıza ziyan gətirmir ki?» sualına «Artıq yox, çünki o, bütün gücümü əlimdən alıb» deyə cavab vermişdi.
Paqanini Stradivari, Qvarneri, Amati ustalarının məşhur skripkalarından ibarət çox qiymətli kolleksiyanın sahibiydi. Ən sevimli Qvarneri skripkasını isə Genuya şəhərinə bağışlamışdı ki, başqa bir artist onda ifa eləməsin. 19-cu əsrin konsert qonorarları indikiylə müqayisədə çox az olsa da, Paqanini özündən sonra bir neçə milyon frank qoyub gedib.
«Bacarıqlılara həsəd aparır, istedadlılara ziyan vurur, dahilərdənsə qisas alırlar»
Nitsada ölüm ayağında olarkən sonuncu priçastiyadan (xristian dini ayini) imtina etdiyinə görə Nitsa yepiskopu onun şərəfinə messa çalınmasına və qəbiristanlıqda basdırılmasına qadağa qoymuşdu. Maestronun cənazəsi olan tabutu 10 dəfədən artıq basdırıb, sonra isə çıxarıblar. Qoz ağacından düzəldilmiş tabutu gizlincə Genuyaya çatdırmaq istəsələr də, qorxaq şəhər qubernatoru gəmini heç limana yan almağa buraxmır. Həmin gəmi düz 3 ay gözləmə vəziyyətində suda qaldı. Matroslar danışırmış ki, gecələr tabutdan skripka səsləri gəlir. Uzun sürən danışıqlardan sonra tabutu Paqanininin dostu qraf Çassolenin qəsrindəki zirzəmiyə aparmağa icazə ala bilirlər. Amma qrafın qulluqçuları hamı bir nəfər kimi şikayət eləməyə başlayırlar ki, gecələr tabut qəribə işıq saçır. Tabutu bu dəfə Villafrank xəstəxanasının morquna aparırlar. Amma oranın da işçilərinin peşəsi meyitlə əlaqədar olsa da, Paqanininin tabutu onları çox qorxudurdu. Onlar vaxtaşırı ah-uf və skripka səsləri eşitdiklərindən vahimə içindəydilər. Yalnız ölümündən 30 il keçəndən sonra Paqanininin cənazəsi xristiancasına torpağa tapşırıldı. Bu səyahəti azmış kimi 17 ildən sonra tabutu yenə də qazıb çıxarırlar. Ətrafda şayiə gəzirdi ki, yerin altından canlı məxluqlar varmış kimi musiqi səsləri gəlir. Paqanininin nəvəsi skripkaçı Frantişek Ondrjiçekin iştirakıyla tabut açılır. Meyitin bədəni tam çürüsə də başı, xüsusilə də sifəti çox yaxşı qalıbmış. Bu fakt özü yeni şayiələr dalğasının yaranmasına təkan verir. Basdırılandan 4 il sonra da onun tabutunu çıxarıb yeni qəbiristanlığa köçürürlər.
Lətifə:
Konsertə gecikən Paqanini kareta tutub sürətlə getməyi xahiş edir.
- Nə qədər verməli olacam?
- 10 frank
- Zarafat edirsiz?
- Siz bu gün konsertə gəlib sizin bir simdə çalğınızı dinləyənlərin hər birindən 10 frank almayacaqsız?
- Yaxşı, əgər siz məni teatra bir təkərdə çatdırsanız, mən sizə 10 frank verərəm.
Müəllif: Gülnarə RƏFİQ

Çarlz Darvin - təkamül nəzəriyyəsinin atası

Çarlz Robert Darvin
(12 Fevral 1809 - 19 Aprel 1882)
Şrusberi (Shrewsbury) şəhərində 1809-cu il fevral ayının 12-də həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il Dekabrın 27-də "Biql" (Beagle) gəmisində təbiətşunas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu torpaqda, Tasmaniyada olmuşdur. Darvinin son xarici səyahəti (Ondan sonra Darvin heç zaman İngiltərəni tərk etməmişdir) 1836-cı ilin oktyabrında sona yetdi. 1838-1841-ci illərdə London Geologiya Cəmiyyətinin katibi olmuşdur. 1839-cu ilin yanvarında Kral Cəmiyyətinin üzvü seçilmişdir. 1842-ci ildə növlərin mənşəyi haqqında ilk oçerkini yazmışdır.
«Dünyanın güclülərə məxsus olduğunu düşünəndə məyus oluram»
Əksəriyyət nə vaxtsa, ola bilər neçə milyon il əvvəl insanın meymundan əmələ gəlməsi fərziyyəsini eşidib. Çoxları da əmindir ki, Darvinin nəzəriyyəsinin əsas mahiyyəti elə bundadır. Meymunla qohumluğu etiraf eləmək istəməyənlər də, dindarlar da Darvinin təkamül nəzəriyyəsinə müqavimət göstərir. Bu il dünya dini təsəvvürlərə meydan oxumuş alimin anadan olmasının 200 illiyini qeyd eləyir.
«Sən ailəmizi biabır eləyirsən!»
Kiçik ingilis şəhərinin sakini, yerli gimnaziyanın şagirdi Çarlz sinifdə müəllimlər və şagirdlərin məsğərəyə qoyduğu ən rahat nişangah idi. Məktəb tərbiyəçiləri onun mavi və həmişə yuxulu gözlərinə nə qədər baxırdılarsa orda hər hansı predmetə maraq işartıları tapa bilmirdilər. Hətta ana dilini öyrənməyə də tənbəllik edirdi. O vaxtlar gimnaziyada şagirdlərdən tələb olunurdu ki, hamı bir nəfər kimi şer yazmalıdır. Çarlz hətta ən sadə sözlərə də qafiyə tapa bilmirdi, ya da tapmaq istəmirdi. Çarlz İngiltərənin nüfuzlu və hörmətli ailələsindən idi. Onun atası ser Robert (2 metrlik boyu və 200 kiloqramlıq çəkisi ilə) mahalda ən yaxşı həkimlərdən sayılırdı. Çarlzın ata babası isə daha məşhur idi, dünya səviyyəli alim – botanik olaraq öz elmi fikirlərini şerlə izhar edərdi. Əlbəttə, Çalzın yaşadığı yerdə bütün şagirdlər istedadlı deyildi, amma onlar niyəsə əzbərləməyə, başqasının şerlərini özününkü kimi qələmə verməyə çalışaraq gələcək karyeralarının təməlini qoyurdular. Çarlz isə olduğundan yaxşı olmağa heç cəhd eləmirdi. Onun yeganə marağı həşərat, kəpənək toplayıb kolleksiya tərtib eləmək idi. Onun tay-tuşu centlimen olmağa, qızların rəğbətini qazanmağa çalışanda o, saatlarla əlində tilov çayın sahilində oturub gözünü suya dikərdi. Bir az böyüyüb silah gəzdirmək haqqını qazanan kimi onu evdə tapmaq mümkün olmurdu. Ətraf meşələrdə günlərlə dolaşıb tərpənən, uçan hər bir canlıya atəş açardı. Axşam hava qaralanda evə bir bağlama quş gətirərdi. «Səni yalnız ov, itlər və siçovulları tutmaq maraqlandırır – deyə atası onu danlayardı – Sən ailəmizi biabır eləyirsən!».
Ruhanilik təpəciyindən baxanda…
Ser Robert oğluna məyus baxışlarla baxıb onda müsbət heç nə tapmayanda anlayır ki, Çarlzın taleyində iştirak eləməsə ondan fərli bir şey alınmayacaq. Ona görə də onu həkimləri hazırlayan tədris müəssisəsinə göndərdi. Çarlz burda bir daha əmin olur ki, cərrahiyyə xəstələrə sağalmaq əvəzinə əziyyət verir. Tibb sahəsi də Çarlzı heç maraqlandırmadı. Ser Robert oğlunu evə qaytarmalı oldu. Xoşbəxtlikdən, ya bədbəxtlikdən ailənin dostlarından biri Çarlzın kəlləsində ruhani ola biləcəyini təsdiqləyən təpəcik tapır. Çarlzın öz sözlərinə görə bu şiş o qədər böyük idi ki, bir düjün rahibə bəs eləyərdi. Sevinən ser Robert oğlunu ruhanilər hazırlayan universitetə göndərir. Amma burda da Çarlz özünü oxumaqla incitmir. Ov, balıqçılıq və həşərat kolleksiyası həmişəki kimi birinci yerdədi. İndi onun daha bir marağı da əmələ gəlmişdi. Pivəxanaya səhər girib gecə qaranlıqda ordan çıxandan sonra artıq ruhanilik təpəciyi də köməyə gəlmirdi. Kembricin ruhanilik fakultəsindən kursu bitirəndə onun adı heç nə ilə fərqlənməyən tələbələrin sırasındaydı. Nəticədə adı 178 nəfərin içində 10-cu yerdə oldu. Əslində bu tənbəl tələbə üçün pis nəticə deyildi. Kembrici bitirdikdə o, Anqlikan kilsəsinin keşişi rütbəsini almalıydı. Darvinin dediyinə görə Edinburqda tibb məktəbində keçirdiyi müddət onun ürəyində Anqlikan kilsəsinin doqmaları barədə şübhələr doğürmuşdu. Ona görə də qəti qərar verməmişdən əvvəl bir qədər düşünməkçün vaxt istəyir. Amma ayrılmış müddət ərzində həşərat kollksiyaçısı olmaq ehtirasına bulunur: «Bir dəfə ağac qabığının altında iki qurda rast gəldim. Onları hərəsini bir əlimlə tutanda üçüncüsünü də gördüm. Onları əldən buraxmamaqçün sağ əlimdəkini ağzıma soxdum. O, nəsə çox acı bir maye buraxab dilimi yandırdı. Məcbur olub onu tüpürməli oldum. Təssüf, o biri qurdu da tuta bilmədim».
«İşsizlikdən, avaraçılıqdan dözülməz heç nə ola bilməz»
Əgər universitetin iki qəribə sayılan müəllimi balıqların, quşların, həşəratların dilini çox yaxşı bilən bu ləng cavana diqqət verməsəydi hər şey yəqin ki, başqa sonluqla bitə bilərdi. Onlar Çarlza dünya səyahətin çıxmağı təklif elədilər. Pulsuz loborant və kolleksiyaçı kimi nadir bitki və heyvanları toplamaq üçün Çarlz ən layiqli namizəd sayıldı. Avaraçılıqdan bezmiş Çarlz razı olsa da atası ser Robert və gəminin kapitanı etiraz eləyirdi. Atası düşünürdü ki, gəmidə Çarlz lap tənbəlləşəcək, kapitan isə ilk baxışdan lazımsız görünən artıq qarını doydurmaq istəmirdi. Çarlzı ekspedisiyaya daxil edirlər. Gəminin adı «Biql» idi. 5 il ərzində gəmidə üzərək o, vaxtaşırı hamıyla birgə sahilə çıxır, Amerikanın flora və faunasını öyrənərək qeydlər aparır, sonsuz pampas vadilərində gəzir, uca dağlara dırmaşır, heç yerdə rast gəlinməyən quşları və tısbağaları olan Qalapaqos adalarında uzun müddət yaşayır. Amma burda da Çarlz ağ qarğa kimi görünür. Bu ekspedisiyaya qoşulmuş adamların məqsədi materiallar toplayaraq vətənə qayıdandan sonra elmi rütbə almaq idi. Onlar nəsə nadir, sensasiya doğuracaq bir nümunə axtarırdılar. Astagəl Çarlz isə saatlarla bir canlını izləyə, sanki başqa planetdən gəlmiş kimi onun davranışını öyrənə bilərdi. Darvin dəqiq gündəlik aparır, dağ və daşlıq ərazilərin, heyvan və həşəratların zəngin kolleksiyasını yaradır. İndi onun 27 yaşı var və karyera haqqında planlar öz-özünə həll olundu. «Biql» gəmisinin göyərtəsinə adi loborant kimi çıxmış Çarlz səfərdən Çarlz Darvin adında alim kimi qayıtdı. İndi onun əlində zəngin materiallar, beynində isə yazacığı və deyəcəyi çoxlu fikirlər vardı. Ömrünün sonrakı 20 ilini topladığı materialların işlənməsinə sərf elədi. Vətənə qayıdandan sonra nəşr elədiyi gündəlik tezliklə çox məşhurlaşdı. Amma təbiətlə azad şəkildə yaşamağa vərdiş eləmiş alim insanlar arasında yaşamağa çətinlik çəkir və alimlər dairəsindən kənar münasibətlərdən qaçırdı. Uzaq ölkələrdə topladığı materiallar əsasında o, yer üzündə yaşamış canlıların yaranması və evolyusiyasını əks edən biologiya elmində çevriliş eləmiş fundamental əsərini yazdı. Nəvə özü istəmədən də məşhur bioloq babasının da şöhrətini kölgədə qoydu.
