29 August, 2009

Cek London - Həyat eşqinin yanğısı

Con Qriffit Çeyni
(12 Yanvar, 1876 - 22 Noyabr, 1916)
Con Qriffit Çeyni 1876-cı il 12 Yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir. Cek London çox kiçik yaşlarıdan ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz iblizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlat oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.
London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayılərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir. Cek London 1916-ci il Noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir. Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrılarından birində həddindən artıq miqdarda agrıkəcəsi qəbul edir. Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.
Qadınlar başına pərvanə kimi dolaşan vaxt tənhalıqdan ölən yazıçı
Qızlar onun fotolarını səliqəylə jurnallardan kəsib saxlayırdı. Nəşriyyatlar yeni kitabları uğrunda bir-birini didirdi. İntellektuallar onu gözəl həmsöhbət sayırdı. Evinə gəlmiş avaralar, dilənçilər bilirdi ki, burda onları heç olmasa bir qədəh viski gözləyir. Onu həmişə seviblər. Ömrü boyu isə o, yorucu tənhalıqdan əziyyət çəkib.
Saatı 10 sentlik həyat
O, dünyanın elə bir guşəsində doğulmuşdu ki, barda insanların ən şirin arzuları bir doyumluq çörək, bir dəst daşdöyən ayaqqabı və yağış buraxmayan damı olan evdən uzağa getmirdi. İş günü 10 saat sürərdi, hər saatına 10 sent verərdilər. Cek pulunun dəqiqliklə hesablardı: 5 sent limona, 6 sent südə, 4 sent çörəyə sərf ediləcək. Bu bütün həftənin azuqəsiydi. Anası hər səhər nəzarət eləyirdi ki, yuyunanda sabun qırığını qənaətlə işlətsin. Yoxsa qabları nəylə yuyacaqdı? Bu yaxınlarda qatarın altına düşmüş atalığı indi döşəkağı adlanmağa layiq olmayan bir qırıq parçanın üzərində uzanıb qalmışdı və taleyini lənətləyirdi. İndi Cek anasını və üstəlik iki bacısını da yedirməlidi. Amma oğlanın cəmi 13 yaşı var. Onun kitab oxuyan, kitabxanalara gedən vaxtıdı. Atalığı deyinə-deyinə o biri böyrü üstünə çevrilirdi ki, Con ilə baxışları toqquşmasın. Oğulluğunu sevirdi, hətta kimdən gəldi uşaq doğmağını da arvadına çoxdan bağışlamışdı... Camaat danışırdı ki, Cekin atası astrologiya professoru mister Çani idi. Flora ilə onlar San-Fransiskoda birlikdə yaşayırmış. Mister Çani uşaqdan imtina eləyən kimi Flora özünü öldürmək cəhdi eləyəndə böyük bir qalmaqal yarandı və yerli qəzetlər mister Çaninin əclaflığından palaz-palaz yazılar yazdı. Bütün bunlara baxmayaraq Cek dünyaya vaxtında, güclü uşaq kimi gəldi və doğulan kimi çığırıb yemək tələb elədi. Bu vaxt anasının ona qulluq eləməyə vaxtı yox idi, çünki abırlı fermer və dul qalmış Con Londona ərə getməyin planını cızırdı. Çığıran uşağın səsini mümkün qədər az eşitməkçün ona dayə tuturlar. Zənci Cenninin ürəyi sinəsi qədər böyük olduğundan çağanı bağrına basaraq ona zənci mahnıları oxuyur, yedizdirir və buruq saçlarını darayırdı. Böyüyəndən sonra Cek özünü hər ikisinin oğlu hesab eləyirdi.
«Görərsiz, mən yazıçı olacam!»
İndi hər şey keçmişdə qalmışdı, hətta bitirə bilmədiyi orta məktəb də… Orda xeyirxah kitabxanaçı missis Ayna Kulbrit onunçün uzaq ölkələr, casarətli dənizçilər və küləyin yelini gözləyən yelkənli gəmilər barədə kitabları yığıb saxlayardı. İndi yalnız konserv zavodunda əldən düşənədək canını alan iş vardı. Dənizsə ev adlandırdığı daxmanın üç addımlığında ləpələnirdi. Dəniz azadlığı ilə çağırır, cəzb eləyirdi. Gecə ayaqlarını sürüyə-sürüyə zavoddan evə qayıdada o, söyüş söyərək oğurluğa hazırlaşan quldurların gülüşlərini eşidərkən Cek düşünürdü ki, o qədər də yaxşı iş olmasa da oğurluq ömrünü dəzgah arxasında keçirməkdən daha yaxşıdı. Amma problem vardı, qayığı hardan götürəcəkdi? Bir dəfə o, Fransız ləqəbli quldurdan qayığını 300 dollara almaqçün dayəsindən borc eləyir. Onun ağlına da gəlmirdi ki, quldurluğu yetkin kişilər edir. Onunsa cəmi 15 yaşı var. Cek Fransızdan qayığı alır, üstəlik onun 16 yaşlı rəfiqəsi də qayığın üstündə ona qismət olur. Axı o, boynuna necə alsın ki, əsil quldurların qızlarla nə etdiklərini hələ bilmir. Amma Memi tezliklə bu mövzuda dərslərini keçdi. Cek böyüməyə macal tapmamış onun yetkinlik həyatı artıq başlamışdı. O quldurlarla viski içir, söyüş söyür, sağ qalmaq ehtimalı olmayan davalara baş qoşurdu. Belə davalardan birində iki qabaq dişini də itirir.
Yollar və hekayətlər kralı
Ölməyə, öldürülməyə macal tapmamış Cek matros kimi Koreya və Yaprniyaya üz tutan gəmiyə işə düzəlir. Cek bilirdi ki, sağ qalmaqçün dilini dişlərin arasında möhkəmcə çıxıb mümkün qədər az danışmalı və mümkün qədər çox işləməlisən. Cek ömürlük dənizdə də qala bilərdi, axı dənizi sevir, dəniz də onu sevirdi. Amma gecələr ulduzlu səmada ən parlaq ulduğu axtararkən o yenə də pıçıldayırdı «Mən yazıçı olacam, eşidirsiz! Onda atam kim olursa olsun eşidib mənimlə fəxr eləyəcək». Amma o, hələ ki, bilmirdi ki, bununçün neynəməlidi. Ona görə də hər dəfə evə qayıdanda anasına söz verirdi ki, düzələcək və darıxdırıcı işlərdən birinə gedəcək. Amma Amerikada böhran illərində bu işə görə əvvəlkindən də az pul verirdilər. Cek kömürü elə həvəslə daşıyırdı ki, onun dalıyca heç kim çatdıra bilmirdi. Əvəzində ayda 30 dollar alırdı. Səbri tükənən kimi aradan çıxırdı. «Qızıl həyəcanı» başlayanda ora cumub geri gələndə ən bacarıqlı qızılaxtarandan da çox qənimət gətirəcəkdi: kitablarının süjetləri tapmadığı qızıllardan daha qiymətli olacaqdı. Amma buna hələ xeyli vaxt var. Bir dəfə onun bəxti görünməz dərəcədə gətirmişdi. Qoca xanım onun uydurduğu hekayələri dinləyərək bütün yol boyu içində əsil ət olan əsil pirojkilərlə yedizdirirdi. Xanımın pirojkiləri Cekin hekayələrindən daha tez qurtardı. Amma o, əvəzində Cekə pendirli piroqla çay təklif elədi. Xanım «Cavan oğlan, kim olmaq istərdin?» soruşanda əlindəki çini fincanı qırmaqdan ehtiyat edən Cek ordunu piroqla dolduraraq udqunub «Bəli mən elə yazıçı olacam» demişdi. Xanım çirkli, cırıq əyin-başla, qabaq dişləri olmasa da yenə də gözəl görünən 18 yaşlı oğlanın bu sözlərindən sonra ürəkdən güldü. O nə biləydi ki, həmin günün axşamı Cek dəftərçəsinin bir küncündə bu qadının portretini sözlə cızacaq və o, yazıçının gələcək personajlarından biri olacaq, tarixə çini fincanı, pendirli piroqu ilə birgə girəcəkdi.
Ömründə qab yumamış qız
Cek nəzarətçinin qadın olduğu bütün yerlərə biletsiz keçməyi çox yaxşı bacarırdı. Amma dərd ondadır ki, Cekin tamam başqa qızları bəyənirdi. Onlar uzun paltaq, yumru yaxalığı olan köynəklər geyirdi. Onlar lazım gəlsə yalnız kilsəyə, ya da kollecə getməkçün evdən çıxırdılar. Onlar nəinki söymür, heç söyüşü eşitməyiblər də. Bir sözlə, Cekin «yaxşı ailələrin qızları»nı görəndə az qala ürəyi gedirdi. Nə şeytandan, nə çətinliklərdən qorxmayan Cek belə qızların qarşısında tir-tir əsirdi. Uzaqdan xanımları nəzərdən keçirməyini də o, kitab oxuması kimi gizləyirdi. Axı təmiz hisslər axtarışı insanlarçün kitab oxumaq kimi anormal hərəkət sayılırdı. Bu dünyada qadınlar kişilərə 2 iş üçün verilmişdi: ləzzət və uşaq doğmaq üçün. Onlara qarşı nəsə hisslər duymaq bir qab pivəyə olan incə hisslər, ya da bir parça əti sevmək qədər qəribə görünürdü.