Qohumla evlənmənin fəsadları
1839-cu ildə kuzinası Emme Vecvudla evlənir. Səs-küylü şəhər həyatı Darvin üçün dözülməz olanda onlar London ətrafında Doun adlı malikanəyə köçdülər. Darvin burada 40 sakit, yeknəsək və səmərəli illər yaşadı. Səhər tezdən durar, kiçik gəzintidən sonra səhər yeməyini yeyib işə başlardı. Saat 8-gən 10-nun yarısınadək Darvinin ən səmərəli iş saatları idi. Sonra çoxsaylı məktubları oxumaqla məşğul olardı. Daha sonra yenə də yarımçıq işinin üstünə qayıdar və günün sonunda hər şey rəvan gedibsə «bu gün yaxşı işlədim» deyib özündən razı qalardı. Havanın necə olmasından asılı olmayaraq gəzintidən qalmazdı. Adətən sevimli iti pinçer Polli yanında olardı. İtləri çox sevərdi və itlər də bunu dəyərləndirərdi. Doundakı sakit həyatı arabir qonaqların gəlişi ilə rəngarəngləşərdi.
Ailə həyatında özünü xoşbəxt sayırdı. Uşaqlarının həyatıyla kiçik detallara qədər maraqlanar, onlarla yoldaş kimi rəftar edərdi. Ailənin hesablarının şəxsən özü sayar, ilin sonunda bir tacir kimi nəticələr çıxarardı. Ser Robertin qoyub getdiyi varidat onlara müstəqil və sadə həyatlarına tam bəs eləyirdi. Amma kitablarından gələn qonorarla Darvin xüsusi fəxr eləyərdi ki, öz çörəyini özü qazanır. Cavan alimlərə maddi dəsdək göstərən Darvin maddi stabillik əldə edəndən sonra elmin inkişafına da müəyyən məbləğ ayırmışdı. Darvinin doğulan 10 uşağından 3-cü hələ çağa olarkən ölüb. Qalan uşaqlarından neçəsinin sağlamlığı çox zəif olub. Darvin qorxurdu ki, bunun səbəbi həyat yoldaşı ilə yaxın qohumluğundandı. Sonralar elmi işlərində bu fikir də öz əksini tapıb.
Homo sapiens
Biologiya elminin tarixi iki hissəyə ayrılır: Darvindən əvvəlki dövr və Darvindən sonrakı. Onun təcrübələri qoyduğu səbrə həsəd aparmaq olar. Məsələn, yer soğulcanlarının üzərində təcrübəyə 29 il sərf eləmişdi. «Növlərin yaranması» kitabını nəşr eləməyə qərar verməyə 21 il lazım gəldi. Bu kitab çoxlu mübahisələrə səbəb oldu və Yer üzündə həyatın yaranması barədə ənənəvi versiyaların hamısını rədd eləyirdi. Həyatın bir neçə milyon il ərzində yaranması ən cəsarətli fikir sayılırdı. Axı İncildə deyilirdi ki, həyat 6 günə yaranıb. Darvin kəşf elədi ki, orqanizmlər yaşamaq, yemək və mühit uğrunda mübarizə eləyir. O, müşahidə edib ki, bir növün daxilində onların yaşama şanslarını artıra biləcək əlamətləri olan fərdlər olur. Onların nəsli əlamətləri yaşadaraq məhv olmağa qoymur. Buna təbii seçmə deyilir.
Darvin ömrünün sonuna kimi şöhrət və populyarlığa etinasızlığı saxlayacaq. Əlbəttə, şer yazmağı o, heç vaxt öyrənə bilmədi. Amma bu təmbəl oğlan klassik ədəbiyyatı çox sevirmiş, həyatının mütaliəsiz təsəvvür eləyə bilmirmiş, ona görə də elmi əsərlərini gözəl dillə yazırmış. Ömrünün sonuna kimi hər gününü gündəlikdə qeydə almaq adətini də saxladı: «Keçən gecə qəribə yuxu gördüm. Otaq adamlarla və qəribə avadanlıqla dolu idi və biz qəribə ağlasığmaz təcrübələr qoyur, müzakirələr edirdik. Bu neçə gündü ki, ardıcıl davam eləyir və mən artıq düşünürəm ki, mənim biliklərim yuxuda zənginləşir. Arvadıma əlbəttə ki, heç nə demədim. Yuxularımı da yazmıram, yoxsa hamı düşünər ki, qoca havalanıb. Mən bunları yazdığım dəftəri köhnə qəzetlər arasında gizlətmişəm. Bəlkə də arvadım sobanı qalayanda onları artıq yandırıb».
«Tanrının xeyirxahlığının sərhəddi yoxdur»
Darvinin 1851-ci ildə qızı Enninin vəfat etməsi onun Allah barədə ənənəvi fikirlərdən tamamilə imtina eləməsinə gətirdi. Təcrübələrin sayı artdıqca tədricən İncilindəki dünyanın yaranışı barədə yazılanlar barədə şübhələri möhkəmlənirdi. Tədricən onda xristian allahına inam yoxa çıxır. Xeyriyyəçiliklə, missionerlərə köməklə məşğul olsa da bazar günləri hamı kilsəyə gedəndə o gəzintiyə çıxardı. O həmişə yazırdı ki, heç vaxt ateist olmayıb və Allahın olmasını inkar eləməyib. Darvinin din barədə yazdıqlarından:
«Bu gün mən yaratdığım sistem demək olmaz ki, Yaradanın fikrini ifadə eləmir. Təbii seçmə sistemi daha dərin və sıx şəkildə bir-birinə bağlıdır və vahid yaradığılıq sistemini təsdiqləyir. Mən tədricən anladım ki, Əhdi-Ətiqin dünya yaranışı barədə yalanları, Tanrının qisasçı tiran olması barədə fikirlər indusların, yaxud hansısa vəhşi tayfaların dini təsəvvürlərindən heç də qiymətli deyil. Biz təbiət qanunlarını kəşf elədikcə sehrlərə inamımız azalır. O vaxtlar insanlar o qədər sadəlöhv idilər ki, İncilin hadisələrin baş verdiyi vaxtda yazılmasına da inanırdılar. Ona görə də mən xristianlığa ilahi vəhy kimi inamımı itirdim. Mən inamsız insanların - bura atamı, qardaşımı, bütün yaxşı dostlarımı aid eləmək olar – əbədi əzab çəkəcəyinə inana bilmirəm. Kainatı, dünyaları yaratmağa qadir bir varlıq olan Allahın xeyirxahlığının sərhədlərinin məhdud olmasına inanmaq çox çətindi. Murdar təlimdir!»
Darvinin ölümdən əvvəl dinini dəyişməsi barədə şaiyələr o qədər artmışdı ki, şəhər əfsanələri statusunu qazana bilərdi. Amma tarixçilər və Darvinin varisləri bu fərziyyələri inkar edir.
Təkamül bataliyasının nəticəsi
1867-ci ildə Darvin «Rour le merite» adlanan 4-cü Vilhelm Fridrixin elmi və ədəbi naliyyətlərə görə təsis elədiyi Prussiya ordeninə layiq görülür. Bonn və Breslavl, Leyden universitetləri Darvini fəxri doktor adına, Peterburq, Berlin, Paris akademiyaları isə müxbir üzv adına layiq görüblər. Amma hüşsuz təbiətli alim təltif edildiyi diplomları tez-tez itirir, sonra isə dostlarından maraqlanırdı ki, görəsən filan akademiyanın üzvüdür, ya yox. Yaşı artdıqca alimin ağlı kəsərdən düşmürdü. Yalnız ölüm onu elmi işindən ayıra bildi.
Təkamül nəzəriyyəsi ətrafında mübahəsələr üstündən 150 il keçməsinə baxmayaraq hələ də davam eləyir. Yubiley ərəfəsində təkamül nəzəriyyəsini hətta Vatikan da qəbul elədi. Arxiyepiskop Canfranko Ravazi elan elədi ki, Darvanin nəzəriyyəsi İncilin dünyanın və canlıların yaranması versiyasını inkar eləmir. Darvinin öz nəzəriyyəsini izhar elədiyi gündən 150 il keçir. Bu vaxt ərzində alimlər insan və canlılar haqqında çox şeylər öyrəniblər. Amma bu məsələ Darvinin müasiirləri üçün qaranlıq olduğu qədər bizimçün də əlçatmaz qalır. Deyəsən, bu məsələdə təkamül prosesi dayanıb…
Aforizmləri:
* İnsanı heyvandan fərqləndirən əsas keyfiyyət mənəviyyat, ya da vicdan hissidir. Mənəivyyatın yüksək səviyyəsi o vaxt bərqərar olur ki, biz öz fikirlərimizi nəzarət altında saxlaya bilirik.
* Bir saatını boşuna sərf eləmiş insan hələ həyatın qədrini anlamayıb.
Müəllif: Gülnarə RƏFİQ

Mosart - əhlikef vunderkind, yoxşa əzabkeş?

Volfhanq Amadeus Motsart
(27 yanvar 1756, Salzburq -5 dekabr 1791, Vyana)
Volfqanq Amadeus Motsart o dövrlər Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmiş “Nanerl” Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verlimişdir. Motsart isə özünü sonralar “Volfqanq Amade Motsart” kimi adlandırılmağı üstün tutmuşdur. Motsartın atası Leopold Motsart Salzburq axriyepiskop sarayıının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skipkada ifaya dair əsər nəşr etdirmişdir.
Əsərləri:
  • «Fiqaronun toyu» - 1786
  • «Don Covanni» yaxud «Don Juan» - 1787
  • «Sehrli fleyta» - 1791
  • «Rekviem» - (1791)
  • 49-cu simfoniya. Daxildir:
  • «Paris» - (1778)
  • № 36 «Haffner» - (1782)
  • № 37 «Linski» - (1783)
  • № 38 - (1786)
  • № 39 - (1788)
  • № 40 - (1788)
  • № 41 «Yupiter» - (1788)
  • ...
Onun əsərlərini əzbərdən oxuyanlar qəbrinin yerini heç vaxt bilməyəcək
Balaca Volfhanq təbiətcə gülərüz olduğundan yıxılanda ağlamazdı. Anası onun ağladığını cəmi bir dəfə xatırlayır – o da atası Leopold çalğısını saxlayıb körpəni otaqdan çıxardıqda. Bir dəfə axşamçağı valideynləri evdə olmayanda Volfhanq alətə yaxınlaşıb bütün barmaqlarıyla aləti döyəcləyir. Səs kəskin olduğundan fiziki zərbə almış kimi uşaq üz-gözünü turşudur. Sonra ehtiyatla bir barmağını klavişə toxundurur. Eşitdiyi səsdən çox məmnun qalır. Bu gecədən etibarən klavisin onun ən sevimli oyuncağına çevrilir. 3 yaşında klavisində çalır, 5 yaşında alətin virtuoz ifaçısı sayılır, 6 yaşında isə musiqi bəstələyir. 8 yaşında 3 simfoniyanın müəllifi idi. 14 yaşında isə bütün Avropada nüfuzlu sayılan Boloniya Musiqi Akademiyasının üzvü idi.