Cek Oklendə qayıdır və yenidən orta məktəbi bitirməyə cəhd eləyir. Bir Allah bilir ki, balacalarla bir parta arxasında oturmaq ona nə qədər ağır idi. Məktəbdən sonra o, Kaliforniya universitetinə daxil olur və kurs yoldaşı Meybl Epplqart adlı gözəl diksiyası və günəş rəngində saçlı bir qıza vurulur. Qızın beli o qədər incəydi ki, əgər ürək eləyə bilsəydi Cek onu iki barmağıyla tuta bilərdi. Meybl fortepianoda çalırdı və ömründə bir dəfə də qab yumamışdı. Xoşbəxtlikdən Meyblin sosializm ideyalarına yoluxmuş və Ceki yaxşı həmsöhbət bilən qardaşı vardı. Onlar saatlarla sinifsiz cəmiyyət, təkcə Avropada yox, həm də Amerikada dolaşan kommunizm haqqında danışırdılar. Qəribəsi odur ki, Meybl də Cekə vurulmuşdu. Bazar günləri hava imkan versəydi onlar birlikdə qayıqda üzür və şeir oxuyurdular. Meybl ilk adam idi ki, Cek «Mən yazıçı olacam» deyəndə gülmədi. Onun yazıçılığına inanan daha bir adam da vardı, anası Flora. Oğlunun növbəti dəfə evə qayıtmasını gözləyib Cekə bir qəzet parçası uzadır. Orda ən yaxşı hekayə müsabiqəsinə elan verilmişdi. Anası ona ailə büdcəsindən kağız, marka və konsert üçün pul götürməyə icazə verdi. Cek onsuz boş vaxtlarında camaşırxanada işləyib ailə büdcəsinə xeyir verirdi. Cek yazısını göndərdi və qalib oldu! İlk dəfə idi ki, Cek bir neçə dolları yazıçılığı ilə qazanırdı. O əsil yazıçı olacaq! O zəngin olacaq və Meybl Eppilqart mütləq onun arvadı olacaq! Amma hələ ki, Cekin ona öz dəli sevgisindən savayı verəcəyi heç nə yox idi. Cek Meyblə qıymazdi ki, anası kimi o da 20 il eyni paltarı geyib gəzsin.
Axı həyatda ölümdən başqa sevgi də var
Cek sinqa xəstəliyinə tutulub bütün dişlərini itirib qızıl axtarmaqdan evə qayıdanda cibində bir senti də yox idi. Amma bilirdi ki, Meybli əvvəlkindən də çox sevir. Poçtalyon vəzifəsinə düzəlmək üçün o, ilkin söhbətdən keçib indi yerin boşalmasını gözləyirdi. Bu imkandan yararlanıb Cek yazı masasının arxasına keçdi. İndi qeyd kitabçalarının içindəkiləri kağıza köçürməyin vaxtı gəlmişdi. İndiyədək gördükləri, sevdikləri, bağlandıqları və itirdikləri hamısı dışarı çıxmaq üçün kitabça sahibinə yalvarırdı. İndi o, qızıl axtararkən torpağı yuyub qiymətli metalı tapdıqları kimi həyatını ələkdən keçirib ən qiymətli məqamları kağıza köçürürdü. Hər gün 100 vərəqdən artıq yazırdı və anası Flora dinməzcənə ona kofe gətirirdi. Pulların çox hissəsi marka və kanvertə gedirdi, amma jurnalların əksəriyyəti yazıları geri qaytarırdı. Cek həftədə bir dəfə əməlli başlı yeməyə özünə icazə verirdi, o da ki, bazar günləri nahar zamanı Meyblin evində. Sevdiyi qız bilməməliydi ki, o, aclıq çəkir. Hətta o yerə çatmışdı ki, intihar barədə fikirlər tez-tez gəlməyə başlamışdı. Amma birdən jurnallardan biri hekayəni çap eləməyə razılışdı. O biri jurnallar bunu gözləyirmiş kimi, hekayələri qəbul elədilər. Həmən günün sabahısı gün o evlərinin arxasındakı təpədə onlar belə şərtləşdilər ki, bir il ərzində nişanlı qalacaqlar. Bir il ona kifayət eləyər ki, məşhur yazııçı olsun. Onlar gözəl bir ev alar və Meyblin bütün rəsmlərini, kitablarını və royalını bura köçürərlər. Cek yazacaq, Meybl isə onun hərf səhvlərini düzəldəcək. Və əlbəttə ki, ona oğlan doğacaq. Həmin təpədən düşəndən sonra hər şey tamam başqa cür oldu. Hekayələr çap olunsa da verilən pul heç gündə bi dəfə yemək yeməyə kifayət eləmirdi. 