Pudralı, parikli vunderkind
Zalsburqda Mosart muzeyi – «Mosarteume»də körpə Mosartın balaca not dəftəri indi də qalır. Ləkə düşmüş, kağızı bozarmış, not yazısında notların çubuğu silinmiş bu dəftərdə Leopold Mosart Volfhanq üçün musiqi çalışmaları yazardı. Bir dəfə heç 6 yaşı tamam olmamış Volfqanq atasından qulağına gələn melodiyanı nota yazmağı xahiş edir. Bu kiçik pyes Mosartın ilk əsəri kimi həmin bu dəftərdə yazılır. Mosart musiqi fikirlərini yazmağı bacarmasa da, musiqi dilində fikirləşməyi bacarırdı. Belə uşağın musiqi istedadı ətrafa səs salmaya bilməzdi. Pul qazanmaq imkanını əldən buraxmayan atası Leopold konsert turnesiylə şəhərləri gəzməyə başlayır. Avropanın ən yaxşı musiqiçi və müğənnilərinin çıxış etdiyi zadəgan saraylarına yol tapmaq şəhərin rəğbətini qazanmaq demək idi. Zadəgan saraylarında isə kiçik möcüzə, vunderkind Mosartdan danışmaqdan bezmirdilər. Avstriya imperatorlarının yay iqamətgahında imperator Mariya Tereza onları qəbul edir. Mosart bu qadınla salamlaşıb tələsik klavisinin arxasına keçməyə çalışır. Ancaq parıldayanacan sürtülmüş güzgü kimi parketin üstündə sürüşüb düz zalın ortasında yerə sərələnir. Hər dəfə qalxmağa çalışanda parik taxmış bu adamcığaz yenidən yıxılır və böyüklər gülməkdən uğunurlar. Mariya Tereza qızı Mariya Antuanettadan kömək etməyi xahiş edir. Nəhayət, ayaq üstünə qalxa bilmiş Volfqanq xilaskarına gülümsəyib bərkdən deyir: «Xeyirxahlığına görə səni alacam». Amma üç onillik keçməmiş, Mosart kasıblıqda öləcək, Mariya Antuanetta isə başını gilyotinə qoyacaq. Volfqanqın çıxışları kənd yarmarkasında akrobatların, jonqlyorların çıxışına bənzəyirdi. Akrobatik hoqqalar beləydi: enlikürək, qartalburunlu bir kişi estradaya çıxıb camaata bir parça göstərir. Sonra həmin parçayla alətin klaviaturasını örtür. Gənc ifaçı alətin arxasına keçib klavişləri görmədən bir neçə rəqsi sürətlə ifa edir. Sonra atası uşağın gözünü bağlayır. Zaldan bir neçə adam klavişləri səsləndirir, cib saatının zəngini çaldırır, klavisinin üstündəki badələri cingildədir. Mosart isə səsləndirilmiş notların adını deyir. Yaxud bir nəfər ağlına gələn bir melodiyanı çalır. İfaçı isə onun əsasında elə ordaca pyes bəstələyir. Səfərlərin uşaq sağlamlığına zərərini bilsə də, atası oğlunu əl meymunu kimi camaata göstərməkdən usanmırdı.
Melodiyadan qurtulmaqçün onu yazmaq lazımdı
Amma uşaq böyüdükcə ona maraq sönməyə başlayır. Artıq 20 yaşına qədəm qoyanda həyat Volfqanqa çox şey öyrətmişdi. Alqışların, səfərlərin, görüşlərin dadını görmüş maestrino indi Zalsburq sarayında kiçik əməkhaqqına sifarişlə musiqi yazmalıydı. Tabeliyində olduğu arxiyepiskopla münaqişəsi dərinləşirdi. Dəfələrlə kapellanın müğənniləri və ifaçıları qarşısında Mosart uşaq, avara və səfeh adlandırılır, aldığı pula heç dəymədiyi eşitdirilirdi. Moestronu konsertdə alqışlayanlar bilmirdi ki, qeyri-adi artist, insan qəlblərinə hakim olacaq bir adam kiminsə quludur. Hər konsertdən əvvəl o, çıxış etməkçün arxiyepiskopa dil tökməlidi. Arxiyepiskopsa izn verməməklə özünü hökmdar zənn edirdi. Mosartın səbr kasası dolur. O, işdən çıxmaq ərizəsi yazır. Hər gün kinayəli gülüşləri və boş-boş sözləri dinləyib cavabsız qayıtmalı olur. Onun get-gələ salınmasının səbəbi var: kimi qovlamağı, kimi saxlamağı arxiyepiskop özü həll edir. Kiminsə ərizəni birinci yazmağı onun şəninə toxunurdu. Bir ay keçir. Mosart yenidən xahis ərizəsiylə qəbula gəlməli olur. Katib Mosart haqqında deyilən «avara, uşaq» sözlərini öz qulağıyla eşitdiyindən cəsarətlidi. Mosart ərizəni masanın üstünə atıb çıxıb gedir. Katib onu pilləkəndə yaxalayıb arxadan təpiklə itələyir. Sonra bioqrafları yazırdı ki, arxasından aldığı bu təpik Mosartı azad insana çevirir. Volfqanq pillələrlə diyirlənib yıxıldığı günü ömür boyu unutmayacaq. Yerdən qalxır, gözləri qaraldığından heç nə görmür, yol fanarına söykənir. Ürəyi bulanır, qusduqdan sonra rahatlaşır. Səndələyə-səndələyə evə gəlib işığı yandırmadan yatağa düşür. Yorğunluq və yuxusuzluqdan gözünə çirkin üzlər, iyrənc ifadələr görünür. Volfqanqın beynində melodiya doğulur. Belə şey qabaqlar da baş verirdi. Bu melodiyadan canını qurtarmaqçün durub onu ya çalmaq, ya da yazmaq lazımdır. Melodiya çalındıqca reallaşıb qadın səsinə çevrilməyə başlayır. Sonra qapı açılır, döşəmə cırıldayır. Beynindən «birinci oktava, lya diyez» keçir. Yalın ayaqların yumşaq addımlarını eşidir. İki incə əl üzünə, isti dodaqlarsa dodağına toxunur... Bu onun ilk məhəbbəti Aloiziyanın bacısı Konstansadır. Gələcək ömür yoldaşı.
Mosart kontrakta görə evlənməlidi?!
Atasının təkidiylə o, 15 il əvvəl maestrinoyla fəxr eləyən Parisə gedir. Amma 15 il uzun müddətdir. O vaxt onun cəmi 7 yaşı vardı. Paris möcüzə uşağı artıq unutmuşdu. Bu dəfə Parisə görkəmsiz, kifir bir gənc gəlmişdi. Belə musiqiçilər zadəgan evlərində iş axtarmaq ümidiylə bura axışırlar. Həyatda yeri uğrunda mübarizə edən 20 yaşlı Volfqanqın nə köməkçisi, nə də arxası var. Mosart iri şəhərin bir başından o biri başına qaçıb, dərsi dərsə calayıb günlərini yaşayır. Daim nəm ayaqları, ağırlaşmış bədəni, sanki parçalanacaq başının ağrısı vecsiz tələbələrinin verdiyi mənəvi əzablarla müqayisədə bir şey deyildi. Azadlığa qovuşmasından 5 il keçir. Konstansa ilə münasibətləri Zalsburqa atasının qulağına gədər gedib çatır. Kanstansanın anası da qızını incidir ki, Mosartın ona yazığı gəlsin və tez evlənsin. Hətta Mosartı evlənməyə borclu eləyən sənəd də imzalamağa məcbur eləyir. Əgər evlilik baş tutmasa, Mosart Konstansaya hər il 300 florin verməyə borcludur. Sədaqətli Konstansa bu sənədi gizlincə oğurlayıb cırır. Mosart onunla sevdiyinə görə evlənir. Amma bu evlilik ona baha başa gəlir. O, yenə də seçim qarşısındadır: azadlıq, sevdiyi qadın, yaxud Zalsburq, ailəsinin, xüsusilə atasının sevgisi. O, birincini seçir.
Uşaqlarını itirdikcə əsərlərini qazanırdı
İtalyan operalarının hakimliyi zamanında Mosartın təmiz alman operası yazmağı ona qarşı cəbhə yaratmışdı. «Fiqaronun toyu» yarananda teatrda 3 opera hazırlanırdı. «Fiqaronun toyu»nu xalq çox sevsə də, zadəganlara çox darıxdırıcı gəlirdi. Hər dəfə zalı doldurmasına baxmayaraq, bu opera həmin il cəmi 8 dəfə qoyulur və sonrakı il repertuardan çıxarılır. Onu ispan bəstəkarı Martinin «Nadir əşya» operası əvəz eləyir. Bu da taleyin bir oyunudur. Çünki bu operanı bir neçə tamaşadan sonra heç kim xatırlamayacaq. Amma Mosart «Don Juan» operasında həmin operadan bir neçə xanə sitat gətirdiyinə görə tarix bu operanın adını da unutmayacaq.
Mosatın həyatı heç vaxt rahat olmayıb. Amma «Don Juan»ın uğursuzluğundan sonra vəziyyət daha dözülməzdi. Ona sifariş verilmirdi, saraya dəvət olunmurdu. Mosartı unutmuşdular. Musiqidən qazandığı puldan savayı başqa gəliri olmadığıyçün bu durum dilənçilik səviyyəsinə enmək demək idi. İndi o, gecə-gündüz arvadı və oğlunu yedirməkdən ötəri pul tapmağın qayğısını çəkir. Tərs kimi onlar hər ikisi tez-tez xəstələnirdi. Əvvəl yeganə oğlunu, sonra doğulmuş daha iki uşağını torpağa tapşırır. İtkilər yaşadığı məhz bu dövrdə Mosart yaradıcılığının zirvəsi sayılan son 3 simfoniyasını, «Sehrli fleyta» operasını və sonuncu əsəri olan «Rekviyem»i yaradır.
«Mən matəm musiqimi yazıb sonra öləcəyəm»
Bütün gecəni ağrılardan yatmamışdı. Amma musiqi yazmaya da bilməzdi. Yazmayanda daha çox əzab çəkirdi. İçində qalıb əzab verən musiqidən azad olmaq lazımdı. Yuxusuzluqdan ağırlaşmış başı masaya tərəf əyilir. Başını qaldıranda qapı ağzında yarıqaranlıqda qara plaşlı, qara şlyapalı, qara qalstuklu, pudralı parikdə, qanı qaçmış solğun bənizli, boşluğa baxan ifadəsiz gözlü bir adam görünür. Bu adam dinmədən konvert uzadır və deyir: «Sifarişçi məxfi qalmağı arzulayır». Məktubda rekviyem yazmaq sifariş edilirdi. Mosart o zamana görə çox böyük sayılan məbləğ istəyir. Yad kişi həmin məbləği sayıb masanın üstünə qoyur. «Əsər hazır olandan sonra bu qədər də alacaqsız» deyib qeyb olur.
Rekviyem?! Son zamanlar ölüm fikri onu rahat qoymurdu. «Mənim başımda xaosdur. Fikrimi toplayıb yaza bilmirəm. Qara plaşlı kişi məni izləyir, işləməyi tələb eləyir. Mən artıq heç nədən qorxmuram. Bilirəm ki, axırım istedadımı tam aça biləcəyimdən tez çatacaq. Amma taleyini dəyişə bilən varmı? Mən matəm musiqimi yazıb sonra öləcəyəm».
Hər gün musiqi daha az, sükut daha çoxdur
Soyuq, yağmurlu noyabr günlərindən biridir. Mosartın evində üzücü səssizlik və dərman qoxusu hakimdir. Bu səssizliyi hərdən bir xəstənin otağından gələn qəmli musiqi pozur. Mosart şagirdi Züsmayerlə birgə rekviyem üzərində işləyir. Hər gün musiqi daha az, səssizlik daha çoxdur. Ölümündən bir az əvvəl Mosart müqəddəs Stefan kilsəsində kopelmeyster vəzifəsinə dəvət alıb. Eyni zamanda Macarıstan və Amsterdamdan sərfəli sifarişlər də gəlib. Onun həyatında ilk dəfə bir parça çörək axtarışından canını qurtarıb sakit yaşamaq imkanı var. Onun 36 yaşı hələ tamam olmayıb.
Mosart və Solyeri
Arabir kəskin zarafatlarıyla və ən vacibi intedadını gizlədə bilməməsiylə Mosart ətrafındakıların çoxunu düşməninə çevirmişdi. Hətta şagirdi Züsmayerin Konstansa ilə eşq macərasından danışırdılar. Özünü bəstəkarlığa hazırlayan tələbənin yolunda Mosartın istedadı bir qaya kimi durmuşdu. Müəlliminə bənzəməyə o qədər çalışırdı ki, illər keçəndən sonra not yazısında qrafoloqlar nəyin Mosarta, nəyin Züsmayerə məxsus olmasını ayıra bilmədilər. Üstəlik, Mosartın paxıllığını çəkən bəstəkar Solyeri ilə əlaqə saxlayaraq müəlliminin bütün sirrlərini ona açırdı. Solyerinin Mosartı zəhərləməsi barədə gəzən əfsanələrə baxmayaraq, sarayda daha məşhur olan bəstəkarın onu öz əliylə zəhərləməsi gülünc görünür. Amma bəzi bioqraflar Solyerinin ölümqabağı kilsədə yazılı etirafını əlində əsas tutaraq bu versiyada təkid edirlər. Rekviyemin sifarişçisi qraf Velzex Ştuppax civə yataqlarının sahibiydi. Solyeri və Züsmayerin əlbirliyi ilə və bu qrafın məsləhətləriylə Mosartın civə ilə zəhərlənməsi versiyası hələ də dillərdən düşmür.
İtmiş qəbrin sirri
Otağın ortasında klavisinin yanında tabut var: kobud taxtadan yonulub, taxtaların arasından dəliklər görünür, qara rənglə səliqəsiz boyanıb. Mosart bu tabutdadı. Otaqda şam yanır. Şagirdi Züsmayer səhər tezdən qaçıb maestronun şamdanını sələmçidən alıb ki, otaqda işıq olsun. Kilsədə onu son mənzilə çox az adam yola salırdı. Nə orqan çalır, nə də oxuyan var. Monoton latın kəlmələri fonunda kimsə ərini donuz kimi dəfn edən Konstansanın dalıyca alıb-verir, kimsə evə gedib Mosartın əlyazmalarını gizlətməyi düşünür. Çünki başa düşür ki, tezliklə onların qiyməti olmayacaq.
Konstansanı ovudarkən dostları fikir eləməməyi məsləhət görürdülər. O da bu məsləhətə həvəslə əməl edir və fikri-zikri Mosarta görə təqaüd arxasınca qaçmaqdadı. Yüngül xasiyyətli olduğundan dahi insanla bir yerdə yaşadığını hiss eləməmişdi. Bunu ilk dəfə Mosartın əsərlərinin nəşrindən aldığı qonorarın həcmini görəndə başa düşmüşdü. Bəstəkarın ölümündən sonra arvadı qapı-qapı gəzib yazıq dul qadın obrazını oynamaqla indiki pula çevirəndə 5 milyon avro məbləğində qonorar toplaya bilmişdi.Mosartın ölümündən 18 il sonra Konstansa axır ki, qəbiristanlığa getməyi qərara alır. Dahi bəstəkarı basdırmış qoca artıq ölmüşdü. Lap sağ olsaydı belə, ümumi qəbirdə Mosartın cəsədini tapmaq mümkün olmayacaqdı. Ona görə də bəşəriyyətin dahi musiqiçisinin qəbri insanlarçün açılmaz sirr olaraq hələ də qalır.
Müəllif: Gülnarə RƏFİQ

Çarli Çaplin - komediyanın sehrbazı

Çarlz Spenser "Çarli" Çaplin
(16 April 1889 - 25 December 1977)
Məşhur ingilis rejissoru, aktyoru, komediyaçısı və bəstəkarı oluşdur. Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin ovladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar. Çapli öz karyerasına 5 yaşında İngiltərədə tetrada başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı. Öz ilk şəxsi rolunu o 1901-ci ildə alır. 1913-cü ildə Çaplin ABŞ-a səfəri zamanı Keystoun film studiyası tərəfindən aktyor kimi film çəklişində iştirak edilir. Əvvəldə kiçik rolarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazanır. O Ford Sterlinqdən (aktyor idi) bir cüt ayaqqabı, Arbrukledən bir şalvar, balaca bir pencək və MArk Svenin yalançı bığını götürür. Bu stil onun rollarına uyğun gəlməsə də, sonra ona studiyada bu paltarda çəkilməyə icazə verilir. Çaplin filmin ssenarisini, rejissorluğunu öz üzərinə götürür.
Azyaşlı qızlarçun onun ürəyi gedirdi
«Həmin gecə mən Nyu-Yorkun küçələrində avaralanırdım – Çarli Çaplin öz memuarında yazır, - mağazaların vitrinlərini gözdən keçirir, məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi mən - yaxşı geyinmiş cavan oğlan hara gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma mən heç kimi tanımıram. Nədənsə özümə çox yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən «Esseney» firmasıyla kontrakt bağlayıb qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki, filmləri Nyu-Yorkda görünməz dərəcədə məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə bağladığı üçüncü - 670 min dollarlıq kontraktdan sonra kasıblıq və təhqirlərdən canını birdəfəlik qurtarmış olacaqdı.
Artist oğlu, artist!
Çarlinin uşaqlığı o dövrdə hamınınkı kimi kasıb, ac, qəddar və tənha uşaqlıq idi. Elə bil gələcək filmləriyçün material toplayırdı. Ucuzvari varyetenin aktrisası olan anası səsini tez itirdiyindən teatrı atıb tikiş tikməklə qəpik-quruş qazanırdı. Aktyor olan atası onları atanda Çarli bir yaşındaydı. Uşaqlarını saxlaya bidməyən ana onları yetimxanaya verib özü küçələrdə sülənməklə dolanmağa başladı. Atasının ölümündən sonra məktəbi də atan Çarli işləməyə başlayır. Bu vaxt anası artıq psixiatrik xəstəxanada yerləşdilirmişdi. Çarli qəzet satır, oyuncaq yapışdırır, mətbəədə işləyir, hətta həkimin qəbul otağında da çalışırdı. Hələ uşaqkən anasının çıxışlarını izləyən Çarli oxuyub oynamaq öyrənmişdi. Anasını səsi batan gün balaca Çarli ilk dəfə səhnəyə atılıb gülməli mahnı oxumaqla vəziyyəti xilas edə bilmişdi. Nəhayət o, ürəklənib teatr agentliyinə balaca oğlançün iş soraqlaşmağa gedir. Artıq 12 yaşında onun ilk teatr rolu vardı.
Əlahəzrət Uşaq...
Amerikaya gələn kimi Çarli bu ölkəyə valeh olur. «Kistoun» firması ona həftədə 150 dollar verməyi təklif etdiyi dövrdə o, donuz saxlamağı arzulayırdı. Onun məşhurluğu artırdı, amma rejissorlar Çarlinin sonsuz məsləhətlərindən bezərdi. Ona görə də uğuruna arxayın olan Çaplin öz ssenrisi üzrə filmləri özü çəkməyi qərara alır. Elə həmin tempdə, yəni ayda bir ikihissəli film çəkilirdi. 27 yaşlı gənc üçün gözlənilən milyonçuluq yuxuda sayıqlama kimi gəlirdi. İndi onun katibi, qulluqçusu, avtomobili və sürücüsü də vardı. Ola bilər ki, Çaplinin filmlərini görməyənlər var. Onları görüb bəyənməyənlər də tapılar. Amma Çarli Çaplin adını heç olmasa qulağının ucuyla eşitməyən çətin ki, olsun. Onlar eşidər ki, bu nəsə böyük və qeyri-adi bir şeydi. Onun filmləri dünyanın səkkizinci mögüzəsi də sayıla bilər. Enşteyn onu Əlahəzrət Uşaq adlandırırdı. Bu uşaq böyümür və böyümək də istəmirdi. Balaca, taqətsiz, daim ev, sakitlik axtarışında olan avara Çarliyə böyük şəhərlər tabe olub baş əyirdi.
Şlyapa, iri çəkmə və əl ağacı...
Çaplin enli şalvar və dar pencəyini geyib, böyük ayaqqabılarını ayağına, şlyapasını başına çəkib əlinə ağacını alır. Çox gəncdi və yaşından cavan görünür. Ona görə bığ yapışdırmağa məcburbu. Öz qəhrəmanı haqqında dediklrindən: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər» Çarli deyir ki, onu tanıtdıran kostyumu ilk dəfə 1914-cü ildə kəşf edib: balaca şlyapa və böyük ayaqqabı, enli şalvar və çox dar pencək kimi uyuşmayan detallar. Böyük qəmli gözlərsə kiçik bığlarıyla kontrastda olmalıydı. Qəribə yerişi isə bir qədər sonra tapılıb. Zəif, sadəlöhv, köməksiz olan balaca adam hərdən özünü də yıxır, amma zəifləri müdaifiə eləməyə, polisə, güclülərə qarşı çıxmağa özündə güc tapa bilir. «Bütün filmlərimin əsasında belə üslub durur: mən mütləq nəsə bir işə düşür, amma tam ciddi sifət alıram ki, guya bu, heç nəyi dəyişmir, əlimdəki ağacı buraxmıram və əyilmiş papağımı düzəldib beş dəqiqə əvvəl baş-ayaq olsam da, özümü o yerə qoymuram». Çaplinin bişmiş ayaqqabıları acgözlüklə yeməsi səhnəsini xatırlayaq. İpləri spagetti kimi çəngələ dolayır, ayaqqabının altını bifşteks kimi kəsərək tələsmədən çeynəyir, mıxları çəyirdək kimi sümürüb tüpürür. Mimik sənətin daha bir şedevri: sevdiyi qızı cəlb eləməkçün çəngələ batırılmış iki bulkanın rəqsi. Teodor Xaffın dediklərindən: «Arxası kameraya tərəf olanda belə o, çiyinləriylə bəzi aktyorların gözləriylə deyə biləcəyindən artıq söyləyə bilirdi».