5 hekayəyə görə ona 20 dollar vermişdilər. Gözlədiyi poçtalyon vəzifəsindən də imtina eləmişdi. Görünməyən qonorarlar, nəşriyyatların hekayə üstündə bir-birini didməsi, minlərlə akr torpağın alınması, öz gəmisi, Amerikanın yeni dahisinin şöhrəti – bütün bunlar olacaqdı. Amma hələ ki, Meybl gələcək xoşbəxtliyin işartılarını heç üfüqdə də görə bilmirdi. «Bəlkə poçtaya gedəsən, hə?» deyə 6 aydan sonra yalvarmağa başladı. «Axı mən onda yaza bilməyəcəm. Başa düş, buna heç vaxtım olmayacaq. Bir az da döz» deyib Cek yalvarırdı. Onda Meybl ağladı və dünyasında dilinə gətirməyəcəyi sözləri dedi: «Sənin hekayələrin xoşuma gəlmir. Onların dili kobuddur. Sən yalnız əzab və ölümdən yazırsan. Axı həyatda sevgi də var. Bəli, axı mən səni sevirəm, sevirəm. Sən yazıçı yox, sadəcə xəyalpərəstsən».
Son dayanacaq
Cek London az keçməmiş Meyblin rəfiqəsi Bessiyə evlənir. Onu sevdiyinə görə yox, Bessinin onun hekayələrini sevdiyinə görə. Bessi ona 2 uşaq doğur, amma arzuladığı kimi oğlan yox, ikisi də qız. Cek əsil atasını da tapır və nəhayət ki, «Salam, ata!» deyir. Amma astrologiya professoru etiraf eləyir ki, bu mümkün deyil, çünki o, impotentdir. Bir neçə ildən sonra Cek Bessi ilə də boşanıb Çarmian ilə evlənir. Amma Çarmian da ona oğlan doğa bilmir. Onların evlənməsini qanunsuz hesab eləyirlər. Çünki Kaliforniya qanunlarına görə boşananlar 1 ildən sonra yenidən evlənə bilər. Bunun üstündə böyük səs-küy qopdu. Amma Cek London Çarmiana görə bunlara dözdü. Axı o, kişi kimi boks vurur, qılınc oynadır və Cekin özü kimi səyahəti sevirdi. Cek onu «qadın-yoldaş» adlandırırdı. Çarmian cəmi 3 gün yaşamış bir xəstə qız uşağı doğandan sonra bir daha ana ola bilmədi. İndi onun həyatı Cekin ardınca gəzib onu güdməkdən ibarət idi. Çünki Ceki başqa qadınla iki dəqiqədən artıq təklikdə qoymaq mümkün deyildi. Cek həmişəki kimi başını səyahətlə qatırdı. Sağlamlığı pozulan və böyrəklər sıradan çıxan vaxtlarda o, həyatının sevgisinə rast gəldi. Qəribədi ki, bu sevgisi barədə Cek bir kəlmə də yazmadı və heç kimə danışmadı. Çox-çox sonralar dostu Corc Sterlinq Cek Londonun qızına bu sevgi barədə hekayət danışdı. Amma qadının kimliyini gizlətdi. Cek London Çarmianla da boşanmaq barədə düşünərkən birdən həyat ona boş və mənasız məşğuliyyət kimi göründü. Dahi, məşhur, varlı və əsil yazıçı olandan sonra 41-ci yaşın içində o özünə intihar edərək həyatla vidalaşdı. Cek London vəfat eləyəndən sonra ərini başqa qadınlara verməyin qorxusundan xroniki yuxusuzluğa yoluxmuş Çarmian düz 36 saat fasiləsiz yatdı…
***
Meybl Epplqart Ceklə ayrılandan sonra ərə getmədi. Və heç vaxt bir daha sevə bilmədi. Cekin sonuncu arvadı Çarmian bir dəfə onu «Martin İden» romanının ucadan mütaliəsi zamanı gördü. İncə, arıq bir qadın beşinci sırada oturub öz məhəbbəti haqqında hekayəni dinləyib sakitcə ağlayırdı.
Müəllif: Gülnarə RƏFİQ

No comments:

Post a Comment