«Mən sekslə darıxanda məşğul oluram»
Ən böyük faciəsi o idi ki, daim kiçik, azyaşlı qızlara meyl eləyirdi. «Mən sekslə darıxanda məşğul oluram» deyən Çaplin nəticədə 4 evlilk, 11 uşaq və bir hərəmxana məşuqələr qazanır. Filmə dəvət elədiyi aktrisaların demək olar ki, hamısına vurulub. İlk sənət dostlarından olan Edna Pervins isə o qədər utancaq və sadə idi ki, təşəbbüsü əlinə ala bilmirdi. Çarliyə kənardan bir qədər artıq diqqət göstərilsəydi Edna qısqanclıqdan özünü xəstəliyə vurar və sevgilisini bütün axşamı onun yatağının qarşısında keçirməyə məcbur edərdi. Tezliklə 16 yaşlı balerina Mildred Xarris Ednanın yerini tutdu. Az yaşına baxmayaraq, bu qızın zəngin və məşhur rejissora ərə getmək məqsədi vardı. Məqsədinə çatmaqçün o, hamıya məlum üsulla, yəni hamilə qalmaqla kişini ilişdirə bildi. Kaliforniyada azyaşlıları yoldan çıxarana 30 illik həbs cəzası var. Hamiləlik yalançı olsa da, düz bir ildən sonra Mildrid aktyora bir uşaq hədiyyə edə bilir. Üçgünlük uşaqları tələf olanda onlar bir-birinə son dərəcə nifrət edirdi. Boşanma ərizəsini Mildred özü yazmalı olur. Jurnalistlərin çalışqanlığı nəticəsində bu boşanma aktyora çox baha başa gəldi. Hətta üzərində bir il çalışdığı «Balaca» filminin konfiskasiyası barədə də söhbətlər gəzirdi. Bunu eşidən Çaplin plyonkanı götürüb ölkədən qaçmağa da qərar vermişdi. Lita Qreyə rast gələndə qızın 6 yaşı vardı. Neçə illər ərzində Çarli onu gözdən buraxmamışdı. «Balaca» filmində mələk rolunun ifaçısı 12 yaşlı Lita Qreyə atalıq eləməyi ona gətirib çıxarır ki, 15 yaşında bu qız hamilə qalaraq eynilə həmin ssenariylə Çarlini ərə gedə bilir. Onları qarabaqara izləyən mətbuatı azdırıb Meksikada evlənirlər. Bal ayı, deyəsən, çox gərgin keçibmiş. Çünki evə qayıdanda Çaplin yeni qohumlarını «pul iyinə toplaşmış əclaflar» adlandıraraq hamilə qadını elə vəziyyətə salır ki, o, özünü platformadan atmaqçün addım da atır. Çarli arxadan yaxınlaşıb ona «Niyə dayandın?» sualını verir... İki ildən sonra onların iki uşağı və bir torba problemləri vardı. Ayrılmağa ilk addımı atan Litanın 42 səhifəlik boşanma ərizəsində nələr yoxdu? Bu ərizənin surətini küçədə 25 sentə almaq olardı. Burda Lita Çaplinlə intim həyatlarının bəzi məqamlarını açıqlayırdı. İki ildə onun 5 məşuqəsi olubmuş. Dəfələrdə tapança ilə arvadını hədələyirmiş. Bir neçə dəfə Çaplin ona qrupenseks, hətta auditoriya qarşısında sekslə məşğul olmaq təklifləri də eləyibmiş… Boşanmadan sonra Çaplin əsəb xəstəxanasına düşür. Klinikadan çıxanda başında bir dənə də qara tük yoxuydu. Çaplinin bioqrafı Coy Milton yazırdı ki, Çarli və Lita Qrey arasındakı münasibətlər Nabokovun «Lolita» romanının əsasını təşkil edib. Aktyor azadlığı üçün bir milyon 125 min dollar aliment, bir milyonluq məhkəmə xərci, üstəlik dünyanın ən qalmaqallı məqalələriyçün çoxlu material verməli oldu. 1943-cü ildə filmə yeni qəhrəman axtaran Çaplinə məşhur dramaturqun qızı Una O’Nili təklif edirlər. Şorgöz aktyor bioqrafiyasında yazır ki, «onun 17 yaşı olduğunu eşidəndə ürəyim düşdü». Axı, onların 36 yaş fərqləri vardı. Bu dəfə evlənmək qərarı verməkçün ona cəmi bir neçə həftə lazım gəldi.
Amerika Çaplinə pedofil və kommunist deyirdi
İkinci Dünya müharibəsi zamanı Çaplini «Dahi diktator» filmində Hitlerin obrazını parodiya elədiyinə və Hitler Almaniyasına qarşı cəbhənin açılması çağırışıyla çıxış etdiyinə görə kommunist adlandırırdılar. Amerikanın bəzi şəhərlərində onun filmləri hətta qadağan olunmuşdu. 1952-ci ildə ABŞ tərk edən və məzuniyyətə getməsini elan edən aktyoru sonra Amerikaya buraxmadılar. Düzdür, həmin Amerika 20 ildən sonra Çaplinə «Oskar» verməkçün xahiş-minnətlə aktyoru oraya gətizdirə bildi. Amerikanın Çaplini sevməməsinə sübut onun Coan Berri ilə məhkəmə prosesində aydınlaşır. Bu qadınla münasibətlərində Çaplin bu dəfə qurban rolundaydı. Çaplinin puluyla alınmış biletlə Los-Ancelesə köçmüş xanım iki ildən sonra bu dəfə hamilə qayıdaraq uşağın Çaplindən olduğunu sübut etmək məqsədilə məhkəməyə verir. Uşaq doğulanda Çaplin artıq evliydi. Qan analizi təsdiq elədi ki, bu uşağın Çaplinə heç bir dəxli yoxdu. Amma Çaplini «əxlaqsız» adlandıran cəmiyyətin rəyinə görə aliment vermək cəzası kəsilir. Bu qərardan anlaşılırdı ki, Hollivud heç vaxt Çaplini sevməyib. Patriotizmi «ən böyük axmaqlıq» adlandıran Çaplinin Amerika vətəndaşlığını qəbul etməməsi Hollivuddakıları qəzəbləndirirdi. Hitleri ifşa edən «Dahi diktator» filmi ürərində işləyəndə onu xəbərdar eləmişdilər ki, başı ağrıya bilər. Burada Çaplin iki rol oynamışdı: yəhudi bərbər və qlobusu əlində çək-çevir eləyən faşist diktator. «Diktatorun» ekrana çıxışından sonra mətbuat yazırdı ki, «Çaplin kommunist barmağını gözümüzə soxmağa çalışır». Çaplinə qarşı mitinqlərdəki plakatlardan: «Çaplin qırmızıların quyruğudur», «Çaplin, çoxdandır qonaqsan ha», «Çaplin nankordur», «Çaplini Rusiyaya göndərmək lazımdı». İkinci dünya müharibəsi illərində Çaplin Rusiyaya kömək məqsədilə mitinqlərdə iştirak edirmiş. Nitqinin «yoldaşlar» müraciətiylə başlaması onu amerikalıların gözündə kommunistə çevirdi.
Milyonçu və çox məşhur
54 yaşlı Çaplin 17 yaşlı arvadıyla Avropaya köçməli olur. Gəmidə artıq iki gün üzəndən sonra eşitdi ki, geri qayıtmaq üçün yenə də istintaqdan keçməli və mənəvi pozğunluğa görə cavab verməlidi. Onda Çaplin geri qayıtmamaq qərarına gəlir. Bir neçə ildən sonra o da Amerika vətəndaşlığından imtina edəcəkdi. Əlbəttə ki, Çaplinin bütün varidatını oradan çıxarandan sonra. Dahi komikin qocalığı sadə və xoşxasiyyət qadınla tam harmoniya şəraitində keçib. Onların 8 uşağı - 3 oğlan və 5 qızı olur. Gümüş toylarına cəmi bir il qalmış sonuncu övladını görəndə Çaplinin 90-a yaxın yaşı vardı. 1971-ci ildə Kann festivalında xüsusi mükafat alır, «Şərəf legionu» ordeninə layiq görülür, Venesiyada beynəlxalq festivaldan «Qızıl şir»i evinə gətirir. 1972-ci ildə Amerika kinoakademiyası ona «Oskar» mükafatı verir. 1974-cü ildə «Mənim həyatım kinoda» kitabının təqdimatı olur. Həmin ildə kraliçə Çaplinə cəngavər rütbəsi verəndə mərasim Çaplinin triumfuna çevrilmişdi. Bu da balaca adamın milyonçu və məşhura çevrilməsi əhvalatı...
Maraqlı faktlar:
* Çaplinin gözləri maviydi.
* Çaplin solaxay olub, hətta skripkanı da sol əliylə çalırmış.
* Filmlərindən 10,5 milyon dollar qazanıb.
* Çəkiliş zamanı cəmi bir dəfə, o da Çaplinin özü travma alıb.
* Çaplin «Oxşarlar müsabiqəsi»ndə gizli iştirak edib. Ona Çarli Çaplinə oxşadığına görə üçüncü yer veriblər.
Müəllif: Gülnarə RƏFİQ

28 November, 2009

İsaak Nyuton - Zəkası ilə bəşəriyyəti arxada qoymuş alim...

İsaak Nyuton
(4 yanvar 1643 – 31 mart 1727)
İngilis fizikçi, riyaziyatçi, astronom, fəlsəfəçi və kimyaçıdır. Tarixdəki ən böyük riyaziyatçi və alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur.
İsaak Nyuton 4 yanvar 1643-cü ildə İngiltərənin Qrentem şəhərciyinin yaxınlığındakı Vulstorp kəndində fermer ailəsində dünyaya gəlmişdi. Uşaq doğulandan üç ay qabaq atası İsaak Nyuton vəfat etdiyindən onun yetimçilik dövrü başlamışdı. Ata Nyuton haqqında çox az məlumat var. Deyilənlərə görə o, bədəncə zəif, adamayovuşmaz imiş. Belə bir adamın oğlunun gələcəkdə dünyanın ən böyük alimi olacağına inam bəsləmək mümkünsüz idi. Anası Anna isə bir o qədər savadlı olmasa da ərinə nisbətən elmli adam təsir bağışlayırdı. Çətinliklə olsa da yaza və mətn oxuya bilirdi. Ata İsaak Nyuton isə heç adını da yaza bilmirdi. Annanın qardaşı Vilyam Kembric Universitetində magistr dərəcəsi almışdı və təzə doğulmuş bacısı oğlunun Nyutonlar ailəsinin digər üzvləri kimi savadsız qalmasını heç ağlına belə gətirmirdi. O, Nyutonun ibtidai təhsil alacağına inam bəsləyirdi.
Nyuton iki dəfə parlament üzvü seçilmişdi. O, parlamentin iclaslarında lal-dinməz otururdu. Yalnız bir dəfə danışmışdı - “pəncərənin nəfəsliyini örtün” (...soyuq ola bilər - (İCTİMAİ MEDİA) - demişdi. İngiltərə kraliçası Anna Nyutona zadəganlıq rütbəsi verdikdən sonra ona “ser Nyuton” deyirdilər. Nyuton çox təvazökar adam idi. O, özü haqqında belə deyirdi: “Mənə elə gəlir ki, dəniz sahilində oynayan, hərdən bir al-əlvan daş,yaxud qırmızı balıqqulağı tapan bir uşağam, halbuki qarşımdakı elm dəryası tədqiq olunmamış qalmaqdadır”. Nyuton onu da deyirdi ki, “Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük yaradan biliyi seçmə adamlara verir».
İsaak Nyuton 1727-ci ildə vəfat etmiş, İngiltərə krallarının, dövlət xadimlərinin dəfn olunduğu Vestminster abbatlığında böyük şərafətlə torpağa tapşırılmışdı. Ona qoyulmuş qəbirüstü abidədə yazılmışdı: “Ser İsaak Nyuton burada dəfn olunmuşdur. O, səma cisimlərini, kometlərin hərəkət yollarını, dəniz qabarmalarını, işığın təbiətini, rənglərin xassələrini tədqiq etmişdir. O, öz fəlsəfəsi ilə Böyük Allahın əzəmətini sübuta yetirmişdir. Ey adamlar, sevinin ki, dünyada bəşəriyyətin belə bir böyük nümayəndəsi yaşamışdır”.
Və bakirə insan
Başına alma düşəndən sonra Yerin cazibə qanununu kəşf eləmiş alimi kim tanımır ki. O vaxtdan bəri saysız hesabsız almalar başlara düşüb, amma dünya qanunlarını kəşf eləyənlərin sayını artırmayıb. Bizdə Nyutonlar olsaydı,… onların başına düşəcək alma həmişə tapılardı! Bu yaxında Qüds "Nyutonun sirləri" adlı sərgidə alimin 1704-cü ildə yazdığı məktubu nümayiş etdirilib. O, məktubunda dünyanın sonunun 2060-cı ildə olacağını yazıb. Bu proqnozunda İncil mətnlərinə əsaslanan, Daniil peyğəmbərin kitabını dəqiq tədqiq edən alim belə nəticəyə gəlib ki, Böyük Karlın 800-cü ildə yaratdığı frank imperiyasından sonra bəşəriyyətə cəmi 1260 il yaşamaq şansı verilib. "Mümkün deyil" demək istəyirsiz? Amma sağlığında "Nyutonun beşiyi" adlanan model yarananda da "mümkün deyil" deyənlər çox idi. Bu, kinetik və potensial enerjinin bir-birinə keçib itməməsi qanununu əyani sübut eləyən mexaniki modeldir. Bir-birini itələyib hərəkətə gətirən metal şarların arasında əgər sürtünmə qüvvəsi müqavimət göstərməsə bu model əbədi işləyə bilərdi. Amma bu, reallıqda mümkün olan şey deyil. Taun epidemiyasının yetirməsi İsaak Nyuton İngiltərədə Qrantem yaxınlığında fermer ailəsində doğulub. Nyuton atasının ölmündən 3 ay sonra dünyaya gəlib. 3 yaşına çatanda anası Xanna keşiş Smitə ərə gedib qonşu kəndə köçəndən sonra onu nənəsi tərbiyə eləyib. Amma İsaak anasını çox sevir və onu atmasına baxmayaraq ona çox bağlı idi. Atalığından isə zəhləsi gedirdi. Atalığı rəhmətə gedəndən sonra Nyuton yenidən ailəsiylə birgə yaşamağa başlayır. Ömrünün sonuna kimi anası Nyutonunun ən yaxın adamı olaraq qaldı. İbtidai təhsilini Qrantem məktəbində alandan sonra Kembric universitetinin Triniti-kollecinə subsayzer kimi daxil olur. Kollecdə oxuma haqqının əvəzinə qulluqçuluq eləyən tələbələri belə adlandırırdılar. Həmin illərdə onun xasiyyətinin əsas keyfiyyətləri - xırdaçılığı, hər şeyin kökündə duran səbəbi tapmaq istəyi, yalan və zülmə qarşı dözümsüzlük, ictimai tərifə etinasızlığı, artıq formalaşmışdı. Uşaqlıqda, müasirlərinin xatirələrinə görə, Nyuton qapalı həyata, tənhalığa üstünlük verən idi, çoxlu kitab oxuyur və hərəkətli oyuncaqlar - saat, dəyirman düzəltməyi sevirdi. Kolleci bitirəndə Nyuton bakalavt rütbəsini alır. Təhsilini bitirəndən sonra taun epidemiyasının yayılması onu öz kəndində qapalı yaşamağa məcbur eləyir. Bu, bir neçə il onun üçün çox xeyirli olur, çünki evdən çıxmadan elmlə məşğul olmaq imkanı yaranmışdı. Cələcəkdə qanun şəklində çıxaracağı bütün ideyaların bünövrəsi bu illərdə qoyulur. Amma bu tapıntılar 20-40 il sonra nəşr olunur. Çünki Nyuton şöhrət arxasınca qaçmırdı. Onunçün həqiqət axtarışı hər şeydən vacib idi. Tezliklə Nyuton magistr rütbəsini də qazanır və müəllimi Barrou universitetdəki fikiza-riyaziyyat kafedrasını ona həvalə eləyir. İkinci daha kamil teleskopun nümayişindən sonra onu London Kral Akademiyasının üzvü seçirlər. Elmi nailiyyətlərindən savayı onun bioqrafiyasında Zərbxana (dəmir sikkələrin hazırlandığı yer) nəzarətçisi kimi işləməsi də var. Bu dövrdə o, dəmirin xassələrini öyrənirdi. Nyuton bu vəzifəyə görə ingilis pullarının təkrar emalı ilə məşğul olmalıydı. İngilis pullarını səliqəyə saldığına görə ona yüksək maaşlı, ömürlük "Zərbxananın Fəxri Direktoru" adı verilir.
Həqiqət okeanının sahilində
Asketik həyat tərzi sürən Nyuton özünü tamamilə elmə həsr elədiyindən az qala dustaq kimi yaşayırdı. Bəzən yeməyi, yatmağı da unuda bilərdi. "Mən özümü dəniz kənarında oynayan balaca oğlan kimi hiss edirəm. O, bir balıqqulağı, qəmbər tapanda sevinir. Amma bu zaman onun yanındaca hələ tədqiq olunmamış "həqiqət okeanı" dalğalanır". Nyutonu iş prosesindən ayıranda o, çox əsəbləşərdi. Hətta Kral Elmi Cəmiyyətinin jurnallarında məqalələrini çap eləmək xahişiylə Nyutona müraciət edəndə o, razılaşır, amma müəllifin adını göstərməmək şərti qoyur. Hamının çaş-baş qaldığını görüb, bunu belə izah eləyir:
- Məşhurluq mənim tanışlarımın dairəsini artıra bilər. Mənsə həmişə onların sayını azaltmağa çalışıram.
Nəhənglərin çiynində dayanmış uzaqgörən alim
Nyutonsuz fizika tamam başqa yolla gedə bilərdi. Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir. Nyutonun dövründən bəri 10-12 nəsil artıq bir-birini əvəzləyib. Amma Nyuton qanunlarının əsas hissəsi dəyişikliyə uğramayıb. 17-ci əsrin sonunda o, elmi kəşflərində Koppernik, Kepler və Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib. Nyuton ümumdünya cazibə qanununu kəşf eləyib, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçüb. Nyuton qızmış cisimlərin soyuma qanununu da tapıb. Nyutonun göy cisimləri haqqında qanununa ingilis alimləri yaxşı münasibət bildirsə də, Avropa alimləri ümumilikdə nəzəriyyəni pis qarşılamışdı. Çünki Yer kürəsinin qütblərdən basılmış kimi yastı olması Nyuton nəzəriyyəsini bir daha təsdiqləyirdi, Dekart təlimini yox. Nyutonu Avropa qitəsində Quk, Leybnits, Flemstid kimi alimlərin işlərini oğurlamaqda, hətta küfr sözlər danışmaqda da suçlu bilirdilər. Ağ işığın rənglərə parçalanmasını sübut eləyəndən sonra Nyuton optika sahəsində təcrübələrini dayandırır və deyilənə görə, Quk adlı tənqidçinin sağlığında bu sahədən bir cümlə də yazmayacağına and içir. Çünki o, daim Nyutonu tənqid atəşinə tuturdu, o isə bundan son dərəcə əsəbləşirdi. "Optika" adlı fundamental əsəri Qukun ölmündən bir il keçmiş işıq üzü görür. Cazibə qanunu, hərəkət qanunu (Nyutonun 2-ci qanunu) və riyazi təhlil üsulu - bu 3 nəzəriyyə sistemi göy cisimlərinin tam tədqiqi üçün bu gün də kifayət eləyir. Eynşteynə qədər bu modeldə ciddi dəyişikliklər edilməyib. Beynəlxalq vahidlər sistemində güc vahidi, həmçinin Ay və Marsda kraterlər Nyutonun şərəfinə adlandırılıb. Fizika və riyaziyyat sahələrində elmi axtarışlarıyla paralel olaraq, Nyuton əlkimyaçılıqla da məşğul olurdu. Amma bu sahədə aldığı nəticələri çap eləmirdi. Uzun illər əlkimyaçılığın yeganə nəticəsi o olur ki, Nyuton ciddi şəkildə zəhərlənmə alır. Elmi nailiyyətlərinə görə Nyuton zadəgən tituluna də layiq görülərək lord olur. İngilis tarixində ilk dəfəydi ki, elmi nailiyyətlərə görə belə titul verilirdi.
"Allah təkdir, İsa isə adi insandır"
Nyuton dərin inamı olan xristian idi. O, təkcə dünyəvi elmlə deyil, həm də teologiya, ilahiyyat elmi ilə məşğul idi. Onunçün elm ilahiyyatdan ayrılmaz idi. O, insan qəlbini, eləcə də şeytanlar və mələkləri də maddi varlıq sayırdı. Ona görə də Nyuton xristianlığı anlamaq baxımında azlıqların içindəydi. O, Allahı vahid varlıq kimi qəbul edir, İsanı isə sadəcə insan sayırdı. Buna baxmayaraq, İncili həqiqi fakt kimi qəbul edib, həyatını ona uyğun qururdu. Kəşf elədiyi qanunların hamısı onun üçün yalnız sona yaxınlaşan dövriyyənin qanunları kimi qalmaqdaydı. Apakalipsis, yəni axır zamana, dünyanın sonuna inanır və onun tezliklə olacağını düşünürdü. Özünün içindəki boşluğu da Allahın "ərazisi" sayırdı. Əslində o, elmə ilahiyyat fikirlərini qataraq daimi, əbədiyaşar Allahın sonsuzluğunun bir nişanəsi kimi "möcüzə" termini daxil eləmişdi. Bu barədə Engels yazırdı ki, "Nyuton Ona (Allaha) ilk təkan vermək imkanını saxladı. Amma öz Günəş sisteminə başqa cür müdaxilə etmək imkanı vermədi". Qəribəsi odur ki, Müqəddəs Üç Üqnüm kollecində çoxillik iş təcrübəsinə baxmayaraq o, Üç Üqnüma inanmırdı. Ömrünün sonuncu illərində dahi fizik 40 ilin araşdırmalarını aşkarlayan bir əsəri - "Qədim çarlıqların xronologiyası" əsərini tamamlayırdı. O, İncil hadisələrinin öz xranoloji variantını da hazırlamışdı. Onun əsərlərini, xüsusilə də apokalipsis haqqında yazdıqlarını oxuyandan sonra müasirlərinin onu allahsız adlandırmağını qəbul etmək olmur. Fransız dilində pamflet kimi buraxılmış ittihama Nyutonun həmən cür, yəni pamflet formasında yazılmış cavabı indiyədək bir tarixi abidə kimi çox maraqlı fakt sayılır.
Bakirə, yoxsa cinsi azlıqlardan?!
Nyutonun intim həyatı barədə məlumat çox azdır. Bəzi bioqraflar hesab eləyir ki, o, bakirə həyatı yaşayıb, cismani sevginin dadını da bilməyib və hətta bununla fəxr də eləyirmiş. Amma sağlığında, xüsusilə də ölmündən sonra gəzən şaiyələr əsasında onun həyatının yeganə məhəbbəti haqqında fikir hələ də dolaşmaqdaydı. Guya Nyuton Fatio Dülyera adlı İsveçrədən olan gözəl və cavan - riyaziyatçı oğlanı sevirmiş. Hər ikisinin fizika və riyaziyyata olan sevgisi onları ayrılmaz dosta çevirmişdi. Amma onları birləşdirən başqa bir səbəb, ümumi yataq məsələsi də vardı. Bu “dostluğun" ömrü üzün çəkmədi. Onlar bir-birindən uzaqlaşandan sonra da sona qədər məktublaşır, bir-biriylə yenilikləri bölüşürdülər.
Fatiodan ayrılıqdan sonra il yarım özünə gələ bilməyən Nyuton dərin ruhi sarsıntılar içində yaşayaraq ətraf mühitə düşməncəsinə, ədavətlə yanaşırdı. Bütün dostlarını onu tərk eləməkdə ittiham edərək zəhərli, məzəmmət dolu məktublar yazırdı. Con Lokka yazdığı məktubundan: "Ser, məndə elə təəssürat oyanır ki, siz məni növbənöv qadınlarla müxtəlif qanqaraçılıqlara qatmaq istəyirsiniz. Siz dünyada olmasaydınız daha yaxşı olardı!". Lokk həmən məktuba sakit və təmkinli cavab yazandan sonra Nyuton dərhal üzr istəyərək "Nə yazdığımı bilmirəm, deyəsən, gecənin yuxusuzluğundan sayıqlayıram" - deyə izahat vermişdi. Daha bir şaiyəyə inansaq, Nyuton, Çarlz Montekü və cavan, gözəl, ağıllı Katrin Barton arasında \"sevgi üçbucağı\" yaşanırdı. Katrin Barton Nyutonun Londondakı evində 20 ildən artıq yaşamışdı. Nyutonun müasirləri deyir ki, o, sarayda yüksək vəzifə almaqçün Katrini nüfuzlu Monteqü ilə sevgiyə təhrik edirmiş. Sonralar Freydin psixoanaliz nəzəriyyəsiylə silahlanmış tarixçilərsə yazırdılar ki, Nyuton Katrin və Monteqünün sevgisindən ləzzət alırmış. Çünki özünü Monteqünün yerinə, Katrini isə anasının yerinə qoyurmuş. Bəzi tarixçilər hesab eləyirdi ki, Katrin və Nyuton arasında sevgi macərası yaşanıb. Çox guman ki, həqiqətən də Nyutonun qadınlara qarşı seksual marağı yoxmuş. Şaiyələrə inanmaqdansa, Nyutonun bakirə həyat yaşayıb yalnız elmlə məşğul olması fikrində dayanmaq daha yaxşı olardı.
Epitafiya
Vaxtından qabaq doğulan Nyutonun zəif, xəstəhal uşaqlığına baxmayaraq, o, 84 il ömür yaşadı. Milad bayramında doğulmasını taleyin bir işarəsi sayan alim çox rahat, yuxuda vəfat eləyib. Keninsinqtonda Vesminster abbatlığında Nyutonun qəbrində bu sözlər yazılıb:
"Burda İsaak Nyuton yatır. O, ilahi ağlı, parlaq gücü və riyazi hesablamalarıyla ilk dəfə planetlərin hərəkəti və formalarını izah edə bilib. Kametlərin uçma yollarını, okeanın qabarma və çəkilmələrini göstərə bilib. Ona qədər heç kimin anlamadığı işıq şüalarının müxtəlifliyini aşkarlayaraq ilk dəfə rənglərin xüsusiyyətini izah edə bilib.. Bəsirət gözüylə gördüyü həqiqətlərin, Təbiətin ən yaxşı şərhçisi və qədim kitabələrin ən yaxşı təfsirçisi olaraq öz elmi ilə Yaradanı bir daha vəsf eləyib. İncilin tələb elədiyi sadəliyi öz həyatıyla sübuta yetirib. Qoy, yaşayanlar şad olsun ki, onların sıralarından bəşəriyyətin incisi sayılan belə insan övladı çıxıb… "
Triniti kollecində Nyutona qoyulmuş heykəldə isə Lukresiyanın sözləri həkk edilib: "Zəkası ilə o, bütün bəşəriyyəti arxada qoyurdu".
Lətifə:
Nyuton ağac altında oturub istirahət eləyir. Onun başına bir alma düşür. Zərbədən başının qaşıya-qaşıya o, alman yerdən qaldırır. Almanın içindən bir soxulcan çıxıb deyir:
- Əla uçduq!
Nyuton soxulcanı torpağa qoyaraq almanı onun üstündə qaldırıb sonra yerə buraxır.
- İndi sən də Yerin cazibə qüvvəsinin bütün kefini öz üstündə hiss elə!!!
Müəllif: Gülnarə RƏFİQ

Salvador Dali - bığlı paranoik, dahi və dəlisov rəssam

Salvador Domingo Felipe Jacinto Dalí i Domènech
(11 may 1904 - 23 yanvar 1989)
Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində doğulub. Təsviri incəsənətə marağı uşaq yaşlarında bələdiyyə incəsənət məktəbində oxuyarkən yaranmışdır. 1914-1918-ci illərdə maristlər ordeninə məxsus məktəbdə tərbiyə almışdır. 1916-cı ildə yay tətilini Aralıq dənizi sahilində yerləşən Kadakes şəhərində keçirir. Burada o, ilk dəfə modernist incəsənətlə tanış olur və çox sevdiyi bu şəhər onun gələcək yaradıcılığında xüsusi yer tutur. 1919-cu ildə Dalinin ilk şəxsi sərgisi təşkil olunur.
1921-ci ildə atası onu Madridə San-Fernando İncəsənət Akademiyasına oxumağa göndərir. Burada Dali Luis Bunyuel, Federiko Qarsia Lorka, Pedro Qrafias və ispan incəsənətinin digər nümayəndələri ilə tanış olur. Bu dövrdə Dali kubizm və dadaizm cərəyanlarına meyl göstərir.
1926-cı ildə müəllimlərə qarşı saymazyana münasibətə görə o, İncəsənət Akademiyasından xaric olunur. Elə həmin il Parisdə Pikasso ilə tanış olur. 20-ci illərin sonlarında öz stilini tapmaq üçün Pikasso və Huan Mironun təsiri altında bir sıra əsərlər yaradır.
1928-ci ildə Luis Bunyuelin çəkdiyi "Əndəluz köpəyi" ("Un chien andalou") filminin ssenarisini yazır. Təxminən həmin dövrdə öz gələcək həyat yoldaşı və həmin dövrdə fransız şairi Pol Elüarın xanımı olan Qala ilə tanış olur.
1929-cu ildə o, Andre Breton tərəfindən təşkil olunmuş sürrealistlər dəstəsinə qoşulur.
1934-cü ildə Dali Qala ilə qeyri-rəsmi nigah bağlayır (yalnız 1958-ci ildə onlar rəsmi nigaha daxil olurlar). Elə həmin il Dali ABŞ-a ilk dəfə səfər edir.
1936-cı ildə Fransisko Frankonun başlatdığı və tezliklə İspaniya vətəndaş müharibəsinə çevrilən hərbi münaqişə Salvador Dali ilə onun əsasən solçu düşüncələrə malik olan sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur. Dali bu dəstədən xaric edilir, buna cavab olaraq o, "sürrealizm mənəm" fikrini söyləyir.
1940-cı ildə Dali həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci ilədək orada yaşayır. 1942-ci ildə o, "Salvador Dalinin gizli həyatı" adlı avtobioqrafik əsərini nəşr etdirir.
1949-cu ildən Dali çox sevdiyi Kataloniyada məskunlaşır. Onun Franko rejimi dövründə İspaniyada yaşamaq qərarına gəlməsi bir çoxları tərəfindən tənqidə məruz qalmışdı.
1981-ci ildən Dalidə Parkinson xəstəliyinin əlamətləri özünü göstərməyə başlayır. 10 iyun 1982-ci ildə Qala vəfat edir. Bu Daliyə çox ağır təsir göstərir və onun həyata bağlılığını azaldır. Həmin dövrdə Dali Fiqerasdan köçərək Qala üçün aldığı Pubol qəsrində yaşamağa başlayır. 1984-cü ildə onun yataq otağında müəmmalı şəkildə yanğın baş verir. Bəziləri bunu Dalinin intihar cəhdi kimi qiymətləndirirlər. Lakin xidmətçiləri onu xilas edə bilirlər. Bundan sonra o, yenidən Fiqerasa qayıdır və ömrünün qalan hissəsini öz adını daşıyan teatr-muzeydə yaşayır. 1988-ci ilin noyabrında Dali infarkt keçirir və xəstəxanaya yerləşdirilir. Dekabrın 5-də Kral Huan Karlos onu ziyarət edir. Salvador Dali 23 yanvar 1989-cu ildə öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını (Rixard Vaqner) dinləyərkən ürək çatışmazlığından vəfat etmişdir.
«Mən Qalanı atamdan, anamdan, Pikassodan da artıq, hətta puldan da çox sevirəm»
1934-cü il… Nyu-York Salavador Dali kimi birisini gözləyir. Qəzetlər dinc, ekssentrik, intellektual tacir – Dali haqqında yazır. Dali ilə görüşün ilk təəssüratı belədir: əlində 2,5 metrlik fransız bulkası gəzdirən balaca və əsəbi insan bədəninə ən azı yarım düjün şəkil bağlamış tərzdə var-gəl eləyir. O, Nyu-Yorkun oğrularından qorxur. Jurnalistlər bu insanla çiyinlərində epolet əvəzinə donuz kotletləri çəkilmiş Qalanın portretindən sonra maraqlanmışdılar. Hamı bu kotletlərin çiy, yaxud qızardılmış olmasını müzakirə eləyir. Dali isə jurnalistlərə izah eləyir ki, bu kotletlər onun Qalanı yemək arzusunun simvoludur.
«Hərdən mən anamın portretinə tüpürməyi sevirəm»
Salvador Filipp Yaxinto Dali Fiqerasda notarius ailəsində doğulub. Atası ateist olsa da, anası tipik katolik kimi uşaqlarını kilsəyə ibadətə getməyə məcbur edərdi. Nədənsə Salvador belə bir qəribə nəticəyə gəlir ki, valideynləri onu yox, doğulmasından bir il əvvəl ölmüş qardaşını sevirlər. Ansının xərçəng xəstəliyindən vəfatından aldığı zərbədən sonra Dali uzun müddət özünə gələ bilmirdi. Atasının arvadının ölmündən 4 il sonra evlənməsini Salvador xəyanət kimi qiymətləndirirdi və bu da öz oğlunu məhv eləməyə çalışan obrazın yaranmasına təkan verdi. «Müqəddəs ürək» rəsmində Madonnanın silueti altında kobud tərzə cızılmış «Hərdən mən anamın portretinə tüpürməyi sevirəm» sözlərini oxuyandan sonra atası bunu arvadının xatirəsinə təhqir kimi qəbul eləyərək Daliyə evlərinə gəlməyi qadağan eləyir. Dali günahkarlıq hisslərindən və peşmanlığından canını qurtarmaq üçün saçlarını qırxaraq sevimli Kadakesdə basdırır.
Sürrealizm mən özüməm
Qalaya rast gələnədək Dalinin həyatında irreal qadınlar və qızlardan başqa kimsə yoxuydu. Onlar rastlaşanda Qalanın 35, Dalinin 25 yaşı vardı. Qala 11 yaşlı qızı Sesil və əri Pol Elüer ilə qonaq gəlmişdi. İlk görüşdə qonağını heyrətləndirmək üçün Dali ekstrovaqant görkəmdə araya çıxmaq fikrindəydi. Qoltuqlarının altını qırxıb oranı göy rəngə boyayandan, bədənini keçi piyi, balıq yağı və lavandadan ibarət qəribə ətirlə sürtəndən, qulağının ardına şamdangülü çiçəyi taxandan sonra təsadüfən pəncərədən Qalanı görür. O qədər təsirlənir ki, bütün hoqqabazlığının izlərini yuyub adi adam kimi geyinərək onları qarşılamağa çıxır. O, çaşqınlığından tez-tez həyasızcasına hırtıldayırdı. Qala isə masturbasiya və axtalanmaq ideyalarına «yoluxmuş» bu cavan, əsəbi oğlana az sonra «Mənim balaca oğlanım, biz səninlə heç vaxt ayrılmayacağıq» demişdi. Pol Elüarın çamodanı götürüb getməkdən başqa çarəsi qalmamışdı. Arvadının əvəzində ona pulsuz portretini hədiyyə verirlər... Qala fransızcadan tərcümədə «bayram» deməkdir. Onun əsil adı Yelena Dmitriyevna Dyakonova idi. Volqa boyunda Kazanda anadan olub. Dalini ələ keçirəndən sonra o, rəssamın əqlini zəbt eləyir. Anadangəlmə eqoizminə baxmayaraq, Dali Qalanı ilahiləşdirmişdi: «Mən Qalanı atamdan, anamdan, Pikassodan da artıq, hətta puldan da çox sevirəm». Qala isə Dali adlanan imperiyanın dayəsinə, katibinə, menecerinə, ilham pərisinə, modelinə çevrilir. Qala Daliyə uşaq kimi baxır, gecələr yatmazdan əvvəl kitab oxuyurdu. Qəribə tabletlər atmağa vadar edir, onun qorxulu yuxularını araşdırır, daimi inamsızlığını dağıdırdı. Məişətdə Qala onu idarə eləyir, geyindirir, ayaqqabılarının da bağını bağlayırdı. Dali növbəti sifarişçiyə külqabı tolazlayanda Qala əlində sakitləşdirici damcılarla əzizini əsəbləşməyə qoymurdu.
Əgər Qala olmasaydı...
Cəmiyyətdə Qala Dalinin öz əsəri kimi görünürdü. O, sanki axan saat və ya tüklü əl ağacı kimi Dali əsərlərinin ayrılmaz hissəsi idi. Qala təbiətcə çox simic olduğundan böyük qənaətlə yaşayır və rəssamın əsərlərinin qiymətini də özü qoyurdu. Dali hərdən buna göz yumur, hərdən isə onun məsləhətlərinə inadcıl müqavimət göstərirdi. Nə qədər olmasa da, rəssam axı, özüdür! Belə olanda Qala qapını çırpıb gedirdi. Amma onların mübahisəsi bir saatdan artıq çəkməzdi. «Olivye, gəl məni qucaqla» sözləri səslənən kimi Qala öz dəlisini ağuşuna alardı. Dali modelyer Koko Şanellə dostluğunu bərpa edərək əsərləri ona aşağı qiymətə təklif eləyir. Simic Qala isə vəziyyətdən istifadə edib modelyeri dilə tutur ki, ətir və xalatları ucuz qiymətə ala bilsin. Qala bu paltarları hələ 20 il də, tamam süzülüb cırılanacan geyəcək. Dalini işləməyə Qala məcbur edirdi. Dostları deyir ki, Qala emalatxanadan çıxan kimi Dali palitranı atıb böyük şövqlə avaraçılıq eləyirmiş. Yaxınlaşan addım səslərini eşidən kimi tələsik fırçanı götürüb işə başlayardı.
Dali, yoxsa dəli?
1934-cü ildə Qala və Dali İspaniyaya qayıdıb nikah bağladılar. Amma ispan qanunlarına görə, Dali ağlını itirsəydi, nikahın maddi tərəfini daha çoz düşünən Qala bütün varidatı itirə bilərdi. Dali insan şüuruna tanış obrazları elə çəkirdi ki, əl-ayaqlar təbii tərzdə balığa çevrilə, qadın bədəni atın badəninə keçə bilərdi. Unikal yanaşma tərzini Dali «paronoidal tənqidi üsul» adlandırırdı. Rəssam təkid edirdi ki, dəlilər şüuraltı obrazlardan necə azad olursa, həmən cür o da bu obrazları çəkməklə azadlığa çıxır. Dəlidən fərqi o idi, o dəli deyildi. Rəssam tam əmin idi ki, dərində gizlədilmiş fikirləri azad eləməkçün dəlilik həddində olan şüur lazımdı. Heç nə ilə məhdudlaşmamış şüurun dəli olmaqdan başqa çarəsi qalmır. Amma Dali öz tamaşaçısını inandırırdı ki, o, dəli deyil və tənqidi yanaşma ilə hər şeyi yoluna qoya bilər. Dali dünyasını anlamaq üçün Freyd nəzəriyyəsini bilmək və açar kimi işlətmək lazımdı. Öz şüurunun qapılarını açmaqdan əlavə bu üsul yaradıcılığının reklamına da geniş imkan açırdı.
«Hamı mənim bığlarımı müşahidə edərkən mən öz işimlə məşğul oluram»
Nyu-Yorkun böyük bir mağazası Daliyə nəhəng vitrinin tərtibatını sifariş vermişdi. Dali və Qala gecə-gündüz işləyərək köhnə vannanı qara quzu dərisinə bükmüş, sonra onu su ilə doldurmuşdular. Suyun üstündə bir neçə dənə güzgü tutmuş əllər üzürdü. Ağzında qanlı göyərçin tutmuş öküz kəlləsi olan pərdə vannanın arxasında yerləşdirilmişdi. Bu kompozisiyaya baxmaqçün toplaşan tamaşaçılar 5-ci avenyu küçəsində hərəkəti dayandırmışdılar. Məlum olur ki, mağaza o qədər şikayət alıb ki, Dalinin əsəri tənqidə məruz qalıb. Ayağını vannaya uzadan çılpaq manikenin geyindirilməsini görüb özündən çıxan Dali vitrinə soxularaq vannanı pəncərədən bayıra atır. Daha sonra onun özünü həmən vitrindən bayıra tullayırlar və ekssentrik rəssam qırıq şüşələrin içində səkidə uzanmış vəziyyətdə qalır. Polisə düşəndən və şərti cəza ilə cəzalanandan sonra hamı ona insan azadlığı uğrunda mübarizə aparan insan kimi baxırdı. Ekssentrik olsa da, səliqə ilə geyinən, tərbiyəli və gözəgəlimli Dalinin üstəlik inqilabçı və kommunist olmaması da tamaşaçısının çox xoşuna gəlirdi.
Qadını nə üçün soyundurmaq lazımdır?
Məşhurluq gəldikcə qadınlar rəssamın başına pərvanə kimi dolanırdı. Adlı-sanlı qadınlar belə asanlıqla onun görüşünə tələsirdi. Bir dəfə Dali daniyalı xanımı soyundurub sonra onun bədənini dəniz xərçəngi və başqa dəniz heyvanlarıyla bəzəmişdi. Nəticəsi çox gözəl adınmışdı deyə Dali çox razı qalmışdı. Amma qadını deyə bilmərik... Dali Hollivudun böyük cazibəsindən heç cür yan keçə bilməzdi. O, aktyorların, rejissorların portretini 125 min dollara çəkirdi. Hətta Qreti Qarbo da öz tənhalığını pozub Daliyə portret sifariş eləmişdi. Qarbo Dalinin sevimli aktrisası olduğundan o, bu görüşü səbirsizliklə gözləyirdi. Qarbonun gəlişinə 1 saat qalmış o, saçına pomada çəkir, bığlarını burub yuxarı qaldırır. Xarici görünüşü barədə əzablı düşüncələrdən sonra parlaq sətin kostyum, nişastalı koynək və qalstuku seçir. Qarbo isə həmişəki kimi gecikir. Onun əynində kişi şalvarı və tennis ayaqqabısı var idi. O, Daliyə baxıb: «İkimizdən birimiz səhv eləyib. Nə üçün bir daha cəhd eləməyək ki?» deyib Dalinin dodaqlarından öpüb getdi. Dalinin elə bil nitqi kəsildi. Onun dodaqdan öpüşməkdən zəhləsi gedirdi, öpən qadın Qreti Qarbo olsa belə. Onlar bir daha görüşmədilər…
«Madonna Qala»
Qalanın ən yaxın dostu varlı mədən sahibləri ailəsindən olan Raynolds Mors belə xatırlayırdı: «Qala məni otağa dəvət elədi. Dali yaxınlıqda yox idi. O, Dalinin bir neçə erotik rəsimini çıxarıb göstərərək «Burada təsvir olunan qadın əslində daha qənimətlidir» deyib özünü mənə təklif elədi. Mənsə boyun qaçırdım. Qala mənim zovqümə uyğun gəlmirdi. Mən təzəlikcə evlənmişdim və Qala mənim anam yaşında idi. Şükür Allaha ki, o, mənim anam deyil. Biz Dali ailəsiylə dost olmağa cəhd eləsək də, onlar həmişə bizə nəsə qoparmaq mümkün olan müştəri kimi baxıblar». Qala hələ də gənc kişiləri pusan və tovlayan qadın, Dali üçün isə təkəbbürlü və qəddar keşikçi idi. «Madonna Qala»nı bitirmiş rəssam onu Vatikana aparıb Papanın xeyir-duasını almağı arzulayırdı. Bu görüşü təşkil edib onu Vatikana təqdim eləyən cavan oğlanı Dali əvvəl-axır işə götürməli olur. Onun «gərgin fəaliyyəti» Dali və Qalanın həyatındakı xaosu səliqəyə salmağa kömək eləmişdi. Daliyə «kərgədan buynuzu» lazım olanda da, Qalanın Dalini xatırladan «uşaqla» ünsiyyətə ehtiyacı olanda da bu cavan hər şeyi yerbəyer eləməyi bacarırdı. Qalanın daha bir qüsuru da vardı. O, qumarı sevirdi. Onun Atlantikanın hər iki tərəfində səpələdiyi borclarını ödəməkçün böyük pullar gərək idi.
«Daim mən dahiyəm - deyə düşünsəniz, əvvəl-axır dahi olacaqsız»
Dali incəsənəti barədə fikir yürütməkçün onun yağlı boya ilə işlədiyi əsərlərinə baxmaq lazımdır. Amma pulun əsas hissəsini o, açıqca, litoqrafiya işlərindən və başqa cəsarətli layihələrin satışından qazanırdı. Qala tezliklə başa düşür ki, Dalinin imzası olan hər bir əşya da qiymətlidir. Ona görə də Qala bir neçə redaktor və ispan mətbuatı tərəfindən reklam edilmiş bir layihəni reallaşdırır. Daliyə isə 35 min blanka sadəcə imza atmaq qalırdı. Axtalanmaq qorxusundan əsərlərdə falloslar yaranırdı, vaxt əlindən çıxanda axan saatlar. Bir-birini yeyən barmaqlar müharibənin simvolu idi. Qəribəliklər sırasına xərçəng-telefon, divan dodaqları, bokallar asılmış smoktnqi də əlaqə etmək olar. Onun xəyanət etmədiyi mövzuları dağılma, çürümə, ölüm, insanın seksual həyəcanları dünyası ilə çulğalaşmış şəkildə çıxış eləyirdi. Sarbonada «paranoidal tənqidi üsulun fenomenal aspekti» məruzəsini oxumaqçün gül kələmi ilə bəzənmiş limuzində gəlməsi də Daliyə bir qucaq pul gətirmişdi. Sürrealistlər sərgisi çərçivəsində tədbirə Dali sualtı kostyumda gəlmişdi. Bu, şüurun alt qatlarına baş vurmağın rəmzi idi. Hamının alqışı ilə müşayiət edilən Dali az keçməmiş boğulmağa başladı. Əlbəttə, boğulmaq Dalinin planlarında yox idi, amma diqqəti cəlb eləyə bilmişdi. Erotik yaxud qara yumorlu rəsmlər yaradanda Dali istirahət eləyirdi. Dostu fotoqraf Xalsmanla birgə buraxdığı «Dalinin bığları: fotomüsahibə» kitabında yazdığı giriş sözü «Mən dəli olmuşam görəsən? Mən bu kitabı almış hər hansı adamdan daha normalam» onunçün tipik ifadə idi. Bu kitabın təqdimat mərasimində onun bığları daha çox müzakirə edilirdi. Bığlarını Dali «Sənəti qəbul etmək üçün antennalar» adlandırırdı. Sürrealizm qalasının məhbusu
70-i haqlayanda Qala birgə 53 il yaşadığı adamdan uzaqlaşmağı qərara aldı. Qalanın xahişiylə aldığı qəsrə Dali gəlmək üçün yazılı icazə almalı idi. Çünki Qala burda vaxtını cavan oğlanlarla və qumar oynamaqla keçirirdi. Qalanın Dalidən 10 yaş böyük olmasına baxmayaraq, heç kim, ən çoxu da Dali özü inanmazdı ki, o, birinci ölə bilər. Bu itkidən sonra Dali nəinki incəsənətə, hətta həyata da marağını itirir. O, otağının qapısını kilidləyib, pərdələri sıx çəkib bu qaranlığı pozmamaqçün heç kimi qəbul etmirdi. Dali Qalanın adını çəkməyi də qadağan eləmişdi. Sürrealist muzeyin qalasında oturub bığlarını, ruhunu təkmilləşdirməklə və böyük dəhşət hissiylə ölümü gözləməklə məşğul idi…
Aforizmləri:
• Tarixlə müqayisədə siyasət lətifə kimi bir şeydir
• Səhv Allahdan gəlir. Ona görə də səhvi düzəltməyə yox, onun səbəblərini anlamağa çalışın.
• Öz ortabablığınızı səliqəsiz rəngkarlıqla ört-basdır eləməyin. İlk cızıqda bu özünü büruzə verəcək.
• Kamillikdən qorxmayın. Onsuz da ona çata bilməyəcəksiniz.
• İnsanı bütün zir-zibili, murdarlığı ilə, hətta ölümü ilə birgə qəbul eləmək lazımdı.
• Axmaqlar elə bilir ki, mən hamıya verdiyim məsləhətlərlə yaşayıram.
Lətifə:
Restoranda bir kişi oturub. Cavan bir qız onun yanında əyləşir. Kişi şampan sifariş verir, onlar birgə içirlər. Az keçməmiş kişi əlini qızın dizinə qoyur və yavaş-yavaş yuxarı qalxmağa başlayır. Qız deyir:
- Sizin axtardığınız mənim sağ qulağımın arxasındadır. Axı mən Salvador Dalinin naturasıyam.
Müəllif: Gülnarə RƏFİQ